İspaniya kinosunun əsas
simalarından biri olan Pedro Almodovarın yaradıcılığı barədə
fikirlərini təqdim edirik.
La-Mança şəhərinin kino
yaradıcılığına təsiri…
Mənim doğulduğum La-Mança şəhəri İspaniyanın bəlkə də ən
quraqlıq olan bölgəsidir. Orda torpaq tünd qırmızı rəngə çalır. Və
üst-üstə təbəqələrdən ibarətdir. Uzaqlara baxdığınız zaman dümdüz
üfiqi xətt, tək-tük ağac nəzərə çarpır. Torpağın üzərində isə ağır
buludlu asiman sonsuza qədər davam edir. Bununla yanaşı çox
maraqlıdır ki, La-Mançalı yazıçı və rəssamların çox parlaq və xeyli
barokko tərzləri var. Hesab edirəm ki, o qədər də bərbəzəkli
olmayan belə bir mənzərə insana öz fantaziyasını yaratmaqda kömək
edir.
Uşaq vaxtı insan özünü sadəcə uşaq kimi görər. Bunun üçün başqa
bir şans da olmur. Səkkiz yaşıma qədər La-Mançada yaşamışam. Ancaq
filmlərimdə istifadə etdiyim rənglər toplusunu orada tapa
bilməzsiniz. Qəribədir ki, həmin rənglərlə çox sonralar
Santo-Dominqoda, Kubada, Meksikada rastlaşdım. Oralara ilk dəfə
getdiyim zaman artıq karyeramın ortalarında idim. Və həmin
rənglərlə elə bütünləşmişdim ki, məni həmin torpaqlara bağlayan
genlərə sahib olub-olmadığım haqda maraqlanırdım.
İlk kitablar və filmlər…
Uşaq vaxtı o qədər də danışqan biri deyildim. Səkkiz yaşımdan
sonra daha çox ünsiyyət yaratmağa çalışdım. Əsasən, insanlar və
başqa dünyalar haqqında danışmağı xoşlayırdım. Daha sonra bu
təsiredici kənar aləmi kitablarda və filmlərdə tapdım.
Doqquz yaşım olanda poçtla kitablar sifariş etdiyimi
xatırlayıram. Bacılarım özləri üçün mətbəx qabları və şəxsi əşyalar
sifariş edirdilər. Mən isə dövrün ən çox satılan kitablarını
gətizdirirdim.
Elə həmin dövrdən etibarən çoxlu filmlər izləməyə başladım. Kaş
ki, ilk izlədiyim filmin hansı olduğunu xatırladığımı yalandan da
olsa, deyə biləydim. Ancaq təəssüf ki, yadıma gəlmir.
Bizim evə televizor ilk dəfə 1963-cü ildə alındı. Ona qədər
kəndimizdə bircə televizor vardı. Və bütün kənd camaatı da
verilişləri həmin televizordan izləyirdilər. Mən ən çox pop musiqi
proqramlarına baxırdım. Bezənə qədər musiqi dinləyirdim. Həqiqətən
də indi o uzaq keçmişdə qalan həmin ağ-qara proqramları çox
sevirdim.
1968-ci ildə Madridə gəldiyim zaman artıq müasir kino axınına
daxil olan filmlərə və əvvəllər baxa bilmədiyim müxtəlif dövrlərə
aid filmlərin çoxuna baxdım. Müasir və həqiqi filmlər, səssiz alman
kinosu, otuzuncu, əllinci illərə aid olan bütün filmlərin çoxunu
izləmək fürsəti tapmışdım. Məsələn, o vaxtlar Antonioninin
"Macəra", "Tutulma" və "Gecə" filmlərinə baxdıqdan sonra çox
təsirləndiyim yadıma gəlir. Hətta filmlərdəki qəhrəmanların
hərəkətlərini izləyərkən "aman allah necə də onlara bənzəyirəm"
deyə düşünürdüm. O vaxtlar on üç, on dörd yaşım vardı…
İlk film və onun
qazandırdıqları
Madridə gəldiyim zaman müxtəlif sahələrdə işlədim. Qapı-qapı
düşüb kitab satmaqdan tutmuş, barda dj, poçt idarəsində köməkçi
vəzifələrinə qədər. Poçtda işləyərkən pul yığmağa başladım. Sonra
həmin pula 8 millimetrlik kamera aldım. Həmin kamera ilə ilk dəfə
1980-ci ildə ilk tammetrajlı "Pepi, Lüsi, Bom və başqa qızlar"
filmini çəkdim.
Filmdə iştirak edən aktyorlar müəyyən olunduqca onlarla məşqlər
edirdim.
Əslinə qalsa, mən həmin filmi çəkərkən sadəcə filmin vasitəsi
ilə hekayə danışmaq istəyirdim. Və o zamanlar da gücüm çatan,
bahalı olmayan vasitələrlə bu hekayələri lentə köçürməyə
çalışırdım.
İlk filmi çəkmək istəyim artıq məcburiyyət halına çevrilmişdi.
Nə olur-olsun mən bu filmi çəkməliyəm deyirdim. Bu hissdən heç cür
yaxa qurtara bilmirdim. Texniki cəhətdən o qədər cahil və savadsız
idim ki, nəticənin necə olacağı belə məni narahat etmirdi.
İlk filmim ekranlara çıxanda 80-ci illərin əvvəliydi. İspaniya
yenicə diktatorlardan xilas olmuşdu. Hesab edirəm ki, "Pepi, Lüsi,
Bom və başqa qızlar" filmi tamaşaçının İspaniyanın nə qədər
dəyişməsinə şahid olduğu ilk film idi. Kiminsə çıxıb belə bir film
çəkməsi ölkənin yaşadığı dəyişikliyin sübutu idi. Əlbəttə çoxluq
filmin ədəbsiz və bayağı olduğu fikrini irəli sürdü. Ancaq gənclər,
gecə klublarında əylənən yeni fikirli insanlar tərəfindən film çox
xoş qarşılandı. Və demək olar ki, bu ekran əsəri kult film kimi
dörd il ölkənin müxtəlif kinoteatrlarında nümayiş olundu. Geniş
tamaşaçı kütləsini hədəf götürdüyüm üçün bu mənim ən böyük uğurum
idi. Bir möcüzəyə canlı-canlı şahidlik edirdim. Və təbii ki,
rejissor olaraq mükəmməl başlanğıca imza atmışdım.
Kinonun dili…
Filmlərimin hamısı hekayə danışmaq ehtiyacından yaranırdı.
Çünki, təzə-təzə başlayanda kino texnikasından tamamilə
xəbərsizdim. Düzdü, o dövrlərdə mən teatrda işləyirdim. Amma bunun
kino texnikasına aidiyyəti yox idi. Sadəcə, daxilimdəki yaratmaq,
danışmaq ehtiyacı o qədər böyük idi ki, sonda kinonun dilini
öyrənməyi bacardım.
O vaxtı da, elə indi də yaxın planda çəkmək çox çətindir. Çünki
burada xətaya yer olmamalıdır. Yaxın plan aktyorun şəxsiyyətini,
ruhunun dərinliklərini açıb göstərir. Filmin ritminin hər hansısa
formada ləngiməsinə imkan vermir. Eyni məsələ ssenariyə də aiddir.
Ssenarinin içərisində artıq söz olmamalıdır. Yəni yaxın planı lentə
köçürmək çox təhlükəli və çətin işdir. Lakin, hər şeyi yerli
yerində edib, uğurlu çəkiliş etməyi bacarmaq mümkün olsa, ortaya
möhtəşəm bir sənət əsəri çıxacağından şübhəniz olmasın.
Müxtəlif vaxtlarda Harri Kan təxəllüsü ilə fəaliyyət göstərdim.
Mənə elə gəlirdi ki, güclü təxəyyülə və ehtirasa malik olsam da,
özümü tanımağım, mənliyimin fərqində olmağım mənim üçün yük olmağa
başlamışdı. Yəni özümə, nəql etmək istədiyim hekayəyə, onu ən yaxşı
formada izah edəcəyim tərzə, bu məsələdə nə qədər həddi aşacağıma
və görə biləcəyim hər işin mükəmməlliyinə dair şüurlu olmağı
nəzərdə tuturam. Film çəkdiyim zaman yükləndiyim bu enerji, eynilə
aşiq olmaq kimi bir duyğuydu.
Gənc vaxtı hər kəslə əylənib günümüzü keçirdərik. Düşünüb,
daşınmadan hərəkət edərdik. Bir müddət keçdikdən sonra isə aşiq
oluruq. İçimizdəki ehtirası hiss edər və həmin ehtiras olmadan
yaşaya bilmərik. Qorxub əzab çəkərik. Həm də axı insan yeni eşqə,
sevgiyə düşdüyü zaman böyük azadlığa malik olur.
Beləcə mən də başqa ad altında işləsəm, film çəkməyə başladığım
ilk zamanlardakı məsumluğu, azadlığı yenidən əldə edə biləcəyimi
güman edirdim.
Ancaq indi bu fikrin yalandan ibarət olduğunu düşünürəm. Çünki
başqa ad altında fəaliyyət göstərsəm də, dəyişən ancaq adım olurdu.
Düşüncələrim və xatirələrim olduğu kimi qalırdı.
Əslində, o qədər də yaxşı aktyor deyiləm. Ancaq filmlərim
haqqında danışarkən, onları izah edərkən aktyora çevrilirəm. Çünki
o zaman mən də aktyorlarla birlikdə çəkilişdən ləzzət alır, onların
film haqqında mənə söylədikləri fikirlərlə əylənirəm, filmdəki
obrazların davranışlarını şərh edirəm. Bir də son vaxtlar çəkiliş
meydançasında olarkən bütün rolları özüm ifa edir, bunu aktyora
göstərirəm.
Lakin aktyorluğa görə rejissorluqdan əl çəksəydim, elə də uğur
qazanacağımı zənn etmirəm.
Bir çox məşhur rejissorlardan filmlərində çəkilmək üçün
təkliflər aldım. Ancaq aktyorluğa qarşı əsl aktyorların hiss etdiyi
ehtirası öz qəlbimdə duymadım. Bu səbəbdən də hesab edirəm ki,
yaxşı aktyor deyiləm.
Filmlərimdə daha çox kiçik məkanlardan böyük şəhərlərə gələn
qızlardan və onların həyatla mübarizəsindən bəhs edirəm. Bir də
mənə ən səmimi gələn mövzu ev qadınları haqqında olanlardı.
İndi daha sadə filmlər çəkmək istəyirəm. Ola bilər ki, son
filmlərim o qədər də təəccübləndirici deyil. Ancaq onsuz da kimisə
təəccübləndirmək və ya skandal yaratmaq kimi istəyim yoxdur. Sadəcə
olaraq öhdəsindən gələ biləcəyim və əlimdəki imkanlardan istifadə
edərək film çəkməyə çalışıram. Lazımi qədər qərarlı birisinizsə
filminizi istədiyiniz kimi yarada bilərsiniz. Lakin nə istədiyinizi
bilməyiniz birinci şərtdir.
Bu günün rejissorları mənim nəslimlə müqayisədə texniki
məsələlərdə daha çox biliyə sahibdirlər. Onlardan kiminsə ilk
filminə baxdığım zaman filmin texniki şərtlərin hamısına cavab
verdiyini görürəm. Lakin heyran olunacaq bir film yaratmaq üçün
texniki bilik azlıq edir. Əgər otuz film çəkmək istəyirlərsə, o
zaman filmin dilini öyrənmələri vacibdir. Mütləq həmin dili
öyrənmək və hədəflərin istiqaməti üzrə hərəkət etmək lazımdı. Mən
bunu üçüncü filmi çəkəndə anladım.
Tərcümə etdi: Samirə Əşrəf