(Qədim Şra Sinda rəvayəti)
Qədim zamanların birində Cadugərlər ölkəsində bir sənətkar
yaşayırdı. Günlərin bir günü günorta vaxtı evinə gedən yerdə
sonuncu tin ayrıcına çatıb sağa dönərkən hiss elədi ki, kölgəsi
bədənindən ayrıldı və sola döndü. Sənətkar kölgəsinin arxasınca
təəccüblə baxıb yoluna davam etdi. Yaşadığı evin qapısına qədər
kölgəsiz gəldi.
Bu çox qəribə hiss idi və indiyənə qədər o heç zaman belə
vəziyyətə düşməmişdi. Quş kimi yüngül olmuşdu, elə bil, çəkisi yox
idi. Evə çatan kimi bu məsələnin mahiyyətini, ona nə zərər verə
biləcəyini öyrənmək istədi. Məhlədə bir neçə cadugər vardı. Ən
yaxında olanı iki küçə o yanda yaşayırdı. Onun dalınca adam
göndərdi.
Cadugər gəldiyində Sənətkar günorta vaxtı baş verən hadisəni
olduğu kimi ona danışıb hadisəyə aydınlıq gətirməyini xahiş elədi.
Kölgəsiz necə olacaqdı? Kölgəsiz yaşamaq bir adama indiyə qədər
müyəssər olmuşdumu? Bu, qorxulu deyilmiydi?
Cadugər ona diqqətlə qulaq asdı və gözlərini yumub bir dəqiqəyə
yaxın sükut içində qaldı. Sonra özünə gəldi və belə dedi:
- Sən bu gün həmən tin ayrıcında cadugərə çevrilmisən. Bunu
mələklər də edə bilər, şeytanlar da. Onlar zaman-zaman bunu
edirlər. Mən də anamın qarnında cadugər olmamışam. Belə bir
axşamların birində çox-çox illər bundan əvvəl mənim də kölgəm
bədənimdən ayrılmışdı. Mən də o vaxtdan cadugər oldum. İnsanlara
xidmət eləmək yolunu seçdim.
Sənətkar bunu eşidib sevindi. Cadugərə qiymətli hədiyyələr
verdi. Cadugər gedərkən ondan xahiş elədi:
- Səndən ricam budur ki, bunu heç kimə deməyəsən. Mən
cadugərliyimdən ancaq öz həyatım üçün istifadə etmək istəyirəm.
Cadugər cavab verdi:
- Əsas məsələ budur ki, sən cadugərliyini gizlədib insanlara
xidmət eləməkdən vaz keçsən, kölgən yenidən gəlib səni tapmaq, sənə
yapışmaq istəyəcək. Sən bacardıqca öz kölgəndən qaçmalısan. Kölgən
səni tapsa, o daha sənin davamın olmayacaq, o səndən dəhşətli
intiqam alacaq. Bir dəfə cisimdən ayrılan bir daha cisimə
birləşməz.
Bu sözlərdən sonra Sənətkar xeyli düşündü. Kölgəsindən qaçıb
gizlənməyi necə həyata keçirəcəkdi, bunun planını qurdu. Bütün
gecəni ağır düşüncələr içində keçirdi. Nəhayət, kölgəsindən
gizlənməyin yolunu tapdı.
Sənətkara bir cadugər həyatı lazım deyildi. O öz sənətkar
həyatını davam eləməyi, özü üçün yaşamağı qərara aldı. Ona qibtə
edənlərə belə deyirdi: "Siz yerdə sürünənlər mənə göylərdə pərvaz
etdiyim üçün həsəd aparırsınız. Mən isə sizə deyirəm ki, bilin və
agah olun. Göylərdə sizin üçün maraqlı heç nə yoxdur. Göylərdə,
ümumiyyətlə, maraqlı heç nə yoxdur".
Sənətkar kölgəsini bir daha görməmək üçün, daha doğrusu,
kölgəsinin onu bir daha tapmaması üçün ilk öncə adını azdırmaq
istədi. Adını yanına çağırdı. O artıq bunu edə bilirdi. Və o
təəccüb eləmədi ki, adı bir anın içində onun çağırışı ilə
qarşısında zühur elədi.
- Mən istəyirəm ki, sən dönüb başqa bir sözün libasına bürünəsən
və görünüşünü dəyişəsən. Biz kölgəmizdən gizlənməliyik. O bizi
yenidən tapmamalıdır.
Adı onun qarşısında müticəsinə baş əyib dedi:
- Necə arzu edirsiniz, elə də olsun.
Adını dəyişəndən sonra qurduğu plana uyğun olaraq Sənətkar
istədi ki, öz görünüşündə də müəyyən dəyişiklik eləsin. Bunu da
eləmək çətin olmadı. Bir anın içində Sənətkar ağbəniz birindən
qarabəniz və daha cavan bir adama çevrildi. Köhnə görüntüsü
mütəəssir bir halda ondan uzaqlaşıb havadaca əridi. Daha sonra evi
dəyişmək, iş yerini dəyişmək, qohum-əqrabasından üz döndərib onlar
üçün yox olmaq lazım idi. O elə etdi ki, qohumları artıq onu görə
bilmirdi, o isə istədiyi zaman qohumlarını görüb baqqa qiyafətdə,
başqa ad altında onlarla söhbət edə bilirdi.
Sənətkar bununla da kifayətlənmədi. Ən çətin məqam yaxınlaşırdı.
Sevgilisini dəyişmək lazım idi. Bu elə də asan olmayacaqdı. Kölgə
onun sevgilisini elə onun özü qədər tanıyırdı. Bu vəfalı qız ona
elə isinişmişdi ki, nə zamansa ayrı ola biləcəklərini ağlına da
gətirmirdi. Amma Sənətkar bu çətin işin də öhdəsindən gələ bildi.
İndi o əvvəllər, yəni, kölgəli zamanlar tanımadığı gözəl bir qızla
sevişirdi. Hər gün ya Sənətkarın evində, ya da qızın bağçasında
görüşürdülər. Qızın bağçası köhnə sevgilisinin qonşuluğunda idi. Bu
saf məhəbbət hətta Sənətkarın artıq onu tanımayan və həsrətindən
ağlayıb-ağlayıb az qala gözlərinin nurunu itirmiş köhnə sevgilisini
də riqqətə gətirirdi. Yeni sevgilisi gilas ağaclarının altında
oturub onun başını nəvazişlə dizləri üstünə alır, incə barmaqları
ilə yorğun gicgahlarını yumşaq-yumşaq ovuşdurur, zərif səsilə
Sənətkarın bəstələdiyi mahnıları onun özü üçün oxuyurdu.
O, bu məftunedici səsi dinlədikcə ruhu dincəlir, köhnə
sevgilisini gördüyü zaman ona əzab verən düşüncələrindən bir müddət
xilas olurdu.
Bir dəfə gecənin bir yarısı evində yatdığı zaman Sənətkara elə
gəldi ki, həyətdən onu kimsə çağırır. Ayağa durub həyətə çıxmaq
istədi, amma qapını açan zaman fikrini dəyişdi. Həyətdən gələn səs
kölgəsinin səsinə oxşayırdı. Cadugər olduğu üçün o bunu son
dəqiqədə hiss edə bilmişdi. Səs elə yazıq-yazıq, elə
yanıqlı-yanıqlı onu çağırırdı ki, Sənətkarın ürəyi sıxıldı, amma o
yenə də özünü ələ alıb həyət qapısını bərk-bərk bağladı və
qulaqlarını pambıqla tıxadı.
Sabahı gün Sənətkar bu əhvəlatı sevgilisinə danışdı. Beləliklə,
sevgilisi onun sirrini bilən yeganə canlı, cadugər olmayan insan
oldu. Qız həmişəki nəvazişlə onun başını dizləri üstə alıb
sığalladı və bu dəfə ona tanış olmayan qəmli bir mahnını zümzümə
eləməyə başladı. Mahnını tanımaması Sənətkara qəribə gəldi. Cadugər
bu mahnını tanımalıydı.
- Bu mahnını sən başqa adın və başqa vücudun içində yaşayanda
bəstələmisən. Sən onu unutmusan? – Sevgilisi öz zərif səsilə
soruşdu.
- Unutmuşam… - O, tutqun və fikirli bir halda cavab verdi.
Onun qorxduğu başa gəlmişdi. Kölgəsi onu tapmışdı. Sona qədər
kölgədən gizlənmək mümkün olmamışdı. O gecədən sonra onun
cadugərliyinin gücü əriməyə, azalmağa başladı.
Bir gün sənətkar sevgilisinin yanına gələndə onu evdə görmədi.
Sevgilisi görüş yerini səhv salmışdı. Qonşuluqda yaşayan köhnə
sevgilisi həmən gilas ağacının altında oturmuşdu, dedi ki,
sevgiliniz sizinlə sizin evdə görüşəcəyini güman edirdi. O indi
şəhərin dar küçələri ilə sizin evə tərəf gedir, bir az tələssəniz,
onun arxasınca gedib ona çata bilərsiniz. Gedə-gedə o mahnı oxuyur.
Siz onun səsindən yapışa bilsəniz, özünü də tapacaqsınız.
Sənətkar nə qədər gücünü bir yerə yığsa da sevgilisinin hansı
küçə ilə getdiyini özü üçün aydınlaşdıra bilmədi. Cadugər kimi gücü
xeyli zəifləmişdi. Son gücünü toplayıb qızın zərif səsini
qulaqlarında canlandıra bildi. Sənətkar bu səsdən yapışıb əyri
küçələrdən keçə-keçə sevgilisinin iziylə getdi. Səs get-gedə daha
zəif eşidilirdi. Amma Sənətkar yaxşı bilirdi ki, bu səs onun
çox-çox əvvəllər yazdığı qəmli mahnını oxuyur.
Səs onu tanış yolla köhnə evinə sarı apardı. Həmən tanış tinə
çatanda sevgilisinin səsi qırıldı və elə bu an Sənətkarın bədəninə
ağır bir yük daxil oldu. Kölgəsi ondan ayrılan yerdə yenidən onun
bədəninə girdi.
Sevgilisi Sənətkarın evinə çatıb qapını döyəndə içəridən səs
gəlmədi. Kimsə qapını açmadı. Yol ilə gedən bir cadugər qıza kömək
elədi. Qapını açdı, "bizim işimiz cadugər olmayanlıara xidmət
eləməkdi" deyib qızın təəccübünə fikir vermədən onunla bir yerdə
içəri daxil oldu.
Sevgilisi çarpayıda tərpənməz bir halda uzanmış bu ağbəniz adamı
az qala tanımadı. Sənətkarın açıq gözləri təəccüblə ona baxırdı.
Bədəni hələ isti idi. O, bir az əvvəl keçinmişdi.
SON