Layihəmizin adı yadınıza "əsgər ailəsi" ifadəsini
salırsa, özünüz bilərsiniz – istəyirsiniz aralarında bənzətmə
axtarın, istəyirsiniz yox. Bizim məqsədimiz hər dəfə bir sənət
adamının ailəsi ilə söhbətləşib, bəzən sevdiyimiz, bəzən ikrah
etdiyimiz sənətkarların bir də öz ailə-uşağı, doğması, sevgilisi
tərəfindən necə göründüyünü sizə çatdırmaqdı.
"Şair ailəsi" yoluna Murad Köhnəqalanın ailəsindən başladıq.
Həyat yoldaşı Zərəngiz xanım, övladları – Mustafa və Zeynəblə Murad
bəy haqqında söhbətləşdik. Onu da deyək ki, Murad bəyi yola gətirib
razılığını alınca, çox çəkdi… Nə də ola, söhbət şair ailəsindən
gedir. Nə isə, yaxşısı, buyurun...
Şəxsən Anar özü!
Murad bəyin ailəsi 1997-ci ildən Şüvəlan qəsəbəsində yerləşən
S.Vurğun adına Yaradıcılıq Evində yaşayır. 1996-dan Tovuz
rayonundan Bakıya gələn ailə Bakının müxtəlif yerlərində kirayədə
qalıb və dostların evində yaşayıb. Bir il sonra bu evi onlara
Azərbaycan Yazıçılar Birliyinin o vaxtkı və indiki sədri Anar
AYB-nin adından şəxsən özü verib.
Qəsəbədəki vaxtilə yaradıcı adamlar üçün tikilmiş Yaradıcılıq
Evində hazırda cəmi iki yazar yaşayır: İsa Şuşalı və Murad
Köhnəqala.
Murad bəyin ailəsi bu binadan bir az aralıda balaca həyəti olan
evdə yaşayır. Üç balaca otaqlı evin mətbəxi, şəraiti o birilərdən
çox da fərqlənmir.
Kasıb şair ailəsi bizi çox gözəl qarşıladı. Xoş auralı gözəl
ailənin ocağında özmüzü lüks şəraitli evdə hiss elədik. Həmən gün
Murad bəy Tovuz rayonundaydı. Əvvəl süfrəni Tovuz mətbəxinin gözəl
nemətləriylə bəzəyən Zərəngiz xanım, daha sonra da bizi kəklikotulu
çaya qonaq etdi.
Atamın hekayələrini, şeirlərini çox da
oxumuram
14 yaşın içində olan Mustafanın gözəl rəssamlıq qabiliyyəti var.
5-6 ildir ki, rəsm çəkməklə məşğuldur. Orta məktəbdə rəsm
müəlliməsi Elnarə xanım olub, sonra da tanınmış rəssam Tura xanım.
Əsasən portret, qablar, meyvə - natürmortlar çəkməyi, akvarellə
işləməyi sevir. Eyni zamanda, futbolla da maraqlanır. Mustafa
atasının hekayələrini, şeirlərini çox oxumadığını deyir.
Rəssamlıqla hobbi kimi deyil, peşəkar şəkildə məşğul olmaq istəyir.
Atasının çəkdiyi rəsmləri də bəyənir.
Bircə
uşaq həkimi olma
Zeynəb 11-ci sinif şagirdidir. Məşğələyə getmir, dərsləriylə
evdə məşğul olur. Həkim olmaq istəyir. Cərrah, qadın, can həkimi,
fərq etməz, təkcə uşaq həkimi olmaq istəmir. Bu qərara bir uşaq
həkiminin sözündən sonra gəlib.
Elçin
əmi sağ olanda...
Zeynəb atasının yazılarına çox şərh gəldiyinə görə onun çox
oxunduğunu düşünür. Müəllimlərindən bir neçəsinin, özəlliklə sinif
rəhbərinin atasının yazılarını izlədiyini, televizora çıxanda
iştirak etdiyi verilişləri qaçırmadığını söyləyir:
- Atamın köşələrini, "Lent.az"da gedən "Sadə insan" layihəsini
izləyirəm. Əvvəllər özüm də şeirlər, hekayələr yazırdım, amma indi
daha çox dərslərimə fikir verirəm, ona görə vaxt olmur yazmağa.
Uşaqlıqda yazırdım, dəqiq yadımda deyil, deyəsən, atam da oxuyurdu
yazdıqlarımı. Bir şeirimi özü dərc eləmişdi. Elçin əmiyə (Elçin
Səlcuq – red.) həsr elədiyim şeiri. Onu Elçin əmi sağ olanda yazıb
özünə göndərmişdim. Evə gəlib Elçin əminin ad günü olduğunu dedi,
elə atam yemək yeyəndə yazdım, heç bir saat olmadı bəlkə.
Atamı tanıyanlar var, amma oxuyanlar yoxdur
Problemlərimi, fikirlərimi hər iki valideynimlə bölüşürəm
adətən, atamla da ata-qız münasibətindən daha çox dost
münasibətimiz var, məncə...
Məktəbdə müəllimlərim, sinif yoldaşlarım, dostlarım arasında
atamı tanıyanlar var, amma oxuyanlar yoxdur, çox azdır. Atamın
şeirlərini, yazılarını demək olar ki, təbliğ etmirəm, onlara təsir
etmək istəmirəm, könüllü oxusalar, daha yaxşı olar.
Atam işlərinə daha çox vaxt ayırır, evdə olmur, mən daha çox
anamın dedikləriylə oturub-dururam.
Sentyabrın
8-i ad günüm idi, heç zəng də vurmadı
Öz istədikləriklərimi eləyə bilirəmsə azadam məncə. Çox
fikirləşməmişəm azadlıq barədə, çünki Azadlığı çox fikirləşənlər
məhbuslardı, mən də məhbus deyiləm.
Evimizə atamın dostlarından Aqşin Yenisey, Nəsimi Nəbizadə
tez-tez gəlir, rəhmətlik Elçin Səlcuq da tez-tez gəlib-gedərdi...
Ən çox Nəsimi əmi.
Ad günləri, xüsusi günlər atamın yadında çox da qalmır. Məsələn,
sentyabrın 8-i ad günüm idi. Heç zəng də vurmadı, yəqin, unudub...
Amma pul kolleksiyam var mənim, ora əlavə etməkçün pullar almışdı,
xarici ölkələrdən gətirtmişdi.
Atam kimi yazıçı, jurnalist olmaq istərdim, amma həkimlik
uşaqlıq arzumdu... Atamın siyasi fikirlərinə, əqidəsinə münasibətim
bəzən müsbət, bəzən mənfi olur. Ancaq demək olar ki, fikirlərimiz
üst-üstə düşür.
Dərslərim çox olur, sosial şəbəkələrdən istifadə etmirəm.
Atamla
dost deyiləm
Mustafa:
- Mən "Facebook"da varam. Ancaq atamla dost
deyiləm orda. Səbəbini soruşmayın...
Ayağının altı öpüləsi atalar var
Zərəngiz xanım:
- Anam biz uşaq olanda ölüb, 1986-cı ildə, atam ondan sonra heç
vaxt evlənməyib. Hələ bir dəfə olmayıb ki, atamız bizi utandıra -
səhvi, ya bir yanlışı ola. Bir dəfə olsun deməyib ki, övladlarım,
sizinçün ömrümü, cavanlığı verdim. Deyir, mənim övladlarımın
yanında olmadığım gün qara torpaqda olduğum gündü. Ata-ana olmaq
çox çətin bir şeydi. Deyirlər, cənnət anaların ayağı altındadı,
amma ayağının altı öpüləsi atalar var, şəxsən mənim atam elə
atadır. Uşaqlarına bir şey olanda, boğazından su da keçməzdi
atamın. Mən elə ata görmüşəm. Uşaqlarımın da elə atası olsun...
istəyərdim...
Kim
desə ki, evliliyimdə xoşbəxt oldum, inanma
İstər yazar ol, istər alim ol: kim olursan-ol, əsas ata olmaqdı.
Mən yazarlığı yox, ata olmağı üstün tutardım. Söhbət təkcə Muraddan
getmir, ümumiyyətlə deyirəm bunu. Məsələn, Muradın atam kimi bir
ata olmağını istəyərdim.
Kim desə ki, evliliyimdə xoşbəxt oldum, inanma. Problem bütün
ailələrdə var. Hələ uşağın varsa sorumluluğun daha çoxdu.
Kim olursa olsun, nə olursa olsun, Murad Köhnəqala uşaqlarımın
atasıdır...
Murad uşaqların ilk dəfə yeriməyini, dil açmasını, hamısını
günbəgün təqvimdə işləmişdi. Amma indi o qədər də diqqətcil
deyil.
Yazarlıq-filan
ikinci dərəcəlidir
Evimiz həmişə qonaq-qaralı olub. Gecənin beşində də qonaqlarımın
gələcəyinə görə evdə hazırlıqlı oluram adətən. Uşaqlıqdan da evimiz
gəl-getli olub. Ədəbi-əxlaqı elə anamdan görüb-götürmüşəm.
Rəhmətlik anam həmişə deyərdi ki, bir qadının ailəsinə, ərinə
verdiyi dəyər onun dostlarına, ailəsinə elədiyi hörmətdi, sayğıdı.
Muradı düşündüyümdən deyil, birincisi, insan olduğumdandır. Quranda
da deyir, qonağa hörmət elə, yaxşı qarşıla, yedirt-içirt, gedəndə
yola sal. Mən həmişə deyirəm, insan olmaq önəmlidi, yazarlıq-filan
ikinci dərəcəlidir. Əsas olan, əli öpüləcək ata-ana olmaqdır.
Muradın qohumlarla münasibəti yaxşlı deyil, amma çox pis də
deyil. Belə də... Muradın xarakterinə uyğundu. Qardaşlarım çox
ədəblidir. Qardaş-bacılarım ona qarşı çox sayğılıdılar. Murad öz
qardaş-bacısından çox, mənimkilərin yanına ürəklə gedər.
Dünyaya bir də gəlsəydim, əsla bir yazıçıyla
evlənməzdim
Yeri gələndə qürur da duymuşam Muradın yaradıcılığıyla,
yazılarıyla, uşaqları böyüdərkən, "baxın haa, siz yazıçı
övladısınız, oturuşunuza-duruşunuza fikir verin", - demişəm. Amma
biz fərqli dünyaların insanlarıyıq. Murad öz tipində insanla
evlənsə, bəlkə daha fərqli olardı. Elə mən də. Çünki tam ayrı cür
böyüdülmüşük. Mənim yetişdiyim tərz başqadı, o, başqa dünyanın
insanıdı. Yəni, elə bil ki, iki fərqli ölkənin insanını bir araya
gətiribsiniz. Çox fərqli bir həyatdı: yenidən dünyaya gəlsəydim,
özümə uyğun bir insanla evlənərdim. Dünyaya bir də gəlsəydim, əsla
bir yazıçıyla evlənməzdim. Mənim həyatım bir dastandı. Çox
çətinliklər görmüşəm. Amma bilirəm ki, hər çətinliyə rəğmən, insan
olub qalmaq, yaşamaq olur.
Muradla içib-çəkmədiyinə görə evlənmişdim
Çox içir Murad, heç xoşlamadığım bir şeydi bu. Mən onunla
evlənəndə dedilər, nə içki içir, nə siqaret çəkir. Ona görə
evləndim. Özü də bilir...
Quranda haram olan bir şeydi içki. Mən Quranı türkcədən
oxumuşam. Ailəmizdə də çox içən yoxdu, qardaşımın biri az içir, o
biri bir az içəndi. Gözəl ailələri var, azca içməkləri heç nəyə
mane olub problem yaratmır.
Ədəblə
yazan hər kəs gözəldi
Qızım da arada şeir, hekayə yazır. İstəyərəm yazar olsun, yəni
problem yaratmaram. Ədəb-ərkanla yazan hər kəs gözəldi - yazıçı da,
ekrana çıxıb veriliş aparan da, qonaq olan da. Bilirsən, birincisi,
özünə hörmətdi bu, özünə dəyər verirsən. Mən özümə hörmət eləməsəm,
heç kim mənə hörmət eləməz. Oğlum bir dəfə mənə dedi ki, ana, mənə
elə gəlir, ətrafda hər kəs sənə görə bizə hörmət edir. Üç gün
oturub düşündüm bunu, dedim, Allah, görən mən olmasam, bunlar necə
olarmış? Uşaqlarımı yaxşı yetişdirmişəm. Özüm də uşaqlıqdan fərqli
insan olmağa çalışmışam, yaxşı mənada. Ətrafda ancaq öz tipim olan
insanlarla ünsiyyət qurmağa çalışıram. Xeyirlə şər heç vaxt yoldaş
olmur, ya onun kimi olmalısan, ya da uzaqlaşmalısan.
Murad mən istədiyim kimi adam deyil
Murad ət yeməklərini, sulu yeməkləri daha çox sevir. Amma evə
çox da diqqətli deyil, yəni, konkret deyim, mənim istədiyim kimi
adam deyil. Uşaqların bütün problemləriylə mən maraqlanmışam, mən
eləmişəm. Bilir ki, mən eləyirəm, arxayındı. Düzdü e, Allah canını
sağ eləsin, elə yerlər var ki, özü gedib həll eləyir. Uşaqlar
balaca olanda həkimə-filan aparırdı, o heç. Qul haqqını yemək
olmaz, o qazanır, yeyirlər. Heç yerdə işləmirəm mən, o olmasa,
başqa heç yerdən gəlirimiz yoxdu. İntəhası, fərqli dünyaların
insanıyıq da.
Muradı
heç kimin ayağına vermərəm!
Ta başından bəri görürdüm ki, biz ayrı-ayrı dünyaların
adamlarıyıq. Amma ayrılmaq barədə heç vaxt düşünməmişəm. Mən bir
dəfə evlənib ölənə qədər elə getməyi düşünmüşəm həmişə. Dedim, ola
bilər, çalışsam, onu daha yaxşı insana çevirərəm. Hərənin özünə
görə şəxsiyyəti var, heç kimin şəxsiyyətini tapdalamaq istəmərəm.
Amma mənim arzuladığım insan deyil. Murad nə qədər çətinliyə düşsə
də, onu qoruyan insanam, heç kimin ayağına vermərəm. Yazılarını da
bilirəm, hər balaca detalını da bilirəm... Sıxıntımı, problemimi də
içimdə gəzdirirəm həmişə.
Heç kimin ağzıyla evlənməyin
Murad müxalif fikirli olduğuna görə uşaqlarçün, özümçün də
əlbəttə, həmişə narahat olmuşam. Ömrü boyu atam da, ailəm də
narahat olub. Atam ömrü boyu bizi, ən çox da məni düşünərək
yaşayıb.
Cavansız, sizə bir məsləhət verim. Heç kimin ağzıyla evlənməyin,
arayın, axtarın, özünüz maraqlanın, ailəsini, tərbiyəsini öyrənin.
Ata-anası çox önəmlidi insanın. Rəhmətlik anam həmişə, "Küllükdən
qoy başını, yerində izi qalsın" deyərdi. Yəni, əsli-nəcabəti olan
yerdən evlənin. Dünyada ən böyük xəzinəm böyüdüyüm ailəm, bir də
övladlarımdı.
Qonşuların Murad bəyə münasibəti pis deyil, belə də... Heç kim
göründüyü kimi deyil. Mövlananın belə bir sözü var, deyir, "Mən nə
insanlar gördüm, üstündə əlbisə yoxdu, nə əlbisələr gördüm, içində
insan yoxdu..."
Tanışlıq və evlilik...
Kəndimizdə tanış olmuşuq Muradla, xalam qızının yoldaşıyla (biz
ona kürəkən deyirik) ailəvi dostdu onlar, qayınatam-filan.
Rəhmətlik qaynım vardı - Fikrət, onunla daha yaxın dost idi. Onun
vasitəsilə tanış olmuşuq, qismət deyək...
Tovuzdanıq hər ikimiz, amma başqa kəndlərdən. Qayınatamın xalası
oğlu bizim kənddə uşaq həkimi idi. Qardaşımla qonşudular, yaxşı
münasibətlərimiz vardı, Muradgillə qohum olduqların sonradan
bildik. Qardaşıma görə ona da qardaşımız qədər hörmət edirdik.
Çox araşdırmadan qaçdım Muradla
Mən uşaqlığımdan dəqiq yuxular görənəm. Hələ qız vaxtı gecə
yuxuda gördüm ki, xalam qızının yoldaşıyla bizə adam gəlib, başqa
bir dostu da var yanında, eynən bu adamdı da. Səhərisi gəldi
bunlar. Qardaşım gəldi, oturdular. Murad, bir dostu, bir də bizim
kürəkən. 23 yaşım vardı onda. Namuslu, qeyrətli qız axtara-axtara
gəlib bizə çıxmışdılar. Arada gözaltı baxırdı. Dedilər, çəkmir,
içmir. Nifrət etdiyimi deməyim, amma ən xoşlamadığm şeydi içki.
Bir neçə gün sonra xalam qızı gəldi, onunla danışdıq, bacım
dedi, get. Xalam oğlu Elxan yaxşı adamdı, o vaxtlar dinə
meyilliydi. Ona o qədər güvənirdik ki, çox araşdırmadan qaçdım
Muradla. Anam 15 yaşım olanda rəhmətə getmişdi, öz ümidimizə
qalmışdıq. Məni qaçırdıb, elə Tovuza, bizə birinci dəfə birlikdə
gəldiyi dostugilə aparmışdı. Qismət deyək...
Bakıda bir neçə il Eyvaz Əlləzoğlunun evində
yaşamışıq
Sonra toyumuz oldu. Elə toyun həftəsində Bakıya gəldik. Siftə
gəlib Muradın Yaşar adlı bir dostunun evində qaldıq. Bakıda da
"kampaniya" kimi, 60 nəfərlik-filan toyumuz oldu. 1996-cı ilin
iyulun 27-sində orda olub, avqustun 21-i, ya 23-ü burda olub
toyumuz. Ondan sonra rəhmətlik Eyvaz Əlləzoğlugil Gürcüstana köçəsi
oldu, biz də onların Əhmədlidəki evlərində qalası. Üç illik idi
əslində onların gedişi, sonra nə isə iki ilə döndülər. Onlar
qayıdanda Zeynəbin yaşı olmuşdu artıq. Ad gününü təzəcə kənddə
keçirib gəlmişdik. Hər iki uşaq Tovuzda olub. Sonra Umud
Rəhimoğlunun evində iki-üç aya kimi qaldıq.
Sonra Nərimanov tərəfdə kirayə qalmağa başladıq. Şəraitsiz,
havasız, nəm yer idi, iki-üç ay da orda qaldıq. 97-ci ilin
axırıydı, Zeynəb qucağımdaydı. Rəhmətlik dayımın köhnə, baxımsız
həyət evi vardı Zığda, Zığın "kruq"unda, təmir eləyib ora köçdük.
Bir müddət də orda qaldıq, sonra Mustafa oldu. Bayramlı kəndində
olub Mustafa, doğuldu, 40-ı çıxdı, gəldik ora. Ordan da yükümüzü
yığıb gəldik bura. Elə o vaxtdan bu evdəyik.
Murad Köhnəqala mənimçün kimdir
Soruşsanız, deyərəm: - Uşaqlarımın atası...