Əlisəmid Kürə "oturub çay içərik, söhbət edərik,
çoxdandır görmürəm səni",- deyib, görüşə çağırdım. Razılaşdı.
AYB-nin yaxınlığında görüşüb "Təbəssüm" restoranına gəldik. Yol
boyu ordan-burdan danışdıq. Hiss etdim ki, gecənin bir aləmində
zəng edib görüşmək istəməyim, səhəri günə çay üçün vədələşməyim
onda bəzi suallar doğurub. Amma heç nə soruşmadı. Restoranın ikinci
qatında sakit bir guşədə yerimizi rahladıq. Sifarişimizi verdik.
Xidmətçi oğlanın təklif etdiyi soyuq yeməklərdən və salatlardan
qəti olaraq imtina etdi. Cibimdən fotoaparatı, diktofonu
çıxartdım.
- Hə, Əli necəsən?
- Sağ ol. Şükür... Belə də, gördüyün kimi, arzuladığın kimiyəm.
Bunlar nədi, sən məni müsahibə götürməyə çağırıbsan?
Yenə də "Yol"un çörəyini yeyirəm
- Sənə dedim axı, çay içərik, söhbət edərik. İndi də söhbətimizi
edək. Əli, sən bizim yaddaşımızda şair kimi, dost kimi, öz sözünün
sahibi kimi qalmaqla yanaşı, həm də yaşadığın bu ömürdə tutduğun
yol ilə də fərqlənə bilmisən, seçilmisən. Həm "Yol" qəzeti, həm də
özünəməxsus olan həyat yolunla... Gələn il 60 yaşın tamam olacaq.
Arxada nə qaldı, hansı arzuların boynubükük qalıb gerçəkləşdiyi
zamanı gözlədi və gerçəkləşməsi mümkün olmadı.
- Hə, ay Faiq, arxada o qədər gözəl hisslər, günlər qaldı
ki...
Alnını ovuşdurur:
- Sən bundan çəkirsən? - stolun üstündəki siqaretdən götürür.
Yandırıb dərin bir qullab vurduqdan sonra ağzından sözlər tüstü ilə
birgə çıxır.
- Arxada nə qaldı, deyirsən? Arxaya baxmırsan e, arxadan səni o
günlər səsləyir. Xoş bir səda qulaqlarını qıdıqlayır. Boylanırsan o
səsə tərəf... Şükür, mən o yolu keçmişəm.
- Nə işlə məşğulsan, necə dolanırsan?
- "Yol" dedin bayaq. Sözün bütün mənalarında mən yenə də o
"Yol"un çörəyini yeyirəm. Halal çörəyini...
Mən dəyişə bilmirəm
- İndi də çörəyini yediyin o "Yol"a qədər, o "Yol"dan sonra
həyatında keçdiyin bir yol da var. Atan Cəfər müəllim tanınan,
hörmət sahibi olan bir kişi idi. Ətrafında ziyalılar, yazıçılar,
sənət və o dövrün siyasət adamları olub. Sözsüz, bu insanları
tanımağın da səndə hansısa duyğuların oyanmasına səbəb olub.
Müxtəlif arzuların da olub. Hansı arzuların arxasınca düşdün?
- Vallah, bu yaxınlarda bir müsahibə oxudum. Rusiyanın futbol
məşqçisi var, Fabio Kapello... Bax ondan müsahibə götürüblər və
sual veriblər ki, keçmişə salam vermək istəsəydin, nə edərdin?
- Bəs sən, Əlisəmid, keçmişə salam vermək imkanın olsa idi, nə
edərdin?
- Kapello deyir ki, keçmişə salam vermək mümkün olsaydı, atama
zəng edərdim, salamlaşardım, hal-əhval tutardım. Mən də atamla
danışmaq, onunla halallaşmaq istərdim. Bəzən soruşurlar ki, bir
daha doğulsaydın, yenəmi bu ömrü yaşayardın? Allaha and olsun, bir
günündən belə imtina etməzdim...
- Yəni keçdiyin bu ağrılı-acılı günləri təkrar yaşayardın!?.
- Təkrar niyə, yenidən yaşayardım... İstər onun həbsxanası,
dəlixanası olsun. Hara düşmüşəm e... bütün günlər mənim taleyim,
alın yazımdır. Çünki həmin ağrılı, ağır günlərdə adam öz
dostlarını, bacı-qardaşını, yaxınını, salam verib salam aldığı
adamları sınayır. Sınayır, tanıyır kim, kimdir. Heç kəsə
arzulamıram o günləri... Biz yaradıcı adamlarıq, hissiyyatlı
oluruq. İndi çox adama zəng vurmaq istəyərəm və deyərəm ki, mən
həmin Əlisəmidəm, dəyişməmişəm. "Ulduz" jurnalında sənin şeirin
çıxmışdı, orda yazmışdın ki, həmənki Faiqəm, dəyişməmişəm,
yadındadır? Mən onlara deyərdim ki, necə görünürəmsə, necə varamsa
həmənəm, heç dəyişməmişəm. Mən dəyişə bilmirəm, qardaş...
Deyəcəm, inanmayacaqsız...
- Bunlar çox kövrək məqamlardı. Bax, həyatda çox-ağrı acı
görübsən, dost xəyanətindən tutmuş, tanımadığın, yaxşılıq etdiyin
kimsənin sənə qarşı olan haqsızlığına qədər... Amma hər nə
olursa-olsun, hamımız arzularla yaşayırıq. Bəziləri gerçəkləşir,
bəziləri elə içimizdə boğulub ölür. Sənin hansı arzuların həyata
keçməyib?
- Arzular deyəndə, o qədər arzular olub ki... İndi yadıma sala
bilmirəm gerçəkləşməyəni hansıdır.
- Ola bilməz ki, arzularının hamısı gerçəkləşsin.
- Allaha and olsun, deyəcəm, inanmayacaqsız, mən bu vaxta qədər
nə arzulamışamsa, o da olub. Nəyə nail ola biləcəyəmsə, onu da
arzulamışam yəqin...
Ürəyimdə kiçicik arzularım qalıb
- Kürdəmirdə bir kor balabançı var, yaxınlarda onun haqqında
hazırlanan verilişə baxdım. "Yolçu" verilişində... Sən ada bax e,
"Yolçu"... 85 yaşlı qoca, kor kişini danışdırırlar. Axırda da
balabanını verdilər ki, çal... Baxdım, baxdım... Səhər uşaqlar
yuxudan durandan sonra dedim, gəlin, sizə bir şeir oxuyum, axşam
yazmışam. Mənə dedilər ki, sənin axşam özündən xəbərin yox idi. Mən
şeirlərimi əvvəl evdəkilərə oxuyuram. İndi sənə deyəcəyim şeir həm
də həmin sualına cavabdır:
Bir adaşım yaşayır
Kürdəmirdə - Muradxanlı kəndində.
Gecəyarı ekranda gördüm "Xəzər" TV-də
Əvvəl-əvvəl danışmadı, dinmədi
Dizlərinin üstdə gözləri yol çəkdi barmaqlarının
Sonra adamlar yığışıb könlünü aldılar onun.
Ovutdular.
Çıxartdı mücrüdən balabanı
Dedi: mənim işim BALABANla, NEYlədi.
Adaşım, balabançı kor Əlisəmid
Sonra gör neylədi
adaşım, balabançı kor Əlisəmid
Qəfil nəfəs verdi balabana
Sığalladı asta-asta, bala-bala.
Asta çaldı balabanı
Tələsdi yavaş-yavaş, bala-bala.
Dağı arana daşıdı, aranı dağa
Anasızın balasını ağlatdı,
balasızın anasını ağlatdı.
Qəribi çağırdı qürbətdən
Qəfil balabanı qoydu qırağa
Ürəyinin işığı üzündə
Üzü nur, üzü pir Əlisəmid
Çalğı çoxdan qurtarıb
Nə baxırsan əlləri üzündə,
gözləri barmaqlarının ucunda
Adaşım balabançı kür Əlisəmid
Adaşım balabançı kor Əlisəmid...
Ay Faiq, o balabanın səsi hələ də qulaqlarımdadır. Ürəyimdə
kiçik arzularım qalıb. Mən İncəsənət Universitetini bitirmişəm,
teatrşünaslıq fakültəsini. Amma rejissor olmaq, filmlərə çəkilmək
istəyim olub. Oğlum Qorqud Kino Akademiyasını bitirdi, aktyordu.
Bir-neçə filmə, seriala çəkilib. İndi də "Göyçək Fatimə"yə çəkilir.
Bax, dediyin gerçəkləşməyən arzularım ola bilsin ki, budur, onu da
oğlum gerçəkləşdirir. İçimdə bir çəkilmək yanğısı olub, elə indi də
var...
Mənim yaradıcılığımda qəribəlik var
- Gənclik illərində çox güman ki, hansısa rolda özünü görüb,
çəkilmək istəyibsən. Bəs bu yaşda hansısa filmə çəkilmək imkanın
olsaydı, necə bir rola, xarakterə üstünlük verərdin?
- Ancaq özümü canlandırmaq istərdim. Həyatım elə bir kinodur,
bunu məndən başqa kim oynaya bilər?! Bilirsən, mənim
yaradıcılığımda qəribəlik var. İlk şeirimdən son şeirimə qədər
yanbayan düzsən, görərsən ki, bunlar ayrı-ayrı şeirlər deyil, bir
romandır, bir filmin ssenarisidir.
- Sənin bir "Kentavr" adlı kitabın da işıq üzü görmüşdü. Səni,
dəli-dolu Əlisəmidi, şairimizi bu kitabdan sonra kentavr kimi
təsəvvür etdim.
- Hə, həyatımın müəyyən yaşantılarıdır. O kitabdan sonra onlarla
"kentavr" yazıldı. "Əlisəmidə ithaf edirik" yazanlar da oldu... Sən
heç yemək yeyə-yeyə şeir yazıbsan, yəni şeiri fikirləşib hazır
eləmisən içində?
Ədəbiyyata gətirdiyim dinozavr uşaqlar var
- Birinci kitabın nə vaxt çıxdı, istədiyin vaxt, yoxsa
gecikdi?
- Yox, gecikdi, çox gecikdi. Sabir Rüstəmxanlı sağ olsun, o
kömək elədi kitabımın dərc olunmasına. O, çox yazarın ümüdlərinin
sönməsinə imkan verməyib. O zaman biz, bir neçə nəfər kitabımız
çıxmadan AYB-nin üzvü olmuşduq. İndi nə var AYB-yə üzv olmağa...
Mənim arxamda həmişə böyük kişilər dayanıb. Rəhmətə gedənləri də
var, sağ qalanları da... Məni ədəbiyyat aləmində həmişə seviblər,
xoş xatırlayıblar. Rəhmətlik Xəlil Rza Ulutürk, Məmməd Araz, Nüsrət
Kəsəmənli... Allah ömür versin - Ramiz Rövşən, Vaqif Bayatlı...
Sonra da elə olub ki, mən onları onların məni çap etdiklərindən
yaxşı çap etmişəm. Mənim də ədəbiyyata gətirdiyim yaxşı dinozavr
uşaqlar var ha! İndi hamısı ədəbiyyatda öz sözünü deyir.
Məncə pis ata deyiləm
- Oğlun Qorqud haqqında ürəkdolusu danışdın. Sənin ilk
məhbusluğun zamanı yazdığın bir şeir var, övladına müraciət
edirsən...
- Hansını deyirsən, "Alo, mən səni görürəm"i?
- Hə... "Alo, ata, sən məni eşidirsən? Alo, qızım mən səni
görürəm",- şeirini deyirəm. Sən o uşaqlarını görürsən indi?
- Məni tanıyanlar bilir ki, pis ata deyiləm. Hamı bilir ki, mən
balalarımdan heç də uzaq olmamışam. Nə olsun onlardan ayrılmışam,
onlarla bir yerdə deyiləm. Bax, indi mən səninlə oturub çörək
yeyirəm. Əgər o uşaqlardan arxayın olmasam, onların sıxıntı
keçirdiyini bilsəm, boğazımdan su nədir, heç hava da keçməz. Mənim
balalarım, xüsusi ilə də qızlarım bir-birlərini o qədər çox
istəyirlər ki. O xanımla ayrılsam da, bu biri uşaqlarımla onun
uşaqları çox mehribandır...
- O uşaqları dizinin üstündə saxlayanda, saçlarını tumarlayanda
qəlbindən keçirdiyin arzuların, planların olub. Onları necə görmək,
necə böyütmək istəyirdin və nəyi bacardın, onlarla bağlı hansı
arzuların çin olmadı?
- Hamı istəyər ki, balası səhər yuxudan duranda evdə atasını
görsün. Ata da balasının qayğısına qalsın, onunla bir evdə yaşasın.
Amma nə edəsən, taledir... Ancaq mənim gözlərim yenə də onların
üstündədir. Onlar mənim balalarımdır. Qardaşım bu yaxınlarda
Rusiyadan gəlmişdi, onlar da gəlib əmiləri ilə görüşdülər. Qardaşım
uşaqların anasına zəng etdi, səmimi danışdılar. Biri telefonun bu
başında, o biri o başında ağlaşma qurdu. Deyim indi onunla heç
danışmayın ki, mən ayrılmışam? Bilirsən, o qədər bir yerdə yaşayıb
bir-birinə yad olanlar var ki... Amma biz ayrı yaşasaq da, düşmən
deyilik. Dünyaya uşaq gətirmişik, bunun məsuliyyətini hiss
etməliyik...
Qızımın toyuna getmədim...
- Uşaqların, maşallah böyükdür. Köçəni, evlənəni varmı? Övlad
toyunda oynamaq axı ata üçün ən gözəl arzudur.
- Qorqudu görək bu yaxınlarda evləndirə bilərəm ya, yox?! Pulsuz
edəcəm onun toyunu... Amma qızlardan biri yaxında ailə həyatı
qurub, toyuna iki gün qalmış xəbər elədilər. Getmədim. Bilirsən,
mən balamın toyuna qonaq kimi getmək istəmədim. Mənə xəbər
göndərmişdilər. Heç özləri də deməmişdi... Gərək mən ata kimi
əvvəldən orda olaydım... Faiq, bunu ixtisar eləmə, xahiş edirəm,
gəl bunu içək onların sağlığına... Övlad çox şirin şeydir. Bəlkə də
"Balabançı" şeirim elə bu hissdən yazılıb.
Oğlum Xan Eyvaz yaşında
Saçlarını sığallayıb telini yana darayır
Məndən xəbərsiz dram dərnəyinə gedir
Səhnədə özgə taleyini yaşayır
Hamletin monoloqunu söyləyir
Mefistofelə kəllə atır
Hərdən Kefli İsgəndər olur...
Mənə qıydın, balama qıyma, Tanrım
Sonu ölümlə bitən rollar sevdası var başında
Qoyma balamı Hamlet ömrü yaşaya,
Kefli İsgəndər ola oğlum xan Eyvaz yaşında...
Dağınıq fikirlər
Sonra o özü danışır, suallar vermək istəmirəm
"Səninlə neçə dəfə görüşmüşəm, bütün danışdıqlarımız yadımdadır.
Fəvvarələr bağında, düz 15 il bundan qabaqkı söhbətimiz... Rafiq
Tağını dəfn etməyə aparanda o tufanlı havada az qala qəzaya
düşməyimiz də..."
***
"Heç istəmirdim oğlum bu sənətin arxasınca getsin, onun futbola
marağı vardı. "Neftçi"nin bazasına aparmışdım. Sonra gördüm uşaq
əzilir, özüm mane oldum. Mədəniyyət gimnaziyasında oxuyanda elə
küçədən tutub aparıblar film çəkilməyə. 300 uşağın içindən
seçiblər".
***
"Yox, mənim oğlum dava adamı deyil. Düzdür, O da mənim kimi
haqsızlığa dözmür, o cəhətdən xoşuma gəlir. Mən hər şeyə reaksiya
verirəm, o da elədir. O, qəbula gedəndə mənim şeirlərimi deyib.
Yaxşı qiymət almışdı. O, mənim dostumdur, anasına demədiklərini
mənə deyir. Yaşamadığım həyatımı yaşayır və yaşayacaq".
"Qalatasaray" hələ udmamışdı
- Fəvvarələr bağında mənə sən bir söz dedin.
Onda "Qalatasaray" hələ udmamışdı. 2000-ci ilin iyun ayı idi.
"Qalatasaray" həmin gün axşam Avropa kubokunu uddu. Sən dedin ki,
səninlə Salama böyük bir qibtə var, amma siz özünüzü elə bil ki,
tanımırsınız. Həmin gün kitabımın təqdimatı idi. Əjdər Ol dedi ha,
durun qalxın yuxarı..., həmin günü deyirəm. Səlim Babullaoğlu yaxşı
yazmışdı, "sanki bir el şənliyi idi". Sonra məndən bir veriliş də
çəkdi.
Heç kəsə pislik eləməmişəm
"Pislik nədirsə, mən onu bacarmadım. İnsanlar vardı aramızda,
adına "haqq dünyası" dediyimiz dünyaya qovuşublar indi...
Fikirləşirəm ki, niyə belə oldular? Nə ömür yaşadılar axı... Kimin
şeiri idi, səhərdən müəllifini yadıma sala bilmirəm. Deyir ki: "BİR
AĞA Kİ QUL ÇIXARA BAZARA, AĞA AĞLAR, BAZAR AĞLAR, QUL AĞLAR".
Möhürə bax e. Gələn il 60 yaşım tamam olur".
***
"Oxuyuram sizin saytı. Təzədir, bilirəm. Yox, yaxşı uşaqlar
toplaşıb ora, tanıdıqlarımı deyirəm də... Anar, heyf onun
itkisindən, yaxşı jurnalistdir. Pərviz... Sən heç də, qardaşsan.
Yağmur xanım da sizdə işləyir də (Zümrüd Yağmuru nəzərdə
tutur.-F.B.). Kişi nəfəsi var onda... Təpər var e... Üzünü də
görməmişəm . Amma yazılarını çox oxumuşam".
"Xalq sevir" ifadəsi saxtadır
"Mənim haqqımda yazılanlar var e, düz ard-arda, bir roman
olacaq. Əlisəmidi tanıyanlar bu cür tanıyıb qəbul edir də. "Xalq
sevir" ifadəsi saxtadır. Sən kimsən e, xalq səni sevsin. Artistlər,
müğənnilər və s. deyir bunu... Hansı şairi çox sevirlər, ona qibtə
edirlər, arxasınca danışırlar. Nə edək, duraq öldürək o şairi ki,
onun oxucuları var? Nüsrət Kəsəmənli, Ələkbər Salahzadə də hər
ikisi gözəl şair idi. Ələkbər öldü, xalqın xəbəri olmadı. 60-cı
illərdə "Ağ zanbaq kimi açıldı sabah" yazmışdı Ələkbər... Adi
meyxanaçı və meyxanəçinin qəbrinə qədər çəkib televizorda verirlər.
Xalqın adından danışmaq düzgün deyil".
***
"Məni də tanıyırlar. Təkcə Salyana yox, Azərbaycanın harasına
getsəm tanıyanlar olacaq. Bir dəfə oğlumla şəhərə çıxdıq. Deməli,
cibimdə pulum yox idi. "Şərq" bazarının yanından gəlib vağzaldan
keçdik üzü aşağı. "Vətən" kinoteatrına qədər getdik. Yalan olmasın,
ora qədər mənimlə azı 200 adam görüşdü. Vaqif Bayatlı, Fuad
Poladov... o adamlar ki, küçədə adama salam verməzlər. Oğlum dedi
ki, dədə, sənlə şəhərə çıxmaq olmur. O qədər adamla görüşürsən, mən
qalıram qıraqda".
***
"Bir şeirim var: "Mən macəra axtarmadım, Macəra məni tapdı".
Səhərdən mənə suallar verirsən, gerçək olmayan arzularımı
soruşursan. Bilirsən mən nə arzulayıram? Qarabağ, Şuşa, daha nə
bilim nə... bunları yox. Arzu edirəm ki, Azərbaycan insanının üzü
daima gülsün. Çıx bax, hamının üzündən qəm tökülür. İnsanlarımız
gülürsə, demək Qarabağ da alınıb, Şuşaya da gedib çıxmışıq.
İstəyirəm bu arzum gerçək olsun..."