Yuxarı

“Bir də gördüm İlyas “Vremya”da Səddamdan danışır...”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Bir də gördüm İlyas “Vremya”da Səddamdan danışır...”

"Xatirə dəftəri" layihəsində:

"Xatirə dəftəri" layihəsinin budəfəki qonağı şair tərcüməçi Yavuz Cəlildir. Redaksiyamızla özü əlaqə saxladı. İndi miskin və səfalət içində ömür sürən şair İlyas Ərnəfəs haqda yazdığım "KQB-yə çağırdılar, getdim, sonrası yadıma gəlmir" yazısını oxumuşdu və İlyasla bağlı kiçik xatirəsini bizimlə bölüşmüşdü. Söz arası onu da demişdi ki, İlyasın bir neçə şeirinin əlyazması indi də onda durur. Beləliklə, "Xatirə dəftəri"ndə Yavuz Cəlillə həmsöhbət olduq.

İlyasda özünə xas olan qeyri-adilik vardı

- Yavuz bəy, gənclik illərində İlyasla yaxın olubsan, onu necə xarakterizə edərdin?

- Zənnimcə, İlyas Ərnəfəsi ümumən xarakterizə edə bilən ən düzgün ifadə onun qeyri-adiliyidir. Onda heç nəyə, heç kimə bənzəməyən, təkcə İlyasın özünə xas olan qeyri-adilik vardı. İlyası çoxdan tanıyanlar, elə sən özün də, şahidsiniz; onun xarici görkəmi də, davranışı da, danışığı da, geyimi də daima fərqli olub. O, hətta bugünkü günündə belə özünə yaxın, özü ilə eyni durumda olanlardan müqayisə olunmaz dərəcədə fərqlənir. Həmçinin də öz qeyri-adiliyinə sadiqliyi ilə fərqlənir. Uzun illər dəyişmədən, İlyasın bugünkü vəziyyətində də belə eyni durumda qalmaq, həqiqətən də nadir hadisədir. Bugünkü İlyasa oxşar, onunla eyni vəziyyətdə olanlar adətən çox tez dəyişirlər.

İlyas Azərbaycan Nəşriyyatını özünə daimi məskən seçdiyi vaxtdan bütün Bakı gündən-günə dəyişib. Bir il öncəki Bakıyla bugünkü Bakı arasında yerdən göyə qədər fərq var, eləcə də insanları arasında. Bu müdddət ərzində təkcə Bakı yox, bütün Azərbaycan, bütün postsovet məkanı, bütün dünya dəyişib.

İlyas bu gün də öz dünənini yaşadır

Azərbaycan Nəşriyyatının özü dəfələrlə dəyişib, rəngdən-rəngə düşüb. Ancaq İlyas nəşriyyatın önündəki mozaik panodakı kril əlifbasının hərfləri kimi bu gün də öz dünənini yaşadır. Qəribə oxşarlıqdı, deyilmi? Hər-halda başqa yerdə bu gün Bakıda kiril əlifbasında nə isə tapmaq çox qəliz, çox müşkül məsələdir.

Qızlara qartopu atırdı

- Bəs ilk tanışlığın necə oldu?

- Maraqlıdır ki, İlyasla mənim ilk tanışlığım da Bakıda nadir hallarda baş verən qarlı bir günə təsadüf edir. Axşamdan yağmış qar hələ tam əriməmişdi. 57 nömrəli marşrutla o vaxtkı Vorovski qəsəbəsindən mərkəzə tərəf gedəndə 4-cü mikrorayon tərəfdəki dayanacaqda uzun saçlı 20-25 yaşlı bir oğlanın gah yoldan keçən balaca uşaqlara, qızlara, gah da avtobusa qartopu atdığını gördüm. Təbii ki, arıq uzunsov görkəmi zahirən ərəbləri, ispanları xatırladan bu yaşda "uşağın" belə bir hərəkəti yaddaşa hopmaya bilməzdi. Üstündən nə qədər keçməyi yadımda deyil. Təsadüfən bir gün Yazıçılar İttifaqının dəhizində həmin qartopu atanı görürəm. Sən demə, o qartopu atan "azərbaycanlı əcnəbi" imiş.

İlyasa şeiri diqtə edirmişlər

Mən çox yerdə şahidi olmuşam, təzə yazmağa başlayanlar tanış olan kimi adətən öncə bir-birinə yazdıqları şeri, hekayəni oxumaq istəyirlər. Təbii ki, mən də bu ənənəyə sadiq qalaraq İlyasa bir-iki şeir oxudum. İlyas özünə tam inamla, təcrübəli aqsaqqal yazıcılar sayaq şerləri təhlil (tənqid) etməyə başladı. Sonda da bildirdi ki, görürəm, sən şeiri zülmnən, əzab çəkə-çəkə yazırsan, mən isə əksinə, şeri elə-belə yazıram və heç vaxt da özüm şeir yazmaq həvəsində olmamışam. Şeir yazmağın onu çox ağır bir xəstəlikdən xilas etdiyini bildirdi. İlyas danışırdı ki, həmən xəstəlikdən artıq ümidsiz bir vəziyyətdə olarkən, hansısa bir qüvvə ona şeir diktə eləməyə başlayıb və bu minvalla o yavaş-yavaş özünə gəlməyə sağalmağa başlayıb.

Yadımda deyil, nəyə görəsə bir ara İlyasın qalmağa yeri yox idi. Yay ayları olduğundan bəzən bulvarda gecələdiyini deyirdi. Elə həmin ərəfədə işlədiyim tikinti idarəsindən mənə Vorovski qəsəbəsində yataqxanada yer vermişdilər. Mən həmin yataqxanaya yaxın yerdə qardaşımgildə qaldığıma görə İlyas bir müddət mənim yerimdə qaldı.

Gecələr türk dalğalarına qulaq asıb ağlayırdı

Yadımdadır hansımızınsa bir "Vef" radiosu vardı. Yaşlı nəsil yəqin ki, xatırlayır, "Vef" o dövrün ən yaxşı dalğa tutan radiolarından idi. İlyas bu radio ilə gecələr türk dalğalarına qulaq asırdı. Bəzən içəndə şeirlərini oxuyub ağlayırdı.

Deyirdi ki, yaradıcı adam tez-tez büdrəməyə məhkumdur, çünki o adətən öz aləmində olur, ayağının altını görmür. Həmid Herisçidən daha çox danışırdı; onun ekspressionizm, özünün isə impressionzm cərəyanına yaxın olduğunu bildirirdi.

Moskvadan və səhv etmirəmsə, bir də Pribaltika respublikalarından Bakıya müasir Azərbaycan ədəbiyyatını, əsasən də cavanları tərcümə etmək üçün ədiblər gəlmişdi. Onlarla "Azərnəşr"də Məmməd İsmayılın apardığı "Gənclik" və ya "Gənclər" birliyində görüş keçirilirdi. Görüşə Bəstəkar Arif Məlikov da dəvət olunmuşdu. Onun Nazim Hikmətdən danışanda uşaq kimi kövrəlib ağlamağı indi də gözümün qabağndadır. Heç vaxt yadımdan çıxmaz, çox təsirli hadisə idi.

Dostoyevski yaza bilsəydi, yazardı da...

İlyasın bu görüşə dəvət olunmaması onun acığına gəlmişdi. Özü söz alıb, yeni bədii fəndlərlə, ifadələrlə işlədiyi hekayəsini oxumağa başladı. Hekayənin qəribə dil üslubu o andaca mübahisə yaratdı. Müzakirə edənlərdən biri İlyasın ifadə etdiyi bu dil üslubuna iradını bildirərək soruşdu ki, məgər Dostoyevski, Tolstoy bu cür yaza bilməzdi, belə yazmaq lazım olsaydı, onlar özləri bu cür yazardılar da. İlyas da nə cavab versə yaxşıdır: Yaza bilsəydilər, yazardılar da, deməli, yaza bilməyiblər ki, yazmayıblar. Ordan çıxandan sonra bir neçə dəfə soruşdu: Sən hiss elədin, mənim hekayəm Arif Məlikovun xoşuna gəldi, bunlar heç, o (A. Məlikov) sənəti başa düşən adamdır.

İlyas nəhənglərlə "vuruşurdu"

Ümumiyyətlə İlyas, həqiqətən də yazıçıların çoxunu qəbul etmirdi, başqa sözlə desək, yazdıqlarını primitiv sayıdı. Deyirdi ki, bax, gör bunlar kimdən öyrənir, kimləri özlərinə müəllim sayır, mən isə nəhənglərlə vuruşuram. Nəhəng deyəndə adətən Dostoyevskini nəzərdə tuturdu, başqalarının da adlarını çəkirdi, ancaq onlar yadımda qalmayıb.

İlyas birtəhər bu tərcüməcilərin marşrutunu öyrənir. Metronun "Əzizbəyov" stansiyasından çıxanda onlarla görüşür. Maraqlıdır ki, rusca bilməyə-bilməyə onlara yazılarını nə cürsə başa sala bilir və hətta İlyasın söylədiklərindən onun yaradıcılıq üslubunu anlayıraq, bildirirlər ki, onun yazı tərzi, səhv etmirəmsə tacik şairi Şirəlinin yazılarına bənzəyir. Onlar həmçinin də ona əlaqə yaratmaq üçün ev ünvanlarını, ev telefonlarını yazıb vermişdi.

- Sonralar siyasətə can atdı, qəribəliklərindən biri də bu idi...

- Səhv etmirəmsə, 1986-cı il idi. Moskvada ZİL-in yataqxanasında qalarkən çeçen dostum Əyyub məni çağırdı ki, tez bura bax, gör nə göstərirlər. Belə şeylər indi adi görünə bilər. Kreml, Ostankino, 1986-cı il, "Vremya"! Baxıb, nə görsəm yaxşıdır: İlyas "Vremya"da Səddam Hüseynə kömək üçün İraqa getmək arzusunda olmağından, Bakıda könüllülərdən ibarət dəstənin təşkil edilməsindən və bu dəstənin tərkibində rus mənşəli zabitlərin də yer almalı olduğundan danışırdı. İlyasın bu intervüsü Əyyubu əməlli-başlı sarsıtmışdı. Tez-tez "əsl ziyalı belə olar", - deyə təkrarlayırdı. Çox sonradan İlyası gördüm, tamam dəyişmişdi, bugünkü İlyas olmuşdu...

Yavuz bəy İlyas Ərnəfəsin özündə qoruyub saxladığı şeirləri mənə təqdim etdi. İlyas bu şeriləri mənə göstərib dedi:

- Bu şeirləri hecada yazanlara görk üçün yazdım. Onlar elə bilir mən hecada yaza bilmirəm, - demişdi İlyas mənə...

Tarix
2014.11.12 / 09:50
Müəllif
Faiq Balabəyli
Digər xəbərlər

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla