Onunla şəhər
qəbiristanlıqlarından birində tanış oldum. Daha doğrusu, görüşümüzü
o özü istəmişdi. Dostlardan biri hansı yazımı isə ona oxuyubmuş. O,
dostuma:
- Deyin, gəlsin, məndən yazsın, biz onun yazdığı adamdan da
acınacaqlı yaşayırıq, - deyib.
Elə buna görə də mənə nişan verilən qəbiristanlığa getdim.
Demişdilər ki, adı Həmzədir. Kimdən soruşsam, göstərəcəklər.
Soruşmağa ehtiyac olmadı. Onu görən kimi baxışdan tanıdım. Kürəyini
küknar ağacının gövdəsinə söykəyib, təsbeh oynada-oynada siqaret
çəkirdi.
Ölülərin hesabına başımı girələyirəm
Tanışlıq verdim. Dediyi sözü ona xatırlatdım. Xeyli güldü, "hə,
olub elə söhbət, sözgəlişi demişəm", - dedi.
O, nə vaxtsa sürücülük edib. İndi isə çox hörmətli bir molladır.
Söz arası:
- Lisenziyam yoxdur. Yasin oxumağı bilirəm, bu, bəs edir. Fatihə
verirəm, kəlmeyi-şəhadətimi də bilirəm. Ölüsünü ziyarət edənlər 3-4
manat verir, mən də onların qəbrinin üstündə yasin oxuyub, dua
edirəm.
Bunları Həmzə mənim "hal-əhli" olduğumu bildikdən sonra dedi.
Əlavə də etdi ki:
- Qurban olun Allaha, hərənin ruzisini bir cürə yetirir. Məni də
ac qalmağa qoymadı. Ölülərin hesabına başımı girləyirəm.
Həmzə kişinin 70-dən çox yaşı var.
- Maşallah, gümrahsan, yaşından xeyli cavan görünürsən.
Tay-tuşların yəqin çoxdan "o tərəfdədir".
Dediyimi əlbəəl tutur. Çiyinləri atlana-atlana gülür:
- Yox, hələ bəri üzdə olanları da var. Allahın yazısıdır, pozusu
olmaz ki...
- Ay, Həmzə kişi, birdən qulaq verdilər, gördülər ki,
yasini düz oxumursan, onda necə?
- Bala, heç kəs qulaq-zad vermir. Ölənlərinin adlarını deyirlər,
mən də kamali-ədəblə yasin oxuyuram.
Hava qaralmaq üzrəydi. Həmzəyə təklif etdim ki, gedək bir yerdə
oturaq çay içək, indi ölüsünü yada salıb bura gələn olmaz.
Razılaşdı. Oturduğu kətili qəbirlərdən birinin başdaşısının
arxasındakı gül kolunun altında gizlətdi. Döşəkcəni də kətilin
üstünə qoyub, klyonka ilə örtdü.
- Yağış yağanda islatmasın,- dedi. - Günəşlidə yaxşı çayxana
var, gedək orda oturaq.
Sən demə evi o tərəflərdə imiş.
Cəddüvə qurban
Getdik. Yolda başına qoyduğu buxara papağını da çıxartdı. Saçını
tumarladı, köynəyinin yuxarı düyməsini açdı. Pencəyinin yaxalığına
əl gəzdirdi. Bayaqkı molladan əsər-əlamət belə yox idi.
Çayxanada onu mehribanlıqla qarşıladılar.
- Seyid, gəl, cəddinə qurban.
Həmzə aydınlıq gətirdi:
- Xətt saxladığıma, bəzən Allah kəlamı söylədiyimə görə mənə
"seyid" deyirlər. Mən də könüllərini qırmıram...
İnsanların könlünü xoş etməklə məşğulam
Otururuq. Həmzə kişi ona verilən sədəqələri qəbul edir və
ardınca da "Allah qəbul etsin, niyyətiniz dərəceyi-qəbula çatsın",
- deyir.
Həmzə ilə söhbətimdə onu da xatırlatmışdım ki, bəlkə haqqında
yazdım, inciməsin. Etiraz etməmişdi.
İndi çayxananın rahat bir küncündə ona suallar ünvanlayıram:
- Necə oldu mollalıq etməyə başladın?
- Mən, bacı oğlu, deyim, sən də bil. Molla deyiləm. Bayaq da
dedim, mən insanların könlünü xoş etməklə məşğulam. Mollalar ölü
düşməsini arzu edir, mən isə yox. Bu vaxta qədər nə qədər ölən
varsa, bəsimdi. Yasindən-zaddan oxuyuram, fsyo.
Kefin istəyən keflər görmüşəm
- Həmzə kişi, bəs əvvəllər necə idi dolanışıq,
həyat?
- Həyat həmişə mənim üçün maraqlı olub. Sürücü işləyirdim,
dolanmırdım? Kefin istəyən keflər görmüşəm. Yaxşı xalturam olurdu.
İndi pensiyadayam.
- Bəs axı demədin necə oldu mollalıq etmək fikrinə
düşdün.
- Yaxşı səsim vardı. Bəzən dostlarla yeyib-içib toylarda
oxuyardım da. Sonradan yaş ki 60-a çatdı, nəvə-nəticə ətrafı
bürüdü, peşəmi dəyişdim. Rayonda dolanışıqda çətin oldu, şəhərə
köçdüm, Günəşlidə ev aldım. Rayonda yaşamaq mümkün deyildi.
Guya ki mollayam
- Və oldun molla?
- Mollalığa təsadüfən getdim. Qəbiristanlıqların birindən
balkonu düzəltmək üçün dəmir barmaqlıqlar söküb aparmaq istəyirdim.
Gördüm, iki nəfər yaxınlaşır. Tez cibimdən bir bloknot çıxarıb
başladım "yasin" oxumağa. Guya ki mollayam. Bu iki nəfər
yaxınlaşdı. Fikrim onlarda olsa da, oxumağa davam etdim. Sonra da
bloknotu 3 dəfə öpdüm, gözümün üstünə sürtüb cibimə qoydum. Hə, bu
iki nəfər çox hörmətlə mənə yaxınlaşdı. Cümə axşamı olduğu üçün
ölənlərinə yasin oxutdurmaq istədiklərini dedilər və cibimə pul
basdılar. "Allah qəbul etsin", - deyib mərhumların adını soruşdum.
"Gedin, hələ növbədə iki ölü də var, - dedim, - arxayın olun,
oxuyacam". Qəbirləri göstərib, getdilər. Bax, o vaxtdan insanların
xidmətindəyəm.
Telefonla siğə edirəm
- Elə həmin qəbirsitanlıqda?
- Yox, gəldim bayaq gördüyün qəbiristanlığa. Əvvəllər isə həyat
daha maraqlı idi. İndi də pis deyil. Siğəni də bilirəm. Amma bunun
üçün gərək dəftər-kitabın ola. Telefonla siğə edirəm.
- Axı düzgün deyil...
- Ay rəhmətliyin nəvəsi, zato, hər iki tərəfin ürəyi şad olur.
Zənən elə bilir zina etmir, kişi də elə onun kimi. Mən deyirəm ki,
mənim siğələrimin gücü bir həftəlikdir. İstəsəniz, lap 2-3 saatlıq
siğə edim.
Həmzə deyir və bic-bic barmaqlarını bir-birinə sürtür.
- Təki pul olsun, nəvələrə bir şey ala bilim. Onsuz da bu
adamların gözü qızıbsa, istədiyini harada və necə olsa edəcək. İndi
10 manat mənə versələr, qan düşməyəcək ki...
Həmzə kişinin söhbət zamanı özünə aludə olması nəzərimdən
yayınmır. Hiss edirəm ki, basıb-bağladığı məqamlar da var. Çayını
nəlbəkiyə töküb üfləyir. Sonra qəndi nəlbəkidəki çayın içinə atıb
stəkanın arxası ilə əzir. İri dodaqları az qala nəlbəkinin tən
yarısını "mühasirəyə" alır. Bir qurtuma nəlbəki boşalır. Şəkərin
tozcuqları nəlbəkinin dibində çöküntü halında qalıb. Bir az çay
əlavə edib cürü barmağı ilə şəkər tozunu qarışdırıb yenidən
içir:
- Qərət olmasın, gərək, - sonra özünə yenidən çay süzür.
Əgər bunlar siğə etdirirsə...
- Həmzə kişi, deyirlər, siğənin savabından çox günahı
var axı. Günah qazanmırsan?
- Özün də deyirsən oxumuş adamsan. Bunun nə
günahı ola bilər ki? Əgər bunlar siğə etdirirsə, demək, hər iki
tərəfin razılığı var. Mən də rəsmiləşdirirəm. Yəni bunların
zinasına haqq donu geyindirirəm. Yəqin ki, özlərini məhrəm hiss
edirlər. Rahat olurlar...
- Axı bayaq dedin ki, sən Yasin surəsindən başqa heç nə
bilmirsən.
- Hə, düzdü, bilmirəm. Bax, bir molla var. Leriklidir. Qızıldaş
tərəfdə yaşayır. O mənə yazıb verib, köçürdürəm, verirəm siğə
etdiklərimə.
- Bəs adlarını necə yazırsan, ərəb qrafikasını bilmirsən
axı.
- Ad yerləri boş qalıb, oranı rus hərfləri ilə yazıram. Deyirəm
ki, bunu ona görə bu hərflərlə yazıram ki, inanasız siğə sizin üçün
oxunub.
- Həmzə kişi, axı sənin günahların var...
- Mənim günahlarım mənimdir. Amma inanmıram ki, siğədən razı
qalıb mənim ölənlərimə rəhmət oxuyanların alqışını Allah-təala
görməsin. Könlü xoş olanların duası məni qoruyar.
Həmzə kişi özündən xeyli razı görünür. Bu yaxınlarda rayonda yas
məclisində olduğundan bəhs edir:
- Vəziyyət pisdir. Camaat torpaqla əlləşir. Ruzisini güclə
çıxarır. İcra, bələdiyyə basıb torpaqları əkir. Əhalinin
əkinəcəyinə su da vermirlər. Gərək pul yığıb verələr. İnsanlar bir
qarın çörək üçün əsir-yesir olub. İnan yas məclisində hamı öz
dərdini çözürdü.
Ölü yiyəsi bilsə, məni qapısından qovardı
- Həmzə kişi, yəni sən o hüzrdə mollalıq
edirdin?
- Yox, a bala, mənim o məclisləri aparmaq bacarığım yoxdur. Həm
də ölü yiyəsi bilsə ki, mən bu niyyətə düşmüşəm, məni qapısından
qovardı. Məndən gözü dağınıq, kolxoz malına əyri baxan, yeyib–içib
dava salan ikincisi olmayıb. İndi deyirsən, bu qoca vaxtımda özümü
abırdan salaydım?
- Yas məclisini idarə etmək abırdan düşmək
deməkdir?
- Mənim kimilərə olmaz. İnan, elə vedrə bağlayarlar, səsi on
nəsil qabağa gedib çatar. Bura baxma, bura şəhərdir. Hərə bir
tərəfdən gəlib. Kimdir məni tanıyan.
Ata-anama geydirmə Yasin oxunsun?
- Heç rəhmətlik ata-ananın qəbrinin üstündə yasin
oxumusan?
- Day səninki olmadı. Mən ata-anamı belə ucuz tuturam ki,
geydirmə Yasin oxunsun onlar üçün?
Bundan sonra söhbətimiz maraqsız oldu. Həmzə kişi məndən
incidi.
- Sən yaxşı söhbət eləmədin. Ona görə də sənə maraqlı heç nə
danışmayacam.
Getmək üçün ayağa qalxdım. Sağollaşdım. Çayın pulunu vermək
istədim. Çayçı:
- Seyidin stoluna gedən çaya pul almırıq, - dedi...