"Gerçəkləşməyən arzular" layihəsində
Arif Ərşad Sumqayıtda doğulub, əslən Qubadlıdandır. Hazırda
Bakıda yaşayır, iş yeri isə Sumqayıtdadır. Qubadlıda ilk dəfə 28
yaşı olanda, əmisi, şair Əsgər Eyvazoğlunun dəfn mərasimində
iştirak edəndə olub. Kövrək insandır. Kövrəkliyi şeirlərində və
hekayələrində də boy verir. Onunla görüşüb arzularına işıq tutmaq
istədik və soyuq payız günündə isti söhbətimiz belə alındı.
Sadəcə heç düşünmədim də
Hekayələrindən söz açdım, mövzularından bəhs etdim, o isə özünün
şeir yaradıcılığından danışdı:
- Mən yaradıcılığa şeirlə gəlmişəm...
- Çoxdan yazmağa başlasan da, imzan çox gec
göründü.
- Mən yazmışam, düzdü, amma üzə çıxarmamışam. Dostlar, özüm,
yaxın dairə bilib bunu. Deyim ki, risk etməmişəm? Bu, düz olmazdı.
Sadəcə, heç düşünmürdüm də yazdıqlarımı dərc etdirəm. Günlərin bir
günü yazıçı dostum Əyyub Qiyasla görüşdüm, dedim ki, bəs yazım var,
istəyirəm sənə göstərəm. Şeirlər idi. Əyyub əlyazmalarımı aldı, 15
gün sonra geri qaytardı, dedi, pis deyil, yaxşıdır. Sonra məni şair
Ehtiram İlhamla da tanış etdi. Yaradıcılıq sferasında bu iki adam
mənə çox yaxındılar. Məsləhətlər verirlər.
- Amma sən son vaxtlar daha çox nəsr nümunələri ilə
göründün. Jurnallarda, qəzet səhifələrində, ədəbi
portallarda...
- Bir gün Əyyub Qiyasa süjetli bir şeir oxudum. O da dedi ki,
sən bu şeiri nəsrə çevir. Mən də özümü nəsrdə daha çox görürəm,
nəinki şeirdə. Mən o şeirin məzmununu nəsrə çevirdim. Bəyəndi.
Arada şeirlər də yazıram, amma ən çox nəsrə üstünlük verirəm. Bir
şeir kitabım çıxıb, bir şeir, bir hekayə kitabım da çapa
hazırdır.
Bu, genetik bir yaddaş idi
- Nə sizi vadar elədi ki, birdən-birə rabitə işçisi
olaraq, işinizi-gücünüzü atıb yaradıcılıqla məşğul olduz? Başınızı
aşağı salıb işləyirdiz, pulunuzu qazanırdız da...
- Heç də işimi-gücümü atmamışam. İşləyirəm də. Yazmaq əslində
birdən-birə olmadı. Əmim Əsgər Eyvazoğlu yetmiş-səksəninci illərdə
ədəbi mühitdə tanınmış şairlərdən biri idi. Mən uşaqlıqdan onun
şeirləri ilə böyümüşəm. Onun bir kitabı çıxmışdı. Amma qəzet və
jurnallarda daha çox dərc olunardı. Bu, genetik bir yaddaş idi.
Yazı-pozuya maraq məndə təsadüfü deyil.
İddiasız insan məqsədsiz insandır
- Adamda belə təəssürat yaranır ki, siz dəstədən geri
qalmamaq üçün yazırsız. Bir növ dəb halını alıb
yazmaq...
- Dəb xətrinə çoxu yazır, mən də elə yazmalı olsaydım, indiyə
qədər çoxdan yazdıqlarımı dərc etdirmişdim. Mənim başım oxumağa,
təhsil almağa, işləməyə qarışıb. Sonra da ailə... Bu, daxildən
gəldi, səmimi deyirəm, yazmaya bilmədim. İş otağımda çoxlu kitab
var, hər dəfə vaxtım olduqca oxuyub mütaliə edirəm.
- Siz şeir yazıb sirdaşlarınızla, dostlarınızla
paylaşdınız. Mətbuata gəlmədən öncə də şeirlər yazdınız. O zamanlar
özünüzü harada görürdünüz?
- İddiasız insan məqsədsiz insandır. Məqsədi olmayan isə boş və
mənasız insandır. Mən yaradıcılığa gələndə, şeir yazanda iddiam o
deyildi ki, ad alam, ya da nəsə tanınam, məşhurlaşam. İddiam o idi
ki, ürəyimi boşaldam.
- Mən oxucuyam, siz də içinizdə qalıb qalaqlananları
yazırsız, sizcə mənim nəyimə gərəkdir ki, bütün bunları
oxuyam?
- Əgər mən görsəm və bilsəm ki, mənim yazdığım hekayələri oxuyub
yarımçıq saxlayırlar, yazmaram, yazdığımı isə ümumiyyətlə ortalığa
çıxarmaram. Amma görürəm ki, mənim yazdığım hekayələr oxunur.
Hekayələrimin ilk oxucusu çox vaxt Əyyub Qiyas olur. Əyyub isə
sözə, ədəbi mətnə qarşı çox qəddardır. O demir ki, Arif mənim
dostumdur, xətrinə dəyməyim. O deyir ki, Arif, bunu cır, tulla. Ya
da deyir ki, təbrik edirəm, yaxşıdır. Nə xoş ki, bu vaxta qədər bir
dəfə də olsa, mənə "cır, tulla" deməyib.
İçim rahat olur yazanda
- Yəqin yazılarınız dərc olunanda ürəyinizdən Xalq
yazıçısı olmaq da keçib?
- Faiq bəy, mən heç o haqda fikirləşməmişəm. Sadəcə, içim rahat
olur yazanda.
- Yaradıcılıq sizin işinizə mane olmur ki?
- Yox...
- Heç olubmu ki, yazdığınız zaman qonşu, ya da nəvə
gəlib, mane olub, siz də nə yazacaqdız, necə yazacaqdız,
unudasız?
- Olub. Elə də olub ki, belə hadisələr bəzən yazdığım hekayənin
xeyrinə olub, bəzən də ziyanına...
Səviyyəsiz yazılar daha çoxdur
- Müasirlərinizdən kimləri oxuyursuz?
- İmkan düşdükcə sosial şəbəkələrdə, ədəbi portallarda dərc
olunan şeirləri və hekayələri də oxuyuram. FB-də səviyyəsiz yazılar
daha çoxdur. Oxuduqlarım, ürəyimə yatanlar isə Aslan Quliyevin
hekayələri, Ramiz Qusarçaylının, Fərqanə Mehdiyevanın, Fəridə
Ləmanın, Narıngül Nadirqızının, İbrahim İlyaslının və digərlərinin
şeirləridir. Əli Kərimi lap tez-tez oxuyuram, Ramiz Rövşəni, Məmməd
İsmayılı, Musa Yaqubu oxumamaq olar? Onların kitabları mənim
stolüstü kitabımdır.
İki saata 1 qutu siqaret
- Günə neçə qutu siqaret çəkirsiz?
- Hekayə yazanda iki saata bir qutunu çəkib qurtarıram. Amma gün
ərzində iki qutu çəkirəm.
- Sosial şəbəkədə fəalsız, xanımınız gecə yarıya qədər
kompüterin arxasında olduğunuza görə qısqanmır ki
sizi?
- Xeyr. Mənim bəxtim gətirib bu sarıdan. Həyat yoldaşım peşəkar
jurnalistdir. Yazılarımı, şeirlərimi oxuyur, amma o heç vaxt mənim
ilk oxucum olmayıb. Sonradansa yazdıqlarımı ona oxuyuram.
- O da bəyənir, həyat yoldaşınızdır axı, qəlbinizi
qırmır da...
- Əksinə, o mənim yazılarımı bəzən bəyənmir. Televiziyada
işləyib, indi nəşriyyatda işləyir. Ədəbi mühit, yaradıcılıq ona yad
deyil, üç bədii kitabın və bir-neçə dərsliyin müəllifidir.
- Ədəbiyyatımız bu gün sizi qane edirmi?
- Bəli, qane edir. Bu gün ədəbiyyatımızda hüdud yoxdur,
istənilən şeydən yazmaq olur, yetər ki, yaxşı yazılsın. Amma əvvəl
belə deyildi. Mən bütün yaxşı bildiklərimi oxumağa çalışıram və hər
yaxşı bir yazını oxuyanda bunu ədəbiyyatımızın uğuru sayıram.
Düzdür, zövqlər müxtəlifdir...
- Heç olubmu ki, qadın oxucular yazınızı oxuyub sizə
dostluq göndərsinlər? Və bu dostluq virtual dostluqdan real
dostluğa çevrilsin?
- Olub, amma mən o dostluqları qəbul edə bilmərəm axı.
- Bu gün nə yazırsız?
- Demək olar ki, vaxtaşarı hekayələr yazıram, amma bir ilə
yaxındır ki, bir roman üzərində işləyirəm. Allah qoysa, tamamlamaq
üzrəyəm.
- Sizcə, AYB bu gün yazıçılara diqqət, qayğı
göstərirmi?
- Əlbəttə. AYB gənclərə və yaşlı nəslin nümayəndələrinə illik
təqaüd ayırıb. Yaşlı nəslin elə nümayəndələri də var ki, ömürlük
təqaüd alırlar. Mən deyərdim ki, kifayət qədər qayğı və diqqət
var.
- Maddi təminatınız necədir?
- Yaxşıdır. Bayaq dediyim kimi, yoldaşım da işləyir, mən də.
Oğlum tələbədir, Şimali Kipr Türk Cümhuriyyətində oxuyur. Qızımı
köçürmüşəm. İki nəvəm var. Dolanırıq da, şükür...
- Adam var dərddən, qəmdən problemlərdən bol olduğu üçün
yazır, adam da var ki, əhli-keflikdən. Evi, işi, pulu... hər şeyi
var, deyir hamı yazır, bəs mən niyə yazmayım ki?
- Yox, mən heç vaxt elə düşünüb yazmamışam.
- Sizcə tox yazıçı Viktor Hüqonun "Səfillər"ini yaza
bilərmi?
- Əslinə qalanda yazı istedadla və zəhmətlə bağlıdır. Qraf
Tolstoy öz dövrünün çox imkanlı və nüfuzlu adamlarından biri olub.
Lakin buna baxmayaraq, bütün dövrlərin ən böyük imza sahiblərindən
biridir. Mən bilən heç Hüqo da o qədər pis yaşamayıb. Yəni
istedadlı adam nə istəsə yaza bilər. O ki qaldı mənə, mən
şeirlərimdə o qədər də iddialı deyiləm, amma hekayələrim oxunur.
Çünki yaşadıqlarımı, müşahidə etdiklərimi yazıram. Qalanı
oxuculuqdur...
- 50 yaşı iki ildir ki, arxada qoymusunuz. Nələri
arzulamışdınız, nələr yaşandı?
- Arzular müxtəlifdir, baxır hansı arzulardı.
- Yazar olaraq ən böyük arzunuz nədir ?
- Hər bir yazıçı kimi mənim də arzum odur ki, kitablarım çap
olunsun və oxunsun. Müəllifin kitabları oxunursa, demək, zəhməti
boşa getməyib.
- Kitabın çıxması üçün nə lazımdır?
- Birinci, yaxşı yazmaq lazımdı. Əgər sən yaxşı yazsan, heç
xərcə düşüb kitab da çıxarmayacaqsan. Nəşriyyatlar əlindən alıb
özləri çıxardacaqlar. Arzum odur ki, özləri əsərlərimi əlimdən alıb
kitablarımı çap etsinlər .
- Hansı gerçəkləşməyən arzunuz var ki, bu gün
tanıyanların yanında sizi sıxıntıya salır?
- Bu dəqiqə ən böyük arzum oğlumu evləndirməkdir. Bir vətəndaş
kimi isə ən böyük arzum Şuşanı, Xankəndini azad görməkdir.
Azərbaycan bayrağının Xankəndinin icra hakimiyyəti binasının
başında dalğalandığı günü görəcəyimə inanıram. Təbii ki, dədə-baba
yurdum Qubadlını da, digər işğal altında olan torpaqlarımızı da
ziyarət etmək ürəyimdən sızıltı ilə keçir. Bir də Naxçıvanda heç
olmamışam.
- Naxçıvan ki işğal altında deyil.
- Bilirəm, amma vaxt tapmamışam, yolum düşməyib ki, gedəm görəm.
Bunlardır mənim hələ ki, gerçəkləşməyən arzularım...