"İnsan taleyi" layihəsində
Onun "Azadlıq prospekti" metro-stansiyasına yaxın bir
yerdə diləndiyini mənə dostlar demişdi. Onu da demişdilər ki, bu
qadını danışdıra bilməzsən. Acıqlıdır. Daima olmur, arada gəlir və
diləndiyi yerdən də ani olaraq yoxa çıxır. Böyük market var, ora
girir və oradan geri qayıtmır.
Maraq məni bürüdü. Metroya yaxın ticarət obyekti olan
dostlarımın birindən xahiş etdim ki, gənc qadın dilənçi ora gələndə
mənə xəbər versin.
Elə də oldu. Dostum "dur gəl, burdadır, uzağı 2-3 saata yoxa
çıxacaq" deyəndən sonra redaksiyamızdan o qədər də uzaq olmayan
məkana yollandım.
Çörək pulu istəyirəm
Qadın deyilən yerdə idi.
- Çörək pulu istəyirəm, çörək pulu... uşağım da acdır, – deyir
və əlini qarşısından keçən insanlara uzadırdı.
Kürəyində şələ kimi bağladığı körpə qız uşağının başı qalın
şalla möhkəm bağlanıb, elə əyni də qalındı. Özü isə çox sadə
geyinib. Nazik gödəkcə, uzun ətəkli qara rəngli don, ayaqlarında
isə altı nazik ayaqqabı var. Soyuqdan sinsiyir, arada əllərini
növbə ilə ağzına aparıb nəfəsinin buxarında isidir, sonra yenə də
eyni sözləri təkrar edirdi:
- Çörək pulu istəyirəm, çörək pulu...
Ayaqlarının arasında selafon bağlama var.
Son günlərin ovqatımda buraxdığı qan qaraldan olaylardan sonra
bu miskin gənc qadının dilənməsi ürəyimi daha da ağrıtdı.
Sahibsiz itlər kimi dilənən insanlara baxmaqdan çox pis oluram.
Hələ bir onları yola gətirib danışdırmaq, həyat hekayətlərini
dinləmək daha dözülməzdir.
Maşından düşüb pul vermək istəyirəm. Həm də söhbətə tuta
bilərəmmi? Soyuq üzümü qarsıyır, fikrimdən daşınıram. Özüm üçün
test keçirmək qərarına gəlirəm; baxım görüm neçə adamdan biri ona
pul verir? Və sayıram. Orta hesabla 5 nəfərdən biri qadının
yarıaçıq ovcuna pul qoyur. Yaxşıdır, soyuq onu birtəhər etməsə,
təxminən bir saata 20-30 manat yığa bilər, bəlkə də çox. 1-2 saat
dayanıb gedə bilər.
Deyəsən elə qadın da mənim kimi fikirləşir. Təxminən 30
dəqiqədən sonra bağlamanı götürür, digər əli qarşıdan gələn
insanlara uzanılı yaxınlıqdakı marketə girir. Maşından düşüb
ardınca gedirəm. Yox, o, burada dilənmir, eskalatorla aşağıda
yerləşən ayaqyoluna düşür.
Müəmma, dilənçi yoxa çıxır
Gözləyirəm. Bir azdan cavan, dar şalvarda, saçları səliqə ilə
daranmış bir xanım eskalatorla yuxarı çıxır. Bayaq dilənçi qadının
kürəyinə bağlanmış uşağın əlindən tutub. Uşağın başında bu dəfə
bahalı papaq var. Dilənçinin bağlaması da gənc qadının
əlindədir.
Diqqətlə baxıram, hə, bu odur. Bayaqkı dilənçi qadından əsər
əlamət yoxdur. Kassaya yaxınlaşır. Əlindəki selafon paketdən xeyli
qəpik və manatlıqlar çıxarır. Kassadakı qızla nə haqdasa danışıb
gülür və əlindəki xırda pulları böyüdür. Təxminən 200 manata yaxın
edir. Sonra uşağın əlindən tutub bayıra çıxır. Ardınca gedirəm.
Metronun girəcəyindən bir qədər kənara keçdikdə yaxınlaşıb salam
verirəm.
Çevrilib baxır, dayanıb baxdığımı görüb, salamımı almadan
soruşur:
- Nə lazımdır?
Day-day, bir şey alınmır
Çaşıram. Onunla söhbət etmək istədiyimi necə deyim? Bir başa
mətləbə keçirəm:
- Sən bayaq orda, metrodan bir qədər aralıda
dilənmirdin?
- Sənə nə qalıb?
- Heç, elə-belə dedim. Gəncsən, gözəlsən... və
dilənirsən. Niyə?
- Sənin nə borcuna axı?
Həmin acıqlı səslə eyni sözləri deyir. Amma getmir, dayanıb
üzümə baxır. Söhbətə tutmaq və az qala yalvarmaq istəyirəm ki,
acıqla danışıb səsini qaldırmasın. Axı çox gəncdir, həm də ətrafda
insanlar çoxdur. Kim necə başa düşər? Elə fikirləşdiyim olur. İki
gənc irişir:
- Day-day, bir şey alınmır?
Gənc qadın ayaq saxlayır:
- Ahıl adamsan, görürsən camaat nə fikirləşir.
İndi yoldaşım gələcək
- Xanım, səni hər dəfə burda görürəm. Sonra girirsən
marketə və birdən yoxa çıxırsan. Maraqlandım. Sənin kimi taleləri
olanlardan yazıram, ona görə yaxınlaşdım. Pis başa
düşmə.
Deyilən kimidir. Acıqlı olması gənc olmasına heç yaraşmır.
- Mənim taleyimə nə gəlib? İşim-gücüm, evim, uşağım var. Get.
Zəng etmişəm, indi yoldaşım gələcək.
- İşim-gücüm var, deyirsən, amma
dilənirsən.
- Əcəb edirəm, sənə nə? - az qala çımxırır.
Çox pis olmuşam. Qadının bu qədər gözəl və yaraşıqlı olması da
çaşdırıb məni. Kim düşünə bilər ki, bu qadın təxminən yarım saat
qabaq nimdaş uzun ətək paltarda dilənirdi? Amma söhbətimi də
yarımçıq qoymaq istəmirəm.
- Yaxşı edirsən e... Dilənirsənsə, demək, burda ayıb bir
şey görmürsən, hər kəs çörəyini bir yolla qazanır. Mən, dedim axı,
müxtəlif adamların taleyindən yazı yazıram, ona görə sizə
yaxınlaşdım, - deyirəm və əlindən tutduğu qızın başındakı papağın
qotazını sığallayıram: - Qəşəng qızınız var, adı
nədir?
Deyəsən uşağı haqda xoş söz deməyim əsəbini yatırdı.
- Evdə baxan yoxdur. Ona görə də özümlə gətirirəm.
- Amma mən elə bildim, uşağı ona görə gətiribsən ki,
sənə yazıqları gəlsin. Axı körpəyə daha çox yazıqları gəlir. Həm də
elə adamlar var, tək olsan sənə ağır söz deyər. Yoxsa uşağı bağçaya
da qoya bilərsən.
Yekəqarın kişi
Canıyananlığım söhbətimizin baş tutmasına təkan verir. Səsindəki
acığı, hirsi elə bil əsən soyuq külək götürüb aparır:
- Sən məndən heç nə yazma. Onu düz deyirsən. Bir dəfə yekəqarın
bir kişi mənə pis söz dedi. Söydüm onu.
- Nə dedi?
- Dedi də... İndi sənə niyə deyim ki, onun dediyini...
Uşağının əyninə əl gəzdirir, sonra da öz saçına sığal verir.
Artıq kənardan baxanlar bizi eyni adamlar kimi görə bilər. Hələ də
adını öyrənə bilmədiyim qadına:
- Mən təxmini bilirəm o yekəqarın sənə nə deyib, -
deyirəm.
- Bilərsən, çünki siz kişilər hamınız eyni tipsiz.
- Yəqin deyib ki, görəsən bunun yiyəsi yoxdur
dilənir?
Sifətindəki ironik təbəssüm mənim sadəlöhvlüyümdən xəbər verir.
Uşağının əlindən daha möhkəm tutur:
- O söz nədir ki, ona görə də ona cavab verəm. Özü də elə
adamlar var ha, onlar çox pis davranırlar. Düzdür e, heç vecimə də
almıram, amma eləsi var ki, onun cavabı verilməlidir. O adam isə
tərbiyəsizin biri idi.
Dedim onda get arvadına ver 30 manatı
Özümü daha şirin göstərmək cəhdim baş tutur:
- Sən mənim canım, o yekəqarın sənə nə
demişdi?
- Dedi ki, bu soyuqda durunca mənimlə gedək, yeyək-içək, 30
manat da verim. Ona bilirsən nə dedim? Soruşdum ki, arvadın var?
Dedi, bu boyda kişinin arvadı olmaz? Dedim, onda get arvadına ver o
30 manatı, yoxsa xəbərin olmaz, başqası 50 manat verib aparar.
İstədi məni vura, yanındakı adam qolundan tutub çəkdi, dedi,
bunlara niyə fikir verirsən ki?
Söhbətimiz alınırdı. "Azadlıq prospekti" metrosunun
külək tutmayan tərəfinə keçir. Uşağının şərfini bərkidir. Yenə də
yanında durmuşam. Yenə də "get" demir. Bu dəfə özü
danışır:
- Mən oxumuşam e. "Doşkolnını" bitirmişəm. Hələ bağçada da
işlədim bir az. Sonra ərə getdim. Və keçdim bu işə. Amma səni and
verirəm, əziz canına. Yazmazsan.
- Ta yazmaramsa niyə danışdırıram ki... Sadəcə adını və
haralı olmanı yazmaram. Sən dedin, ərə gedəndən sonra bu işə
keçdin. Guya ərizə-zad veribsən dilənçilik üçün, CV veribsən. Heç
adını da demirsən.
- Neynirsən adımı? Onsuz da adımı yazmayacaqsan, niyə
soruşursan? Ürəyin istəyən adı de...
- Yaxşı, demirsən demə. Amma necə oldu bağçadan çıxdın?
Adamlar xərc tökür orada işləmək üçün.
- Bağçada nə edirdim ki, maaş yox, dolanışıq yox, axşama qədər
onun-bunun uşağının dalını yuyurdum. "Mamaşalar" da pulu gətirib
müdirəyə verirdilər. Məndən də işə düzələndə pul almışdılar.
Ərim dedi, bizdə arvad gedib işləməz, get
dilən
Susur. Gödəkcəsinin cibindən dəsmal çıxarıb gözlərinin, ağzının
qıraqlarını silir. Sonra sualımın cavabsız qalan hissəsinə aydınlıq
gətirir:
- Ailə qurduqdan sonra ərim dedi ki, bizdə arvad gedib işləməz,
ayıbdır, nə deyərlər? Ona görə də çıxartdı işdən. Yerimə adam
tapdım, pul aldım, yarısını da müdirə xanıma verdim.
- Bəs sonra nə oldu? Boşanıbsan yəqin, dolanışıq çətin
olub, bu yola düşübsən?
Gülür, dişləri sədəf kimidir. Dodaqlarına çəkdiyi boyanın
fonunda sağlam dişlər daha parlaq görünür.
- Nə yola düşmüşəm ki? Əxlaqsızlıq edirəm? Çörək pulu istəyirəm
də. Verirlər versinlər, vermirlər də ki, nə edim, durub
qabaqlarında oynayası deyiləm ki... Ərimdən də boşanmamışam. Zəng
etmişəm. Yəqin tıxacdadır. Gələr indi.
- Bəs axı ərin səni işdən çıxartdıqdan sonra niyə qoydu
dilənəsən?
- Bizdə hamı belədir. Bütün qadınlar dilənib, kişilərini
saxlayır.
Sakit danışır və mənim təəccübümə rəğmən, əlavə izahat
vermir.
- Çox maraqlıdır...
- Heç də maraqlı deyil...
Soruşuram:
- Ərin qısqanır səni?
- Yox, nəyimi qısqansın? Mən ərimə sədaqətliyəm.
Bakı yollarının tıxacı ilk dəfə olaraq işimə yarayır. Ərinin
gəlişinin ləngiməsi mənim gənc dilənçinin həyat hekayətini dinləyə
bilməmə yardımçı olur. Məlum olur ki, məcburi köçkündür. 6 yaşı
olanda torpaqları işğal olunub. Bakıda oxuyub. Sonra kolleci
bitirib. Ailələrinin məsləhəti ilə ərə gedib.
- Ərin işdən gəlir deyəsən, ona görə belə
gecikir.
- Yox. O işləmir. Evdə olur, dostları ilə çay içir. Mən,
qayınanam və baldızım ailəni saxlayırıq.
- Bəs kişilər?
- Kişilər uşaqların atasıdır.
- Yox, inanmağım gəlmir. Bu, ola bilməz
axı...
- Necə ola bilməz, indi sənə yalan danışacam? Biz əslində
qaraçıyıq. Amma sənədimizdə azərbaycanlı yazılıb.
Verdiyim suallara cavab verir. Sanki bayaq acıqla məni qovmaq
istəyən adam deyil.
- Heç ürəyindən keçir ki, dilənməyəsən?
- Bəs onda bu uşaq acından ölər ki, - əyilib balasının üzündən
öpür.
- Yox e, bax görürsən, cavan qadınlar necə xoşbəxtcəsinə
gəzir, sən də onlar kimi olmaq istərdinmi?
Bir qədər yanımızdan keçənlərə baxır. Ah çəkir. Səsində kədər
var, qayğı, iztirab hiss olunur:
- Hamının dərdi var, bax indi səndən, tualetə baxan qadından və
kassada oturan o xanımdan başqa heç kəs bilmir ki, mən dilənirəm.
Səninlə söhbət edirəm. Fikirləşirlər ki, yəqin bir ailəyik. Bu uşaq
da sənin nəvəndir və biz xoşbəxtik, düzdür?
Sualını cavabsız qoyuram. Yenə də sualıma dəqiq cavab
istəyirəm:
- Yəni heç istəməzsən ki, ev xanımı olasan?
- İstəyərəm. Niyə istəmirəm ki... - Fikrə gedir, saatına baxır,
- indiyə gəlməliydi axı, yoldaşım... – narahatdır.
- Madam ev xanımı olmaq istəyirsən, onda ərinə de ki,
işləsin.
- Bizim kişilər işləmir. İşləsəydilər, belə olmazdıq ki...
Mövzunu dəyişirəm:
- Orta məktəbdə, sonra kollecdə oxuyubsan, diləndiyin
müddətdə tələbə yoldaşlarını görübsən heç?
- Hə. Ərə gedəni də var. İşləyəni də... onlar xoşbəxtdirlər.
Düzdür, mənimlə müqayisədə kasıbdırlar. Amma xoşbəxtdirlər.
Sənə yazıqlığım gəldi
Sonra mənim haqda xoş söz deyir:
- Sən yaxşı kişisən, gözlərində dərd var, görürəm. Amma hamı
sənin kimi deyil. Sənə yazıqlığım gəldi bayaq.
- Nə vaxt, nəyə görə? – maraq məni götürür.
- Oğlanlar sənə söz atanda, sifətinə baxdım, gördüm, xəcalət
çəkirsən. Ona görə özümü elə apardım ki, guya qohumuq. Dayandım ki,
pis olmayasan.
Bezmişəm
Bu dilənçi gördüyüm, danışdırdığım, haqqında yazdığım
dilənçilərdən çox fərqlidir. Hələ bir az da mütəəssir oldum:
- Gəl açıq danışaq, bax, bir azdan ərin də gələcək,
vaxtımız olmayacaq söhbət etməyə, bu həyat səni
bezdirməyib?
- Bezdirib. Bir dəfə iş gəzdim, evdə də dedim ki, işləyim, işdən
sonra haradasa dilənərəm. Axır ki ərimi razı saldım. Böyük bir
marketə getdim. Cavan adam idi. İş istədim, "götürərəm" - dedi.
Dedi, gəl, söhbət edək, şərtləri deyim. Apardı kabinetə. Oturdu
kreslosunda, katibəsini çağırdı. Dedi, çay gətir. Sonra katibəsinə
dedi ki, kürəyimi soyuq aparıb. Ovxala. O da ovdu. Gedəndə arxasına
şillə də vurdu. Qız da gülə-gülə otaqdan çıxdı. Dedi, bax, mənim
işçilərim arada məni belə ovxalayır. Bacarsan, səni də götürüm,
işlə. Dedim, fikirləşərəm, getdim və başladım dilənməyə.
- Sən pisinə rast olubsan.
- Bəlkə də... Rastıma çıxan yaxşı adamın da imkanı, obyekti
olmayıb.
- Bəs bu yorucu, ona-buna ağız açıb, "uşaq da acdır"
deyə miskin formaya düşməkdən əl çəkməyin bir yolu da olmalıdır,
axı?
- Bezmişəm. Amma nə edim?..
Söhbətə tutdum ki, görsünlər yanımda adam
var
Telefonuna zəng gəlir. Açıb baxır və söndürür. Uşağın əlindən
yapışır.
- Niyə cavab vermədin?
- Yoldaşım gəlib də, zəngə cavab versəm, kontur gedər axı. Bizim
işarəmiz var, iki dəfə ard-arda "vızov" versə, demək gecikir, 3
dəfə etsə, demək, gəlməyəcək.
- Bəs sən onu çağıranda nə edirsən?
- Eləcə, "vızov" atıram, bilir ki, gəlmək lazımdır. Amma həmişə
iş sonu saat 7-də gəlib aparır. "Vızova" ehtiyac qalmır. Bu gün
toya gedəcəyik deyə, tez gedirəm.
Elə bu zaman yaxınlıqda "Mersedes" dayanır. Cavan yaraşıqlı
oğlan düşür, uşaq atasının qucağına qaçır.
Qadın məni göstərib:
- Yaxşı kişidir. Yazı yazmaq istəyirdi məndən. Razı olmadım.
Söhbətə tutdum ki, görsünlər yanımda adam var, söz
atmasınlar...