Yuxarı

Hakim Ənvər Seyidov: Aktyor, ocaqçı, yazıçı...

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az-ın "Məmur yazar" layihəsinin ilk qonağı Ənvər Seyidovdur.

Ənvər Seyidov 1949-cu ilin 29 martında Oğuz rayonunda anadan olub. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb, səhiyyə və rabitə sahələrində müxtəlif vəzifələrdə çalışıb. 1972-ci ildən VVA-nın Arxiv müdiri, Notariat, daha sonra isə Zaqatala və Cəlilabad rayon məhkəmələrinin hakimi vəzifəsində çalışıb.

Hərbi rütbəsi polkovnik olan hüquqşünas birinci ixtisas dərəcəli hakim, hüquq elmləri namizədi, dosentdir.

"Ünvansız eşq", "Təlatüm, "Gürzə" romanlarının müəllifidir. Əsərlərinə filmlər çəkilib. Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl Qələm" və "Qızıl qılınc" mükafatlarının sahibidir.

Hazırda Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimidir.

– Necə oldu yaradıcılıqla məşğul olmağa başladınız?

– Bu, Allahın göstərişidir. Əslində, heç hüquqşünas olmaq da istəməmişəm. Məktəbi yüksək qiymətlərlə bitirmişəm. Sənədlərimi filologiyaya vermişdim. Çünki uşaqlıqdan şeir, hekayələr yazırdım, ədəbiyyata marağım var idi. "Pioner" qəzetində şeirlərim çıxırdı. 1961-ci ildə Yuri Qaqarin kosmosa uçdu. Onda mən 4-cü, ya da 5-ci sinifdə oxuyurdum. Məktəbin "Sancaq" qəzetinin baş redaktoru idim. Həmin qəzet çox populyar idi. Bu qəzetə iki alan tələbələrin karikaturasını vururduq, yaxşı oxuyan tələbələri tərifləyirdik. Yəni tərbiyəvi qəzet idi. Həmin "Sancaq" qəzetində Yuri Qaqarin haqda şeir yazdım. Ümumiyyətlə, uşaqlıqdan ədəbiyyata qarşı həssas idim. Sənədlərimi filologiya fakültəsinə verdim. Bütün imtahanlardan yüksək qiymət aldım və müsahibəyə düşdüm. Təsəvvür edin, 25 yerə 3000 nəfər sənəd vermişdi. Onda tapşırıqla, rüşvətlə qəbul olmaq mümkün idi. Ona görə də mən qəbul ola bilmədim. Xüsusi hazırlaşdığım imtahandan kəsilmişdim. İncəsənət Universitetinin yanından keçəndə gördüm, elan yazılıb ki, Ədəbiyyat və Tarix fakültəsinin müsahibə bölməsinə düşmüş tələbələr imtahan verə bilərlər. Bir şərtlə ki, pantomimdən imtahan versinlər. Bu elan mənə böyük ümid verdi. Sənədlərimi İncəsənət Universitetinə verdim. Pantomimdən imtahanı Adil İsgəndərov qəbul edirdi. Məndən əvvəl bir nəfər girdi və kəsildi. Mən ondan niyə kəsildiyini soruşdum və təxmini bildim ki, Adil İsgəndərov içəridə məndən nə istəyəcək. Sonra mən girdim və o, mənə dedi ki, taxıl biç. Namaz xalçasını saldım yerə, diz çökdüm və Allaha dua elədim ki, mən bu taxılı biçənə qədər yağış yağdırma. Sonra da "Ayətül-Kürsü"nü oxuyub qalxdım ayağa. Əl hərəkətlərimlə otu necə biçdiyimi göstərdim. Beləliklə, İncəsənət Universitetinə qəbul oldum. Universitetdə 6 ay oxudum. Bir gün gəlib dedilər ki, dənizdə film çəkiləcək və aktyor lazımdır. Mən də içində olmaq şərtilə bir neçə nəfər seçdilər. Filmdə çəkildik, 6 manat da pul aldıq. Onda 6 manat çox böyük pul idi. Ümumiyyətlə, biz sosializm dövrünü çox gözəl yaşamışıq. Nə isə, sən demə, rəhmətlik əmim televiziyada məni görüb. Zəng edib universitetin rektoruna, məni universitetdən qovdurub. Özü də guya nizam-intizamsızlıq göstərdiyimə görə qovulmuşam. Halbuki mənim Qiymət kitabçam indi də durur, hamısı beşdir. Əmim Respublika Yel Xəstəlikləri xəstəxanasının baş həkimi olmaqla yanaşı, həm də nüfuzlu şəxs idi. Getdim onun yanına ki, məni niyə qovdurmusan? Əmim dedi ki, "oğul, sən seyidsən, seyiddən mütrib olmaz. Rabitə Texnikumuna tapşırmışam, sənədləri universitetdən götür, ver ora. Özün də xəstəxanada sobaçı işlə". Baş sobaçını çağırıb, məni ona tapşırdı. Texnikumu fərqlənmə ilə qurtardım və sənədlərimi filologiya fakültəsinə verdim. İmtahan günü dedilər, sənin sənədlərin burda yoxdur. Sənin sənədlərini hüquq fakültəsinə apardılar. Artıq 69-cu il idi, Heydər Əliyev hakimiyyətə gəlmişdi. O gələn ildən təmizlik başladı. Universitetə tapşırıqla, pulla düzəlmək məsələsi dayandırıldı. Heydər Əliyev tapşırmışdı ki, hüquqa ancaq kəndçi uşaqları qəbul olunsun. Vəzifəli şəxslərin uşaqları Moskvada, Leninqradda da oxuya bilərlər. Belə oldu, kasıb-kusuba qapı açıldı. Nəticədə mənim sənədlərimi qəbul etdilər. İmtahana da çox yaxşı hazırlaşmışdım. Çünki birinci dəfə kəsilmişdim və öz-özümə dedim, bu universitetə qəbul olmaq necə bir çətin işdir ki, mən onu bacarmayım?! İmtahandan "beş"lə keçdim. Mərkəzi Komitənin katibi Kamran Bağırovun qardaşı Faiq Bağırovun yanına getdim. Xahiş etdim ki, məni ədəbiyyat fakültəsinə qaytarsınlar. O da mənə yarızarafat-yarıciddi dedi ki, nə Nizami, nə də Füzuli universitet oxuyub... Hüquqa gedib düşməyim bu cür oldu, yəni mənim xüsusi arzum olmayıb. Mən həmişə ədəbiyyat üzrə oxumaq istəmişəm.

– Belə demək mümkünsə, hazırda çalışdığınız vəzifə "qalstuklu vəzifədir". Ancaq yaradıcılıq daha çox nizamsızlığı sevir. Bu iki fərqli həyat tərzini özünüzdə necə cəmləşdirə bilirsiniz?

– 2013-cü ildə Amerikaya dəvət olunmuşdum. Orada Türkiyə radiosunda çıxış etdim. Sual verdilər ki, axı siz necə həm hakimsiniz, həm yazıçı-dramaturqsunuz, həm film çəkirsiniz, həm hüquq-elmləri doktorusunuz?! Bütün bunları necə çatdırırsınız? Mən də cavab verdim ki, vaxtı düz bölüşdürəndə hər şeyə çatır, hətta axşam oturub domino oynamağa da. Mən romanı yazanda diktofonu qoyuram qabağıma, birbaşa danışıram. Təxminən, iki saat yarıma bir romanım hazır olur. Sonra onu kompüterdə yığdırıram. Üstündə işləyib, hazır vəziyyətə gətirirəm. İndi oturum, iki saata bir romanı diktofonda hazır verim.

– Bəs şeir yazmaq?

– Şeir isə bir az fərqlidir. Bir dəfə həyətdə oturmuşdum. Gördüm ki, pişik tullanıb ağacda oturan iki göyərçindən birini caynağına keçirdi. O biri göyərçin yerindən tərpənmədi. Hər gün o göyərçin həmin yerdə oturub quruldayırdı. Skamyada oturub həmin göyərçin üçün şeir yazdım. Yekə çıxmasın, ancaq mən istəsəm, 3-4 saata bir poema yazaram. Mən şeirdən çox romanlarıma əhəmiyyət verirəm. Çünki onlar hər biri mənim həyatımdan bəhs edir. İndi Şuşa-Laçın işğalı ilə əlaqədar roman yazmağı planlaşdırıram. Rəhim Qazıyevin məhkəmə prosesini mən aparmışam. Bu hadisələri məndən yaxşı bilən yoxdur. Yeri gəlmişkən, o proses lentə alınmışdı. 178 kaset dövlət arxivindədir.

– Bəs hazırda nə yazırsınız?

– Hazırda "Nuh peyğəmbərin göyərçini"ni yazıram. Bu roman Nuh peyğəmbərin həyatından bəhs edir. Gözəl mövzusu var.

– Filmlərinizdə rol alan aktyorları özünüz seçirsiniz?

– Yox, mən seçmirəm, ancaq mənimlə məsləhətləşirlər. Məni filmə Məhərrəm Bədirzadə çəkib apardı. Bir gün Məhərrəm Bədirzadə dedi ki, səndə bu qədər ideya var, özün də bir şey yaz. Mən də "Təlatüm" filmini çəkdim. Bu film də mənim həyatımdandır. Qaxda bir cinayət işi var idi, hakimi mən idim. Orada məni həbs etmək istəyirdilər, bunun üçün Bakıdan xüsusi dəstə gəlmişdi. Ancaq bu işdən çıxa bildim. "Təlatüm"də də məhz ondan danışırdım.

– Məncə, Nurəddin Mehdixanlı "Təlatüm" filmində sizin obrazınızı yarada bilib.

– Biz "Təlatüm"dəki hakim rolunu Rasim Balayevə vermək istədik. Rasim Balayev ssenarini zəif hesab etdiyi üçün oynamaqdan imtina etdi. Nurəddin Mehdixanlı götürdü bu rolu. Film çəkilib qurtarandan sonra Rasim Balayev peşman oldu. Mənə dedi ki, təzə bir ssenari yaz, mən oynayım. Onda mən imtina etdim. Sonra Məhərrəm Bədirzadə mənə dedi ki, indi ağır bir şey yaz. Onda da "Gürzə"ni yazdım. Sonra dedi ki, bir az yüngül, eşq əsəri yaz. Beləliklə, "Ünvansız eşq" yarandı. Daha sonra da dedi ki, dələduzluq baş alıb gedir, bir dənə belə bir ssenari yaz. Mən də "Dələduzlar"ı yazdım. Çox gülməli, yaxşı filmdir.

– Gənc yazarlardan kimləri oxuyursunuz?

– Heç kimi. Çünki vaxtım yoxdur. Təqaüdə çıxandan sonra oxuyaram. O vaxt ki, heç kim məni axtarmayacaq, saymayacaq – onda oxumağa da vaxtım olacaq. İnsan təqaüdə çıxandan sonra onun ətrafında olan adamlar yavaş-yavaş uzaqlaşırlar. Həyatda vəzifə və puldan şirin heç nə yoxdur.

Onda, yəqin ki, gənc yazarlarla yaşlı nəsil arasında gedən polemikalardan da xəbərsizsiniz.

– Gənc yazarların həyat təcrübəsi azdır. Onların yazdıqlarının əksəriyyəti fantaziyadır. Ya da xarici filmlərdən götürülən süjetlərdir. Yazdıqları əsərlərin əksəriyyəti yorucudur. Çoxu imkansız olduğundan kitablarının üz qabığı, rəsm tərtibatı primitiv alınır. "Ünvansız eşq" romanımın dizaynına baxın, görün, dizaynı necə qurulub. Cavanlara məsləhət görərdim ki, kitabın üz qabığına xüsusi fikir versinlər. Mən sevinirəm ki, istedadlı gənclər var.

– Rauf Aslanovla Ramiq Muxtar arasındakı məhkəmə çəkişməsinə siz baxırsınız?

– Yox, mən baxmıram. Ağır Cinayət Məhkəməsi mülki işlərə baxmır. Mən heç vaxt belə işlərə qarışmıram. Ümumiyyətlə, ortaya girən həmişə zədə alır. Heç vaxt araya girməyin, onda başınız da salamat qalar.

Tarix
2015.03.22 / 11:08
Müəllif
Rövşən Danyeri
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla