Yuxarı

"Gördüm, iki ermənini ayağından asıb, birini də..."

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İnsan taleyi" layihəsində

- Mən elə bilirdim, məni çağırıb deyəcəklər ki, sağ ol, Mövlud, sənə Milli Qəhrəman adı veririk. Mən də, "nə zəhmət çəkirsiniz, bu mənim vətənpərvərlik borcumdur" deyəcəm. Heç adam yerinə də qoymadılar.

Mövlud arağı başına çəkib dili ilə dodaqlarını yaladı. İsti təndir çörəyinin arasına süzmə qoyub ağzına apardı. Loxma böyük olduğu üçün hər iki ovurdu şişdi. Barmağı ilə çörək tikəsini ağzına tərəf itələdi, gövşəməyə başladı. Ayranın köməyi ilə tikəsini boğazından içəri göndərə bildi. Udqundu. Stolun üstündəki qəzet parçası ilə barmağını silib, yenidən özünə araq süzərək qədəhi bir qədər kənara itələdi:

- Qoy soyusun, zəqqutum kimidir.

Siqaret yandırdı. Üzümə xeyli baxıb, xırıltılı səslə dedi:

- Gərək məni tutmayaydılar... Ya da tuturdularsa, gərək müharibə vaxtı buraxaydılar, onlar bir nəfər milli qəhrəmanı yox etdilər!..

Sonra əllərini bir-birinə qəzəblə çırpıb:

- Dedim, adə, buraxın da məni, gedim, ya ölüm, ya öldürüm. Burda qalıb pis-pis adamlardan niyə pis şeylər öyrənim?!

Arıq ovurdları bir-birinə yapışdı – siqareti sümürürdü. Ağzından çıxan tüstü tavana qədər qalxıb yayıldı.

Gəlsənə, bu erməniləri döyüm

Mövlud (ad şərtidir) Azərbaycanın şimal rayonlarının birində dünyaya gəlib. Milliyyətcə tatdı. Bu dəfə təsadüfən görüşdük. Mənim onu çaya dəvət etməyimə razılıq verib şərt də qoydu: "Çay sənlikdir, qalan şeylərlə işin olmasın". Onun haqqında yazmaq istədiyimi bildikdə isə adını, doğulduğu rayonu yazmağımı istəmədi. Həyat hekayətini belə danışdı:

- Kimdən çəkinirəm ki: işverənlik etməmişəm, oğurluq etməmişəm.

Mövludla 1988-ci ildən tanışam. O zaman mənim işlədiyim gəmidə matros idi, sonra daxili əmrlə bosman keçirtdik. İşinin öhdəsindən gəlsə də, heç də üzüyola adam deyildi. Qumara meyilli, dava-dalaş salmaqda pərgar olan bu gənc arada nəşə də çəkirdi.

Çalışdığımız gəmidə 4 erməni işləyirdi. 2-ci mühərrikçi Muşqamberyan Vladimir və 3-cü mühərrikçi Sovostin Vladimir. 2-ci anasının familiyasını daşıyırdı. Və iki nəfər də kiçik komanda heyətində adlarını unutduğum dənizçilik məktəbini yenicə bitirmiş gənc ermənilər. Qarabağda mitinqlər gedir, ermənilər torpaq iddialarını ortaya qoyurdular. Bu ərəfədə dördlük daim bir yerdə olur, öz dillərində danışırdılar. Azərbaycan dilini yaxşı bilsələr də, bizimlə rus dilində danışmağa üstünlük verirdilər.

İki gənc erməni göyərtə komandasında olduğundan kapitan köməkçisi kimi mənim tabeçiliyimdə idilər. Gənc ermənilərə iş tapşırılır, Mövlud isə bosman olaraq həmişə onların üstündə başçı təyin olunurdu. Mövlud onları işlətməkdən həzz alırdı. Gəminin dəhlizlərinin, ayaqyolularının, göyərtəsinin təmizlənməsi bu iki erməninin hər gün 2 dəfə gördüyü işlərə daxil idi. Ermənilər bunu sayğısızlıq kimi görür, bu haqda gəminin kapitanı Nikolay Kuryukova da şikayət edirdilər. Kapitan isə "sizin əvəzinizə kim işləməlidir ki?" deyərək onları rədd edirdi.

Bir gün Mövlud kefi kök halda kayutuma gəldi:

- Gəlsənə, bu erməniləri döyüm. Uşaqlar hazırdır, "hə" desən, bu dəqiqə paylarını verərik.

Razı olmadım. Mövludun onları görməyə gözü yox idi. 1918-ci ildə ermənilər Qubada azərbaycanlılara qarşı soyqırım törədəndə Mövludgilin də nəslindən qırmışdılar. O, babasından eşitdiyi bu hadisənin ağrısını həmişə daşıyırdı.

Gəminin "komsostav"ında cəmi 3 azərbaycanlı idik. Bir nəfər də ləzgi var idi. Qalanlar ruslar və ermənilər idi. Sıravi heyətdə isə bizimkilər çoxluq təşkil edirdi.

Bu barədə şikayət etsəniz...

Bir axşam Mövlud yenidən otağıma gəldi. Kefi ala buludda idi:

- Sən canın, düş maşına, gör ermənilərə nə etmişəm.

Tələsik maşın şöbəsinə düşdüm. Hər iki gənc ermənini ayaqlarından başı aşağı asılı gördüm. 2-ci mexanik Muşqambaryan isə dəmir boruya sarınmışdı.

- Özlərini yaxşı aparmadılar. Ermənicə danışdılar. Hələ bu qoca oğraş deyir ki, Naxçıvan da bizimdir. Gördüm 3-nə gücüm çatmaz. Aldatdım, dedim, biriniz gəlin, iş var, kömək edin. Çəkdim bura. Vurub uydurdum. Ayağından asdım. Sonra bu birini çağırdım ki, sən də gəl. Gətirdim, istədi əl-qol ata, onu da uydurdum. Axırda da bu qoca köpəyi gətirib sarıdım bura.

Sonra da söyüş söydü ki, bunları açmayaq. Dilə tutdum, özü açıb buraxdı. Amma erməniləri hədələdi. Dedi ki, bu barədə şikayət etsəniz, sizin üçün pis olacaq.

Şikayət olmadı.

Lakin bir həftə sonra Mövlud ermənilər və Odessadan istehsalat təcrübəsinə gələn rus tələbələrlə mübahisə edib dava-dalaş saldığına görə bıçaqlandı. Həmin gün güclü dava oldu. Biz azərbaycanlılar günahkarları cəzalandıra bildik. Mövludu isə sahilə gətirib Sabunçu xəstəxanasına yerləşdirdik. Xəstəxanada zədələndiyini qeydə aldırdıq.

Dəniz vağzalında barda

İndi o günlər arxada qalıb. Kiçik, xudmani bir kafedə üz-üzə oturub, ötən günləri vərəqləyirik. Mövlud iki dəfə həbs olunub. İlk dəfə 1991-ci ildə dəmir barmaqlıqların arxasından azad həyata tərəf boylanıb. Özü o günləri belə xatırlayır:

- Dəniz vağzalında barda idim. Tanıyırsan, uşaqlar gəldi, Sahiblə Tərtərli Səxavət. Bir iranlı da vardı yanlarında. Olduq 4 nəfər. Doyunca yeyib-içdik. Oradan çıxıb taksi saxladıq. Mən maşına oturan kimi yuxuladım. Bir də onda ayıldım ki, Hövsan yolundayıq. Uşaqlar sürücünü döyür. Maşını əlindən almaq istəyirlər. Sürücü onlara müqavimət göstərirdi. Gördüm, vurub öldürmək istəyirlər. Yalvardım, "Etməyin" dedim. Hələ hərəsinə bir iki təpik də vurdum. Axırda sürücünü onların əlindən aldım. Bizi küçədə qoyub maşını apardılar. Mən sürücüyə taksi pulu verib aradan çıxdım.

Mövlud deyir ki, maşını Siyəzəndə bir nəfərlə iki kisə hind çayına dəyişiblər. Maşını alan adam da öz köhnə maşınının nömrəsini taxıb bu maşına, sürüb.

Yekəqarın prokuror dediyindən dönmədi

Bir müddət sonra isə Səxavət Yaqub adlı digər bir dənizçi ilə başqa maşına oturub Ağsuya gedib. Ağsu aşırımında sürücünü döyüb maşını əlindən alıblar. Yaxınlıqdan keçən polis maşını onları qovsa da, çata bilməyib. Bir müddətdən sonra Səxavət maşını satarkən həbs olunub və yoldaşlarını ələ verib.

- Məni gəmidən apardılar. Ağsuda dindirdilər. Dedim, heç nədən xəbərim yoxdur. Səxavət isə deyib ki, filan vaxt maşını qaçırmışıq, Mövlud da orda olub. Maşını və zərərçəkəni tapana qədər vaxt keçdi. Birlikdə yaşadığım qız vardı, o da dalımca gəlmişdi. İmkan tapıb gəldim Bakıya. Gedib Sahibi tapdım, dedim, vəziyyət şuluqdur. Nə isə, özüm yenidən Ağsuya getdim. Artıq maşını və sürücünü tapmışdılar. Məhkəmədə zərərçəkən çox çalışdı ki, mənim günahkar olmadığımı, onu ölümdən xilas etdiyimi sübut etsin, alınmadı. Savadsız, yekəqarın prokuror dediyindən dönmədi. Mənim heç bir günahım olmadan 9 il iş oxudu. Hamımıza eyni iddia və eyni il. Atam Rusiyadan gəldi, 24 min dollar verib işimizi 6 ilə endirdi. Mən içəridə olanda müharibə qızışmışdı. Neçə dəfə müraciət etdim ki, göndərin, gedim döyüşüm. Göndərmədilər. Dedilər ki, bir dəfə polisdən qaçmısan, yenə də qaçarsan. İnan, şair, əgər məni döyüşə göndərsəydilər, indi çoxdan Milli Qəhrəman idim, sən ki bilirsən.

İçəridə hər kəsin gözü yolda qalır...

Təkbaşına demək olar ki, bir arağı içib. Arıq qollarında əzələləri tarıma çəkilir. Gözləri çuxura düşsə də diridir. Ötən günləri, dostları xatırlayır. Hiss edirəm ki, itirdikləri onu ağrıdır.

- Yadına gəlir, sənə içəridən məktub yazdım, "Məni bağışla" dedim? Atama, qardaşıma yazmadım ha, sənə yazdım. Çünki sən məni çox düz yola çəkdin, "O uşaqlarla yoldaşlıq etmə!" dedin. Mən səni eşitmədim. İçəridə adamın vaxtı çox olur, ötənləri fikirləşsin, sən ki bilirsən. Amma sən məktubuma cavab vermədin, yanıma da gəlmədin... incimədim səndən. Nəyin idim ki?

Sonra xeyli fikrə gedir. Siqaret yandırır:

- Şair, içəridə hər kəsin gözü yolda qalır. Mən nəyə görəsə səni də gözlədim. Amma fikirləşirdim ki, qohumum deyilsən, dost olmamışıq, sadəcə, bir yerdə işləmişik, niyə də gəlməlisən.

- Düz fikirləşmisən, ağlımın ucundan da keçməyib ki, sənin yanına gələm. Amma unutmamışam da.

- Bilirəm, heç nə unudulmur... Özü də orda – içəridə...

- Mövlud, ikinci dəfə də həbs olundun axı, bu dəfə niyə?

- Bu dəfə heç nəyə görə. Doğrudan da heç bir günahım yox idi. Yadıma salanda dəli oluram e, sən öl.

- Danış da.

- Qalsın sonraya.

- Qalsın...

(ardı olacaq)

Tarix
2015.04.04 / 09:39
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...

Xocalıda məxfi xəritələr aşkarlandı - Video

5 gündür susan Makron barmaqlamağa başladı...

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

Bakı İrəvanı ağıllandırır: simvolik günlərdən biri də silinir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla