"Biz və Onlar" layihəsində
"Biz və onlar" müxtəlif millətlərin mədəniyyətini,
dünyagörüşünü, mentalitet fərqlərini ortaya qoyan layihədir. Bu
layihədə üç müxtəlif ölkənin nümayəndəsinə eyni sualları
ünvanlamaqla onların mədəniyyəti və tarixi ilə bağlı oxşar və
fərqli cəhətləri öyrənmiş oluruq.
Tomas Şmidt – 24 yaş, Darmstadt Universiteti, elektrik
mühəndisliyi, Almaniya.
Amin Afif – 24 yaş, Fransa Dövlət Universiteti,
beynəlxalq iqtisadiyyat, Fransa.
Vüqar Adıgözəlov – 23 yaş, Almaniya Federal Ali Hərbi
Məktəbi, sülh elmləri, Azərbaycan.
– İctimai qınaq ölkənizdə nə dərəcədə önəm kəsb
edir?
Tomas Şmidt: - Düşünürəm ki, bizdə ictimai
qınaq və ya hər hansı bir senzura, ümumiyyətlə, yoxdur. Amma kimisə
mühakimə etmək istəyirsənsə, bu, sənə baha başa gələr. İnsanlar öz
maraq və seçimlərini müdafiə etməyə hazırdır və edəcək də. Kimisə
qınamaq, ittiham və ya mühakimə etmək elə də asan deyil. Bunun üçün
ABŞ-a üz tuta bilərsən. Almanlar qınamaqdan uzaqdırlar. Amma bəzi
məsələlərdə hamının haqlı olub sənin haqsız olduğun vaxtlarda,
təbii ki, ümumi ictimai qınaq səni məhv edə bilər. Əsas cəmiyyətə
və onun qanunlarına hörmətlə yanaşmaqdır.
Amin Afif: - Mən onun adını "ictimai qınaq"
qoymazdım. Sadəcə, bəzi qırmızı xətlər var ki, onları keçmək olmaz.
Bu xətlər tarixin müəyyən etdiyi, cəmiyyətin formalaşdırdığı
xətlərdir. Əgər o xətlərə toxunsan, bütün ölkə sənə qarşı ola
bilər. Bizim ictimai qınaq anlayışımız bundan ibarətdir.
Vüqar Adıgözəlov: - İctimai qınaq anlayışını
sevmirəm. "Qınamaq" özü, məncə, yaxşı xüsusiyyət deyil. Sadəcə,
deyək ki, ictimai etika qaydalarına insanımız nə dərəcədə riayət
edir. Deyərdim ki, çox az. Və bunun səbəbi kimisə
qınayıb-qınamamaqda deyil, sadəcə, təhsil və tərbiyədən
asılıdır.
– Hansı tarixi şəxsiyyət ölkə tarixinizin və
mədəniyyətinizin dəyişməsində müstəsna rol oynayıb?
Tomas Şmidt: - Məncə, bu, Helmut Koldur. O,
Almaniyanın birləşməsində əvəzsiz rol oynayıb. Əlbəttə ki, Adolf
Hitlerin adını çəkməmək haqsızlıq olardı. O, Almaniya tarixinin
dəyişməsində inanılmaz rol oynadı, amma mənfi istiqamətdə. Onun
siyasi addımları günümüzün almanlarını daha tolerant etdi. İndi biz
əcnəbilərə daha tolerant yanaşırıq.
Amin Afif: - Bu suala cavab verməkdə çətinlik
çəkirəm. Yəqin ki, hökmdarlar və prezidentlər burda rol oynamayıb –
ən azından, mənim üçün. Bu istiqamətdə yalnız sənətkarları və
yazıçıları dəyərləndirərdim.
Vüqar Adıgözəlov: - Həsən bəy Zərdabi və
yaradıcısı olduğu "Əkinçi" qəzeti. Məncə, Azərbaycan xalqının
tarixində ən önəmli yerlərdən birini Həsən bəy Zərdabi tutur.
– "Başqaları nə deyər?!" yanaşması sizin ölkənizin
vətəndaşları arasında nə dərəcədə aktualdır?
Tomas Şmidt: - Məncə, almanlar bu haqda heç
vaxt düşünmürlər. Əslinə qalsa, düşünməməklərinin səbəbi birdir:
çünki başqaları heç nə demir. Amma mən gündəlik həyatımda
başqalarına hörmətlə yanaşmağa, dəyərlərə hörmət etməyə çalışıram.
Çünki Almaniyada təkcə almanlar yaşamır. Hər xalqa, dinə, siyasi
düşüncəyə tolerant yanaşmağı bacarmaq lazımdır.
Amin Afif: - Biz mühakimə etməyi və kiminsə
həyatına burnumuzu soxmağı sevmirik. Bu səbəbdən başqaları nəsə
demir ki, bu haqda düşünək də.
Vüqar Adıgözəlov: - Ölkəmizdə bundan önəmli
yanaşma yoxdur. Mədəniyyətimizin və gündəlik yaşamımızın ən önəmli
aspektidir. Ən yaxşı yemək qonaq üçün bişir, ən gözəl qab-qacaq
qonaq üçün istifadə olunur. Ümumiyyətlə, həyatımızın hər döngəsində
özümüzdən daha çox başqalarının bu və ya digər məsələyə reaksiyası
bizi düşündürür.