"96% səmimi"
layihəsində:
Axar.az "96% səmimi" layihəsinin ilk qonağı -
Azərbaycan Dövlət Akademik Milli
Dram Teatrının aktyoru, xalq artisti Ramiz Novruzla
müsahibəni təqdim edir:
– Ramiz bəy, dramaturgiyamızın hazırkı vəziyyəti sizi
qane edirmi?
– Teatra gələn pyeslərin 95 faizi məni təmin eləmir, 5 faizi də
elə-belə. Çox pyes təqdim olunur teatra. Ölkənin birinci teatrı
kimi müəllif basqısı çoxdur, hamı istəyir pyesi burada tamaşaya
qoyulsun. Pyeslərin içində qeyri-peşəkar yazılanları çoxdur.
Bəziləri pyesin əvvəlində yazır ki "filankəsə ithaf olunur".
Bununla sanki bizi aldatmaq istəyir. Oxuyub görürsən ki, nə mövzu
tamaşaya qoyulmağa layiqdir, nə də üslub. Yazanların çoxu da teatrı
bilməyən adamlardır. Bəzən elə bir pyes olur ki, 3-4 teatr bir yerə
yığışsa, ortaya bir şey çıxara bilməz. Bir də görürsən kollektivdə
cəmi 25 nəfər var, müəllif yazıb ki, "Və bir dəstə jurnalist onun
ardınca gəldi". Bir dəstə jurnalisti haradan gətirəsən? (gülür)
Belə bəsit şeylər var. Texniki imkanlardan xəbəri olmayan adamlar
da pyes yazır.
– Elə onu demək istəyirdim ki, dramaturq pyes yazanda
rollar haqqında aktyorlarla məsləhətləşməli, teatrla daim kontaktda
olmalıdır?
– Bəli, teatrla daim kontaktda olmalıdır, səhnəni bilməlidir.
Bir pyes var bizdə, demək, səhnədə beş nəfər var. Bir həkim girir
içəri, deyir ki, vəziyyət belədir, əlimi harada yuya bilərəm?
Deyirlər, pərdənin arxasına keçin. Keçir pərdənin arxasına, amma
növbəti söz yenə onundur. Belə çıxır ki, tamaşaçı 1 dəqiqə onu
gözləməlidir? Mən ora belə bir şey əlavə elədim ki, guya telefonla
danışıram.
– Öz improvizələriniz olur yəni
tamaşalarda?
– Bəli, olur. Bir dəqiqə tamaşaçı üçün bir il kimi keçir. Ən
əsası da teatra gələn pyeslərin mövzuları bir-birinə çox oxşayır.
Mən həmişə rus teatrına, kinosuna həsəd aparmışam. Ruslar
çeçenlərlə müharibədədir. Və onlar bu müharibəyə aid yüzlərlə film
çəkdilər, minlərlə pyes yazdılar. Bir ideologiya var ortada –
fikirləşirlər ki, "mənim xalqıma bu mövzu vacibdi, bu ağrıdan
yazmaq lazımdır". Bizdə isə Qarabağ mövzusuna aid az yazılır. Mənim
bir vətəndaş, az-maz da yazar kimi əqidəmə görə, belə mövzularla
zarafat eləmək olmaz. Yazmaq xətrinə yazmaq olmaz. Mövzu səni
narahat eləməlidir. Onda Cəfər Cabbarlı, Şekspir alınır. Bizdə isə,
elə bil, dəbdi, "filankəs bu mövzuda yazıb, qoy mən də yazım".
– Sizi pyes yazmağa vadar edən də elə bu məsələ oldu, ya
özünüzün həvəsiniz, sevginiz var idi dramaturgiyaya, ona
görə?
– Yox, elə deyil. Mən üç pyes yazmışam. Birinci pyes 20 Yanvar
hadisələrindən bəhs edir. Faciədən 3 ay sonra artıq pyes hazır idi.
Bəzən deyirlər ki, hadisənin üstündən çox keçməlidir, hadisə analiz
olunmalıdır. Amma üstündən vaxt keçəndə həmin vaxt olan isti
faktlar yaddan çıxır. Mənə qəribə gəlir ki, biz niyə belə mağmın
günə düşmüşük?
Qarabağ müharibəsi mövzusunda yazdığım "Hələ "sevirəm"
deməmişdilər" pyesində tibb bacısı və yaralı əsgər obrazı var.
Yaralı əsgər 17-18 yaşında hələ "sevirəm" sözünü eşitməmiş,
canlarını qurban verən əsgərlərimizin prototipi idi. Həmin əsgəri
realda tanıyırdım, ona görə mövzuya daha bərk bağlandım.
İlyas Əfəndiyevlə Elçin arasında yer-göy fərqi
var
– Bayaq Cabbarlının adını çəkdiniz. Sizcə, Axundov,
Cabbarlı, Cavid, C.Məmmədquluzadə və s. dramaturqlar kimi çağdaş
dövrümüzdə də alternativ imzalar var?
– Kiməsə birmənalı şəkildə "Mirzə Cəlil, Cavid kimi yaz" demək
olmaz. Vaxtilə bizə gözəl pyeslər gəlirdi. Məsələn, Anar müəllimin
pyesləri. Sonra göndərmədi, səbəbini bilmədim. Bir vaxtlar boşluğu
İlyas Əfəndiyevin əsərləri doldurdu. Təbii, hamısı şedevr deyildi,
amma yaxşı pyeslər idi: "Şeyx Xiyabani", "Sevgililərin cəhənnəmdə
vüsalı" və s.
– Əvvəl İlyas Əfəndiyevin, indi oğlu Elçinin pyeslərində
oynayırsınız. Hansı fərqləri var?
– İlyas Əfəndiyevlə Elçin arasında yer-göy fərqi var. İlyas
Əfəndiyev realist dramaturgiyanın ənənələrinə sadiq idi. Əsərlərini
lirik-psixoloji planda yazırdı. Elçin isə fantasmaqorik, bəşəri
mövzulara daha çox üstünlük verir. Onun pyeslərində bəzən problemin
böyüklüyünü tez tapa bilmirsən. İlyas Əfəndiyevdə mövzunun
əhəmiyyəti daha əzəmətli idi.
– Kimin əsərini tam ürəklə oynayırsınız? "Hə, bax bu,
tam mənlikdir" deyirsiniz?
– Kamil pyes olduğuna görə deyil, sadəcə, problem
qıcıqlandırdığına görə Bəxtiyar Vahabzadənin "Hara gedir bu dünya?"
əsəri əsasına oynadığımız tamaşa mənim ürəyimcə olmuşdu. Müasir
dövrdə teatrda əsərləri ən çox və rahat oynanılan müəllif Əli
Əmirlidir. Onun çox gözəl teatr bilgisi var. Amma o da bütün
teatrlar üçün yazır. Məsələn, mən bir vaxtlar çox böyük həvəslə
"Ağqoyunlular, Qaraqoyunlular" əsərində oynamışam. Hüseynbala
Mirələmov da parlaq imzadır. Onun ən xoşladığım əsəri oynadığımız
"Xəcalət" əsəridir. Əsərdə aktyoru qıcıqlandıracaq nüvə var.
"Əli və Nino"nu Çəmənzəminli yazmayıb
– Bildiyim qədər, mütaliəli adamsınız. Elə aktyorlar var
ki, heç oynadıqları pyesi də oxumurlar, ancaq öz rollarını
əzbərləyirlər. Buna münasibətiniz.
– İşləyən aktyoru bəzən günahlandırmaq da olmur. 90% lazım olanı
oxuyurlar, istədiklərini yox. "Əli və Nino"nu oxumusunuz?
– Bəli, 2 dəfə.
– Çox gözəl əsərdir. Mən Kolumbiya, Argentina yazıçılarından
tutmuş özümüzünkülərə qədər hamısından nəsə oxumağa çalışıram. Amma
çox gözəl yazan Qərb yazarlarının hansısa fikrini Nizami, Füzuli
əsrlər əvvəl deyib, sadəcə, kodlar şəklində. Məsələn, mən "Dəli
yığıncağı"nı cavan vaxtı oxumuşdum, bu yaxınlarda bir də
vərəqlədim. Bir cümləyə çox heyrət elədim, hansı ki, əvvəllər fikir
verməmişdim. Molla Abbas Sonaya deyir ki, "Sona, mən özümü yalandan
dəliliyə vurub bura düşmüşəm ki, səni burda incitməklərinə imkan
verməyim". Bu fikirdən törəmə 500 pyes yazmaq olar. Mən "Əli və
Nino"nu oxuyanda heyran qalmışdım.
– Şərq ədəbiyyatıyla Qərb ədəbiyyatı arasında körpüyə
oxşayır bu əsər.
– Necə ki, əsərin özündə var – İçərişəhərin divarını göstərib
deyir: "Bura kimi Asiyadı, burdan sonra Avropa".
Mirzə Xəzər Azərbaycan dilinin incəliyini
bilmir
– Əsərin müəllifi ilə bağlı necə düşünürsünüz bəs? Yusif
Vəzir Çəmənzəminli, yoxsa Qurban Səid?
– Dövr baxımından Çəmənzəminliyə uyğun gəlir. Yusif Vəzir də
xaricdə işləyib, səfir olub. Amma "Əli və Nino" əsəri onun yazı
manerası ilə düz gəlmir. Çəmənzəminlinin "Qan içində", "Qızlar
bulağı" əsərlərini oxuyan adam bilir ki, "Əli və Nino"nu o
yazmayıb. Düzdü, bu əsər bizə Mirzə Xəzərin tərcüməsində gəlib
çıxıb. Tərcümədə də səhvlər var, təbii. Məsələn, əslində belə
olmalıdır: "Məhəmməd peyğəmbərdir və Allahın yerdəki rəsuludur", o
isə tərcümə edib: "Məhəmməd peyğəmbərdir və Allahın yerdəki
naibidir". Görünür ki, Azərbaycan dilinin incəliyini bilmir.
– Çəmənzəminli bəzən hər əsərini bir imza ilə yazırmış.
Məsələn, onun Olqa adında sevdiyi qız olub. Bir hekayəsini "Olyus"
imzası ilə yazıb. "Ol"-Olqanın birinci hecası, "Yus"-Yusifin. Ola
bilər ki, Qurban Səid də onun bir təxəllüsü olsun.
– Yox, mənə elə gəlir ki, bu, kifayət qədər araşdırıldı, Qurban
Səidin harada yaşadığı, qonşularının kim olduğu və s.
öyrənildi.
"Aktyor daim narazı olmalıdır"
– Teatrdaxili konfliktdən uzaqsınız? Sizcə, bu gün
aktyorun narazı olması üçün əsaslı səbəbi var?
– Aktyor naturası etibarilə daim narazı olmalıdır. Belə bir
deyim var: "Aktyor ürəyi oynanılmamış obrazların
qəbiristanlığıdır". Arzular çoxdur. Amma onu deyim ki, aktyora rol
oynamaq üçün heç vaxt indiki qədər şərait yaradılmayıb. İndi teatr
ildə 10-a yaxın tamaşa qoyur. Əvvəllər isə ən çoxu 2-3 ola bilərdi.
Hansı aktyor iddia edir ki, mən Milli Dram Teatrında yaxşı
oynayaram, dəvət olunur ki, gəl. Elə bir rejissor yoxdur ki, son
illərdə burda tamaşa qoymasın. Bir qrup aktyor da var ki, on illər
ərzində heç nə oynamırdı teatrda, amma fəxri ad da alırdı,
prezident mükafatı da. İndi teatrda iş çoxalıb, oynamaq lazımdır,
bunlar cığallıq edir.
– Kimdi onlar?
– Adlarını deməyim, məlum adamlardır. (gülür) Məsələn, aktyor
var, son ildə 2 rol oynayıb, ən çox danışan da odur. Bura "Lenkom"
teatrı gəlmişdi – məşhur aktyor Leonov, Yankovski, onlardan az
məşhur olmayan Abdulov və s. burda idi. Leonov danışanda onlar
sakitcə qulaq asırdılar. Bizdə isə heç oynamayanlar daha çox
danışır. Gecə-gündüz tər tökənlər isə sakitcə işlərini görür. Mən
bir dəfə demişdim ki, mən dərk eləmirəm, yaradıcı adam, aktyor nə
istəyə bilər? Rol oynamaq istəyən aktyor üçün hər şey var. Onların
nə istədiklərini dərk eləsəm, bəlkə mən də qoşularam onlara.
Sözlərimi təhrif edib yazmışdılar ki, onlar özləri də dərk
eləmirlər nə istəyirlər. (gülür)
"Xanuma" Hökümə xanımın rolu deyildi
– Teatr tənqidi bu gün hansı vəziyyətdədir?
– Tənqid, demək olar ki, yox dərəcəsindədir.
Tamaşalar qalıb bir tərəfdə, teatrın işığından, yeyilən pullardan
yazırlar. Aktyor istəyir ki, onun oyunu analiz olunsun. Biz burda
"Xanuma" tamaşasını oynadıq, məqalə çıxdı, müəllif yazır ki: "Bunu
vaxtilə Hökümə xanım oynayıb, Gəraybəyli oynayıb". Vallah, küfr
kimi çıxmasın, "Xanuma" Hökümə xanımın rolu deyildi – əsas da yaş
baxımından. Nə olar böyük aktyor olanda, tamaşa pis qoyulmuşdu.
İndiki tamaşa o vaxtkından yüz dəfə yaxşıdır. Xronometraj etibarilə
ən uzun tamaşa olmasına baxmayaraq, tamaşaçı zaldan getmək istəmir.
Ədalətli olmaq lazımdır. Nekromaniya var tənqidçilərdə, ancaq
keçmişə meyillənirlər. Tarixən gözəl aktyorlar yetişib.
Ərəblinskidən sonra Abbas Mirzə, Ələsgər Ələkbərov, sonra Həsənağa
Turabov, Hamlet Xanızadə, daha sonra Amaliya Pənahova, Fuad
Poladov, Şəfiqə Məmmədova və s. var idi.
– Şəfiqə Məmmədova demişkən, aktrisanın ikinci
Kinematoqrafçılar İttifaqını yaratmağına münasibətiniz necə
oldu?
– Düzü, mən gec xəbər tutdum bundan. Mən neçə il idi ərizəmi
yazıb getmişdim, ittifaqa üzvlük haqqı da vermirdim. (gülür)
– Bir müsahibənizdə demisiniz ki, evimizi yıxan
seriallardır, digərində də çəkildiyiniz seriallardan danışmışınız.
Bildiyim qədərilə Rövşən İsaxın seriallarında
çəkilmisiniz?
– Seriallara çəkilmək həvəsim yoxdur, amma Rövşən İsaxın
seriallarına çəkiləcəyəm. Elə adamlar serial çəkir ki, məəttəl
qalıram ki, bu adamlar serialı maliyyələşdirən şirkətin sahibini
necə inandıra bilir ki, mən rejissoram? Peşəkarlar da qalır bir
tərəfdə.
Elə seriallar var ki, onlar ancaq...
– Bizdə serialların əksəriyyətinin alınmamasının əsas
səbəbi qeyri-peşəkar aktyor oyunu, yoxsa boyat bəhanə olan maliyyə
məsələsidir?
– Zəif büdcə ilə də normal serial çəkmək olar. Bizdə yanlış bir
münasibət var: bütün seriallardan fəlsəfi şedevr gözləyirik. Elə
seriallar var ki, onlar ancaq mətbəx adamları üçündür.
– Axı bizdə hamısı mətbəx üçündür.
– Məsələ də ondadır ki, bunlar ciddi mövzuları da mətbəx
səviyyəsində çəkirlər. Diletantlar çoxdur. Hər il bircə normal
serial olsa, bu, artıq qələbədir. Biz əvvəllər türk seriallarına
baxıb gülürdük. Amma sonradan türklər Hollivuda, Almaniyaya adamlar
– xüsusilə, serial çəkən rejissorlar göndərdi, türk kinosu dünyaya
çıxdı. Bədii film çəkən rejissor serial çəkə bilməz. Serialın da,
bədii filmin də öz rejissoru olmalıdır. Mark Zaxarov çox böyük
teatr rejissoru idi. O, filmlər də çəkib, amma baxanda bilirsən ki,
bu, Zaxarovun filmidir. Baron Münhauzenin filmlərinə ləzzətlə
baxırıq. Amma bunlar böyük film siyahısına daxil ola bilmir. Hər
halda Eldar Ryazanovun, Pliyevin filmləri deyil. Onların estetikası
tamam ayrı idi.
– Bu yaxınlarda keçirilən Gənclərin Teatr Festivalında
münsif idiniz. Razı qaldınız nəticələrdən?
– Çox gözəl keçdi, mən heyrət elədim – bizdə çox bacarıqlı,
istedadlı uşaqlar var imiş. Ucar qrupunun tamaşası mənə çox maraqlı
gəldi. 2-ci yeri tutan qrup da maraqlı tamaşa nümayiş etdirdi.
Rasim Balayev təzyiqə məruz qalmışdı
– Necə bilirsiniz, tamaşaçının aktyordan qəhrəmanlıq
ummağa haqqı varmı? Yoxsa qəhrəmanlıq obrazını elə səhnədə qoyub
gedirsiniz?
– Əlbəttə ki, yoxdur. Aktyor rolu oynayandan sonra bu, artıq
tamaşaçının materialıdır. Qəhrəman kimi qəbul edib-etməməsi onun öz
işidir. Mənim yadımdadır ki, Rasim Balayev "Nəsimi"dən sonra
"Əziz"i oynayanda çox təzyiqə məruz qalmışdı.
– Oynadığınız hansı rol qismən də olsa, sizi ifadə
edir?
– Hərçənd ki, mən rolu özümə deyil, özümü rola uyğunlaşdırmağa
çalışan aktyorlardanam. Mənim üçün vacib olan rolun düşüncə tərzini
tapmaqdır. Özünü həmin obrazın yerinə qoyub düşünə bilirsənsə, uğur
qazanırsan. Bir neçə rol var ki, məni ifadə edir, məsələn, "Hara
gedir bu dünya", "Yaşlı xanımın gəlişi" tamaşalarındakı
rollarım.
– Səhnədə məşq və ya elə tamaşa zamanı maraqlı
hadisələrlə çox rastlaşmış olarsınız.
– Bəli, çox olur elə şey. Məsələn, bu yaxınlarda "Nadir şah"
tamaşasını oynayanda Vidadi müəllimlə dialoqumuz olan vaxt işıqlar
kəsildi. Özümüzü itirmədən rolumuzu oynamağa davam etdik, bir azdan
işıq yandı, həmin dialoqu təzədən başladıq, tamaşaçılar da bunu
başa düşdü, televiziya işçiləri də dedilər ki, bizi xilas
elədiniz.
– Hansısa yeni tamaşa üzərində
işləyirsiniz?
– Axırıncı dəfə tərcümə etdiyim "Silindr" əsəri əsasında tamaşa
hazırlamışam, özüm də oynayıram – hamısı özüməm. (gülür) Kifayət
qədər maraqlı tamaşa alınıb, ən azı zalda oturanlar darıxmırlar,
tamaşanın yarısında durub getmirlər...