- Adım Çimnazdır, sizinlə görüşmək istəyirəm... -
redaksiyamıza zəng edən xanım telefona mənim cavab verdiyimə əmin
olandan sonra dedi bunu.
- Çimnaz xanım, bəlkə, salam da verəsiniz?
Onu pərt etmək fikrim heç yoxdur, sadəcə, səsindəki titrəyişin
onun çəkincək olmasını hiss etdirməsindən irəli gəldi dediklərim və
ardınca da "sən" müraciəti ilə zarafat etdim:
- Salam hədiyyə deyil, qorxdun ki, almaram?
Titrək səs qırıldı, dəstəyin o üzündən aramla aldığı nəfəs isə
hiss olunurdu. Vəziyyətdən çıxartmaq istədim:
- Qızım, neçə yaşın var, yəqin ki, məktəblisən, əmi
zarafatıdır da, incidin?
Yeniyetmə bildiyim səs sahibi dilləndi:
- Yox, Faiq bəy, 31 yaşım var... Bağışlayın, salamı unutdum, elə
bilirəm ki, sizinlə uzun müddətdir söhbət edirəm.
Bir az da ara verdikdən sonra əlavə etdi:
- Zəng edənə qədər, öz-özümə sizinlə çox danışdım, necə müraciət
edim, nə deyim, görünür, o üzdən çaşdım.
Qızın tamam özünü itirdiyini hiss etmək o qədər də çətin
deyildi. Özümü qınadım. Zarafatım yerinə düşməmişdi. Bir qədər də
söhbət etdikdən sonra onun taleyini nəql etmək, mənimlə paylaşmaq
istədiyini öyrənirəm. Razılıq verirəm:
- Oldu, redaksiyadayam, gəlin "Azadlıq" metrosuna, orada
görüşüb, gedərik redaksiyaya.
Vədələşdik. Təxminən 1 saatdan sonra zəng etdi ki, gəlmişəm.
Getdim. Bəstəboy, uzun saçlı, qara gözlü ağca bir xanımdır.
Bacardıqca hərəkətsiz qalmaq istəyini hiss etməmək olmur.
Salamlaşdıq. Arxa oturacaqda oturdu. Çevrilib baxdım, ürəyimdən
keçən ilk fikir bu oldu: "İlahi, niyə axı, bu səsi, gözü, qaşı,
saçı, bir sözlə, onun sifətində cəmlədiyin bu gözəlliyin ardınca
..."
Nə isə, beynimdəki fikri ürəyimdən keçirmək belə istəmədim.
Sükanı möhkəm sıxdım, kimə əsəbiləşdim ki? Yaradanamı? Yoxsa özümə
hər zülm, iztirab, səfalət içində yaşayan insanın çağırışına gedib
də üzülməyimə görəmi acığım tutmuşdu? Yox, yəqin ki, bu deyildi...
Yaradan niyə qıymışdı ona?!
- Çimnaz, gedək redaksiyada oturaq, hava da istidir, çay
içək, söhbət edək.
- Gedək, amma xahiş etsəm, olar?
- Buyur.
Kondisioneri söndürməyimi istəyirdi:
- Üşüdüm...
Məndən şeir oxumağımı istəməyin
Redaksiyaya yaxın yerdə əməkdaşımız İsmi Şahzadə və Rəfiqə
Əlisəfanı görürəm.
- Bizim uşaqlardı, reportajdan qayıdırlar, - deyirəm.
Maşını bərabərlərində saxlayıram:
- Sizi götürmürəm, çünki piyada gəzmək sizə yaraşır, -
deyə zarafat edirəm.
Hər ikisi təbəssümləri ilə zarafatıma reaksiya verir. Çimnaz
Rəfiqəyə baxır, qızın şax duruşu, müasir geyimi, gözəlliyini
nəzərlərinin girovunda saxlayır.
- Faiq bəy, mən sizin redaksiyaya getməsəm, olar? – hələ də
baxışları Rəfiqənin üstündədir.
- Çatmışıq, nə qalıb, ayrıca otaqda oturub söhbət
edərik.
Güzgüdə ona fikir verirəm, hələ də xanım əməkdaşımıza baxır. Bir
qədər də pərtdir, bəlkə də, zəng edib görüşməsinə görə peşman
olduğunu fikirləşirəm:
- Hə, olar, istəyirsənsə, getməyək, -
deyirəm.
Çimnaz rahat nəfəs alır. Redaksiyamıza getmək istəməməsini
təxmin etmişdim, verdiyi sual isə təxminimi dəqiqləşdirdi:
- Sizin redaksiyada qızlar çoxdur?
Kollektivimiz haqda bəhs edirik və onun müvəqqəti yaşadığı
məkana tərəf gedirik. Əhmədlidəki Əlillərin reabilitasiya
mərkəzində müalicə olunduğunu artıq bilirəm.
- Rayondan 10 günlük göndəriblər. İki gündən sonra gedirəm.
Sizin yazılarınızı oxumuşdum. İnsan talelərini, onların
faciələrini... eləcə təşəkkür etmək istədim. Həm də fikirləşdim ki,
görəsən, bütün adamların dərdini yaza bilərsiniz?
Sakit bir yer tapıb otururuq. Çay sifariş verirəm. Söhbət
edirik. Daha doğrusu, o danışır, mən isə qulaq asıram.
- Çimnaz, nə işlə məşğulsan? – soruşuram.
- Rəssamlıq edirəm. Yaxınlarda sərgim olacaq. Toxuyuram,
müxtəlif əşyalardan bəzək əşyaları düzəldirəm. Qolbaq, boyun
zənciri, toxunma başlıqlar... Nə bilim, hər şey...
- Yəqin, şeir də yazırsan.
- Yox, şeir yaza bilmədim. Arada cəhd edirəm, sınayıram, amma
xahiş edirəm, məndən şeir oxumağımı istəməyin.
İstəmirəm. Sadəcə, həyatının onu narahat edən məqamlarını
danışmasını istəyirəm.
Bunlar məni qəzəbləndirirdi
- Mən Bakıda doğulmuşam. 4-cü sinfə qədər burada oxudum. Atam
öləndən sonra rayona köçdük. Bir qardaşım var. Böyükdür. Anam bizi
böyütdü. Mən uşaq olanda onurğa sütunumda əyrilik varmış. Amma
müalicə oluna bilmədim. Məktəbə gedəndə də hiss edirdim ki, başqa
qızlar məndən şax yeriyir, qaçır, atılıb düşürlər. Elə istəyirdim
ki, nadinc olam. Amma alınmırdı. Müəllimlərim məni həmişə nümunə
göstərirdi:
- Baxın, Çimnaz necə ağıllı uşaqdır, haysız-küysüz, sakit, heç
nə ilə işi yoxdur.
Elə pis olurdum ki... məni tərifləyirdilər, nümunə
göstərirdilər, yaxşı oxuyuram, deyirdilər, bunlar da məni
qəzəbləndirirdi. Mən çox istəyirdim o biri uşaqlar kimi partaların
üstü ilə qaçam, dəhlizdə oynayam.
- Niyə müalicə olunmadın ki?
- Bilmirəm, atamı çox istəyirdim, onu əzizləyirdim, biz kasıb
idik. Hövsanda yataqxanada qalırdıq. Qonşumuzda bir həkim gəlin
varmış, anama deyib ki, uşağı masaja aparın, korset alın. Elə "bu
gün-sabah" ediblər. Atam anamı incidirdi. İş yoldaşları ilə yeyib
içirdi, gəlirdi evə. Uzanırdı divanda, məni də alırdı sinəsinin
üstünə, ağlayırdı, üzünü göyə tuturdu, hey deyirdi ki, mənim balamı
niyə belə yaratdın?!
Çimnazın titrək səsinin əsirindəyəm. Bu acı tale, pozuq xətlə
yazılmış alın yazısı ancaq bu səslə nəql oluna bilərdi.
- Anamı döyürdü, niyə şikəst doğdun bu qızı, - deyirdi... Anamın
gücü özünə çatırdı.. Atamı çox istəyirdim. Ona deyirdim ki, ağlama,
mən ağrımıram, dərslərimi də oxuyuram... Atam həmişə deyirdi ki, bu
ay maaşı alanda səni həkimə aparacağam.
Çimnazın boynu, onsuz da, sağ çiyni üzrə içəri çəkilib. Bir az
da boynunu qısır. İri, qara gözləri, yumru çənəsi, dodaqları, az
qala, çiyinlərinin arasında görünməsin.
- Atam maaşı alırdı. Dükanların borcunu verirdi, ərzaq
alınırdı... və yenə də gələn ayın maaşına qalırdı mənim müalicəm...
İçməyə isə pulu olurdu. Bəlkə də, dostları alırdı içkini. Faiq bəy,
atam çox istəyirdi mən müalicə olunum...
Feysbukdakı dostlarıma üstünlük verirəm
Hələ də stəkanlarımız süzülən çayı ağuşunda saxlayıb. Heç
birimiz içməmişik. Mən siqareti siqaretə calayıram, o isə
dərdlərini titrək səsinin qabağına qatıb içərisindən mənə tərəf
qovur:
- Sonra atam öldü... İçki ciyərini korlamışdı. Anam işə
düzəlmişdi. Hər yay atama deyirdi ki, maaşı alıb səni xəstəxanaya
aparacam. Amma anamın maaşı az olduğuna görə, ay ərzində nisyə
alınan ərzaqların pulunu ödəməyə ancaq yetirdi... Atamın içki
dostları ona xəstəliyinə görə pensiya düzəltdilər. Dediklərinə
görə, 2 ay araq içməyiblər, o pulu toplayıb, həkimə veriblər ki,
ikinci dərəcəli əlillik ala bilsinlər. Atam təqaüdünə əl vurmurdu.
"Qoy yığılsın, Çimnazı həkimə aparın", - deyirdi. Mən məktəbli
idim, həkimə getmək istəmirdim, istəyirdim, atam sağalsın... Atam
öləndən sonra həmin pula onu rayonda dəfn etdik, özümüz də köçdük
rayona. Rayonda məktəbə getdik. Anam korset aldı, müalicəyə apardı
məni... amma davamlı olmadı.
- Çimnaz, dedin rəssamlıqla məşğulsan, bu bir gəlir
gətirirmi sənə?
- Yox, amma təzə iş qururam. Əlillərin bir QHT-si var. Onun
filialını açırıq. Mən rəhbər olacam. Razılıq əldə olunub, sənədlər
də hazırdır. Bölgədə olan əlil adamları toplamaq istəyirəm, nə
iləsə məşğul olmaq gərəkdir.
- Dostların necə, varmı?
- Var. Ən çox Feysbukdakı dostlarıma üstünlük verirəm. Onlar
daha mehribandır. Pis adam yoxdur. Hamı yaxşıdır. Mən hər kəsə
inanıram.
- Heç dost dediyin adamlardan incidiyin
olubmu?
- Olub. Bir dəfə məni əlillər üçün Şağan kəndində olan bir
istirahət mərkəzinə göndərmişdilər. Vaxtım tamam olanda, dostluq
etdiyim birinə yazdım ki, gəl mənə kömək elə. "Koroğlu" metrosuna
qədər avtobusla özüm gələcəkdim, çantalarıma yardım etməsini
istəmişdim. Gəlmədi, dedi ki, işim var... Heç onu da qınamadım,
görünür Feysbukda yazışdığı adamın şikəst olduğunu biləndən sonra
dostluq etməkdən boyun qaçırmışdı...
Heç istəməzdim bu sualı verəsən
- Çimnaz, incimə. Verəcəyim bu sual mənim üçün də
ağırdır, amma verməyə də bilmirəm. Sevdiyin, ürəyindən keçirdiyin
məhrəm hisslər olubmu?
Soyumuş çayı yarıya qədər içir. Dilini ehmalca suyunu qurudurmuş
kimi dodaqlarının üstündə gəzdirir. Çiyinlərimin üstündən uzağa
baxır:
- Heç istəməzdim bu sualı verəsən. Bu mənim iç dünyamdır. Amma
bir halda ki... hə, olub. Məndən yaşda böyük idi. Feysbukda tanış
olduq. Mən öz şəklimi qoymuram axı. Gül şəkli qoyuram. Sonra
zəngləşdik. Danışdıq. O mənim səsimə, yazdığım statuslara
vurulmuşdu. "Görüşək" - dedi. Razı olmadım. Axır məcbur etdi.
Bakıda xəstəxanada olanda dedim ki, gəl. Amma ona dedim ki, mən
şikəstəm. "Qəbulumsan" - demişdi. Ona inanmışdım. Gəldi, xeyli
söhbət etdik, çay içdik, sonra getdi. Yazışmaq istədim, gördüm məni
dostluqdan çıxarıb, heç zəng də etmədim...
- Üzdüm səni...
- Oxumaq istədim, sənədlərimi verdim 6 il qabaq. Qabiliyyətdən
də keçmişdim. Rəssam olmaq istəyirəm axı. Qəbul olundum. Bakıya
balım çatmadı. Əyalətə isə qardaşım qoymadı, qız uşağısan, dedi,
rayonda sənə çətin olar... Qardaşımı çox istəyirəm. Atamı istədiyim
kimi... O dedi ki, hazırlaş növbəti ilə girərsən. Növbəti illərdə
də uğursuzluq məni izlədi. Liseydə təhsil aldım. Mühasibatlıq,
kompüter ixtisası üzrə. Ali təhsillilərə iş yoxdur, liseyi bitirən
mühasibə işmi olacaq? İnşallah, işimi qurum, yaxşı olacaq...
Çimnazla söhbətimiz uzun oldu. Könlünü xoş edən söhbətlər etdim.
İçindəki həyat eşqinə, daxilindəki inama "əhsən!" dedim, "sən
nümunə olacaq bir xanımsan", - söylədim...
Ayrılanda sakitcə dedi:
- Xahiş edirəm, məni xəstəxanadan bir qədər kənar düşürərsən.
İstəmirəm yad adamın maşınından düşdüyümü görsünlər. Əslində isə
sən yad deyilsən, Faiq bəy, doğmasan, sənin bütün yazılarını
oxumuşam, adımı olduğu kimi yazma. Görürsən, mən artıq sənə "sən"
deyirəm...
Sonda isə nə qədər unutmamışam, deyim, "Çimnaz" qəhrəmanımın
şərti adıdır... Şəklini çəkməyə isə əvvəlcə razı olsa da, İsmigillə
qarşılaşandan sonra ona da razı olmadı – nə deyim sənə, fotoqraf
İsmi...