Kinoşünas Aydın Dadaşovdan
açıq dərs
Kinorejissor Riddli Skottun quruluş verdiyi "Qladiator" (ssenari
müəllifləri Devid Frantsni, Con Loqan, Uilyam Nikolson. 2000)
filmində zəmidə addımlayaraq sünbüllərə barmaqlarını toxundurmaqla
torpağa, dincliyə, həyata sevgisini bəyan edən ispan əsilli
Maksimusun həmən aralarından keçdiyi döyüşçülərə "əkilən torpağı"
qorumaq tövsiyəsi vətənpərvərlik kimi müqəddəs missiyanı
canlandırır.
Döyüş qabağı düşmənlə üz-üzə gəlməzdən öncə torpağı ovcuna
götürüb qoxulamaqla: "Mən üç həftədən sonra öz məhsulumu yığacam,
harada olacağınızı siz təsəvvür edin" xitabı ilə döyüşçülərə üz
tutaraq cənnət vəd edən şəhidliyi dilə gətirməklə dini motivə də
toxunan Maksimus bütün fiqurlardan bacarıqla istifadə etməyi
bacaran ictimai xadimə çevrilir.
"Əməlləriniz əbədiyyətə qovuşacaqdır" deyərək əsgərləri ilə
döyüşə atılan sərkərdə demokratiyanın dadını duymuş romalıların
qələbəsi ilə sonra dünyanın düzəninə çalışmaqla bəşəri əqidəyə
söykəndiyini göstərir. Ömrünün son illərini xəstəlikdə keçirən
imperator Mark Avrelinin özündən sonra hakimiyyətə gətirəcəyi geniş
təfəkkürlü sərkərdə Maksimus demokratiyanın qarantına çevrilir.
Məlumdur ki, yeni eranın demokratik təfəkkürə malik ispan əsilli
Roma imperatoru Mark Avreli (121-180) II əsrin 70-ci ilində yunanca
yazdığı "Semestria" (Düşüncələr) fəlsəfi əsərini demokratik
idarəçilik prinsiplərinə həsr edir. İdarəçilikdə önəm verdiyi
senatın iclaslarında şəxsən iştirak edən: "Demokratiya odur ki,
xalq hakimiyyətə yerini göstərə bilsin" (Аврелий М. Соченения.
М., 1991. с.131) kimi liberal tezisin müəllifi olan
filosof-imperator Avreli danosçuluq və yalan ifadəyə görə cəza
verilməsi, vətəndaş ləyaqətinin qorunması barədə qanunların
qəbuluna nail olub.
Mark Avrelinin (Riçard Xarris) iradəsiylə bu haqqı qazanmış
vətənpərvər Maksimusun (Rassell Krou), yoxsa atasının ölümündən
sonra onun şərəfinə kütləvi tamaşalar keçirməyi arzulayan oğlu
Kommodusun (Xoakin Feniks) gələcəyi məsələsi filmdə ziddiyyətin
təməlini qoyur. Vəzifə iddiasından uzaq, əkin-biçinə qayıtmaq
istəyən Maksimusla təkbətək görüşdə Kommodusun əgər hakimiyyətə
gələrsə, ordunu siyasətçilərə, senata qarşı qoymaq niyyətinin
sezilməsi gözlənilən fəlakətin miqyasından xəbər verir.
İyirmi beş il imperiyanın ərazisini döyüşlərlə genişləndirsə də,
cəmi dörd il əmin-amanlıq gördüyünü deyən, ölkəsinin gələcəyindən
nigarançılıq çəkən Mark Avrelinin Maksimusu hakimiyyətə gətirmək
istəyini dilə gətirməsi onun ali məqsədini diqqət mərkəzində
saxlayır. Mark Avrelinin ağıllı tədbirli dul qızı, Luçi adlı səkkiz
yaşlı oğlu olan Domitilla ilə söhbətində Maksimus yeganə oğlunun
da, o yaşda olduğunu bildirməklə gələcək nəsillər qarşısında borc
missiyasını vurğulayır. Senatın hakimiyyəti idarə etmək iqtidarında
olacağına qədər hakimiyyəti Maksimusa həvalə etdiyini oğlu
Kommodusa bildirən Mark Avrelinin hərəkəti ziddiyyəti qızışdırır.
"Sənin günahların ata kimi mənim məğlubiyyətimdir" deyib oğlunu
bağrına basan atanın övladının qanlı əllərində boğularaq ölməsi
insani münasibətlərin dramatizmini son həddə çatdırır. Vəziyyətdən
hali olan Domitillanın şillələdiyi qardaşı Kommodusun əlini
öpməklə: "Yaşasın Sezar!" deməyə məcbur olsa da, cinayətinə qarşı
çıxdığı Kommodusun ata qatili olması barədə senatorlara xəbər
vermək istəyən Maksimusun ölümdən xilas olması hadisələri davam
etdirir.
Ailəsini göndərilən əsgərlərdən xilas etməyə çatmayan Maksimusun
yanmış zəmisi və evi fonunda oğlu və qadınının ayaqlarını
sığallaması dərdin plastik həllini verir. Acı yuxusunda əllərini
sürtdüyü sünbüllərin daşlaşması ilə ölümdən qayıdaraq qul kimi
satılan Maksimusun haqq yolunda mübarizəni gözləməsi filmin
ideyasını açıqlayır. "İspanlı" ləqəbi ilə qladiatora çevrilən
Maksimusun ölüm savaşlarından qalib çıxmaqla məşhurlaşması onu daim
qan görmək istəyən kütlənin sevimlisinə çevrilir.
Ölkədə yayılan taun problemini belə senatda müzakirə etmək
istəməyən imperator Kommodusun kütləni əyləndirmək üçün vaxtilə
Mark Avrelinin qadağan etdiyi qladiator döyüşlərinə üstünlük
verməsi xeyir-şər qarşıdurmasına yönələn addıma çevrilir. Yeganə
məqsədi imperatorla qarşılaşmaq olan Maksimusun Kolizeyə gəlib
çatması ideyanın reallaşması yolunda həlledici addıma çevrilir.
Atasının şərəfinə hazırlanan təntənədə senatı ləğv edəcəyini
söyləyən Kommodus bərpa etmək istədiyi monarxiyanın fəsadlarını
görə bilməməklə faciəvi personaja çevrilir.
Dəmir barmaqlıqlar arasındakı Maksimusun ona yaxınlaşan balaca
Luçi ilə görüşü imperatorla qarşılaşmaya gedən yolun qısalığını
bildirir. Dəstələrin meydandakı qarşılaşmasında sərkərdəlik
məharətindən yararlanaraq qanlı qladiator döyüşlərindən qalib çıxan
Maksimusun üzləşdiyi imperatora arxa çevirərək müstəviyə keçirir.
Hələ ki, vəziyyətdən hali olmayan uzaq tribunalardakı kütlə
tərəfindən alqışlarla qarşılanan Maksimusun qeyri rəsmi liderə
çevrilməsi obrazlılığı artırır. Maksimusun sağ qalmasından
hiddətlənən Kommodusun əksinə çıxan bacısı Domitillanın gələcəkdə
hakimiyyətə iddiası olan oğlu Luçinin naminə təzyiqlərə dözməyərək
şərə qarşı mübarizəyə qalxan, başda Qrakxın dayandığı senatdakı
sağlam qüvvələrin tərəfinə keçməsi hadisələrə təkan verir.
Zəncirləri daim boşaldılan pələnglərin hücum çəkdiyi,
təkərlərinə nəhəng xəncərlər bağlanmış döyüş arabalarının cövlan
etdiyi meydanda qanlı çarpışmalardan qalib çıxan Maksimusun
üzərində qələbə çaldığı rəqibinə Kommodus barmağının işarəsi ilə
məhkum etdiyi ölüm əvəzinə həyat bağışlamaqla rəhimdillik
göstərməsi kütlənin ona rəğbətini hüdudsuzlaşdırır. Əlacsız qalan
Kommodusun meydana çıxaraq, məhv etdirdiyi oğlu, qadını barədə
təhqiramiz sözlərlə, qazandığı şan-şöhrətinin itirilməməsi naminə
Maksimusun əlilə ölümü qəbul etməyə hazır olması onun mənəvi
iflasını canlandırır. Şərin cəzalandırılmasını zamanına saxlayan
general Maksimusun kütlənin alqışları altında meydanı tərk edərkən
keçmiş əsgərləri ilə ünsiyyətə girməsi, dövlətçiliyin taleyinin
müsbət həll ediləcəyinə güman yaradır. Domitillanın senator Qrakxla
görüşdürdüyü Maksimusun əsrlərdən bəri Romanın şəhər divarlarından
içəriyə daxil olmaq ixtiyarı verilməmiş orduya çataraq ona sadiq
döyüşçüləri şəhərə gətirməklə, hakimiyyəti senata verərək Mark
Avrelinin son vəsiyyətini yerinə yetirmək niyyəti ideyası uğrunda
ölməyə belə hazır olan personajı xarakterə çevirir.
Bacısı Domitilla ilə intim münasibətdə keçmiş sevginin
təzahürləri üzə çıxdıqdan sonra bu izdivacdan doğulan uşaqdan üstü
örtülü işarə vurulan Luçinin "Romanın xilaskarı Maksimus"a bənzəmək
istəyini dayısı Kommodusun üzünə çırpması qarşıdurmanı aşkarlayır.
Luçinin başı üzərindəki təhlükəni hiss edən bacının gözlənilən
çevriliş barədə Kometi xəbərdar etməyə vadar olması, senator
Qrakxın qətlə yetirilməsi fonunda yeraltı yolla qala divarlarını
keçən Maksimusun həbsi əks mövzunu inkişaf etdirir. Gələcək varisi
bacısından törətmək istəyən vəhşiləşmiş Kommodusun həbs etdirib
əl-qolunu bağlatdığı Maksimusla Kolizeydə təkbaşına döyüşə çıxmaq
niyyəti finalı yaxınlaşdırır. Onun bıçağı kürəyinə saplayıb
yaraladığı əl-qolu bağlı Maksimusla üzbəüz döyüşdə məğlub olması
xeyirin təntənəsinə çevrilir. Maksimusun ölüm qabağı Mark Avrelinin
vəsiyyətinə uyğun olaraq hakimiyyəti senata qaytarması xeyirin
əbədiliyini səciyyələndirir və ruhu qadınına və oğluna qovuşan
Maksimusun ölümü demokratiyanın həmişəyaşarlığına təminat verir.
Zənci qladiatorun xırda insan fiqurunu torpağa basdıraraq azadlıq
yolunda mücadiləyə qalxması "İnsan həyatı əbədiyyat fonunda bir
andır" (s.14) kimi düşünməklə bəşəriyyətin gələcək taleyini,
çoxluğun iradəsinə hörmət hissini önə çəkən Mark Avrelinin: "Özün
məhv olsan da, demokratiyanı xilas et" (s.278) çağırışında gizlənən
ideyanın çiçəkləndiyini göstərir.