Yuxarı

Suqovuşan azad ediləndə Təpəgözü xatırladım - Xalq yazıçısı

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kult.az xalq yazıçısı, əməkdar elm xadimi, akademik Kamal Abdullanın “Xalq qəzeti”nə müsahibəsini təqdim edir:

– Kamal müəllim, Azərbaycan erməni separatizminə və işğalçı­lıq siyasətinə son 100 ilin ən bö­yük zərbəsini vurdu. Müharibədə qalib gəldik, torpaqlarımızı azad etdik. Ermənilər bu işğala ən azı 3 il sərf etdiyi halda, bizə torpaq­larımızı geri almaq üçün cəmi 44 gün bəs etdi. Bunun səbəblərini nədə görürsünüz ?

– Sualının cavabı gün kimi aydındır. Ermənilər işğalçı idilər və Azərbaycan torpaqlarını zəbt etmişdilər. Bizim ordumuz isə mahiyyətinə görə azadlıq ordusu idi, əsgərlərimiz Vətən torpaqlarını azad edirdilər. Hamı gördü ki, bu illər ərzində Azərbaycan başda Prezident, Ali Baş Komandanı olmaqla, həm ordu quruculuğunda, həm diplomatiyada, həm daxili, həm də xarici siyasətdə, ölkədaxili ictimai mühitdə elə bir vəhdətə, birliyə nail ola bildi ki, onu dünya müstəvisində nadir halda müşahidə etmək olar. Bütün bunlar isə Azərbaycan əsgərinin, zabitinin, hamımızın gözlədiyi müzəffər yürü­şünü şərtləndirən amillər oldu.

– Azərbaycan bu 44 gün ərzində düşməni nəinki döyüş meydanında, həm diplomatiya, həm də informasiya arenasında məğlub etdi. Siz necə düşünür­sünüz?

– Doğrudur. Bunu təkcə bizim analitiklər demir, bütün dünyada qeyd edirlər. Bu dövrü Azərbaycan hakimiyyətinin, dövlətçiliyinin sistemli və bir-birilə əlaqəli hərəkətinin üzə çıxdığı dövr kimi qiymətləndirmək olar. Ona görə də bunun siyasi dividendlərini, iqtisadi səmərəliliyini, sosial fay­dasını biz çalışıb elə etməliyik ki, postmüharibə dövrünə də yaya bilək.

– Dekabrın 10-da müstəqillik ta­riximizin ilk Zəfər paradı keçirildi. Bu həm də sizin 70 illik yubileyi­niz günlərinə təsadüf etdi. Hansı hissləri keçirdiniz?

– Əlbəttə ki, sevinc. Sevinc və riqqət. Yaş heç yada düşmürdü. Nəvəm dedi ki, baba, Şuşanın azad edilməsi sənə ən böyük hədiyyədir. Bu, həqiqətən, belədir.

– Qarabağ, xüsusilə Şuşa sizin üçün nə demək idi və indi nədir?

– Bilirsinizmi, mənim üçün ayrı­ca götürülmüş ərazi yoxdur. Cocuq Mərcanlı mənim üçün nədirsə, Hil kəndi mənim üçün nədirsə, Nehrəm kəndi, Kükü kəndi nədirsə, Gəncə nədirsə, Lənkəran nədirsə, Nic nədirsə, Qubadlı nədirsə, Kəlbəcər nədirsə, Suqovuşan da, Şuşa da odur. Mənim ulu babam təkcə Şuşa­da doğulmayıb, bu saydığım bütün torpaqlarda “doğulub”, hamısında onun ruhu var. Biz təkcə Qaraba­ğı azad eləmədik. Biz ruhumuzu, mənliyimizi, vüqarımızı, bir-birimizi azad etdik. Biz Azərbaycanı azad etdik. Əbədi olsun!

– Millətimiz öz qəhrəmanlığını qədim zamanlardan sübut edib. Sizcə, bugünümüz dünənimizi təsdiqlədimi?

– Elədir. Dünənimizi də təsdiq elədik, əminəm, sabahımızı da.

– Sizin elmi və bədii fəaliyyətinizdə düşmənlə mübarizədən bəhs edən motivlər çoxdur. Məsələn, Azərbaycan xal­qının dünyaya bəxş etdiyi ən na­dir incilərdən olan “Kitabi-Dədə Qorqud” eposunun motivləri həm yazıçı, həm də alim kimi sizin ya­radıcılığınızda mühüm yer tutur. Bəs düşmən üzərində qələbəmiz, xüsusilə Şuşa şəhərinin azad edilməsi sizə dastanın daha çox hansı hissəsini xatırlatdı?

– Dastan bir millət olaraq bizi daim müşaiyət edir. Nəyisə xatırla­dır, nəyisə korrektə edir, düzəldir. Xüsusilə Suqovuşan azad ediləndə mənim yadıma Oğuzun başının üstünü kəsən Təpəgöz düşdü. O da suyun qarşısını kəsmişdi, o da çox günahsız qanlar tökmüşdü. Amma sonu nə oldu?! Qəhrəman Basat yetişdi və Təpəgöz məhv edildi, suyun ağzı açıldı. Oğuzu məhv etmək istəyən tarix boyu çox olub. Amma onu xəritələrdən silmək istəyənlər unutmamalıdırlar ki, bu elin Basatları, Beyrəkləri, Salur Qazanları var. Əsgərlərimizin hünərini indi eşitdikcə adamın qəlbi fəxrlə, qürurla dolur. Zabitlərimizin şücaəti dillərdə dastana çevrilir. Şəxsi şücaət deyilən bir anlamı ölçü vahidinə çevirsək, inanmı­ram ki, bu sıralamada bizim əsgər özündən qabaqda kimisə görsün. Dədə Qorqud nəvələri – bu gün – bütün dünyanı qoyuram bir kənara, buna heç ehtiyac da yoxdur, çünki nəticə hər şeyi özü açıb deyir – bu qəhrəmanlar bu gün özləri özlərinə bunu sübut etdilər. Kaş ki, əsgərlərimizin bir-birinə qarşı saf, mərdlik dolu, əsl kişi münasibətləri cəmiyyətimizin bütün təbəqələrinə sirayət edəydi.

– Ümumiyyətlə, xalqın bu qəhrəmanlığının dastanlaşması nə dərəcə realdır?

– Dastanlaşma bizim qərarımızdan asılı deyil. Bu, xalqın niyyətindən və arzusundan asılı olur. Dastanın müəllifi olur. Bu dastanı Ali Baş Komandan yazdı, bu dastanı əsgər və zabitlərimiz yazdılar. Onu yaşatmaq millətin boynuna düşür. Onun ayrı-ayrı hissələrini dərin təhlilə çəkmək, hisslərin mübarizəsini anlamaq, təhlil etmək – bu artıq yazarların, bəstəkarların, rəssamların, te­atr və kino xadimlərinin işidir. İlk nümunələr görünməkdədir.

– Dədə Qorquddan söz düşmüşkən, sizin “Gizli Dədə Qorqud” monoqrafiyanızla tanışlıqdan sonra dastanda əks olunan hadisələrin bir çoxunun pərdəarxası məqamları ilə bağlı çoxsaylı təxminlər və təsəvvürlər yaranır. Bunlardan Bamsı Beyrəyin öldürülmə səbəbi ilə bağlı sizin fikirləriniz böyük maraq doğurub. Bəs əsəriniz çap olunan vaxtdan bu günə kimi bu mövzuda yeni maraqlı təxmin və fərziyyələriniz yaranıbmı?

– Mən bir dəfə yazmışdım ki, “Dədə Qorqud” dastanının gizlinləri heç zaman bitib-tükənən deyil. Mən özüm də məlum romandan sonra müxtəlif pyeslərimdə, şeir və hekayələrimdə bu gizlinləri üzə çı­xarmağa hələ də çalışıram. Dahi al­man filosoflarından biri deyir ki, “sö­zün dərinliyində cürbəcür mənalar sayrışır”. Bu “sayrışma” sözünə diqqət çəkərdim. Fikir vermisinizsə, “sayrışma” prosesinin iki üzü var. Bir üzü qaranlıqdır, o biri üzü işıq. Və onlar çox böyük sürətlə bir-birini təqib edirlər. Bu hissələri bir-birindən ayırmaq asan deyil. İşığın, yəni görünən tərəfin öyrənilməsi, qaranlığın, yəni görünməyən tərəfin öyrənilməsinə gətirir və əksinə. Görünən və görünməyən (gizli) tərəflərin öyrənilməsi birinin olub, o birinin olmaması ilə həyata keçirilə bilməz. Bu proses əlaqəli və sistem­lidir. Təcrübəmə əsaslanıb indi artıq dastanla bağlı deyə bilərəm ki, o, həm də əbədidir.

– Məsələn, Yalançı oğlu Yalın­cığın sağ qaldığı təxmin olunur. Onun sonrakı fəaliyyəti, aqibəti barədə təxminləriniz varmı?

– Yalançı oğlu Yalıncığın aqibəti barədə onu demək olar ki, biz bu gün də çox zaman onun törəmələrinin əhatəsində qalmış kimi özümüzü hiss edirik. Və so­nuncu Qarabağ müharibəsi onu da göstərdi ki, bizimlə bağlı yalanları vurub dağıtmağın bir yolu var. O yol – yaratmaq yoludur. Qarabağı yenidən yaratmaq, Vətənimizi hər an yaratmaq, özümüzü yaratmaq! Başqa yolumuz yoxdur. İlk baxışda göründüyü kimi o qədər də asan yol deyil. Amma bu yolun alterna­tivi yoxdur. Hər kəs öz sahəsində, öz iş yerində: tələbə auditoriya­da, mühəndis zavodda, həkim xəstəxanada, hər kəs öz yerində. Yaratmaq, yaratmaq, bir daha yaratmaq!

– Sizin “Yarımçıq əlyazma” əsəriniz Nobel mükafatı üçün namizədliyə qeydə alınmışdı. Doğrusu, bu xəbərin özü belə bö­yük maraqla qarşılanmışdı. Necə düşünürsünüz, hazırda bu müka­fatı almaq üçün böyük istedadla yanaşı, daha hansı göstəricilərin olması vacibdir.

– Bu sualın cavabını icazənizlə buraxardım. Bu mövzu mənim üçün həm aktuallığını, həm də marağını çoxdan itirib.

– Ədəbiyyat ümumbəşəri dəyərləri təlqin edən bədii vasitələrdən biridir. Sizcə, millətin öz həqiqətlərini çatdırması üçün ədəbiyyat nə dərəcədə gərəklidir? Ümumiyyətlə, ədəbiyyat bizim üçün bir vasitə olmalıdırmı?

– Xatırladım ki, “böyüklük” və “kiçiklik” nisbi anlayışlardır. Mən düşünürəm ki, ədəbiyyat minik vasitəsi deyil ki, millət onun içində, ya da belində harasa getsin, kiməsə özünü tanıtsın. Millət nəcib, gözəl əməlləriylə yadda qalır. Millət baş­qalarına isti, mehriban münasibətinə görə hörmət qazanır. Bunların heç birini o bilərəkdən etmir. Bunlar onun qanındadır. Məni indi daha çox bizim Vətən müharibəsindən sonrakı postmüharibə dövrü düşün­dürür. Biz qalib olmaq mədəniyyətini yaşada biləcəyikmi?! Dünənki düşmənə, bizi bəyənməyənlərə, düşmənimizin dostlarına öz qalib, öz müzəffər mahiyyətimizi ləyaqətlə təqdim edə biləcəyikmi?! Bun­dan çox şey asılıdır. Biz artıq bu mahiyyətlə yaşamağa başlamalıyıq. Özümüzü ləyaqətlə təqdim etsək, deməli, bizim bu qələbəyə mənəvi haqqımız var idi. Bu məsələlərin izlənilməsi, məncə, siz deyən kimi məhz ədəbiyyat vasitəsilə həyata keçirilə bilər.

– Bəs, son böyük qələbəmizin ədəbiyyatımıza necə təsir edəcəyini düşünürsünüz? Daha doğrusu, necə olmasını istərdiniz?

– Biz indi pandemiya dövrü kimi ağır və məşəqqətli bir zamanda yaşayırıq. Yaxınlarımızın, dostla­rımızın ölüm xəbəri bizə əks-səda kimi gəlib çatır. Bəs bu pandemiya dövründə bizim öyrəndiyimiz, əldə etdiyimiz heç nə olmadımı?! Məncə, oldu. Biz üzümüzü – ağzımızı, burnumuzu “maska” ilə bağlay­ıb bir-birimizi çətinliklə tanımağa məhkumuq. Ümid gözlərə qalır. Biz bir-birimizi tanımaq üçün bir-birimizin gözünün içinə diqqətlə baxmağa başlamışıq – siz bunun fərqindəsinizmi?! Bu isə bizi bir-birimizin qəlbinə baxıb, orda nə isə görməyə aparan yoldur. Müharibə də eləcə. O, təkcə ədəbiyyata deyil, bütün həyat sahələrimizə çox şey öyrətdi. Ən əsası, bir-birimizin qədrini daha yaxşı bilməyi.

Söhbətləşdi: Anar Turan, “Xalq qəzeti”

Tarix
2020.12.23 / 15:40
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycan XİN Bosniya və Herseqovinanı təbrik etdi

Prezident Surinamın dövlət başçısını təbrik etdi

Prezident Bosniya və Herseqovinanın rəhbərini təbrik etdi

Bayden də təbrik etdi: bəs, COP29-dan biz nə qazandıq?

Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu

Bayden Ukrayna ilə bağlı daha bir sensasion qərara hazırlaşır

Kopırkindən sülh açıqlaması: Moskva nə istəyir?

Azərbaycana “petrostate” deyənlər oxusun: 2026-dən...

İsrail ordusu üzr istədi: Səhvən vurub öldürmüşük!

ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla