Fətullah Gülənin Pensilvaniyadakı iqamətgahı bir
zamanlar Yezuit təriqətinə (Xristian katolik məzhəbi) məxsus
olub.
"Axar.az" xəbər verir ki, bu iddia ilə məşhur
iqtisadçı ekspert Ömər Özbay çıxış edib. Ekspert bu villanın bir
zamanlar Yezuit təriqətinə aid olduğunu bildirib. Onun sözlərinə
görə, sonradan bu villa məhz "Gülən camaatı"na aid olan qruplar
tərəfindən alınıb:
"Bu villa ilə bağlı bir çox qeyri-məlum məsələ var. Əvvəl bu
iqamətgah Yezuit təriqətinə məxsus olub. Lakin sonradan bu villa
1993-cü ildə Hüseyn Çopur adlı şəxs tərəfindən alınıb. Bir müddət
sonra isə "White Rose" vəqfinə satılıb. "Gülən camaatı"na aid olan
bu vəqf sonradan eyni təriqətin digər bir idarəsinə - "Golden
Generation"a təhvil verilib. "Golden Generation" ilə "White Rose"
bir müddət sonra birləşib".
İqtisadçı ekspert bu məzhəbin xristianlıqda dörd önəmli
təriqətdən biri olduğunu bildirir.
1534-cü ildə qurulan bu təriqət sonradan Avropa və ABŞ-da mühüm
nöqtələri ələ keçirməyi bacarıb. Təriqətin "Gülən camaatı" ilə
oxşar cəhəti təhsil sektorunda xüsusiylə fərqlənməsidir. Avropa və
ABŞ-da fərqlənən təriqət buradakı məktəbləri vasitəsilə müxtəlif
idarələrə öz tələbələrini yerləşdirməyi bacarıb. Burada yerləşən
tələbələr isə təriqətdən gələn əmrlər əsasında hərəkət edirlər.