British Council, Tomsun Fondu və "Paşabank"ın birgə
layihəsi olan "Biznes jurnalistikası" layihəsində iştirak etmək
üçün Londonda keçirilən təlimlər başa çatıb. Layihəyə seçilənlər
sırasında "Axar.az"ın əməkdaşı da olub. Həmkarımız səfər
təəssüratlarını oxucularla bölüşüb.
Böyük Britaniya və paytaxtı London haqqında ilk təəssüratlarımı
orta məktəbdə ingilis dili müəlliməm yaratmışdı. Dili öyrənmək
məqsədilə verilən kiçik mətnlərdə Londonun görməli yerləri, maraqlı
tarixi hadisələrindən bəhs olunurdu. Müəllimə bu barədə o qədər
həvəslə danışırdı ki, hamımız həmin səhnələri canlı görmək arzusu
ilə yaşayırdıq. Jurnalistika tarixini öyrənərkən də mənə ən maraqlı
olanı ingilis mətbuatı olmuşdu. Ona görə də bir gün həmin yerləri
görmək, medianın bu günkü iş rejimini izləmək istəyi məni tərk
etmirdi. Təxminən 20 ildən sonra bu arzularım gerçəkləşdi.
Uzun və yorucu hava yolu üzü şimala istiqamət aldı. Yol boyu
harada qalacağımız, havaya, qidalara necə öyrəşəcəyimiz, kimlərlə
və necə görüşəcəyimiz, təlimlərdə daha hansı yenilikləri
öyrənəcəyimiz barədə suallar beynimi qarışdırırdı. Nəhayət, Londona
Qriniç (Greenwich) kəndinin üzərindən fırlanaraq daxil olan təyyarə
yerli vaxtla saat 15:10-da Hitrou (Heathrow) hava limanına endi.
Əslində, həmin vaxt Londonda havanın soyuq, yağmurlu olacağını
gözləyirdik. Amma Allahdan ilk gün və sonrakı günlər hava sarıdan
bəxtimiz gətirdi, günəş öz istisi ilə uzun yolçuluğun yorğunluğunu
çıxarmağa imkan verdi.
Yad ölkədə doğma insanlar
Qərib bir yerdə öz millətinin nümayəndəsi ilə görüşmək isə
ayrıca bir sevinc idi. Hava limanında qrupumuzu uzun illər Londonda
yaşayan dəyərli ziyalı Məhbubə xanım Seyidova qarşıladı. Nəcibliyi,
səmimiliyi, qonaqpərvərliyi ilə seçilən Məhbubə xanım uzaq Londonda
belə xalqımızın dəyərlərini qoruyub saxlaya bilib. Çöhrəsindəki nur
onu tanıyan və tanımayan hər kəsdə ancaq müsbət hisslər yaradır.
Onu da deyim ki, M.Seyidova mərhum professor Yusif Seyidovun
qızıdır. Elə Londonda da sevimli peşəsi ilə məşğul olur. Məhbubə
xanım İngiltərəyə yeni gələn xarici vətəndaşlara ingilis dilini
öyrətmək kimi çətin bir missiyanı üzərinə götürüb.
Tıxacsız, təmiz…
Hava limanından şəhərə doğru gedərkən yolboyu diqqətimi çəkən
məqamlardan biri küçələrin, yolların təmizliyi oldu. İstirahət günü
olmasına baxmayaraq yollarda tıxaca rast gəlmədik. Amma şəhərdə
böyük qələbəlik var idi. Martın 16-da ingilislər Müqəddəs Patrik
gününü qeyd edirdilər. Hər tərəf yaşıl rəngə boyanmışdı. Bu, həmin
bayramın rəmzidi. Böyük-kiçik hər kəs küçədə, meydanlarda
toplaşaraq bayramı özünəməxsus şəkildə qeyd edirdi. Ümumiyyətlə,
İngiltərədə insanlar həftəsonunu ancaq istirahət edirlər. Həmin
günlər bütün idarələr, hətta alış-veriş mərkəzləri belə bağlı olur.
İnsanlar səyahət edir, parklarda, meydanlarda ailəliklə toplaşaraq
əsil həftəsonu həzzini yaşayırlar. Burada yaşayan digər ölkələrin
vətəndaşları da artıq bu şəraitə uyğunlaşıb.
Jak Şirak gülməli vəziyyətə düşüb
London çoxmillətli şəhər olsa da, öz tarixiliyini qoruyub
saxlaya bilib. Bayram günü ilk baş çəkdiyimiz məkan da məhz tarixi
Trafalqar meydanı oldu. Bura tarixi Trafalqar döyüşünün şərəfinə
belə adlandırılır. Yeri gəlmişkən, parlament binasındakı görüş
zallarının birində bu döyüşü əks etdirən böyük şəkil çəkilib.
Onunla üzbəüz divarda isə Vaterloo döyüşü təsvir edilib. Məlumdur
ki, hər iki döyüşdə ingilislər farnsızlara qalib gəlib. Fransanın
həmin zalda bir neçə dəfə çıxış edən keçmiş prezidenti Jak Şirak
sonradan həmin şəkillərə etirazını bildirərək yığışdırmağı xahiş
edib.
Temzada axşam gəzintisi
Təlimçimiz Den Meyson həm də Londonu tanımaqda bizə əla
bələdçilik etdi. Onun tapşırıqlarını yerinə yetirməklə bərabər öz
istəklərimizi də gerçəkləşdirməyə fürsət tapdıq. Ən çox görmək
istədiyim Temza çayında gəmi gəzintisi idi. Bu təklifimi
dəyərləndirən Den həmkarlarımla birgə bizi Temzada gəzintiyə
apardı. Yorğun olsaq da, oradakı ürək açan mənzərələr, gecə
işıqlarının yaratdığı zövqlü görüntülər istirahət etməyə imkan
verdi. Məhşur "London Bric" abidəsini, dünyanın ən körpülərindən
sayılan Temza cayı üzərindəki "Breic Tauə" körpüsünü seyr
etdik.
Ümumiyyətlə, Londonun gecələri çox gözəldi. Həm də küçələrdə
maşın az olduğundan insan rahat hərəkət edə və dincələ bilir.
Bakıdan fərqli olaraq Londonda avtomobil daha çoxdur. Ancaq mərkəzi
küçələrdə gəzərkən siz bunu hiss edə bilməzsiz. Şəhərin dar
küçələrində heç vaxt tıxaca rast gəlməzsiz. Siqnal səsindən isə
ümumiyyətlə, söhbət gedə bilməz. Buna səbəb artıq çoxdan oturuşmuş
şəhər idarəetmə sisteminin qaydalarına hamılıqla riayət
edilməsidir. Belə ki, Londonun mərkəzi küçələrində maşınların
hərəkəti məhdudlaşdırılıb. Bəzi avtomobillərə və küçələrə isə pullu
xidmət tətbiq edilir. Buna görə də şəhərdə tıxaclar çox az hallarda
olur.
Tərs yollar, sərt qaydalar
Britaniyada nəqliyyatın hərəkətində fərqli və mühüm məqamlardan
biri avtomobillərin bizim öyrəşdiyimiz istiqamətlərin əksinə
hərəkət etməsidir. Belə ki, Londonda maşınların sükanı sağ tərəfdə
qoyulub. İngilislər bunu hərəkətin daha təhlükəsiz olması ilə izah
edirlər. Və deyəsən istəklərinə də nail olublar. Şəhərə çıxanda ilk
aldığımız xəbərdarlıq da məhz nəqliyyatın hərəkət istiqaməti ilə
bağlı oldu:
"Londonda maşınlar Bakıdakının əksi istiqamətdə hərəkət edir.
Ona görə də yollarda diqqətli olun. Yolu keçərkən ilk olaraq sağa
baxın".
Ümumiyyətlə, Londonda ilk dəfə olan adam yol hərəkəti
qaydalarını öyrənməkdə çətinlik çəkə bilməz. Çünki bütün yollarda
sürücülər və piyadalar üçün işarələr, keçidlərdə saga və ya sola
baxmağın lazım olduğunu göstərən yazılar (look right, look left),
avtobuslarda istiqaməti və növbəti dayanacağı elan edən xüsusi
səsli monitorlar qoyulub.
Nəqliyyatda daha bir maraqlı məqam dayanacaqlarla bağlıdır.
Bakıdan 4-5 dəfə böyük olan Londonda avtobus dayanacaqlarına daha
tez-tez rast gəlinir. Lakin bu heç də avtobusun hər addımbaşı
saxlanılması demək deyil. Hər bir istiqamət üzrə hərəkət edən
avtobusun öz dayanacağı var. Həm də onlar dayanacaqdan bir addım
belə kənarda saxlamazlar. Dayanacaqlarda qoyulan informasiya
monitorları da tam dəqiqliklə çalışır.
Hər yerdə eyni kartdan istifadə edirlər
Piyadalar da ancaq onlar üçün xüsusi ayrılan yerüstü keçidlərdən
istifadə edirlər. Hər şey yerli-yerində olduğundan, insanlar və
avtomobillər qaydalara tam əməl etdiyindən çoxmillətli şəhərdə
təhlükəsiz hərəkət edə bilirsən. Londonda olduğumuz bir həftə
ərzində bir dənə də olsun avtoqəzaya rast gəlmədik.
Londonun yeraltı dünyası
Londonun nəqliyyat infrastrukturundan danışarkən metrodan bəhs
etməmək olmaz. Olduqca uzun və çoxpilləli yeraltı nəqliyyat şəhərin
müxtəlif istiqamətlərini bir-biri ilə birləşdirir. Çoxpilləli
olduğundan stanssiyaların tavanı xeyli alçaqdır. Lakin vaqonlar çox
geniş, təmiz və rahatdır. İstiqamətləri xətlər (line) vasitəsilə
müəyyən etmək mümkündür. Hər xəttin də özünəməxsus rəngi var.
Metroda ödəniş sistemi də fərqlidir. Qeyd edim ki, Londonda
insanların rahatlığını təmin etmək üçün bütün nəqliyyat
vasitələrində vahid kartdan (oyster kart) istifadə olunur. Metroda
gediş haqqını çıxarkən ödəyirlər. Avtobuslarda isə birinci qapıdan
minərək ödəniş edilir, axra qapılardan isə düşürlər. Ancaq gediş
haqqı Bakı ilə müqayisədə dəfələrlə bahadır - 1.40 funt
sterlinq.
Qəzetlər vaqonlarda, avtobuslarda
Şəhərin demək olar ki, bütün nəqliyyat vasitələrində qəzetləri
görmək olar. Sərnişinlər yolboyu həmin qəzetlərdən özlərinə lazım
olan informasiyaları ala bilirlər. (İngiltərənin inkişaf etmiş
media qurumlarının təcrübəsi barədə növbəti yazıda ətraflı
danışacam.) Məncə, bu ölkənin nəqliyyat sistemindəki müsbət
xüsusiyyətləri əxz etməyə dəyər.
London küçələrində diqqətçəkən məqamlardan biri tarixi
şəxsiyyətlərə və ya hadisələrə həsr olunan abidələrdir. Biz
abidələri əsasən, park və xiyabanlarda görməyə öyrəşmişik.
İngiltərədə isə öz tarixlərinə fərqli yanaşmanın şahidi oldum.
Onlar müharibələrdə həlak olan qəhrəmanlarının heykəllərini
nəqliyyatın sıx olduğu küçənin ortasında ayrılmış xüsusi sahədə
qoyublar. Bu, hər dəqiqə yoldan keçən insanların həmin şəxsləri və
hadisələri yada salması, tanıması məqsədi daşıyır.