"Qardian" ("The Guardian") qəzeti Qərbə qaçan KQB
zabitinin açdığı sirlərin indi nəşr olunmasından
yazır.
Vasili Mitroxin Latviyanın paytaxtı Riqadakı Britaniya
səfirliyinə gedəndə ilk tələbi bu olub ki, onun açdığı sirlər
mütləq nəşr olunmalıdır, hamı bunları bilməlidir.
Onun bu arzusu 20 ildən sonra həyata keçib. Mitroxinin KQB
arxivindən etdiyi 2000 səhifəlik qeydlər indi nəşr olunur.
Həmin qeydlərdə deyilir ki, Britaniyanın nüvə reaktoru
texnologiyaları assosiasiyasının katibi və kommunist partiyasının
üzvü olan Melita Norvud nüvə sirlərini SSRİ-yə ötürürmüş. Onu
1935-ci ildə RİTA-SİTA-nın Britaniyada müxbiri olan Rotşteyn
casusluğa cəlb edib.
Mitroxinin qeydlərində bildirilir ki, solçu "Tribun" ("Tribune")
qəzetinin redaktoru, "Dan" ləqəbli jurnalist 1960-cı illərdə "KQB
təbliğatına əsaslanan" materiallar dərc edirdi.
Mitroxin Riqada Britaniya səfirliyinə 1992-ci ildə qaçıb.
Mitroxin iddia edirdi ki, KQB-nin Britaniyada 200 agenti barədə
onda məlumat var.
Mitroxin KQB-nin Polşa kardinalı, sonradan Roma papası olan II
İohan Paveli necə izləməsi barədə məlumat verirdi.
Mitroxin deyirdi ki, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş zabiti
Filip Eyg KQB-dən aldığı məlumatlardan istifadə edirdi.
Mitroxinin sözlərinə görə, Yuri Andropov 1968-cı ildə Praqada
xalq üsyanının yatırılmasında həlledici rol oynayıb. Mitroxin 15
tələbə liderinin və redaktorun adı olan siyahı verib ki, bu,
Andropovun "Tərəqqi" adlandırdığı xüsusi əməliyyat idi.
ABŞ-ın Federal Təhqiqatlar Bürosu Miutroxinin verdiyi
materiaları indiyədək kənardan alınan "ən dolğun və geniş sənədlər"
adlandırıb.
Ancaq bunun tənqidçiləri də var. Kəşfiyyat ekspertləri deyirlər
ki, KQB öz agentlərinin sayını və kontaktlarını qəsdən şişirdirdi
ki, sovet rəhbərliyindən daha çox büdcə ala bilsin.
"Tribun" qəzetinin redaktoru Dik Klements isə onun "Dan" ləqəbi
ilə KQB-yə işləməsi iddiasını tamamilə cəfəngiyyat adlandırıb.
O da maraqlıdır ki, Mitroxin 2 min səhifəlik sənədlərlə Riqada
əvvəlcə ABŞ səfirliyinə qaçmaq istəyib, ancaq burda növbə uzun
olduğuna görə Britaniya səfirliyinə gedib. Mitroxin 2004-cü ildə
Britaniyada vəfat edib.
Musavat.com