"Sanksiyalar onsuz da sosial vəziyyətin pisləşdiyi, iş
yerlərinin azaldığı Fransada təxminən 30-40 min iş yerinin
bağlanması deməkdir".
Bunu Axar.az-a AB Xarici İşlər və Təhlükəsizlik Siyasəti
idarəsinin nümayəndəsi Ketrin Eştonun Rusiyaya qarşı yeni
sanksiyalar tətbiq ediləcəyi ilə bağlı açıqlamasını şərh edən
iqtisadçı ekspert Natiq Cəfərli bildirdi. Onun sözlərinə görə,
tətbiq edilən sanksiyaların təbii ki, Rusiya iqtisadiyyatına ciddi
təsiri olub:
"Düzdür, bu, avropalıların, yaxud ABŞ-ın gözlədiyi kimi olmasa
da, müəyyən təsirlər olub. Bu təsiri hər şeydən əvvəl kapital axını
ilə izah etmək mümkündür. Hazırda Rusiyadan külli miqdarda kapital
axını prosesi gedir və investorlar qoyduqları investisiyaları geri
çəkməyə başlayıblar. Bundan əlavə, texnoloji məhsulların Rusiyaya
gətirilməsində ciddi problemlər yaranıb. Xarici şirkətlər ikili
xüsusiyyətə malik ola biləcək məhsulların ixracatını dayandırmağa
başlayıb. Digər əhəmiyyətli məsələ isə Rusiya iqtisadiyyatının əsas
donorlarından olan "Qazprom" və "Rosneft"in kapitallaşmasını
azalmasıdır. Onu deyim ki, bu iki şirkət birlikdə Rusiya büdcəsinin
33 faizini təşkil edir. Əgər bir il əvvəl "Qazprom"un bazar dəyəri
təxminən 200 milyard dollar civarında idisə, indi bu rəqəm 90
milyard dollara düşüb. Bu qurumun dəyərinin 2 dəfədən çox aşağı
düşməsi elə rəsmi Moskvaya böyük bir zərbə oldu".
Ekspert bəzi Avropa ölkələrinin sanksiyaları dəstəkləməməsinin
anlaşılan və onların müəyyən sahələrdə Rusiyadan asılı olduğunu
bildirdi:
"Hesab edirəm ki, üçüncü dalğa sanksiyalar bu həftənin sonu,
maksimum gələn həftənin əvvəlində qəbul ediləcək. Bəzi dövlətlərin
Rusiya ilə iqtisadi münasibətləri daha çoxdur və bu, qərarların
tezliklə qəbuluna mane olur. Skandinaviya, Baltikyanı, Şərqi Avropa
və bir çox postsovet ölkələri daha kəskin addımlar atılmasını tələb
edirlər. Amma Almaniya, Fransa kimi Qərbi Avropa ölkələri müəyyən
sanksiyaların tətbiqindən çəkinirlər. Təbii ki, bunda onların
maraqları var. Bir şeyi demək lazımdır ki, təkcə Berlinin Moskva
ilə ticarət dövriyyəsi 400 milyard dollar civarındadır. Almaniyanın
qaz ehtiyacının təxminən üçdə birini Rusiya qazı təmin edir.
Rusiyaya ciddi sanksiyaların tətbiq edilməsinin əleyhinə olan
ölkələr sırasında Fransanın da adı çəkilir ki, rəsmi Parisin
mövqeyi də anlaşılandır. Bu iki ölkə arasında hərbi sahədə müqavilə
var və bildiyimiz kimi, Fransa Rusiya üçün hərbi təyyarələr daşıyan
gəmilərin hazırlanmasına başlayıb. Bu, böyük bir layihədir və əgər
bu sanksiyalar hərbi-sənaye kompleksini əhatə etsə, rəsmi Paris 4-5
milyard dollardan imtina etməli olacaq. Bu isə onsuz da sosial
vəziyyətin pisləşdiyi, iş yerlərinin azaldığı Fransada təxminən
30-40 min iş yerinin bağlanması deməkdir. Məhz bu səbəblərə görə
Avropa ləng tərpənir. Amerika isə proseslərdə daha aktivdir. Çünki
ABŞ-ın Rusiya ilə ümumi ticarət dövriyyəsi cəmi 35 milyard dollar
civarındadır. Bu isə ABŞ üçün çox kiçik məsələdir".
Natiq Cəfərlinin sözlərinə görə, sanksiyaların üçüncü dalğasının
hərbi sahəyə də aid ediləcəyi təqdirdə bu, Rusiyaya çox pis təsir
göstərəcək:
"Əgər sanksiyalar hərbi-sənaye komplekslərinə şamil ediləcəksə,
bu, Rusiyaya baha başa gələcək. Çünki məhz bu sahə şimal qonşumuzun
iqtisadiyyatının əsas fəqərə sütununu təşkil edir. Digər tərədən,
bu sanksiyalar Rusiyanın valyuta ehtiyatının kəskin azalması ilə
nəticələnəcək. Həmçinin pulların ölkədən daha tez çıxmasına səbəb
olacaq. Əgər Avropa Birliyi ölkələri ilin sonuna qədər ABŞ-a dəstək
versə, Rusiyada inflyasiya sürətlə artacaq, valyuta EHTİYATLARI
azalacaq və rublun dəyəri daha da düşəcək".
Xatırladaq ki, AB Xarici İşlər və Təhlükəsizlik Siyasəti
idarəsinin nümayəndəsi Ketrin Eşton iyulun 24-də Avropa
Komissiyasının Rusiyaya qarşı maliyyə və müdafiə sektorlarını əhatə
edəcək yeni sanksiyaların qəbul ediləcəyini bildirib. Həmçinin bu
sanksiyaların enerji sahəsində də özünü göstərəcəyi deyilir. Xarici
İşlər nazirlərinin verdiyi ümumi bəyanatda Rusiyadan separatçı
qrupların silahlandırılmasını dayandırmaq, Ukrayna sərhədindən
ordusunu geri çəkməsi tələb olunub.
Eşton keçirdiyi mətbuat konfransında tələblərin yerinə
yetirilməyəcəyi təqdirdə yeni sanksiya paketlərinin qəbul
edilməsinin labüd olduğunu bildirib.