Ukraynadan qayıtdıqdan sonra Maydanın dağıdılması
xəbərləri yayıldı. Mənim müşahidə etdiyim müddətdə polislər
kənardaydı, müdaxilə etmirdilər.
Amma indi izləyirəm ki, birdən-birə Maydana girdilər və
hadisələrin məcrası dəyişdi.
Əslində orda, hadisələrin mərkəzində olarkən gedişatın belə
olacağını təxmin etmək çətin idi. Çünki hakimiyyət, necə deyərlər
təmkinli, mitiqçilər də kifayət qədər mədəni təsir
bağışlayırdı...
Bu sonluq həm də gözlənilən idi
Həmkarlar İttifaqının ölkə boyu tətillərin başlayacağını bəyan
etməsindən sonra tələbələrin meydana axması hadisələrdə aqressiya
çalarının artacağını düşünməyə əsas verirdi.
Bir də dekabrın 1-də Ukraynanın müstəqillik günüdür və
hakimiyyətin mitiqlərdə kütləviliyin daha çox olacağından
narahatlıq keçirəcəyi, tədbir görəcəyi ehtimalı yaranırdı.
Hərcənd ki, Ukraynada kimsə hakimiyyətin istefasını istəmirdi.
Adi vətəndaşından tutmuş siyasətçisinə qədər, hər kəsin fikri bu
idi ki, Ukrayna öz seçimini etməlidir. Və bu seçim də
Avropadır.
Hadisələr Bakıdan göründüyü kimi deyil
Birincisi, Ukraynada siyasət və müxalifliklə kasıblar məşğul
olmur. Hadisələrin mərkəzində olarkən öyrəndiyim faktlardan biri o
oldu ki, burada milyonlarla məbləğ fırlanır: mitinq başlayan ilk
gündən yeməklə, içməklə, çadırlarla təminatda heç bir problem yox
idi: sanki əvvəlcədən hazırlaşmışdılar. Halbuki Baş nazir
Yanukoviçin AB "Şərq Tərəfdaşlığı"na assosiativ üzvlükdən
imtinasının dərhal ardınca mitinqlər başlamışdı.
Bəs, bu qədər operativ təşkilatçılıq və maliyyə hardan
gəlirdi?
Müşahidələrimiz, müsahiblərimiz yerli iş adamlarının mitinqə
böyük paralar xərclədiyini deməyə əsas verirdi. Ancaq yenə və yenə
də bu qədər sürətli operativliyin, mitinqin ilk saatlarında yüksək
maddi təminatın səbəbini anlamaq çətindir.
Elə təəssurat yaranmasın ki, təminat təkcə ölkədaxili maliyyə
hesabınadır. Maydana Avropadan da külli-miqdarda pullar axırdı.
Ruslana 100 minə gəlmişdi?
Ruslananın Maydanda iştirakını heç də fədakarlıq kimi
qiymətləndirməyə tələsməyin. Ona Maydandakı çıxışına görə qonorar
ödənilirdi. Hətta bəzi dairələrdə bu qonorarın 100 min olduğu da
səsləndirildi.
Təbii ki, Ukrayna xalqının əzmini, ruhunu heçə saymaq qətiyyən
doğru olmaz və kimsə də düşünməsin ki, orda hər kəs mitinqlərə
pulla gətirilir. Orda iştirak edən tələbələrin bir qismi könüllü
iştirakçı olsa da, pul qarşılığında gələnlər də yox deyildi.
Xüsusən maddi durumu ağır olan insanların prosesdən kənarda
qalmaması üçün belə bir üsula əl atılırdı.
Onlar nə istədiyini bilirdilər
Onu da deyim ki, hadisələrdə iştirakçı olanların əksəriyyəti nə
istədiyini, niyə burda olduğunu bilir. Onlar Avropanı əldə etməyə
çalışır. Tələbələr Avropada da işləmək imkanı istəyir, sadə
vətəndaşsa düşünür ki, burda güzaranını düzəldə bilməsə, Avropaya
üz tuta bilsin. Yəni sırf praqmatik maraqların üstün olduğu siyasət
elə real dünyanın qaydalarına uyğun da aparılırdı.
Diqqəti çəkən başqa bir məqam...
...ondan ibarətdir ki, Lvov şəhərində iki universitetdə olduq.
Çox az sayda müəllim vardı: bir necə dekan yardımçısı və kafedra
müdirləri... Onlarla söhbətdən belə bəlli oldu ki, hətta rektorlar
belə bu gün mitinqdə iştirak edir. Tələbələrin mitinqlərdə kütləvi
iştirak etməsi də elə rektorlarla razılaşdırılıb.
Bakı-Kiyev-Xarkov-Lvov-Bakı