Samanta Smit - soyuq
müharibənin qızğın çağında SSRİ rəhbəri Yuri Andropova yazdığı
məktubla məşhurlaşan, Men ştatından olan amerikalı
məktəblidir.
Bu məktubu 10 yaşlı Samanta
1982-ci ilin noyabrında yazıb. Onun anası Ceyn çox sonralar bu
bazar gününü xatırlayarkən deyirdi ki, o, bu fikrə "Tayms"
jurnalında yenicə hakimiyyətə gələn Andropova həsr olunmuş məqaləni
oxuduqdan sonra gəlib. Məqalədə ehtimallar irəli sürülürdü ki, bu
adam ABŞ üçün təhlükəlidir və onun idarəçiliyi dövründə yeni
müharibə tamamilə mümkündür. Məqaləni oxuyandan sonra balaca Smit
anasından soruşub ki, niyə hamı mister Andropovdan qorxur, niyə heç
kim ondan ölkəmizə hücum etməyə hazırlaşırdığını soruşmur? Qızın
anası, "bəs niyə ondan sən özün soruşmursan", xəbər aldıqda,
Samanta anası tərəfindən verilən cavabı ciddi qəbul edib və məktub
yazıb:
"Hörmətli cənab Andropov! Mənim adım Samanta Smitdır. Mənim 10
yaşım var . Sizi yeni təyinatınız münasibətilə təbrik edirəm. Mən
çox narahatam ki, Sovet İttifaqı və Birləşmiş Ştatlar arasında nüvə
müharibəsi başlayacaqmı? Siz müharibə əleyhinəsiz, ya yox? Əgər Siz
əleyhinəsinizsə, buyurun deyin görüm, Siz müharibəyə yol verməmək
üçün nə etmək fikrindəsiz? Siz, əlbəttə, bu suala cavab verməyə
borclu deyilsiz, amma mən bilmək istərdim, Siz nə üçün dünyanı
qazanmaq istəyirsiniz? Tanrı torpağı yaradıb ki, biz dünyada bir
yerdə yaşaya bilək və vuruşmayaq. Səmimiyyətlə, Sizin Samanta
Smit."
Samanta əmin idi ki, Andropov onun məktubuna mütləq cavab
verəcək, üstəlik, onun belə məktublar yazmaqda artıq təcrübəsi var
idi. Kanadada səfərdə olan Böyük Britaniya Kraliçası II Yelizabeti
televizorda görən qıza, bu xanım çox xoş təsir edib və ona məktub
yazıb. Kraliça bu məktubu cavabsız buraxmır. O vaxtdan bəri Samanta
əmin idi ki, yüksək vəzifəli şəxslərə belə məktub yazmağa dəyər və
onlara cavab mütləq gələcək.
Samantanın Yuri Andropova ünvanlanmış məktubu, "Pravda"
qəzetində dərc olunur . Lakin sovet hakimiyyəti tərəfindən heç bir
reaksiya baş vermir - Samantaya cavab gəlmir. Bu arada, müxtəlif
ölkələrdən jurnalistlər onun məktubu dərc olunandan sonra Smiti
tapıb ondan müsahibə götürürdülər. Sovet baş katibindən cavab
gözləməyin mənasız olduğunu hiss edən Samanta , ikinci məktubu
yazmağa cəsarət edir - bu dəfə isə məktub ABŞ-dakı sovet səfiri
Anatoli Dobrıninə ünvanlanır: "Mənə elə gəlir ki, mənim suallarım
maraqlı idi, 10 yaşım olmasının məsələyə nə dəxli var ki...
Və budur, nəhayət Samanta çoxdan gözlənilən cavabı alır.
Andropovun amerikalı məktəbliyə məktubu 1983-ci il aprelin 25-də
"Pravda" qəzetində dərc olunur. Bu müraciət dərhal Amerika
qəzetlərində çap edilir:
"Sən yazırsan ki, ölkələrimiz arasında nüvə müharibəsinin
başlanmasından çox narahatsan. Samanta, biz Sovet İttifaqında
əlimizdən gələni edirik ki, təkcə ölkələrimiz arasında deyil,
ümumiyyətlə, yer üzündə müharibə olmasın. Hər bir sovet adamı belə
istəyir", deyə Andropov yazırdı.
Məktubda o, həmçinin Samantaya SSRİ və ABŞ-ın İkinci Dünya
müharibəsində əməkdaşlığı haqqında xatırladıb və qızı Sovet
İttifaqına dəvət edib. Məqsəd isə, amerikalı qızın sovet xalqının
müharibə istəmədiyini öz gözləri ilə görməsi olub.
1983-ci il iyulun 7-də Samanta valideynləri ilə birlikdə Sovet
İttifaqına yola düşüb. O, SSRİ-də iki həftə keçirdi və bu müddətdə
Moskvada, Leninqradda, Krımda olan Artek pioner düşərgəsində olmağa
macal tapdı. Lakin o, bu səfərinin səbəbkarı olan Andropovla görüşə
bilmədi. O zaman baş katib ağır xəstə idi. Onlar yalnız telefonla
danışa bilirlər. Xoşməramlı səfir elan edilən Samanta Smit, iyulun
22-da evə qayıdarkən yola düşməzdən əvvəl, sonralar məşhur olan
cümləni rusca deyib: "Biz yaşayacağıq!" .
Vətənə qayıdandan sonra Samanta, "Mənim SSRİ -yə səyahətim" adlı
kitabını yazıb.
1985-ci il avqustun 25-də kiçik yaşında bütün dünyada tanınan bu
məktəbli qızın həyatı faciəvi surətdə qırılmasaydı, indi bəlkə də
adı məşhur siyasətçilər siyahısında idi... Lakin həmin gün Samanta
Smit atası ilə birgə Böyük Britaniyadan geri qayıdarkən, təyyarə
qəzasında həlak olur. Onların kiçik ikimotorlu təyyarəsi enmə
zolağının görüntüsü pis olması səbəbindən cəmi 200 metr məsafədən
eniş edə bilməyir. Təyyarədə olan 8 nəfərin hamısı həlak olur. Ata
və qızı, Samantanın doğulduğu Men ştatının Xoulton şəhəri
yaxınlığında dəfn edirlər.
Onun ölümündən sonra Amerika qəzetləri yazırdılar ki, bu
hadisədə sovet DTK-nın əli var. SSRİ-də isə, öz növbəsində, hesab
edirdilər ki, bu fəlakəti Mərkəzi Kəşfiyyat İdarəsi təşkil edib.
Lakin hadisənin təfərrüatının araşdırılması göstərdi ki, baş
verənlərdə günahkar qəzaya uğramış təyyarənin pilotudur.
Analitik.az