NATO-nun Şərqə doğru
genişlənməsi və əsasən postsovet məkanına diqqət yetirməsi Rusiyanı
silahlanmağa məcbur edir. ABŞ-ı özünə əsas rəqib kimi görən Moskva
daim öz təyyarələrinin inkişafına xüsusi diqqət yetirir. Üstəlik,
silah bazarında əsas rəqib sayılan Moskva və Vaşinqton son 10 ildə
özlərinin ən mükəmməl təyyarələri hesab edilən F-35 və Su-35-i
yaradıblar. Bir müddət öncə F-35-lərin radar sistemlərinin
işləmədiyinin ortaya çıxması bu təyyarələr arasındakı rəqabəti
yenidən gündəmə gətirib.
Axar.az hər iki təyyarə haqqında mühüm fərqləri oxucularına
təqdim edir.
Şimal nəhənginin mükəmməl şahini
Rusiyanın istehsal etdiyi təyyarələr içərisində ən güclüsü
indiyə qədər Su-35 hesab edilir. Su-27-nin əsasında yığılan bu
təyyarə "4++" nəslinə aiddir. Bir neçə keyfiyyətinin çatışmaması
onu 5-ci nəsil təyyarələr sinfinə aid etməyə imkan vermir. 2008-ci
ildən hazırlanan bu təyyarədən yalnız 52 ədəd mövcuddur və onlar
yalnız Rusiya ordusunda istifadə edilir. Bu təyyarəyə sahiblənmək
istəyən ölkə isə 2 milyard rublundan (27,8 milyon dollar – red.)
keçməlidir.
Su-35 bir çox keyfiyyətləri ilə digər ölkələrin təyyarələrini
üstələməyi bacarır. Bu təyyarənin ən zəif tərəfi isə onu radarlara
yaxalanmaqdan xilas edən stels texnologiyasına malik olmamasıdır.
Al-41F1C mühərriki ilə təchiz edilən təyyarə forsaj vermədən belə
səsdən yüksək sürət yığa bilir. Bu mühərriklər həmçinin 5-ci nəsil
təyyarələrin də tələbinə cavab verir. Bu təyyarələr 6000 yay saatı
və ya 30 il ərzində istifadə edilə bilər.
Su-35-lər üzərində həmçinin H035 İrbis radiolokasiya sistemləri
quraşdırılıb. Bunun vasitəsilə Su-35-lər 400 kilometrdəki hədəfi
müəyyən edə bilirlər.
Su-35-in uzunluğu 21,9, hündürlüyü 5,9 metrdir. Təyyarənin boş
çəkisi 19000 kiloqram, normal uçuş çəkisi 25300 kiloqram, maksimal
uçuş çəkisi 34500 kiloqramdır. Təyyarənin yerdə sürəti 1400
km/saat, havada sürəti 2500 km/saatdır. Uçuş məsafəsi yerdə (200
metr hündürlük nəzərdə tutulur) 1580 kilometr, havada isə asma
yanacaq çəni olmadan 3600 kilometrdir. Maksimum 20000 metr
hündürlükdə uça bilir. Təyyarə 150 mərmisi olan 30 milli metrlik
aviasiya silahı QŞ-30-1-lə təchiz edilib. Təchizatında həmçinin
orta məsafəli "hava-hava" tipli raketlər olan 6 ədəd R-27ER, R-27T,
10 ədəd PBB-AE (Qadyuka – red.) raketləri, kiçik məsafəli 6 ədəd
P-73 raketlərindən də istifadə olunub. Onun üzərində gəmi əleyhinə
6 ədəd X-31 və ya 2 ədəd X-59M raketləri də var. Bundan başqa,
Su-35-in silahlanmasına yüksək texnologiyalı raket olan X-29T və
KAB-500-də daxildir. Onların sayı bu təyyarədə 6 ədəddir.
ABŞ təyyarələrin kralını yaradır
Rusiyanın Su-35-ləri yaratmasına əsas səbəb məhz 2006-cı ildə
ABŞ-ın rəhbərliyi altında NATO ölkələrinin F-35-i istehsal
etməsidir. Beşinci nəsil təyyarə olan F-35 demək olar ki, əksər
rəqiblərini üstələyir. Təyyarəni ABŞ-ın "Lokhid Martin" şirkəti
hazırlayıb. Qırıcı-bombardmançı olan F-35-in maliyyələşdirilməsində
ABŞ, Böyük Britaniya, Avstraliya, Türkiyə, Norveç, Danimarka və
İtaliya iştirak edir. Hazırda bu təyyarələr yalnız dörd ölkə - ABŞ,
Böyük Britaniya, Avstraliya və Türkiyə ordularında mövcuddur.
F-35 F-22-nin əsasında hazırlanıb. Stels texnologiyası ilə
təchiz edilməsi onun radarlardan yayınmasına yardım edir. Bu isə
F-35-i öz rəqibi Su-35-dən xeyli üstün edir. Təyyarənin indiyə
qədər 3 seriyası buraxılıb. Bunlar F-35A, F-35B və F-35C-dirlər.
Təyyarədə AFAR AN/APG-81 çoxfunksiyalı radiolokasiya sistemi
quraşdırılıb. O, havadakı hədəflərlə yanaşı, yerüstü hədəfləri də
aşkar etməyə qadirdir. Təyyarədə həmçinin AN/AAQ-37 elektron optik
sistem də mövcuddur. O, 1300 kilometr məsafədə buraxılan ballistik
raketləri aşkar etməyə, müxtəlif yerüstü və hava hədəflərini
tapmağa, gecə və gündüz uçuşlarında naviqasiya rolunu oynamaq,
raket hücumu zamanı xəbərdar etmək, zenit artilleriyanın işlədiyi
mövqedə raketin buraxıldığı nöqtəni dəqiqləşdirmək iqtidarına
malikdir. Təyyarə pilotunun dəbilqəsində displey yerləşdirilib.
F-35A və F-35C təyyarələri F135 mühərrikləri ilə təchiz
ediliblər. Bu mühərriklər F-22-yə quraşdırılmış F-119-un inkişaf
etdirilmiş formasıdır. F-35-i Su-35-dən zəif edən əsas məqam isə
onun forsaj vermədən səsdən yüksək sürətlə uça bilməməsidir.
F-35-in güclü silah təchizatı var. F-35-də "hava-hava" tipli
AİM-9 Saydvinder, AİM-132 ASRAAM və AİM-120 AMRAAM raketləri
mövcuddur. Təyyarə həmçinin AGM-158 JASSM qanadlı raketləri,
kasetli bombalar olan CBU-103, CBU-104 və CBU-105 VCMD, idarə
olunan aviasiya bombası AGM-154 və tank əleyhinə Brimston raketləri
var. 2017-ci ildə F-35-in B-61 nüvə bombaları ilə təchiz edilməsi
planlaşdırılır.
F-35C-in uzunluğu 15,67 metr, eni isə 4,48 metrdir. Təyyarənin
normal çəkisi 15785 kiloqram, uçuş zamanı çəkisi 25896 kiloqram,
maksimal uçuş çəkisi isə 30320 kiloqramdır. Təyyarənin maksimal
sürəti 1700 km/saatdır. F-35C maksimal formada 2520 kilometr qət
edə bilər. S-35-dən fərqli olaraq, F-35C maksimum 18200 metr
hündürlüyü qalxa bilir. F-35C-nin hazırkı qiyməti 93,3 milyon
dollardır.