ABŞ Prezidenti Donald Tramp administrasiyası Şimali Koreya (KXDR) ilə bağlı siyasətin qeyri-rəsmi şəkildə yenidən nəzərdən keçirilməsi çərçivəsində Cənubi Koreyadan bir neçə min amerikalı hərbçi çıxara bilər.
Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnalı” Pentaqondakı mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, Müdafiə Nazirliyinin üzərində işlədiyi variantlardan biri Cənubi Koreyadan təxminən 4500 hərbçinin çıxarılmasını nəzərdə tutur. Həmin hərbçilər Hind-Sakit okean regionunun digər yerlərinə, xüsusilə də Quama köçürülə bilər. Bununla belə, bu yalnız nəzərdən keçirilən bir neçə təklifdən biridir və hələ Trampın masasına çatmayıb.
Pentaqonun nümayəndəsi hərbçilərin potensial çıxarılması ilə bağlı suala cavab olaraq deyib ki, hələlik heç bir siyasi qərar yoxdur. Cənubi Koreya Müdafiə Nazirliyi isə şərh verməkdən imtina edib.
Hazırda Cənubi Koreyada təxminən 28 500 amerikalı hərbçi yerləşdirilib. Tramp hələ ilk prezidentliyi dövründə bu kontingentin azaldılmasını nəzərdən keçirirdi. Lakin Asiyada Amerika qoşunlarına rəhbərlik edən komandirlər belə bir addımın ABŞ-ın Şimali Koreyaya və regionda Çin və Rusiya ilə yarana biləcək digər mümkün münaqişələrdə üstünlük qazanmaq qabiliyyətini təhlükə altına salacağı barədə xəbərdarlıq edirlər.