Bəzi infeksion xəstəliklər dəridə düyüncüklü səpgi
verir. Bəzi hallarda isə düyüncüklərə vərəm, sarkoidoz və siflisdə
də rast gəlmək olur.
Dəri leyşmaniozu
Adətən milçəyin dişlədiyi yerdə, üzdə, bilək və baldır nahiyədə
düyüncüyün əmələ gəlməsi ilə başlayır.(Xəstəliyin bəzi növlərində
düyüncüklərin iltihablaşması da baş verə bilir). Xəstəlik zamanı
düyüncüyün ölçüsü 2-3 mm olur və ətrafında iltihab əlamətləri qeyd
olunmur. Dəri leşmaniozunda düyüncüklər dəridən hündürə qalxır,
lupa ilə baxdıqda mərkəzində pulcuqla örtülmüş çökük görünür. 2-3
ay ərzində düyüncük 5-10 mm-ə qədər böyüyür, boz və
qırmızımtıl-sarı rəng alır. 3-6 ay sonra düyüncüyün mərkəzində
bozumtul-qəhvəyi qabıq, o qopandan sonra isə xora əmələ gəlir.
İmmunitet.az
xəbər verir ki, dəri leşmaniozu bəzən böyüyür, nekrozlaşır. Bəzən
vərəm mənşəli ola bilir ki, bu zaman xəstəlik 10 ildən çox sürə
bilər. Amma bu müddətdə xəstənin əhvalında pozulmalar hiss
edilmir.
Tuberkuloid tip düyüncük
Bu, dərinin müxtəlif nahiyələrində düyüncüklərin əmələ gəlməsi
ilə özünü göstərir. Onlar kiçik, yastı, qırmızımtıl-göy olur,
birləşərək geniş zədələnmə sahələrinə çevrilə bilirlər. Xəstəlik
uzun sürür, zədələnmə yeri və ona yaxın sahələr ağrısız olur,
tərləmir, həmin nahiyyənin tükü tökülür, piqmentsizləşir.
Zədələnmiş nahiyə, periferik sinirlərin yerləşdiyi nahiyələrdə baş
verərsə, trofik və hərəki pozğunluqlar - parez, iflic, atrofiya baş
verir.
Vərəm yeyilməsi
Xəstəliyə ilk dəfə uşaq və gənc yaşlarda rast gəlinir. Adətən
üzdə, bəzən ətraflarda və gövdədə, burunun dərisində 2-5 mm ölçüdə
düyüncüklərlə müşahidə edilir. Düyüncüklər sarımtıl-qırmızı və
qırmızımtıl-çəhrayı rəngdə olur. Şüşə ilə düyüncüyü sıxdıqda
rəngini dəyişərək qırmızımtıl-qəhvəyi (alma cemi) rəngini alır.
Düyüncüklü siflis
Siflis müalicə olunmadıqda, xəstəliyə yoluxmadan 3-4 il sonra
üçüncülü əlamət kimi meydana çıxır. Bu zaman düyüncüklər burunda,
alında, ətrafların açıq səthlərində, beldə, selikli qişalarda əmələ
gəlir. Siflisli düyücüklər dərinin dərin qatında yerləşir və
üzərindəki dəri dəyişmir.