Jurnalist Anar Niftəliyev Bakıda tibbi əməliyyata
hazırlıq zamanı ölmüş həyat yoldaşı, tənqidçi Elnarə Tofiqqızı ilə
bağlı cinayət işinə paytaxt prokurorluğunda ədalətli şəkildə
baxılacağına ümid edir.
Aprelin 18-də "Media forum" saytına danışan jurnalist əsas
istəklərinin ədalətli istintaqın aparılması və tam şəffaf şəkildə,
heç bir nüans qalmadan cinayətin açılması olduğunu deyib: "Nəsimi
Rayon Prokurorluğunda işin istintaqını aparan müstəntiq Ələkbər
Rzayev verdiyimiz vəsatətləri təmin etmədi. Vəsatətlərin rədd
edilməsi ilə bağlı verdiyi qərarda isə çox gülünc arqumentlər
gətirmişdi. Belə ki, bizim istintaqdan araşdırılmasını istədiyimiz
məqamların cavabı kimi həkimlərin ifadələrini əsas götürmüşdü.
Həmçinin sənəd saxtakarlığı, həkimlərin istintaqa və mediaya
verdikləri açıqlamalardakı ziddiyyətlər araşdırılmadı, əməliyyatın
tamah məqsədi ilə keçirilməsi və dələduzluq əlamətlərinin olduğunu
göstərən faktlarla bağlı da istintaq hərəkəti olmadı. Bu səbəbdən
aprelin 10-da baş prokurora müraciət etdik və iş Nəsimi Rayon
Prokurorluğundan alınaraq Bakı Şəhər Prokurorluğuna verildi.
Hazırda işin istintaqı paytaxt prokurorluğunun müstəntiqi Vaqif
Süleymanova verilib. İstəyirik ki, Vaqif Süleymanov məsələ ilə
bağlı qaldırdığımız 5 vəsatətə ədalətli şəkildə baxıb qərar
versin.
Prezidentin və baş prokurorun nəzarətində olan bir işin
istintaqını Nəsimi Rayon Prokurorluğunda bu qaydada aparırdılarsa
və müstəntiq heç kəsi vecinə almadan həkimlərin vəkili rolunda
çıxış edirdisə, mən istintaqın obyektivliyinə necə inana bilərdim?
Amma ədalət naminə deyim ki, aprelin 10-da cənab baş prokuror Zakir
Qaralova müraciət edəndən cəmi bir saat sonra iş materialları Bakı
Şəhər Prokurorluğuna verildi. Bu, baş prokurorun məsələyə həssas və
son dərəcə operativ yanaşmasıdır. Baş Prokurorluq bu iradəni ortaya
qoyursa, o zaman ümidi itirməyə dəyməz".
1977-ci il təvəllüdlü Elnarə Tofiqqızı ötən il sentyabrın 20-də
Nəsimi rayonunda yerləşən "Medi Sina" Tibb Mərkəzində süd vəzi
kanalının əməliyyatı zamanı vəfat edib. Ekspertiza müəyyən edib ki,
düzgün anesteziya əməliyyatı aparılmayıb, xəstənin ağciyərinin
funksiyası pozulub və o, tənəffüs çatışmazlığından ölüb. Sentyabrın
25-də faktla bağlı Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq -
ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi
ilə cinayət işi açılıb.