Ana səhifə Siyasət |
Şəxsən məndə şübhə yoxdur ki, Tramp qanunlara, Konstitusiyaya, ABŞ dövlətinin uzun illər ərzində formalaşmış idarəçilik qaydalarına etinasız yanaşan, hətta öz ölkəsinin tarixini yaxşı bilməyən adamdır. Amma irəli sürülən ittihamların inandırıcılıq problemi var. Ən azı, ittihamlarda mübahisəli məqamlar mövcuddur və bunları fərqli şərh etmək mümkündür.
Axar.az xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli ABŞ Prezidenti Donald Trampa qarşı irəli sürülən iddialar haqqında danışarkən deyib. O bildirib ki, bir prezidenti vəzifədən uzaqlaşdırmaq bu qədər asan olmamalıdır:
“Məhz bu səbəblə Nümayəndələr Palatasının təcrübəli sədri Nensi Pelosi impiçment ideyasına müəyyən müddət müqavimət göstərdi, amma sonda partiya tərəfdarlarından gələn basqılara dözməyərək prosedurun başlanmasına icazə verdi”.
Politoloq bildirib ki, impiçment proseduru zamanı məhkəmə funksiyasını yerinə yetirən Senatdakı çoxluq da öz faktiki lideri Trampa sahib çıxacaq və onun ikinci dəfə seçilməsinə çalışacaq:
“Bu qərardan sonra respublikaçıların ənənəvi seçici kütləsi (ağ protestantlar) seçki ərəfəsində prezidentin ətrafında daha sıx birləşəcək. Çünki Respublikaçılar sosial-demoqrafik səbəblərdən ölkədə zəminin tədricən onların ayaqları altından sürüşdüyünün fərqindədir və bu gedişatdan ciddi narahatlıq duyurlar. Ağ anqlo-sakson protestantların sayı getdikcə azalır, ispandilli və Asiya mənşəli amerikalılar isə artır. İspan dili tədricən ölkədə yayılma arealını artırır və bəzi ştatlarda ingilis dilini yavaş-yavaş sıxışdırır. Respublikaçılar bunu amerikan milli identikliyinin itirilməsi təhlükəsi kimi qiymətləndirirlər və bu prosesi dayandırmağa çalışırlar. Trampın Meksika ilə sərhədə divar hörmək istəməsi və miqrant qəbulu siyasətini sərtləşdirməsinin kökündə məhz bu amil dayanır”.
Ş. Cəfərlinin sözlərinə görə, Trampın ilk baxışdan dəlilik kimi görünən bəzi qərarlarının altında ciddi mətləblər dayanır və ənənəvi respublikaçılar seçicisi onu sahiblənməyə davam edəcək:
“Lakin burada önəmli olan “Svinq Steyt” deyilən, yəni hər iki tərəfə gedib-gələn, tərəddüd edən ştatların əhalisinin rəyidir. Tramp 2016-cı ildə həmin ştatların demək olar ki, hamısında qalib gəldiyi üçün seçildi. Bu ştatların cəmi ikisində - Florida və Ohayoda uduzsaydı, seçilməyəcəkdi. İmpiçment prosedurunun tərəddüd edən ştatlarda Trampın nüfuzuna nə dərəcədə zərbə vurduğunu bilmərəm. Amma faktdır ki, Tramp seçicilərə verdiyi bir çox vədini yerinə yetirib və bu istiqamətdə inadla çalışıb. Onun dövründə iqtisadi inkişaf qeydə alınıb, işsizlik səviyyəsi minimumlara enib. Mübahisəsiz həqiqətdir ki, ölkədə vəziyyət indiki prezidentin reytinqini sarsıdacaq qədər pisləşməyib. Təbii ki, bu, hələ Tramnpın qələbəsi üçün təminat yaratmır. Qarşı cəbhənin namizədinin kim olacağı və demokrat seçicilərin davranışları böyük önəm daşıyır”.
Politoloqun sözlərinə görə, demokratların əsas problemi daxildə ideoloji zəmində yaşadıqları bölünmədir:
“Dörd şanslı namizəddən ikisi (Bayden və Butticic) mötədil, ikisi (Sanders və Uorren) proqressist (sosialist və liberal-sol) qanadın nümayəndəsidir. Proqressist qanadın əsas gücü dinamik universitet gəncliyinin dəstəyidir. Amma bu, eyni zamanda partiyanın problemidir, çünki mötədillər ilkin seçkidən qalib çıxsa, həmin gənclərin seçkidə iştirakı problem olacaq. Xüsusən ən gənc namizəd (37 yaş) olmasına baxmayaraq, ənənəvi dəyərlərə yaxınlığı ilə diqqət çəkən homoseksual Butticic solçu demokratlarda qıcıq doğurur. Kampaniyanın son həftələrində özünü açıq şəkildə sola qarşı mövqeləndirən və əksəriyyəti Baydenə yönəlmiş mötədillərə oynayan Butticic proqressistlər tərəfindən gizli respublikaçı olmaqda, böyük korporasiyaların maraqlarını təmsil etməkdə ittiham olunur. Belə bir vəziyyətdə ilkin seçkilərin qalibi olacaq istənilən namizəd bütün demokrat seçiciləri səfərbər edib, eləcə də müstəqillərin dəstəyini qazanıb, onları seçkiyə aparmaq üçün ciddi əziyyətə qatlaşmalı olacaq”.
Tarix
2019.12.19 / 13:43
|
Müəllif
Mahir Ələkbərov
|