Yuxarı

Düşünürdüm ki, Bakıda xəncərli kişilər görəcəm – Səfir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zaxari Qrossun Axar.az-a müsahibəsi:

– Ölkəmizə gəldikdən sonra gözləntilərinizlə qarşılaşdıqlarınız üst-üstə düşdümü?

– Bakıya gələndə çoxlu dəvə və xəncərli kişilər görəcəyimi düşünürdüm, amma belə olmadı. Buna görə çox məyusam! Zarafat edirəm... Ölkənin bu qədər Avropa yönümlü olacağını gözləmirdim. Bir çox azərbaycanlı özlərini qismən avropalı hiss etdiklərini söyləyir. Bu mənim üçün xoş sürpriz oldu.

Açığı, əhalinin böyük bir hissəsinin rus dilində danışa biləcəyini gözləmirdim. Bakıda bir çox insan Azərbaycan, rus və ingilis dillərində danışır. Bu, gözləmədiyim bir şey idi.

– Fransa və Azərbaycan mədəniyyəti, adət-ənənələri və həyat tərzi arasında çox fərq var. Azərbaycanla bağlı sizə qeyri-adi və qəribə gələn hər hansı bir şey varmı?

– Sürücülərə çox təəccübləndim. Düşünürəm ki, insanlar burada Formula 1-ə çox öyrəşiblər! Maşını elə sürürlər (gülür). Fərqli olan nədir?

İnsanlar Bakıda, Azərbaycanda çox hörmətcildirlər, bu, Fransada, bəlkə də daha az müşahidə olunur. Bu olduqca xoşdur. Bundan başqa, müsbət faktorlardan biri ətrafda reklamın az olmasıdır. Parisdə, Fransada hər yerdə - avtobuslarda, binalarda, metroda, TV-də və qəzetlərdə böyük reklam təzyiqi var, amma Bakıda belə deyil. Bu sadaladıqlarım fərqlərin yalnız bir neçəsidir.

– Azərbaycan–Fransa münasibətlərini üç sözlə necə ifadə edərdiniz?

– Çoxşaxəli, dostyana, strateji.

– Fransa Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdəndir. Rəsmi Parisin 1991-ci ilin dekabrında belə bir qərar qəbul etməsi dövlət müstəqilliyini yenicə bəyan etmiş Azərbaycan üçün müstəsna əhəmiyyət daşıyıb. Ötən dövr ərzində siyasi münasibətlərin inkişaf dinamikasını necə dəyərləndirərdiniz?

– İlk gündən etibarən bizim aramızda çox güclü siyasi dialoq var. Prezident Heydər Əliyev ilk beynəlxalq səfər məkanı kimi Fransanı seçib. Prezident Sarkozi və Olland hər ikisi Azərbaycana səfər etdilər. Prezident İlham Əliyev 2018 və 2019-cu illərdə Parisə səfər edib. 2019-cu ildə Birinci vitse-prezident Mehriban xanım Əliyeva Parisdə Fransanın baş naziri ilə görüşüb. Keçən yay Fransanın iqtisadiyyat və maliyyə naziri Azərbaycana səfər edib. Güclü siyasi dialoqumuz var.

Lakin hələ ki iqtisadi cəhətdən əməkdaşlığımız gözlədiyimiz qədər deyil. Bəlkə də, iqtisadiyyat əlaqələrimizi daha da inkişaf etdirməli olduğumuz bir sahədir. Təhsil baxımından çox yaxşı layihələrimiz var. Bakıda 200 şagirdi olan yeni Fransız Liseyi və təxminən 600 tələbəsi olan fantastik Azərbaycan-Fransız Universiteti (UFAZ) yaradılıb. Dediyim kimi, əməkdaşlığımız çoxşaxəli, dostyana və stratejidir.

– Fransanın Azərbaycandan ixrac həcmi Azərbaycanın Fransadan olan ixrac həcmindən təxminən 5 dəfə çoxdur. Fransanın Azərbaycanla böyük həcmdə olan ticarət kəsirinin aradan qaldırılması üçün hansı addımlar atıla bilər?

– Bəli, Fransa Azərbaycandan beş dəfə çox idxal edir. 2019-cu ildə Fransa və Azərbaycan arasında ticarət həcmi 20%-dən çox artıb. Düşünürəm ki, fransız şirkətləri Azərbaycan iqtisadiyyatına nəzərəçarpacaq həcmdə diversifikasiya gətirə bilər. Biz nəqliyyat, ətraf mühit, təhlükəsizlik, ikitərəfli investisiyalar, kənd təsərrüfatı və əlbəttə ki, enerji kimi bir sıra əsas sektorları artıq müəyyənləşdirmişik. Bunlar ən əsas sektorlar olduğundan bu cür şirkətlər tətbiq etdikləri texnologiya, istifadə etdikləri insan resursları, prosedurlar səbəbindən iqtisadiyyata diversifikasiya gətirə bilər. Onlar ən yüksək beynəlxalq standartlara cavab verirlər və yeni nəsil gənc mühəndis, mütəxəssis, iş adamlarını Azərbaycana gətirə bilərlər. Düşünürəm ki, onlar azərbaycanlıların həyatlarında da müəyyən irəliləyişlər yarada bilərlər. Bu isə öz növbəsində metro, şəhər nəqliyyatının, rifah səviyyəsinin yaxşılaşdırılması deməkdir.

Məsələn, Bakıda və Sumqayıtda su itkisi çoxdur. Suyun buxarlanması, axıntı və kanalizasiya sızıntıları bunun əsas səbəbləridir. Fransız şirkətləri azərbaycanlıların gündəlik həyatı və kənd təsərrüfatının idarəedilməsi üçün suyun paylanmasını yaxşılaşdıra bilər. Azərbaycanda işləməyə hazır olan aviasiya və peyk sektorları var. Kosmik texnologiyalar və peyklər müasir cəmiyyətlərdə gündəlik həyatın açarıdır. Bunlar mövcud imkanlardan nümunə olaraq göstərə biləcəklərimizdən sadəcə bir neçəsidir.

– Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biridir. XİN rəhbərlərinin görüşündən sonra xalqların sülhə hazırlanması, hər iki tərəfdən jurnalistlərin ölkələrə səfərləri baş tutdu. Buna münasibətiniz necədir? Nəzərə alsaq ki, Fransada ermənilərin çox güclü diasporu var. Siz problemin həlli perspektivlərini necə görürsünüz?

– Düşünürəm ki, jurnalistlərin mübadiləsi əhəmiyyətli hadisədir. Əhalini sülhə hazırlamaq önəmlidir. Jurnalistlərin mübadiləsi proqramı danışıq apardığınız ölkəni tanımağın hissəsidir. Bu ölkənin necə dəyişdiyini, inkişaf etdiyini bilməlisiniz... Düşünürəm ki, Xarici İşlər naziri cənab Elmar Məmmədyarov bunun çoxmərhələli proses olduğunu tamamilə doğru vurğulayır. Bu kimi proseslərin, həmçinin əsirlərin mübadiləsi kimi vacib addımların məsələnin ümumi həllində həyati əhəmiyyəti ola bilər. Mən şəxsən diplomatiyaya inanıram. Nə qədər ki, diplomatiya var və hazırda davam edir, aktivdir, yalnız o zaman münaqişələrin həlli və sülh yolu istiqamətində inkişafına doğru irəliləyə bilərik. Mən bu məsələdə xeyli ümidliyəm.

Üç həmsədrin hər biri xoş niyyətlidir və açıq-aşkar neytral mövqe nümayiş etdirir. Azərbaycan və Ermənistan 2020-ci ildə bir qədər də irəliləmək istəsələr, bu münaqişənin həlli üçün yaxşı il sayıla bilər. Fransa hökumətinin mövqeyinə gəlincə - hamıya məlumdur ki, üç həmsədrin mövqeləri arasında heç bir fərq yoxdur.

– Fransa Prezidenti Emmanuel Makronun NATO-nun “beyin ölümü” yaşadığını deməsi dünya liderləri tərəfindən birmənalı qarşılanmadı. Fransanın bu gün və gələcəkdə bu təşkilatla bağlı mövqeyi necə olacaq?

– Müttəfiqlər arasında strateji dialoqa ehtiyac var. Düşünürəm ki, prezidentin düşüncələrini oxumağa dəyər, çünki həmin müsahibə xeyli əsaslı idi və Londonda keçirilən NATO Zirvəsində çox fəal müzakirəyə şərait yaratdı. NATO müttəfiqləri bu sammitdən daha güclənmiş halda çıxdılar. Çünki sammit terrorun, mövcud çətinliklərin və təhlükələrin başlanğıcını, düşmənlərin kimliyini müəyyənləşdirməklə bağlı müzakirələr aparmağa imkan verdi.

– Son dövrlərdə E.Makronla Rusiya Prezidenti Vladimir Putin arasındakı münasibətlər normallaşma prosesindədir. Bu, ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaların və Ukrayna probleminin meydana gətirdiyi nəticə hesab oluna bilərmi?

– “Normallaşma”nın doğru söz olduğuna əmin deyiləm. Fransa ilə Rusiya dialoqunun yenidən başlaması onu göstərir ki, rəsmi Moskva bəzən tərəfdaş, bəzən isə təhdiddir, amma qətiyyən düşmən deyil. Buna görə də Ukraynadakı və Dağlıq Qarabağdakı münaqişə, nüvə silahlarına nəzarət və onların yayılmamasını təmin etmək kimi problemlərimizi həll etməyə çalışmalıyıq.

Rusiya həm Suriya, həm də Yaxın Şərqdə vacib amildir. Biz Rusiya ilə birlikdə İranın nüvə məsələsini həll etməyə və Körfəzdəki gərginliyi azaltmağa çalışırıq. Bu hərtərəfli dialoq uğurlu bir prosesin başlanğıcı ola bilər. Ancaq biz bu dialoqa sadəlövhcəsinə deyil, Fransa və Avropanın maraqları ilə bağlı dəqiq fikirlərlə giririk. Rusiya ilə dialoqda NATO müttəfiqləri olaraq maraqlarımızı müdafiə edəcəyik.

Tarix
2020.02.17 / 11:10
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla