Axar.az
Yuxarı

AB Bakıya İrəvandan 20 dəfə az pul ayırdı – Detallar

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi 2 iyul 2021-ci ildə “Şərq Tərəfdaşlığı proqramı” çərçivəsində 6 ölkəyə - Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova, Belarus və Ermənistana yaxın 5 ildə vəsait (qrant) ayrılması ilə bağlı qərar qəbul edib.

Ayrılan qrantın bərabər olmaması, xüsusilə Ermənistana Azərbaycanla müqayisədə az qala 20 dəfə çox vəsait nəzərdə tutulması birmənalı qarşılanmayıb. Halbuki işğaldan azad edilən ərazilərin infrastrukturunun bərpası üçün Azərbaycana külli miqdarda vəsait lazımdır, bu əraziləri illərlə dağıdan, sərvətlərini talayan Ermənistana yox.

Məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərlinin Axar.az-a müsahibəni təqdim edirik:

- Avropa Birliyinin Şərq Tərəfdaşlığı ölkələrinə ayırdığı 17 milyard vəsait ölkələr üzrə dəqiq necə bölünüb?

- Şərq Tərəfdaşlıq proqramı çərçivəsində ölkələrə yardımlar ilk dəfədir ayrılmır. Bundan öncə yardımlar olub, hətta Avropa Birliyindən Azərbaycan hökuməti qrantlar da alıb. Sadəcə ilk dəfədir ki, 5 illik proqram qəbul olunur və iri məbləğlərdən söhbət gedir. Şərq Tərəfdaşlığı ölkələrinə ümumilikdə yaxın 5 ildə 17 milyard avroya yaxın vəsait ayrılıb. Ən çox vəsait alacaq ölkə Ukraynadır. Bu rəqəm açıqlanmasa da, ilkin hesablamalara görə, 5 milyarddan yuxarıdır və ilə təqribən 1 milyard avro düşür. Cənubi Qafqaz ölkələrindən ən çox Gürcüstana ayrılıb - 3,9 milyard avro. Ermənistana isə 1,6 milyard avro ayrılmışdı. Sonradan daha 1 milyard artırılması ilə bağlı qərar verildi, amma bu məbləğ yardım şəklində olmayacaq. 1 milyard avro Ermənistana çox aşağı faizlə və ya faizsiz kredit şəklində veriləcək.

- Azərbaycana nə qədər vəsait nəzərdə tutulub?

- Azərbaycana 145 milyon avro nəzərdə tutulub. Azərbaycan tərəfdaş ölkələr arasında ən az yardım ayrılan ölkədir. Çünki Gürcüstan, Moldova, Ukrayna da Avropa Birliyi ilə müqavilə imzalayıb. Gürcüstan və Ukraynaya daha yüksək məbləğ ayrılıb və bu, onların AB ilə üst səviyyəli müqavilə imzalaması ilə bağlıdır. Ermənistan da 2017-ci ilin dekabrında Avropa Birliyi ilə əməkdaşlıq müqaviləsi imzaladı, amma bu müqavilə Gürcüstan və ya Ukraynanın bağladığı müqavilədən daha aşağı səviyyəlidir. Ancaq hər halda müqavilə var və bu saziş Avropa Birliyi fondlarından Ermənistanın birbaşa yardım almasını asanlaşdırır. Azərbaycan bu müqaviləni imzalamayıb deyə, çox aşağı yardım ayrılması ilə bağlı qərar verildi. 2018-ci ildə müqavilə ilə bağlı danışıqlar gedirdi, 92%-ə yaxın müqavilə şərtləri razılaşdırılmışdı. Təəssüf ki, bu müqavilə hələ də imzalanmayıb. Müqavilə olsa idi, ən az Ermənistana ayrılan qədər yardım ala bilərdik.

- Belarus AB ilə belə bir müqavilə imzalayıbmı?

- Belarusun AB ilə müqaviləsi yoxdur…

- Belarusun AB ilə müqaviləsi yoxdur, üstəlik, Belarus Şərq Tərəfdaşlığından çıxdığını rəsmən elan edib. Ancaq Azərbaycandan bir neçə dəfə çox vəsait ayrılıb Belarusa…

- Doğrudur, Belarusa 850 milyon avro civarında vəsait ayrılıb. Ancaq burada önəmli detal odur ki, Belarusda bu vəsait hökumətə ayrılmayıb. Vəsait Belarus müxalifətinə, Belarus sivil toplumuna və ya media qurumlarına veriləcək. Belarus hökuməti son hadisələrdən sonra AB ilə bağlarını tam qoparıb.

- 5 il müddətində ayrılmalar necə bölünəcək?

- Əlbəttə ki, hesabatlılıq və şəffaflıq əsas meyarlardan biridir. Hər il yanvar ayından ayrılan vəsaitin bir hissəsi ödəniləcək, ilin sonunda dövlət tərəfindən bunun hesabatı veriləcək. Hesabat qəbul edildikdən növbəti tranşlar olacaq.

- Vəsaitin hansı istiqamətlərə sərf olunması nəzərdə tutulub?

- Əsasən müəyyən infrastruktur layihələrinə xərclənəcək. Yaşıl iqtisadiyyata, alternativ və bərpaolunan enerjiyə keçid, ekoloji-iqtisadi modelin qurulmasına, vətəndaş cəmiyyətinə və medianın inkişafına yardım tipli proqramlar nəzərdə tutulub.

- Səhv etmiriksə, yardımlar bir çox halda dövlətlərin özlərinə verilməyəcək, bu ölkələrdə iş görən Avropa şirkətlərinin hesabına yatırılacaq. Prosesi izah etməyiniz xahiş edirik.

- Vəsaitin ayrılma qaydalarının bir çox üsulları var. Bir çox hallarda söhbət logistika və ya hansısa yatırımlardan gedirsə, AB ölkələri öz şirkətlərinin bu işdə fəaliyyət göstərməsində təbii ki, maraqlıdırlar. Çox güman ki, burada da vəsaitin böyük hissəsinin istifadəsi AB şirkətləri tərəfindən həyata keçiriləcək.

- Azərbaycanın bu ilin sonuna qədər AB ilə assosiativ saziş imzalayacağı gözlənilir. Artıq deyildiyi kimi, müqavilə şərtlərinin 90 faizindən çoxu razılaşdırlıb. Əgər bu saziş ilin sonuna qədər imzalanarsa, Azərbaycana ayrılan yardım artırıla bilərmi?

- Bu ilin dekabrında Şərq Tərəfdaşlığı ölkələrinin bir tədbiri nəzərdə tutulub. Güman edirik ki, Azərbaycan Prezidenti də həmin tədbirdə iştirak edəcək. Müqavilənin şərtlərinə uyğun olaraq, Azərbaycanın tələbləri də nəzərə alınmalıdır və böyük ehtimalla müqavilə imzalanacaq. Prezidentin də son açıqlamalarından bəlli olur ki, müqavilənin imzalanması ehtimalı böyükdür. Bu müqavilənin imzalanması Azərbaycana çox şey verəcək. 2021-ci ildə olmasa da, 2022-2023-cü illərdə Azərbaycana ayrılan vəsaitin artırılması nəzərdən keçirilə bilər.

- Bu sazişin üstün və narahatlıq doğuran cəhətləri nədir? İddialara görə, müqavilədə kommunal xidmətin bahalaşdırılmasından tutmuş enerji daşıyıcılarına qədər, bir sıra məqamlar var. Eyni zamanda Ümumdünya Ticarət Təşkilatına üzv olmaq da bəzi risklər yaradır…

- Azərbaycan tərəfi bu təşkilata üzv olmağa tərəddüd edir. Bunun rəsmi səbəbi ondan ibarətdir ki, biz ÜTT-yə üzv olsaq, daxili istehsalçılar, o cümlədən fermerlərin məhsullarını qoruya bilməyəcəyik. Ucuzlaşma ilə kənd təsərrüfatına ziyan dəyə bilər. Amma önləyici tədbirlər var axı! Subsidiyalar nəzərdə tutulub. Hətta ÜTT-yə üzv olan ölkələr də bundan istifadə edə bilər. Lakin subsidiyalar daha şəffaf şəkildə ayrılmalıdır. 10 ildən sonra bu, minimuma enməlidir. Azərbaycan bu şərtləri qəbul etsə, qarşı tərəf də razılaşsa, mənə elə gəlir ki, ÜTT-yə üzv olmaq Azərbaycanın xeyrinədir. Kommunal qiymətlərin bu tip müqavilələrlə heç bir əlaqəsi yoxdur. Dünya Bankı və Beynəlxalaq Valyuta Fondu ilə kredit müqavilələrində kommunal xidmətlərin bahalaşdırılması şərti qoyulur. Azərbaycanın nə Dünya Bankı, nə də Beynəlxalq Valyuta Fondu ilə müqaviləsi var. Heç buna ehtiyacımız da yoxdur. Valyuta ehtiyatlarımız kifayət qədər yüksək səviyyədədir. AB ilə müqavilədə isə bu şərtlər yoxdur və narahat olmağa dəyməz.

Tarix
2021.07.30 / 09:00
Müəllif
Aytəkin Qardaşova
Şərhlər
Digər xəbərlər

Azərbaycanda yeni siyasi konfiqurasiya qurulub – Vəliyev

Hikmət Hacıyev gürcü jurnalistlərlə görüşdü

İlham Əliyev Putinə zəng etdi

Ceyhun Bayramov ABŞ-a getdi

Koffi: BMT istəksizlik sərgilədi, Bakı özü həll etdi

Paşinyan mənimlə görüşməyi arzulayırsa... - Ərdoğan

İrandan qonşularla bağlı açıqlama: Yeganə yol...

Qüdrət Həsənquliyev buna görə “vurulur” – Açıqlama

Əlcəzairin eks-prezidenti öldü

Rusiya işğalı rəsmiləşdirir - Donbası seçkiyə “qatdı”

KULT
<>
Xəbər xətti
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla