Yuxarı

41 mindən çox abituriyent qəbul imtahanı verəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
41 mindən çox abituriyent qəbul imtahanı verəcək

Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 5-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək.

Bu barədə Axar.az-a DİM-dən məlumat verilib.

Bildirilib ki, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Ucar, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq.

İştirakçılar iyunun 25-dən etibarən Dövlət İmtahan Mərkəzinin saytında "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilirlər.

"İmtahana buraxılış vərəqəsi"ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

Abituriyentlərin bir daha nəzərinə çatdırırıq ki, imtahan saat 10:00-da başlanır.

İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 172 imtahan binası, 3074 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 172 ümumi imtahan rəhbəri, 491 imtahan rəhbəri, 3808 nəzarətçi, 554 buraxılış rejimi əməkdaşı, 172 bina nümayəndəsi cəlb olunub.

II ixtisas qrupu üzrə imtahanda 18908, III ixtisas qrupu üzrə imtahanda isə 22714 nəfər olmaqla, ümumilikdə 41622 abituriyentin iştirakı nəzərdə tutulur.

İmtahanda 67 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

Hazırda qeyd olunan şəhər və rayonlarda imtahanlarda iştirak edəcək digər nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilir, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə iyulun 4-də təkrar baxış keçiriləcək və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.

Tarix
2026.07.01 / 14:34
Müəllif
Axar.az
Digər xəbərlər

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla