İtaliyanın nüfuzlu "Il Libero" qəzetində Azərbaycanın
İtaliyadakı səfiri Məmməd Əhmədzadənin jurnalist Miska Rucceriyə
(Miska Ruggeri) verdiyi müsahibə dərc olunub.
Səfirlikdən Axar.az-a verilən məlumata görə, jurnalistin "Papa
Fransiskin Azərbaycana səfərini necə qiymətləndirirsiniz" sualını
cavablandıran M.Əhmədzadə səfərin ölkəmizin multikonfessional ölkə
kimi təsbit olunması baxımından əhəmiyyətli olduğunu, ölkəmizlə
Vatikan arasında ənənəvi sıx əlaqələrin mövcud olduğunu, hələ
2002-ci ildə Papa II İohann Pavelin ölkəmizə səfəri zamanı
Azərbaycan hökumətinin Bakıda katolik kilsəsinin inşası üçün ərazi
ayırması və hazırda burada fəaliyyət göstərən kilsənin ölkə
katoliklərinin mərkəzi olduğunu qeyd edib. Azərbaycanın birinci
xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun
katolik mədəni irsinin bərpası istiqamətində fəaliyyətinin
Azərbaycanla Vatikan arasında əlaqələrin daha da möhkəmlənməsinə
töhfə verdiyini bildirib.
Jurnalistin əhalisinin tam əksəriyyətini müsəlmanlar təşkil edən
və azsaylı katolik icması olan Azərbaycanın multikuluturalizm və
multikonfessional model ölkə kimi təqdim edilməsinin nə ilə bağlı
olması sualına cavab olaraq M.Əhmədzadə ölkəmizin tarixən
multikonfessional, çox mədəniyyətli və multietnik dövlət olmasını
bildirib, Konstitutiyamızın etnik və dini mənsubiyyətindən asılı
olmayaraq, bütün vətəndaşlar üçün bərabər hüquqlar təmin etdiyini
vurğulayıb. Ölkəmizdə ictimai və özəl həyatın bərabərlik prinsipinə
əsaslandığını, müxtəlif dinlərin harmoniya içində mövcudluğunu,
Bakı və əhalisi çox olan digər şəhərlərimizdə məscidlər, kilsələr
və sinaqoqların fəaliyyət göstərdiyini, dövlət rəsmilərinin
müxtəlif dini icmaların bayramlarında heç bir fərq qoymadan iştirak
etdiyini deyib. Ölkəmizin bu xüsusiyyətlərə malik olmasını nəzərə
alaraq cari ilin aprel ayında BMT Sivilizasiyalar Alyansının 7-ci
Qlobal Forumunun məhz Bakıda keçirilməsinin təsadüfi olmadığını
bildirib.
Dini "soyuq müharibə" kimi təqdim edilən Dağlıq Qarabağ
münaqişəsinin hələ də həll olunmadığına dair suala cavab olaraq
M.Əhmədzadə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dini
münaqişə kimi təqdim edilməsinin gülünc olduğunu, Bakının
mərkəzində yerləşən erməni kilsəsinin dövlət tərəfindən bərpa
edildiyini və orada erməni dilində 5 min kitabın saxlanıldığını
deyib. Diplomat əlavə edib ki, Ermənistan bilərəkdən münaqişəni
dini zəmində təqdim edərək xristian aləmində ictimai fikri öz
tərəfinə çəkməyə çalışır. Bu münaqişənin Ermənistanın Azərbaycana
qarşı ərazi iddiaları üzərində qurulduğunu, SSRİ-nin süqutu ilə
Ermənistanın ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin
20%-ni, o cümlədən Dağlıq Qarabağ regionu və onun ətrafındakı 7
rayonu işğal etdiyini, bir milyon azərbaycanlıları qaçqın və
məcburi köçkün vəziyyətinə saldığını, qaçqın və məcburi köçkünlərin
ölkənin ümumi əhalisində faizinə görə Azərbaycanın dünyada birinci
yerdə olduğunu deyib.
Jurnalistin münaqişənin törətdiyi yaraların nə vaxt sağalacağı
ilə bağlı sualını cavablandıran M.Əhmədzadə vurğulayıb ki, nə vaxta
qədər ki, azərbaycanlı qaçqın və məcburi köçkünlər öz doğma
yurdlarına qayıtmayacaq, Ermənistan silahlı qüvvələrinin işğal
olunmuş ərazilərimizdən çıxarılmasını tələb edən çoxsaylı
beynəlxalq sənədlər, o cümlədən BMT TŞ-nin 4 qətnaməsi icra
olunmayacağı təqdirdə yaraların sağalması mümkün deyil. Dağlıq
Qarabağ münaqişəsinin tarixin ağrılı səhifələrindən olduğunu,
2017-ci ildə erməni vəhşiliyinin simvolu olan Xocalı soyqırımının
anılmasının 25-ci ildönümünün qeyd ediləcəyini vurğulayan diplomat
bu soyqırımının acı nəticələri barədə məlumat verib və bu faciənin
beynəlxalq ictimaiyyət tərəfindən qınanılmasının vacibliyini deyib.
Bundan əlavə, Ermənistanın aprel ayında ölkəmizə qarşı törətdiyi
yeni hərbi təcavüzü barədə məlumat verib, erməni tərəfinin ölkəmizə
qarşı yalan və gülünc iddialarına cavab olaraq Ermənistan
qoşunlarının tərkibində ASALA erməni terrorist təşkilatının
üzvlərinin olduğunu, Azərbaycana qarşı erməni hərbi qüvvələrinin
kimyəvi silahlardan istifadə etdiyini və ölkəmizin nüvə silahı ilə
təhdid edildiyini bildirib.
Rəsmi Moskvanın son dövrlərdə vasitəçilik səylərini artırmasının
münaqişənin həllinə töhfə verə biləcəyi sualına cavab olaraq
M.Əhmədzadə, bunun əlbəttə ki, sülh prosesinə kömək edə biləcəyini
deyib, Azərbaycanın hər zaman münaqişənin sülh yolu ilə həllində
maraqlı olduğunu, lakin sülhün ancaq Ermənistan silahlı
qüvvələrinin işğal edilmiş ərazilərimizdən çıxacağı halında mümkün
olacağını bildirib. Beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş
sənədlərin yerinə yetirilməsi üçün dünya ictimaiyyətinin dəstəyinin
vacibliyini vurğulayan diplomat Ermənistanın status-kvonun
dəyişməli olduğunu qəbul etməsi, danışıqlarda imitasiya etməyi
dayandırması, substantiv danışıqlara başlamaq üçün konstruktivlik
nümayiş etdirməsi vaxtının gəlib çatdığını deyib.