Lənkəran özünün tarixi abidələri ilə
zəngindir.
Şəhər Mədəniyyət və Turizm Şöbəsindən APA-ya verilən məlumata görə, Respublika
Nazirlər Kabinetinin müvafiq qərarı ilə rayonda 87 tarix və
mədəniyyət abidəsi qeydə alınaraq dövlət mühafizəsinə götürülüb.
Həmin abidələrin turizm üçün istifadəsi məqsədilə marşrut xəritəsi,
eləcə də ingilis, rus və Azərbaycan dillərində məlumatlar
hazırlanıb.
Bunlardan əlavə, tarix və mədəniyyət abidələrinin yenidən
siyahıya alınması ilə bağlı Lənkəran rayonu ərazisindəki abidələrin
adları, tarixləri, ünvanları və koordinatları dəqiqləşdirilib,
onlar haqqında məlumatlar toplanılaraq respublika Mədəniyyət və
Turizm Nazirliyinə təqdim olunub. Lənkərandakı tarixi abidələrdən
biri də müqəddəs ziyarətgah sayılan, rayonun Şıxəkəran kənd
qəbiristanlığında yerləşən Şeyx Zahid türbəsidir.
Tədqiqatçı-tarixçi İldırım Şükürzadənin sözlərinə görə, Şeyx Zahid
öz dövrünün tanınmış ziyalısı, alim, müəllim, şair və mömini
olub.
Şeyx Zahid 1215-ci il martın 22-də Lənkəran rayonunun Siyavar
kəndində Şeyx Rövşən Əmirin ailəsində andan olub. Şeyx Rövşən Əmir
İranın Gilan vilayəti kəndlərinin birində evləndikdən sonra
Lənkəranın Siyavar kəndinə köçüb. Şeyx Zahidin əsl adı Tacəddin
İbrahimdir. O, dövrünün böyük alimi Eyn əz-Zaman Seyid Cəmaləddinin
müridi olub. Gilan mahalının Malvan kəndində doğulan Şeyx
Cəmaləddin sonralar Astaraya köçərək ömrünün sonunadək burada
yaşayıb. O, 1253-cü ilin noyabrında vəfat edib və Butəsər (indiki
Pensər) kəndində dəfn olunub. Hazırda Şeyx Cəmaləddinin dəfn
olunduğu yer pir kimi məşhurdur. Şeyx Cəmaləddin şagirdi Tacəddin
İbrahimə böyük ümidlər bəsləyib. Vəfat edərkən ona başladığı işi
davam etdirməyi, sufi təriqətinə başçılıq etməyi vəsiyyət etməklə
Tacəddin İbrahimə "Zahid"lik dini rütbəsini verib. "Zahid" ərəb
dilində ibadətlə məşğul olan mənasını ifadə edir. Şeyx Zahid Gilani
də məhz hörmət və ehtiram əlaməti olaraq sonradan oğluna müəllimi
Cəmaləddinin adını qoyub.
Şeyx Zahid ömrünün çoxunu Hiləkəranda (Lənkəranın Şıxəkəran
kəndi) keçirib. Zəmanəsinin tanınmış mürşidi sayılmaqla yanaşı,
əkinçiliklə məşğul olan Şeyx Zahidin xeyriyyəçiliyi, şairliyi
haqqında müxtəlif mənbələr xəbər verir. Müridləri Gilan, Muğan və
Şirvanda dini təbliğ edən görkəmli şəxsiyyətlər olublar. Onlardan
biri də varisi, müridi, təriqət davamçısı Şeyx Səfiəddin idi.
İyirmi dörd yaşında Lənkərana gələrək Şeyx Zahiddən dərs alan Şeyx
Səfiəddin onun qızı Bibifatimə ilə evlənib. Bu nikahdan onların
Məhiyyəddin, Sədrəddin və Əbu Səid adlı oğulları dünyaya gəlib.
İctimai-siyasi xadim, sərkərdə Şah İsmayıl Xətainin dördüncü babası
Şeyx Sədrəddin Musanın (1305-1392) anası Lənkərandan, atası isə
Ərdəbilin Kelxoran kəndindəndir.
Şeyx Zahid Azərbaycan, ərəb, fars, kürd, talış və gilək
dillərini bilməklə yanaşı, eyni zamanda poeziyaya da böyük maraq
göstərib. Müridləri də onun yolunu davam etdiriblər.
O, Azərbaycanın bir çox yerlərinə, xüsusən müridləri yaşayan
Güştas (Salyan), Mahmudabad, Sərab, Ərdəbil, Meşkin, Xalxal, Xoy və
digər şəhərlərə səyahət edib. Ehtiyacı olanlara yardım əli uzatmaq
üçün dövrünün hökmdarları və vəzifə sahibləri ilə görüşüb. Onun
Muğanda Qazan xanla üç dəfə görüşdüyü (1290/95-ci illər) bildirilir
və bu, onun böyük hörmət sahibi olduğunu təsdiq edən bir hal kimi
qiymətləndirilir. Şeyx Zahidin xahişilə Astara hakimi Məlik Əhmədin
həbsdən azad etdirilməsi də məxəzlərdə xüsusi qeyd olunub.
A.A.Bakıxanovun "Gülüstani-İrəm" adlı məşhur əsərində, yazıçı
Fərman Kərimzadənin "Xudafərin körpüsü" romanında Şah İsmayılın
1501-ci ildə ulu babası Şeyx Zahidin məqbərəsini ziyarət etməsi
özünün təsvirini tapıb.
İsgəndər bəy Münşi "Tarixi-alamarayi Abbasi" adlı əsərində yazır
ki, I Şah Abbas (1587-1629) Şeyx Səfiəddinin məzarını ziyarət etmək
üçün Ərdəbilə, Şeyx Zahidin məzarını görmək məqsədilə 1609-cu ildə
Şıxəkərana gedib. O, hər iki məzarı təmir etdirib.
Türbənin tədqiqatçıları qeyd edirlər ki, Şeyx Zahid məqbərəsinin
ərazisi fəxri dəfnlər yeri olub. Məqbərə Təbriz və Şirvan-Abşeron
memarlıq üslubunda tikilmiş möhtəşəm minarəsi, kaşı bəzəkləri ilə
diqqəti cəlb edib.
Şeyx Zahid 1300-cü ilin mart ayında vəfat etdikdən sonra onun
məzarı ziyarətgaha çevrilib. Ona görə müridi və kürəkəni Şeyx
Səfiəddin məzarın üstündə məqbərə tikdirib. İslam dininin
təbliğatçısı kimi Şərqdə böyük nüfuza malik olan Şeyx Zahidin
məqbərəsi tez-tez ziyarət olunub.
Tarixdən bəllidir ki, Şeyx Zahidin məqbərəsini bir neçə dəfə sel
suları basıb. 1478-ci ildə məzarı yenidən su basdıqda Şah İsmayıl
Xətainin atası Şeyx Heydər bir neçə nəfər mahir bənna və nəccarla
gələrək, məqbərə ilə günbəzi yenidən təmir etdirib. Şah İsmayıl
Xətainin ulu babası Şeyx Zahidin məqbərəsi ötən əsrin 30-cu
illərində digər türbə, məqbərə, pirlər kimi dağıdılıb. 1950-ci
illərin əvvəllərində o, şıxəkəranlı usta Dadaş Nəzər oğlu
(1896-1969) tərəfindən türbə kimi yenidən təmir olunub.
Məlumata görə, Şeyx Zahidin qırxdan çox törəməsi hazırda
Türkiyədə yaşayır.