Ana səhifə Toplum |
Son vaxtlar valideynlər müntəzəm olaraq azyaşlı uşaqlarının foto və videolarını sosial şəbəkələrdə paylaşırlar. Bir sıra xarici ölkələrdə mütəxəssislər, psixoloqlar bunun düzgün olmadığını düşünürlər. Mütəxəssislər bildirirlər ki, hüquqi və etik çərçivədən baxanda fərdin icazəsi və razılığı olmadan fotolarını, videosunu paylaşmaq düzgün davranış deyil. Hətta qanun pozuntusu hesab olunur. Uşaqlar isə razılıq verib-verməmək kimi bir şüura sahib olmadıqları üçün fikir bildirə bilmirlər. Məhz buna görə, mütəxəssislər valideynlərin onların fotolarını paylaşmaq haqqına sahib olmadıqlarını bildirir. Hətta bir sıra xarici ölkələrdə sözügedən halların baş verəcəyi təqdirdə cərimələr nəzərdə tutulub.
Mövcud problemlə bağlı Axar.az-a danışan hüquqşünas Fərhad Mehdiyev bildirib ki, valideynlər yetiklink yaşına qədər olan uşaqların qanuni nümayəndəsi hesab olunur. Buna görə də onların uşaqların adından çıxış etmək ixtiyarları var:
“Uşaqların valideynləri onların qanuni nümayəndəsi sayılır. Ana və atanın hüququ var ki, övladlarının mənafeyinə xələl gətirməyən məsələdə uşağın şəxsi həyatı ilə bağlı qərar versin. Bu, qəbul olunan haldır. Əgər valideyn uşağın şəxsi həyatına xələl gətirən bir işlə məşğul olursa, dərhal şikayət olunmalıdır. Belə hallar baş verərsə, uşağın digər himayəçiləri məsələ ilə bağlı valideynləri hüquq-mühafizə orqanlarına şikayət edə və məhkəmə qarşısında vəsatat qaldıra bilər.
Valideynlər də bu məsələdə xüsusi məsuliyyət daşıyır. Ana-ata düşünməlidir ki, bu paylaşım gələcəkdə uşağın şəxsi həyatında problem yarada bilər. Tutaq ki, valideyn uşağın şəklini paylaşıb maddi yardım istəyirsə, fiziki qüsurlu fotosunu paylaşırsa, bu, uşağın ləyaqətinə təsir göstərə bilər. Fikirləşmək lazımdır ki, bəlkə uşaq bunun belə olmasını istəmir?
Bundan əlavə, Avropada valideynlər uşağın tərbiyə metodunu özü seçə bilər. Məsələn, valideynlər övladlarının təhsili, dini görüşü və s. barədə qərar verə bilərlər. Amma ümumilikdə valideynin seçdiyi metodlar uşağın şəxsi həyatına, onun mənəviyyatına mənfi təsir göstərməməlidir. Əks halda dövlətin buna etiraz hüququ var”.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə görə, sosial şəbəkələrdə paylaşılan məlumatları əldə etmək daha asandır. Bu baxımdan nəzərə almaq lazımdır ki, belə paylaşımların sağlam niyyəti olmayan müəyyən qruplar və şəxslər tərəfindən istifadə olunması ehtimalı yüksəkdir:
“Sosial media açıq bir şəbəkədir. Bu şəbəkədən istifadə edən xeyli sayda fırıldaqçı insanlar var. Hansı ki, sosial şəbəkələrdə paylaşılan uşaq foto və videolarından müxtəlif məqsədlər üçün istifadə edə bilərlər. Təəssüf ki, belə hallar kifayət qədər çoxdur. Buna görə də mütəxəssislər, ekspertlər və sosial media resurslarının adminstrasiyası tərəfindən məsləhət görülür ki, kiçik yaşda olan uşaqların şəkilləri və videoları paylaşılmasın. Çünki bu, gələcəkdə hansısa xoşagəlməz hallara gətirib çıxara bilər.
Cinayətkar qruplar real həyatda olduğu kimi virtualda da mövcuddur. Məsələn, cinayətkarlar, uşaq alveri ilə məşğul olan şəxslər azyaşlılar haqqında sosial mediada paylaşılan məlumatlardan istifadə edərək, onları qaçıra və ya onların fotolarından reklam və s. məqsədlər üçün istifadə edə bilər. Bu baxımdan hesab edirəm ki, uşaqların foto və videolarının sosial şəbəkələrdə paylaşılması arzuolunan deyil”.
Tarix
2017.09.28 / 01:50
|
Müəllif
Büllurə Yunus
|