Yüksək təhsilə dəstək məqsədilə 1960-cı ildən fəaliyyət
göstərən "Canadian Scholarship Trust Plan"ın araşdırması
nəticəsində gələcəyin qeyri-adi peşələri müəyyən
edilib.
Axar.az həmin peşələri təqdim edir.
Kifayət qədər pulu olanların üz tutacağı nostalgiya
mütəxəssisləri onlara müraciət edənlərin istədiyi dövrə uyğun
olaraq dizayn işini həyata keçirəcək memarlar olacaqlar. Bu peşə
üçün axtarılan əsas xüsusiyyət müəyyən bir dövrü olduğu kimi
yenidən yaratmaq deyil, həmin dövrün insanda yaşatdığı hissi
yaratmaqdır.
Uzaqdan cərrahiyyə sistemində peşəkarlaşan telecərrahlar tibb
dünyasında inqilab edəcək. Ənənəvi tibb təhsili ilə yanaşı robot
bacarıqlarını da inkişaf etdirməli olan bu həkimlər, insan həyatını
istiqamətləndirən sürətli informasiya axınına və nəzarəti təmin
edən müxtəlif videosistemlərə də nəzarət edəcəklər.
Min illərdir təbiətin bizə təqdim etdiyi nemətlərdən istifadə
edirik və əvəzində meşələrə, ətraf-mühitə qarşı heç də yaxşı
münasibət bəsləmirik. Buna görə də 21-ci əsrin ən böyük
problemlərindən biri təbii ehtiyatların tükənməsidir. Bunun
qarşısını almaq üçün də bir vaxtların fermerləri yaşıllaşdırıcı
olacaqlar. Bitkiləri, heyvanları qısaca təbiəti sevən, əkin-biçini
bacaran insanlar bu peşəyə yönələcəklər.
Zibil dizaynerləri yüksək keyfiyyətli tullantıları yenidən emal
edərək tamam başqa və yeni məhsul yaradacaqlar. Bu işin bir digər
məqsədi də dünyadakı tullantıların miqdarını azaltmaqdır. Oyuncaq,
tekstil və mebel sektorlarında istehsalla məşğul olan şirkətlər də
istifadə etdikləri məhsulları yoxlamaq üçün bu peşə sahiblərinə
ehtiyac duyacaqlar.
Özünüzə bir iş qurduqdan sonra yarana biləcək potensial
problemlərin, vaxt itkisinin, işçilərin yaşadığı motivasiya
azlığının qarşısını alacaq birinə ehtiyac duyacaqsınız. Bu iş üçün
insanların hansı şəraitdə daha rahat və dolayısı ilə daha məhsuldar
olduğunu bilən biri xüsusilə də sosial işçilər bu peşə üçün ideal
namizəd olacaqlar.
Xəstəxanalarda xəstələrin və ya yaxınlarının problemlərini
azaldacaq bir insan- Sağlıq naviqatoru. Tibb sistemilə bağlı
məlumatları bir yerə toplayan və insanları ən doğru həkim, əczaçı,
tibb bacısına yönəldən biri bu iş üçün ideal namizəd olacaq.
2030-cu ilə çatdıqda 65 yaşından yuxarı olan insan sayı bütün
dövrlərdəkindən çox olacaq, yəni dünya getdikcə yaşlanır. Ölüm
terapistləri sənəd işlərindən tutmuş ölümü asanlaşdıracaq yollara
qədər hər mövzuda insanları məlumatlandıran, hüquqi və psixoloji
yardım göstərən şəxslər olacaqlar. Sosial xidmətlər, tibb, təhsil,
psixologiya sahəsində çalışanlara üstünlük veriləcək.
Oyunlaşdırma yaradıcıları insanlar üçün darıxdırıcı və çətin
gələn fəaliyyətləri oyunlaşdıraraq, motivasiyanı yüksəltmək,
psixoloji vəziyyəti yaxşılaşdırmaq, həvəsləndirmək üçün çalışan
insanlar olacaqlar.
Yaxın gələcəkdə robotların insan həyatında yeri və rolu bir
qədər də artacaq. Artıq robotlar evdə insanlara xidmət edəcək və
müxtəlif işlərini görəcək. Robot məsləhətçiləri insanlara bu yöndə
hansı ehtiyaca və ya işə uyğun robot lazım olduğuna qərar
verəcəklər. Həmçinin, bu mütəxəssislər alıcılara müştəri xidmətləri
göstərəcək və lazımi məsləhətlər verəcək.