Türkiyənin məşhur kafe brendlərindən olan MADO
şəbəkəsinin bütün kafeləri Bakıda boykot edilib.
Axar.az-ın verdiyi xəbərə görə, boykotun səbəbi
adı çəkilən restoranın sakinlərin hərəkəti üçün nəzərdə tutulan
keçidi zəbt edərək yolu bağlamasıdır.
Feysbuk sosial şəbəkəsində bunun üçün "tədbir" ("event")
yaradılıb.
"MADO-nu boykot edək" virtual tədbirini təşkil edən jurnalist
Tural Qurbanlı saytımıza bildirib ki, onların əsas tələbi keçiddə
Nizami küçəsində adıçəkilən restoran tərəfdə hərəkətin bərpa
edilməsidir:
"Bu, virtual etirazdır. Biz etiraz edən insanların sayını
çoxaltmaqla restoran sahiblərini qanunsuz əməllərindən çəkinməyə
çağırırıq. İnsanlar kafedə oturanları narahat etmək
istəmədiklərindən və özləri də oradan keçərkən narahat
olduqlarından onların hərəkəti üçün tikilmiş keçidlə deyil, günün
altıyla hərəkət edirlər. Bunun məsuliyyətini MADO mağazası
daşıyır".
Jurnalist paytaxt sakinlərinə çağırış etməyi də unutmadı:
"Oradan keçənlər kafenin zəbt etdiyi keçiddən istifadə etsin.
Vaxtı olanlar axşam saat 8-9 arası şəhərə gəlsin. Dostlarımızla
kütləvi şəkildə keçiddə gəzişəcəyik. Onlar insanların haqqını
pozmağa son qoyana qədər etirazlarımız davam edəcək".