Daxili işlər və prokurorluq orqanlarının əməkdaşları
tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat
tədbirləri nəticəsində Sabunçu rayonunda törədilmiş qətlin "isti
izlər"lə açılması və onun törədilməsində şübhəli bilinən şəxsin
tutularaq məsuliyyətə cəlb olunması təmin edilib.
Belə ki, iyulun 12-də 20-25 yaşlarında şəxsiyyəti istintaqa
məlum olmayan üzərində zorakılıq əlamətləri olan kişi meyiti aşkar
edilmişdi.
Fakta bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin
120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi
başlanmışdı.
Aparılmış istintaqla qətlə yetirilmiş şəxsin 1994-cü il
təvəllüdlü, Salyan şəhər sakini Xudiyev Nurlan Xudaverdi oğlu
olması müəyyən edilmişdi.
Həyata keçirilmiş tədbirlər nəticəsində cinayəti törətməkdə
şübhəli bilinən 1994-cü il təvəllüdlü, Bakı şəhər sakini Məcidli
Zamin Tofiq oğlu iyulun 19-da tutulub. Z.Məcidli sübhəli şəxs
qismində dindirilərkən törətmiş olduğu cinayəti etiraf edərək
cinayətin aləti olan mətbəx bıçağını və N.Xudiyevin üzərində olmuş
fotoşəkilləri yaşadığı evin həyətində basdırdığını bildirib. Onun
ifadəsi yerində yoxlanılarkən həmin bıçaq və fotoşəkillər aşkar
edilərək götürülüb.
İş üzrə çoxsaylı şahid ifadələri alınmış və müvafiq
ekspertizalar təyin edilib.
Hazırda istintaq tədbirləri davam etdirilir.
Trend