Bu gündən Azərbaycanda ali təhsil müəssisələrinə tələbə
qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi
başlayıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilən xəbərə
görə, bu proses avqustun 5-dək aparılacaq. Müsabiqə şərtlərinə
əsasən, I ixtisas qrupu üzrə ixtisas seçimində ümumi balı 150-dən,
hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan
fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az
olmayan müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə
bilərlər. Ümumi balı 300 və daha çox olan abituriyentlərin ixtisas
seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi
bal məhdudiyyəti tətbiq olunmur. Dövlət sifarişli ixtisasların
müsabiqəsində ümumi balı 250-dən, hər bir imtahan fənni üzrə
ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər
iştirak edə bilərlər.
IV ixtisas qrupu üzrə ixtisas seçimində ümumi balı 150-dən, hər
hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin
hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan
abituriyentlər iştirak edə bilərlər. Ümumi balı 300 və daha çox
olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların
fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.
Dövlət sifarişli ixtisasların müsabiqəsində ümumi balı 300-dən, hər
bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az
olmayan abituriyentlər iştirak edə bilərlər. Azərbaycan Dövlət
Aqrar Universitetinin I və IV qruplar üzrə ixtisaslarını ümumi balı
150-dən az olmayan abituriyentlər seçə bilərlər (fənlər üzrə
cavablara nisbi bal məhdudiyyəti tətbiq olunmur).
II qrup üzrə ixtisas seçimində ümumi balı 150-dən, ixtiyari bir
imtahan fənni istisna olmaqla qalan hər bir imtahan fənni üzrə
ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər
iştirak edə bilərlər. Ümumi balı 300 və daha çox olan
abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər
üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur. Dövlət
sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı
300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi
balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
III qrup üzrə ixtisas seçimində isə ümumi balı 200-dən, ixtiyari
bir imtahan fənni istisna olmaqla qalan hər bir imtahan fənni üzrə
ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər
iştirak edə bilərlər. Ümumi balı 350 və daha çox olan
abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər
üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur. Dövlət
sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı
350-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi
balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
Abituriyentlər ali təhsil müəssisələrinin imtahan verdikləri
ixtisas qrupuna aid 15-dək ixtisası seçir, elektron ərizə formasına
istədiyi ardıcıllıqla daxil edir və ixtisas seçimini
təsdiqləyirlər. Ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi
qabiliyyət tələb edən ixtisaslarını ərizələrində yalnız qabiliyyət
imtahanından TQDK tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə
uyğun qiymət alan abituriyentlər göstərə bilərlər.
APA