Bakı Şəhər Icra Hakimiyyətinin məsul işçisinin adı mülk
qalmaqalında hallanır. Belə ki, meriyanın hüquq şöbəsinin Cəlal
adlı əməkdaşı İran vətəndaşı Şəhram Pursəfəri və Azərbaycan
Pedaqoji Universitetin dekan müavini Allahverdi Cəfərovu himayə
etməkdə ittiham olunur.
Bu barədə AzNews.az-a müraciət edən Bakı sakini şəhər sakini
Yeganə Musa qızı Tahirova bildirir ki, məhz bu şəxs atasından ona
qalmış mülkün üçüncü şəxslərin ələ keçirməsinə şərait yaradır.
Y.Tahirova qeyd edir ki Atası Musa Tağıyev 90-cı ildə "Nazim"
kiçik müəssisəsini başqa bir şəxsdən alıb və müəssisəni
özəlləşdirib. Eyni zamanda şəhərin mərkəzində, hazırda Tahirovanın
yaşadığı evin birinci mərtəbəsində ərzaq dükanına sahib olub:
"Həmin vaxt İran vətəndaşı Şəhram Pursəfər və hazırda Azərbaycan
Pedaqoji Universitetinin dekan müavini işləyən Allahverdi Cəfərov
atamın dükanına sərinləşdirici içkilər gətirirdilər. A.Cəfərov
Şəhramın sürücüsü və köməkçisi idi".
Günlərin birində Musa Tağıyev Şəhram Pursəfərə bildirir ki,
Mərdəkan qəsəbəsində "Nazim" kiçik müəssisəsi adlı obyekti var və
oranı işlətmir. İran vətəndaşı Tağıyevə obyekti İran-Azərbaycan
birgə müəssisəsinə çevirərək işlətməyi təklif edir. M.Tağıyev
əvvəlcə razılaşmasa da, sonradan "Nazim" kiçik müəssisənin nəzdində
"Nüşabə" İran-Azərbaycan birgə müəssisəsi fəaliyyətə başlayır.
Müəssisəni bir müddət işlədəndən sonra gəlir əldə edə
bilmədiklərini görən tərəflər iş birliyini dayandırırlar.
2002-ci ildə İran vətəndaşı Şəhram Pursəfərin sürücüsü olmuş,
hazırda Azərbaycan Pedaqoji Universitetinin dekan müavini işləyən
Allahverdi Cəfərov Musa Tağıyevdən "Nazim" kiçik müəssisəsinin
bütün sənədlərini alır və müəssisəni üçüncü şəxsə icarəyə
verəcəyini bildirir. Razılaşmaya əsasən icarədən əldə olunan
gəlirin bir qismi Allahverdi Cəfərova, əsas hissəsi isə Musa
Tağıyevə çatacaqmış.
Bu razılaşmadan beş il sonra Cəfərovdan sənədlər geri istənilir
və bütün problemlər də bundan sonra başlayır: "Allahverdi Cəfərova
zəng vurdum. Bildirdi ki, müəssisəni başqa bir adama satıb. Amma
kimliyini demədi. Məsələ araşdırılandan sonra məlum oldu ki,
müəssisə 12 saylı dövlət notariat kontorunun intihar etmiş rəisinin
imzası olan etibarnamə ilə Allahverdi Cəfərovun həyat yoldaşı
Siyasət Tağıyevanın adına keçirib. Siyasət isə müəssisənin 70
faizini İran vətəndaşı Şəhram Pursəfərə satıb".
Yeganə Tahirova bildirir ki, bundan sonra Əzizbəyov (İndiki
Xəzər –red.) Rayon Polis İdarəsinə müraciət edir:
"Bizə məlum olmayan, əslində isə məlum olan səbəblərdən Əzizbəyov
polisi məsələ ilə bağlı cinayət işini qaldırılmasını rədd etdi.
Ardınca 2008-ci ildə Xəzər rayon məhkəməsinə müraciət etdik.
Məhkəmənin gedişatında atam dünyasını dəyişdi və məhkəmə hüquqi
varis kimi anamı tanıdı. Amma elə bir müddət sonra anam da vəfat
etdi və məhkəmə hüquqi varis kimi məni tanıdı".
2013-cü ildə Xəzər rayon məhkəməsinin hakimi Əkrəm Qəhrəmanov
Tahirovanın iddiasını əsassız hesab edərək təmin etmir. Bundan
sonra o, Bakı Apellyasiya Məhkəməsinə müraciət edir və hakim
iddianı təmin edir. Belə ki, Cəmilə Səfiyevanın sədrliyi və
məruzəsi, Saqi Məmmədov və Vüqar Həsənovun ibarət tərkibdə
keçirilən məhkəmə iclası 6 fevral 2014-cü ildə "Nazim" müəssisəsini
Y.Tahirovanın mülkü kimi tanıyır. Həmçinin məhkəmənin qərarı ilə
saxta etibarnamələr əsasında bağlanmış bütün əqdlər etibarsız hesab
edilir. Bakı Apellyasiya Məhkəməsin qərarıyla bağlı Ali Məhkəməyə
müraciət edən qarşı tərəf burda da uduzur. Belə ki, Tatyana
Qoldmanın sədrliyi ilə keçirilən məhkəmənin 12 iyun 2014-cü il
tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin verdiyi qərarı
qüvvədə saxlanılır.
Y.Tahirova bildirir ki, indiki mərhələdə qərarın icra olunmasına
Bakı Şəhərə İcra Hakimiyyətinin hüquq şöbəsinin Cəlal adlı işçisi
mane olur. Şikayətçinin bildirdiyinə görə, Hacıbala Abutalobovun
işçisi olan bu şəxsin dəstəyi ilə qeyri-qanuni hərəkətlər edilir:
"Hazırda qarşı tərəf 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə
müraciət edib. Bakı Şəhər icra Hakimiyyətinin başçısı Hacıbala
Abutalıbovun imzasıyla məhkəməyə daxil olan iddia ərizəsində
göstərilir ki, guya torpaq təyinatı üzrə istifadə olunmayıb.
Təbii ki, bütün bunlar əsassızdır. Bütün bunları həyata keçirən
və Allahverdi Cəfərovla və İran vətəndaşını himayə edən Cəlal adlı
həmin şəxsdir. Allahverdi Cəfərov isə mənə hədə-qorxu gəlir. Deyir
ki, bu işdən əl çək, qızlarına yazığın gəlsin. Mən başa düşmürəm
ki, icra hakimiyyətinin işçisi bir iranlı dələduzu və özünü müəllim
hesab edən Allahverdi Cəfərovu niyə müdafiə edir? Görəsən
doğrudanmı Hacıbala Abutalıbovun onun adından məhkəməyə göndərilən
iddia ərizəsindən xəbəri var? Bütün instansiya məhkəmələrdə qalib
gəldiyimiz halda Bakı meriyasının məsul əməkdaşının bu şəxsləri
himayə etməsi çox qəribədir. Mənim atam dövlətə və dövlətçiliyə
sadiq adam olub. Atam ümummilli lider, mərhum Prezident Heydər
Əliyevlə yaxın dost olub. Şəhərin mərkəzindəki yeri də məhz mərhum
prezidentin köməyilə alıb. Amma indi onun qızına və ailəsinə qarşı
belə hərəkətlərin edilməsini başa düşə bilmirəm. Bir iranlı
dələduzun mənafeyi Azərbaycan vətəndaşının mənafeyindən
üstündürmü?"
Qeyd edək ki, Bakı İnzibati İqtisad Məhkəməsi yetərli sübutlar
olmadığı üçün hələlik işi baxılmamış saxlayıb. Mövzunu davam
etdirəcəyik.