Mən səhhətimdə yaranmış problemlərlə əlaqədar olaraq vəzifəmdən azad olunmağım barədə ərizə ilə Təhsil Şöbəsinə müraciət etmişəm.
Bu sözləri Axar.az-a seçki günü qanun pozuntusu qeydə alındığı iddiasına görə vəzifəsindən azad edildiyi bildirilən Lənkəran şəhər 3 saylı məktəbin direktoru Nəzakət Nüsrət qızı Həsənova bildirib.
Məktəbin direktoru qeyd edib ki, seçki günü onun nəzarətində olan məktəbdə heç bir qanun pozuntusu qeydə alınmayıb:
“Bildirmək istəyirəm ki, sözügedən məlumat əsassızdır və həqiqəti əks etdirmir. Məlumat üçün qeyd edirəm ki, mən səhhətimdə yaranmış problemlərlə əlaqədar olaraq vəzifəmdən azad olunmağım barədə ərizə ilə şəhər Təhsil Şöbəsinə müraciət etmişəm.
Lakin hələlik bu barədə qərar qəbul olunmadığına görə vəzifəmin icrasını davam etdirirəm. Yaşıma gəldikdə isə, 70 yox, 64 yaşım var”.
Qeyd edək ki, Lənkəran rayonunda yerləşən Həzi Aslanov adına 3 nömrəli məktəbin direktoru Nəzakət Həsənovanın vəzifədən çıxarılmasına səbəb seçki vaxtı yol verilən qanun pozuntusu olduğu göstərilmişdi. Belə ki, Mərkəzi Seçki Komissiyası 73 saylı Lənkəran şəhər seçki dairəsinin 10 saylı seçki məntəqəsinin nəticələrini nöqsanlara görə ləğv edib (Ətraflı BURADA) və MnSK-nın tərkibini bütünlüklə buraxıb (MnSK-nın tərkibinin tam buraxıldığını əks etdirən skrin təqdim olunur).
10 saylı məntəqə H.Aslanov adına 3 saylı məktəbdə yerləşir (MSK-nın məlumatı əlavə olunur).