"Bakıeletrikşəbəkə" əməkdaşları bizim işlətdiyimiz
müəssisələrə 1.500-2.000 manatlıq əlavə sərfiyyat
yazırlar".
Bu sözləri Qaradağ rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul
olan bir neçə sahibkar Axar.az-a göndərdiyi şikayət məktubunda
bildirib. Onlar "Bakıelektrikşəbəkə" ASC-nin Ruslan və Canəhməd
adlı işçilərindən boğaza yığılaraq Prezidentə şikayət ediblər.
Sahibkarların iddiasına görə, bu əməkdaşlar onlardan qanunsuz
olaraq külli miqdarda pul tələb edirlər:
"Biz və bizim kimi onlarla sahibkar Qaradağ rayonu ərazisində
daş karxanasında mişar daşının istehsalı ilə məşğuluq. İşlədiyimiz
müddətdə fəaliyyətimiz tam qanuni olub və heç bir qayda pozuntusuna
yol verməmişik. İstehsalatla məşğul olmaq üçün təbii ki, elektrik
enerjisindən istifadə edirik. Bunun üçün qanunvericiliklə müəyyən
olunmuş qaydada müraciət edərək, müəssisələrimizi sayğacla təmin
etmişik. Belə ki, işlədiyimiz müddətdə elektrik sayğaclarına uyğun
olaraq sərf edilən enerjinin haqqı vaxtı-vaxtında ödənilir. Lakin
artıq bir müddətdir ki, bizim fəaliyyətimiz iflic olub. Belə bir
vəziyyətin yaranmasına səbəb "Bakıelektrikşəbəkə"nin bir neçə
dələduz əməkdaşının - Ruslan və Canəhməd adlı şəxsin - qanunsuz
hərəkətləridir. İradımız həmin şəxslərin işlədilən elekrtik
enerjisinə görə əlavə və şişirdilmiş sərfiyyat yazmasıdır. Belə ki,
hər ay sayğaca baxış keçirilir və sayğacın ilk və son göstəricisi
arasındakı fərq elektrik enerjisindən sərfiyyat kimi yazılır. Buna
görə heç bir iradımız yoxdur. Nə işlədiriksə, onun da ödənişini
etməyə hazırıq. Lakin Ruslan hər dəfə hesab-faktura gətirəndə əlavə
olaraq bizim işlətdiyimiz müəssisələrə 1500-2000 manatlıq əlavə
sərfiyyat yazır. Biz isə bununla razılaşmırıq və səbəbini
soruşduqda, "Bu mənlik deyil, mənə rəhbərlik belə göstəriş verib,
gedib kimə istəyirsiniz şikayət edin", - sözünü eşidirk. Bu adamlar
dövlətin qanunlarına məhəl qoymur".
Sözügedən şəxslərin bu
özbaşınalığa son qoymaq istəmədiyini deyən sahibkarlar
qanunsuzluğun hələ də davam etdiyini bildirir. Onların sözlərinə
görə, ərazidə 240-a yaxın daş karxanası fəaliyyət göstərir, amma
bəzi müəssisələrin sayğacı olmadığı halda, idarə işçiləri buna
qarşı heç bir tədbir görmürlər:
"Ərazidə, ümumiyyətlə,
elektrik sayğacı olmayan istifadəçilər var ki, həmin əlavə
sərfiyyat onlara münasibətdə tətbiq edilməlidir. Lakin nədənsə məhz
bu qanun pozuntuları bizlərə qarşı edilir. Bunu isə onlar belə izah
edirlər ki, həmin adamlar başqa cür ödəniş edərək öz
sərfiyyatlarını ödəyirlər".
Sahibkarlar Prezidentə müraciət edərək, problemin həll olunması
üçün kömək istəyiblər:
"Cənab Prezident! Yuxarıda göstərilənləri nəzərə alaraq, sizdən
İdarənin əməkdaşları Ruslan və Canəhməd barəsində xüsusi tədbirlər
görməyi və müəssisəmizə yazılan əlavə sərfiyyatların ləğv edilməsi
barədə göstəriş verməyinizi xahiş edirik".
Məktubu "ENSO" MMC rəhbəri Eyniyev Natiq Sarıbala oğlu, "NFT"
MMC rəhbəri Abbasov Kamal Babalı oğlu, "Karvansaray" MMC sədri
Quliyev İlqar Nadir oğlu, "Minkənd" MMC-nin rəhbəri Qazakov Şirvan
İsmayıl oğlu imzalayıb.
Hadisə ilə bağlı "BakıElektrikşəbəkə"ASC İdarə heyətinin sədri
Baba Rzayevin köməkçisi Ağamir Əliyev bildirdi ki, idarəyə belə bir
şikayət daxil olmayıb:
"Bu problemlə bağlı hər hansı bilgimiz yoxdur. Bu barədə sizdən
xəbər tuturuq. Baş verən hadisə tərəfimizdən araşdırılacaq. Nəticə
barədə mətbuata məlumat veriləcək".