Psixoloq Elnur Rüstəmov
Azərbaycanda psixologiyanın inkişafı, onun bir elm kimi durumu və
ölkədə psixoloji vəziyyətlə bağlı Axar.az-a müsahibə
verib.
Müsahibəni təqdim edirik:
- Elnur müəllim, başqa ölkələrlə müqayisədə Azərbaycanda
psixologiya sahəsindəki inkişafı necə xarakterizə
edərdiniz?
- Şübhəsiz, Avropadan geri qaldığımız məqamlar var. Bu da
normaldır. Çünki Avropada praktik psixologiyanın tarixi daha
çoxdur. Ötən il Səhiyyə Nazirliyinin nəzdində psixoloji sağlamlıq
mərkəzinin yaradılması uğurlu bir addım oldu. Bəzi əskikliklər var
ki, konkret sahələr üzrə ixtisaslaşmış mütəxəssislərin hazırlanması
istiqamətində tədbirlərin görülməsi vacibdir. Bir çox psixoloji
məktəblərdə həmin sahədə formalaşmış kadrlar olmalıdır.
Psixoterapevt, kabinetivterapevt kimi dar ixtisasların formalaşması
sahənin inkişafına mühüm təsir göstərə bilər. Bu gün insanlar
psixoloji yardım haqqında məlumatlıdırlar. Sadəcə, müəyyən
stereotiplər var ki, hələ də bir qisim o mərhələdən keçə bilmir. Bu
stereotiplər nədən ibarətdir? Bizdə terapiya dedikdə çox vaxt
dərmanla, əməliyyatla aparılan müalicəni nəzərdə tutmuşuq. Buna
görə də, "sözlə müalicə edilirmi?" anlayışı hələ də qalmaqdadır.
Əslində, insanların bütün narahatlığı söz səviyyəsindədir. Bununla
bağlı tədbirlər görmək lazımdır. Çünki psixoloqların işində
çətinlik yaradan məqamlardan biri də pasiyentin psixoloji anı
qəbuletmə məqamıdır. Ancaq belə olan halda terapiyanı uğurlu
dəyərləndirmək olar. Buna isə zaman lazımıdır.
- Bu sahənin inkişafında məsuliyyət daha çox kimlərin
üzərinə düşür?
- Məsələ psixoloji mərkəzlərin qurulmasında deyil. Bu gün
Azərbaycanda psixologiyanın inkişafına müsbət təsir göstərən ən
mühüm faktorlardan biri KİV-lərdir. Fikir versək görərik ki, bu gün
televiziyada sosial tipli verilişlərdə azı bir psixoloq iştirak
edir. KİV-in bu istiqamətdəki fəaliyyəti danılmazdır. KİV
psixologiyanın ölkəyə gətirilməsində böyük rol oynayıb. Əsas məsələ
indi tətbiqi psixologiya sahəsində kadrların hazırlanması və
səmərəli xidmətin verilməsi və daha çox maarifləndirmə işlərinin
aparılmasıdır. Burada isə mütəxəssislərin üzərinə böyük vəzifə
düşür.
- Hazırda hansı psixoloji narahatlıqlar daha çox
artıb?
- Ümumiyyətlə, dünyada son illər psixoloji və psixiatrik
problemlər artıb. Bu, Ümumdünya Səhiyyə Təşkilatının hesabatında da
özünü göstərir. Bu gün bizim üçün aktual olan problemlər var.
Valideyn-övlad münasibətlərində dünənə qədər fərqli bir istiqamət
tuturduq. Texnologiyanın inkişafı baxımından indi məcburuq ki, həm
uşaq psixologiyası, həm də davranış qaydaları formalarına psixoloji
baxımdan yanaşmada dəyişiklik edək. Digər tərəfdən ən böyük
problemimiz olan ailədaxili münaqişələr xüsusi bir problem kimi
dəyərləndirilir. Çünki bizim ailələrdə indiki formada olduğu qədər
boşanma və münaqişələr olmamışdı. İndi ayda ən azı 2-3 dəfə
ailədaxili münaqişə zəminində qətllər baş verir. Azərbaycan üçün
spesifik olan əsas psixoloji problem ailədaxili münaqişələrdir.
Bununla bağlı ailə psixologiyasına müraciətlər daha çoxdur.
- İnsanlar hələ də psixoloqa müraciət etməkdə tərəddüd
edirlərmi?
- Ailələrin müraciəti sevindirici haldır. Ancaq təəssüflər olsun
ki, bizim insanları narahat edən məqam konsultasiya - psixoloqla
söhbətin anonimliyidir. Psixoloqla aparılan söhbətin anonimliyi hər
zaman qorunur. Bu gün Azərbaycanda ailələr var ki, psixoloji dəstək
üçün xaricə (ən çox Rusiya, Türkiyə, bəzən də Avropaya) üz tutur.
Bu isə biz psixoloqları çox narahat edir. Ona görə ki, ölkə
dəyərləri müxtəlif olur. Məsələn, ürək, baş-beyin müalicəsi hər
yerdə birdir. Psixoloji problemlərlə bağlı çox yaxşı olardı ki,
insanlarımız öz psixoloqlarımıza müraciət etsinlər. Çünki yalnız
yerli psixoloq Azərbaycan ailəsində dəyərin necə olduğunu
bilər.
- Sözügedən psixoloji problemlərin artması nə ilə
bağlıdır?
- Psixoloji narahatlığın artmasını mütəxəssislər informasiyanın
çoxluğu və texnologiyanın intensiv inkişafı ilə əlaqələndirirlər.
Çünki bu, insanlarda aqressiyanı artırır. Bütün yeni yaranan
texniki vasitələrin təməl məqsədi rahatlıq verməkdir. Nəticədə
insan bu rahatlığa alışır və bunu əngəlləyən nə varsa, bu, komforta
düşkün olan insanda aqressiyaya yol açır. Aqressiya, stress,
depressiya isə öz növbəsində ciddi psixoloji narahatlığa səbəb olan
xəstəliklərin mənbəyidir.