Cordano Brunonu alim
adlandırmaq yanlışlıqdır. Hər halda elmi həqiqət heç vaxt onun
ciddi maraq obyekti olmayıb. Bununla bərabər istər sağlığında,
istərsə də ölümündən sonra Brunonun ideyaları elmi dairələrdə hələ
də güclü tərəfdaş toplaya bilməyib. Səbəb isə çox sadədir: Cordano
Bruno nə riyaziyyatçı, nə də ki astronom idi, təbiət elmlərindən
isə yalnız müəyyən dərəcədə başı çıxırdı.
Brunonun əsərləri ilə tanış olmaq qərarına gələnlər onların heç
bir elmi əsasının olmadığını dərhal hiss edərlər. O öz əsərlərində
nə bir düsturdan, nə də ki bir sxemdən istifadə edib. XVI-XVII
əsrlərdə alimlərin istifadə etdiyi dialektik metod və problemə
rasional elmi yanaşma Brunoya tamamilə yabançıdır. "Təbiət
qanunlarını tədqiq edən" bu şəxsin "elmi" metodologiyası hətta
antik dövr alimlərinin qurmalarından da zəifdir. Onun metodu -
poetik ilham, poetik obrazlar və fəlsəfi ritorika metodudur ki,
burada da mistika və panteizm elementləri xeyli üstünlük təşkil
edir.
İnsan allah...
C.Bruno üç Allahın mövcud olduğunu iddia edirdi: Kainatı yaradan
- birinci Allah, bütün dünya - ikinci Allah, insan isə üçüncü
Allahdır. İnsan ruhunun cövlan edə biləcəyi dünyaların sayı çoxdur.
Əsərlərində bu və digər psevdo-dini nəzəriyyələri inkişaf etdirmək,
özünün heç də elmi xarakter daşımayan nəzəriyyələrini əsaslandırmaq
məqsədilə Kopernikin təlimindən yararlansa da, elə bununla da
təlimi təhrif olunmuş şəkildə şərh etmişdi.
Kopernikin gözdən salınması
Dəqiq söyləsək, Bruno Kopernikin ideyalarını fəlsəfi
araşdırmalar vasitəsinə çevirməklə, həmin ideyaları sadəcə olaraq
hörmətdən salmışdı. Katolik Kilsəsi Kopernikin nəzəriyyəsini
1512-ci ildən başlayaraq, bir əsr ərzində tamamilə sakit
qarşılayırdı. Əslində 1616-cı ildə bu nəzəriyyənin pislənilməsi
məhz C.Bruno ilə əlaqədardır. O, ciddi elmi konsepsiya əsasında
qeyri-elmi məzmunlu fəlsəfi və xristianlığa zidd nəticələr çıxarmaq
mümkün olduğunu göstərmişdi.
Çiçəklər meydanında edam
Cordano Bruno (1548-1600). Bu mütəfəkkir 1600-cü il fevralın
17-də Romada Çiçəklər meydanında yandırıldı. Onun bu cəzaya məhkum
edilməsinə səbəb nə olub? Onun elmi baxışlarımı? Əlbəttə ki, xeyr,
ona görə ki, bu italiyalı mütəfəkkirin ideyalarını nəinki müasir,
hətta XVI əsr elminin meyarları üzrə yanaşsaq belə, bunların elmə
heç bir aidiyyəti olmadığını görmüş olarıq. Brunonun adının bu günə
qədər məşhur olması isə ilk növbədə onun həyatının faciəli finalı
ilə bağlıdır. Tam məsuliyyətlə demək olar ki, o özünün elmi
baxışlarına və kəşflərinə görə cəzalandırılmayıb. Bu zaman yeni
sual doğur - niyə? Cavab isə çox sadədir. Onun nə elmi baxışları,
nə də dünyanı və elm aləmini silkələyəcək kəşfləri olub!
Əslində bu italiyalı mütəfəkkir alim yox, ilahiyyatçı filosof
idi. Təbii-elmi kəşflər isə onu, ilk növbədə, həyatın məğzini,
kainatın mövcudluğunun mənasını və əsla elmi xarakter daşımayan
digər məsələlər barəsində baxışlarını təsdiqləmək vasitəsi kimi
maraqlandırırdı.
Qaliley və Bruno
Əvvələn, ondan başlayaq ki, o dövrün alimlərinin istifadə etdiyi
dialektik metodlar - sxolastika və riyazi metod Brunoya məlum idi.
Amma ən maraqlı məqam odur ki, o, həmin metodlara ikrah hissi ilə
yanaşırdı. Bəs, bunların əvəzində özü nə təklif edirdi? Bruno öz
fikirlərini ciddi elmi traktatlar şəklinə salmaq əvəzinə, onların
poetik və obrazlı formasına, ritorik gözəlliyinə üstünlük verirdi.
Ona görə, ən dəqiq və ən həyati elm... magiya idi! Onun
metodologiyasının meyarları poetik vəznlər və lull incəsənətində
özünə yer edirdi. Brunonun fəlsəfəsi isə çox vaxt bir-biri ilə zəif
əlaqələndirilmiş ədəbi motivlərin və fəlsəfi mühakimələrin
özünəməxsus məcmusu idi. Buna görə də təəccüblü deyildir ki,
Qalileo Qaliley Brunonu heç vaxt alim, xüsusən astronom hesab
etməyib. Qaliley əsərlərində Brunonun adını çəkməyi belə özünə
sığışdırmırdı.
Adətən belə hesab edilir ki, Brunonun baxışları Kopernik
ideyalarının davamıdır. Lakin faktlar göstərir ki, o, Kopernikin
təlimi ilə yalnız səthi tanış olub və alimin əsərlərinin şərhində
kobud səhvlərə yol verib. Əlbəttə, Kopernikin heliosentrizm
nəzəriyyəsi Brunonun baxışlarının formalaşmasına böyük təsir
göstərib. Lakin artıq qeyd etdiyimiz kimi, Bruno Kopernikin
ideyalarını asanlıqla və cəsarətlə interpretasiya edir, öz
fikirlərinə müəyyən poetik forma verirdi. Bruno iddia edirdi ki,
Kainat sonsuzdur və əbədi mövcuddur. Kainatda sonsuz sayda dünyalar
var və bu dünyaların hər biri quruluşuna görə Kopernikin Günəş
sistemini xatırladır.
Onun sonsuzluğu məsələsində Kopernik ifrat dərəcədə ehtiyatlı
davranır, bu məsələsini nəzərdən keçirməkdən imtina edirdi. Bruno
isə bu məsələdə Kopernikdən xeyli irəli gedirdi. Lakin Brunonun
cəsarəti onun ideyalarının elmi cəhətdən təsdiqlənməsinə deyil,
həmin dövrdə çox populyar olan hermetizm ideyalarının təsiri
altında formalaşmış okkult-magik dünya baxışına əsaslanırdı.
Məsələn, hermetizmə görə, təkcə insan deyil, dünyanı da
ilahiləşdirmək qəbul edilib. Buna görə də Brunonun dünyagörüşünü
çox vaxt panteist dünyagörüşü kimi səciyyələndirirlər (panteizm
dini təlimdir, bu təlimə görə maddi dünya ilahiləşdirilir).
Beləliklə, Brunonu nəinki alim, hətta Kopernik təlimini
populyarlaşdıran şəxs də adlandırmaq olmaz. Məsələyə xalis elmi
baxımdan yanaşsaq, o Kopernikin ideyalarını magik xurafat dilində
ifadə etməyə çalışmaqla əslində həmin ideyaları hörmətdən salıb. Bu
isə labüd olaraq, ideyanın təhrif edilməsinə gətirib çıxarır, onun
elmi məzmununu və elmi dəyərini heçə endirirdi.
Bruno özü heç bir elmi nəticə əldə etməyib, onun "Kopernikin
xeyrinə" arqumentləri isə yalnız müəllifin nadanlığını nümayiş
etdirən mənasız sözlər toplusu idi.
Nolaniyalı magiya ilə ciddi maraqlanır və hər şeydən göründüyü
kimi, magiya sənətini praktikada fəal tətbiq edirdi. Buna görə də
Katolik Kilsəsi ilə onun arasında münaqişə yaranmaya bilməzdi.
Bütün bunlara əsasən qətiyyətlə demək olar ki, Cordano Brunonun
baxışlarını elmlə əlaqələndirmək düzgün deyil. Buna görə də Roma
ilə onun münaqişəsində dinin elmə qarşı mübarizəsi elementləri
olmayıb və ola da bilməzdi. Bütün bunlarla yanaşı, Bruno
fəlsəfəsinin dünyagörüşünün əsasları xristian dünyagörüşündən çox
uzaqdır. Kilsənin nəzərində Bruno bidətçi idi, bidətçiləri isə o
dövrdə yandırırdılar.
Qaçqın rahib və dinsiz bidətçi
Əgər həmin dövrə nəzər yetirsək görərik ki, mütəfəkkirlər də
Kilsə ilə münaqişə vəziyyətində olublar. Brunonun həmin
mütəfəkkirlərdən əsas fərqi ondan ibarətdir ki, o, şüurlu şəkildə
xristianlığa zidd və kilsəyə qarşı yönəlmiş mövqedən çıxış edirdi.
Bruno mütəfəkkir alim kimi deyil, qaçqın rahib və dinsiz bidətçi
kimi mühakimə edilib. Onun işi üzrə materialları araşdırdıqda məlum
olur ki, o, heç kəslə işi olmayan filosof deyil, Kilsənin şüurlu və
fəal düşməni olub. Məsələn, Qaliley heç vaxt kilsə ilə özünün
məxsusi elmi baxışları arasında seçim qarşısında qalmayıb, Bruno
isə artıq öz seçimini etmişdi. O, dünya, Allah və insan haqqında
Kilsənin təlimi ilə özünün "fədakar təşəbbüs" və "şübhə fəlsəfəsi"
adlandırdığı dini-fəlsəfi təsəvvürlər arasında seçim edib. Əgər
Bruno "azad filosof" deyil, alim olsaydı, Roma taxt-tacı ilə
problemlərdən yaxa qurtara bilərdi. Təbiətşünaslıq da məhz ondan
təbiətin öyrənilməsində poetik ilhama, magik sehrlərə deyil, ciddi
rasional qurmalara əsaslanmağı tələb edirdi.
Beləliklə, yuxarıda yazılanlardan ən son belə nəticəyə gəlmək
olar ki, Bruno özünün elmi baxışlarına görə yox, tamam başqa
səbəblərlə edam edilib.