Pərviz Cəbrayıl: "... O zaman etdi, bu dövrdə yaşasaydı,
yenə edərdi; söhbət heç zaman dəyişilməyən insan xarakterindən və
tarixi missiyadan gedir ... "
Bir qucağa sığışan masa, iki stulun güclə yerləşdiyi balaca,
"Bəyaz gecələr" qədər ağ, uşaq ürəyi qədər təmiz bir hücrə. İki
yarımın bir otuza. O qədər kiçikdir ki, üçüncü şəxsin içəriyə
girməsi üçün ikinci adam gərək oranı tərk etsin. Yenicə bitirdiyi
"Məryəm surəsi" romanının redaktəsiylə məşğul olacağı bu otağı göz
bəbəyi kimi qoruyur. Özündən sol yanda rəssam Pəri Miniatürün "Yad
dildə"yə nəzirə protretini asıb. Beləcə, İçərişəhərin bir-birinə
göz qoyan evləri arasından doğan "Yad dildə"nin siluetləri
içərisində özünün də boy verdiyi portreti altında Dostoyevskinin
portretini çizdi...
"Nəsrin Olimpində dayanan Zevs!"
- Cənab Cəbrayıl! Söhbətimizə Dostoyevskinin portretini
çəkməklə başlayaqmı?
- Mən Cənab Cəbrayılamsa, sən Cənab Cəbrayılzadəsən. Yəni çox
bərk getmə. "Öləngi"ni sənin yadına salım: tənqid edənlərlə tənqid
etdikləri bir qatarda, eyni sürətdə, eyni aqibətdə gedirlər. Suala
gələk, hə, mən klassikləri sevirəm, ancaq daha çox öz gənc
yazarlarımız haqda danışmağın tərəfindəyəm.
Çox istərdim ki, sən Dostoyevskini yox, bugünkü yazarlarımızdan
birini seçərdin və heç kimin haqqında danışmayan məni məcbur
edərdin ki, buyur, danış. Hətta onu oxumamış olaydım belə. Məncə,
vurğunu bütün hallarda öz yazarlarımızın üstünə salmaq lazımdır.
Markesin, Dostoyevskinin, Hemenqueyin, Folknerin dahilik möhürü
vurulub və arxivə göndərilib. İş ona deyərəm ki, sən gələcəyin
dahisini kəşf edəsən.
Madam ki, "Asılmamış portret"də kiminsə portretini çəkməyi
layihə müəllifi seçir, deməli, Dostoyevski haqda danışmağa
məhkumuq. Ancaq mən kompromis variant kimi o titanı günümüzə
gətirib özümüzünküləşdirməyi və çağdaşlaşdırmağı təklif edirəm.
Gəl, Dostoyevskinin ömür yoluna bir ekskurs edək.
- Razıyam. Başlayaq...
"Yazı prosesində səndən böyüyə yer yoxdu. Orda Allahı da sən
yaradırsan, Şeytanı da"
- Gəncliyində inqilabçılara - Petroşevskiçilərə qoşulur. 1849-cu
ildə - 28 yaşında həbs olunur və edama məhkum edilir. Sonradan
imperatorun əfv əmriylə ömürlük katorqaya göndərilir. Hələ
Petropavlovsk qalasında olarkən, yəni məhkəməsi gedən vaxtda
yuxarılara xahiş-minnətçilər düşürməyə başlayır və hələ orada
olanda baxışlarında dəyişikliklər gedir. Katorqanın bir hissəsini,
yəni 5 ilini çəkəndən sonra uzun xahiş-minnət, yalvarışlarla,
həbsindən 5 il ötdükdə isə katorqanın ömürlük soldatlıqla
əvəzlənməsinə nail olur.
Bir müddət sonra - 1855-ci ilin fevralında I Nikolay ölür,
yazıçı onun dul xanımına sadiq təbəə kimi şeir həsr edir və daha
iki "təbəə" şeiri yazır. Yeri gəlmişkən, bu şeirlər o öləndən sonra
çap edilib. Nəticədə unter-zabit rütbəsi alır, ancaq rütbə, vəzifə
bir yazıçının nəyinə lazımdı? O, azad olmaq istəyir, Sevastopol
qəhrəmanı general Totlebenə yeni imperatordan onu əfv etməsi üçün
xahiş məktubu yazır və general da bu haqda çardan xahiş edir; yeni
çar II Aleksandr da onun adını imzaladığı amnistiyaya salaraq
vəzifəsini artırır. Dostoyevski, nəhayət, 1859-cu ildə tam azad
edilərək bir inqilabçı kimi düşdüyü sürgündən qatı idealist,
dindar, hətta belə deyək İsa Məsihin özü kimi paytaxta qayıdır və
çap olunmağa başlayır. Sonralar jurnal təsis edir. Qardaşıyla çox
maddi çətinliklər çəkə-çəkə jurnalı nəşr edir. Heç yerdən yardım
gəlmir. Özü kitab yazır, aldığı qonorarın bir hissəsini nəşrə
xərcləyir. Dostoyevski getdikcə şöhrət, dahilik zirvəsinə
yaxınlaşır və doğrudan da onun dahiliyi təsdiq olunur. Ən sonda çar
ailəsinin mürəbbisi olur. Çarın uşaqlarının mənəvi atalığı ona
tapşırılır. Bax, Dostoyevski inqilabçılıqdan gör hara gəlib
çıxır.
- Dostoyevski bu gün yaşasaydı nə edərdi?
- Yaxşı sualdı. Dostoyevski bir təşkilata qoşular, həbs olunar,
sonra mütləq ərizə yazardı. İnqilabçı kimi düşdüyü həbsdən dindar
kimi çıxardı, yenə yazmağa başlayardı. Hakim ailəyə, iqtidara nə
qədər yaxınlaşacaqdı, o, ayrı bir mövzudu. Bütün hallarda bu
prosesi keçəcəkdi. Gəncliyin inqilabi havasını, çılğınlığını
yaşayacaqdı. O zaman etdi, bu dövrdə yaşasaydı, yenə edərdi. Söhbət
burada yazıçıdan deyil, heç zaman dəyişilməyən insan xarakterindən
və üzərinə düşən tarixi missiyadan gedir. Onun missiyası yazmaq
idi.
Ancaq indi gəl, bir şey fikirləşək. Bu dövrdə bunu edənlərə -
əfv ərizəsi yazanlara necə yanaşırıq? Nə qədər pis qarşılanır,
düzdürmü? "Biz səni müdafiə etdik, məhkəmələrinə gəldik, döyüldük,
söyüldük, həbs edildik, sənin qəhrəman obrazını yaratdıq, təsəlli
tapdıq, nə qədər gəncə ruh verdik, sən isə zəhmətimizi yerə
vurdun". Hər dəfə peşmançılıq təkrar olunur. Bu məzəmmət
yiyələrinin də yolu içəri düşür və o da eyni yolla geri
qayıdır.
Ancaq iki əsr öncə Dostoyevski bunları edib, heç biri də
xatırlanmır. Qınayan da yoxdu.
Başqa bir şey deyim. O, zəminçi-slavyanafil olub. Bu ideologiya
şovinizmdir. 37-lərdə bizim böyük ziyalıların üzərinə cinayət
maddəsi kimi qoyulan pantürkizm kimi bir şey. Ancaq bu da
xatırlanmır. Dostoyevskinin inqilabçılıqdan başlayıb Çar ailəsinin
əziz-xələfi olmasına qədər sürən proses də unudulub. Bəli, bu gün
bunları xatırlamırıq, ancaq bir dahi romançı haqda danışırıq. Yerdə
qalan onun əsərləri oldu. Onun şəxsiyyəti çox az-az hallarda
xatırlanır - o da bir mələk olan həyat yoldaşı Anna Qriqoriyevnanın
nişan üzüyünü uduzan qumarbazlığı, bununla belə, qadınların dalınca
qaçması, yaradıcı adamlara məxsus qeyri-müəyyən sevgi
hisləri...
Onun bugünkü portretində bunlar kiçik ştrixlərlə yer alıb.
Əlbəttə, o zaman yeni-yeni yaranan nihilistlər, bolşevizmin mənəvi
əcdadları Dostoyevskini çar ailəsinin içinə getdiyinə görə (azad
olmaq üçün ərizə yazdığına görə yox) qınayırdılar. Lakin onların
ömrü Dostoyevskinin peyğəmbərcəsinə dediyi müddət qədər oldu,
ideyalarının (kommunizm) əfsanə, inqilablarının isə yalnız xaricdən
alınan maliyyə hesabına Rusiyanın çökdürdülməsi üçün həyata
keçirildiyi bir iş olduğu üzə çıxdı, Dostoyevskinin sənəti isə hələ
də yaşayır və yaşayacaq da. Yəni onun portreti bu gün həbsdə yatıb
çıxan qardaşlardan heç nə ilə fərqlənmir. Bircə bu qalır: o yatıb
çıxanlar hər şeyi unutduracaq bir iş görə biləcəklərmi? Yəni
azadlığa nə ilə haqq qazandıracaqlar? Ancaq maddi portretdən
danışsaq, o mənim gözümdə qədim yunan allahlarına oxşayır. Daha
dəqiqi - Zevsə! Nəsrin Olimpində dayanan Zevs!
"Yazı prosesində səndən böyüyə yer yoxdu. Orda Allahı da sən
yaradırsan, Şeytanı da"
- Rəssam olsaydınız, onun həyatında hansı anları portretə mütləq
daxil edərdiz?
- "Yoxsul insanlar" əsərini dostu Qriqoryeviç o dövrün məşhur
tənqidçisi, Natural məktəbin banisi olan Belinskiyə və Nekrasova
aparır. Dostoyevski hələ özünü təsdiqləməmiş 27 yaşlı gənc yazardı,
inamsızdı. Belinski romanı oxuyur və deyir ki, "hə, ədəbiyyatımıza
yeni Qoqol gəldi". Dostu bu sözü ona deyəndə, Dostoyevskinin
keçirdiyi sevinc hislərini mütləq portretə əlavə edərdim. Yazıçının
həyatında olan bu cür sevinc hissini insan bəlkə də yalnız ilk dəfə
eşqə düşəndə yaşayır.
- Portretini çəkəndə onun qumarbazlığını
silərdin?
- Üstündən az qala iki əsr ötüb. Hara silirəm? Yaxşı olar, elə
qalsın (gülür). Dostoyevski elə bir yazardı ki, onun çar ailəsinin
əziz-xələfi olması kimsəyə bir zərər gətirməyib, qumarbazlığı belə,
bəşəriyyətə xeyir verib.
- Dostoyevskinin həyat yolundan danışdınız. Bəs, yazıçı
necə olmalıdır?
- Özüm əməliylə yaradıcılığının vəhdətini, yəni yaradıcılıq üçün
tam əngəllər cəbbəxanasını qəbul edənlərdən olsam da, Dostoyevski
ilə bağlı ilk sualda danışdıqlarımızı götür-qoy edəndən sonra çaşıb
qalıram və hələ də bu barədə bir qərara gələ bilmirəm. Ancaq onu da
deyim ki, ilk hekayələr dövründə yaradıcılığın sosiallıqdan,
siyasilikdən uzaq olmasını, ancaq gerçək həyatda bir fərd kimi
yazarın inqilabçılığını özümçün xətt qəbul etmişdim. Sonradan
vəhdət mənə daha doğru göründü. Beləcə, qalırsan: yazıçı hara qədər
olmalıdır? Bayaq dediyim kimi, ictimai kimlik və yaradıcılıq
dilemmasında vurğu nəyin üstündə olmalıdı? Ortaq məxrəc mümkündür?
Ya ortaq məxrəc ortabablığa gətirir? Uğrunda yazıçıları inqilablara
qoşulmağa doğru itələdiyimiz bəşəriyyət daha çox kimi xatırlayır:
Gələcək bolşeviklərin düşük əxlaq atası, "Nə etməli?" romanını
yazan Çernişevskini, ya "İdiot"u yazan idealist Dostoyevskini? Axı
yazıçı hansını seçməlidi: inqilabçılığı, hansısa siyasi
ideolojinin, xəttin, firqənin, partiyanın mənafeyinə çox vaxt özü
də bilmədən qulluq etməni, yaxud bunun əksini? Daha doğrusu,
bunların hamısına əsərlərinin içindən baxmanı? Və ən əsası, bütün
bunlara bu gerçəklikdən baxanda: həyat bircə dəfə verilir...
"Həmişə düşünmüşəm ki, inqilabçılar dünyanın qəddarlığından
hiddətlənib, ona daha böyük qəddarlıqla cavab verə bilən
adamlardır", - Mişel Houellebekin bu fikri çox diqqətəlayiqdi bu
məqamda.
"Yazıçı necə olmalıdır" sualınınsa cavabı yoxdu. Yaza-yaza
yazıçı olur. Məncə, bircə şərt var - həyatda istər kölə, qul ol,
ancaq əsərin içində külli-azad olmalısan. Yazı prosesində səndən
böyüyə yer yoxdu. Orda Allahı da sən yaradırsan, Şeytanı da. Ona
görə də mən bəzən ifrat küfr əsərləri də normal qəbul edirəm.
"Dostoyevski o ictimai əxlaqla sənin çağdaşın olsaydı,
onu oxuyardınmı və sosial şəbəkələrdə ona nə statuslar həsr
edərdin?"
"Min il bundan sonra da Dostoyevski ədəbiyyatın baş kahini
olaraq qalacaq"
- "İnsanoğlu həyata xoşbəxt olmaq üçün gəlməyib".
Dostoyevskinin bu fikriylə razısız?
- İnsanoğlu dünyaya niyə gəlib? Buraya "gəlib", yoxsa sırf
fizioloji proseslərdən yaranıb? Bunun özü ayrı bir sualdı. Ancaq
Dostoyevski dini xətt tərəfdarıdı və bu konteksdə fikri
qaydasındadı. Bu cümlənin əvvəlində onu da deyir ki, rahatlıqda,
acısızlıqda xoşbəxtlik ola bilməz. Ancaq onun başqa bir sözü də
var. Deyir ki, "Qraf Tolstoyun imkanları məndə olsaydı, 100 il
sonra da məni oxuyardılar". Yazıçının ümidsizliyinə bax ki, 100
ildən sonra oxunmayacağını düşünür. Halbuki min il bundan sonra da
Dostoyevski ədəbiyyatın baş kahini olaraq qalacaq. Necə ki,
poeziyanın Zevsi Füzuli... Yəni, bu fikirlər bir-birini döyür.
Yazıçılarda da belə şeylər zamana, daha doğrusu, ovqata görə olur.
Bəlkə də Dostoyevski bunu deyəndə elə bir kədərin içində imiş və o
anda elə gözəl bir obraz tapıb ki, bu onun üçün xoşbəxtlik kimi
görünüb.
- Qardaşına yazdığı bir məktubda "Cinayət və cəza" romanı haqda
bunu deyir: "Mövzusu doğrudan çox gözəldir. Romanın qəhrəmanı isə
bu günə qədər heç işlənməmiş bir obrazdır. Ancaq günümüzün
Rusiyasında bu cür insan tez-tez qarşımıza çıxmaqdadır".
- Pərviz Cəbrayıl, 19-cu əsrin Roskolnikovu ilə 21-ci
əsrin Roskolnikovu arasında çox fərq var?
- Doğrudur, bütün obrazlar ədəbi uydurmadır. Roskolnikov isə
ifrat uydurmadır. Əslində, "Cinayət və cəza"ya "İdiot" adı
qoyulsaydı, daha doğru olardı. Dostoyevskinin əsərlərində bütün
əsas qəhrəmanlar idiotdur. Roskolnikov mütləq sonradan Knyaz Mışkin
olmalıydı. Əslində isə, Roskolnikov obrazı iki hissəyə bölünür.
İnsan bəşəriyyət naminə yaxşı bir iş görmək istəyir. Bunun üçün
imkanı, vəsaiti yoxdur. Ona görə də cinayət törədir, adam öldürür.
Bu cür insanlar çoxdur. Kimsə nəsə bir iş görmək istəyir, ancaq
bunun üçün pisliklərə, cinayətə əl atır.
İkinci hissədə isə etdiyi cinayəti dərk edib, tövbəyə, özünü
cəzalandırmaya qapılmaq. Bu, az təsadüf olunan şeydi. Elə
Azərbaycan cəmiyyətində birinci hissəyə aid nə qədər adam var.
İkinci ilə bağlı isə bunu demək olar: 19-cu əsrin bədii
Roskolnikovu yüz hiylə quraraq öz cinayətinin üstünü açmaq, 21-ci
əsrin Roskolnikovu isə cinayət törədib min bir hiylə ilə həbsdən
yaxasını qurtarmaq istəyir.
Qısası, özünü tutduran Raskolnikova ancaq bədii əsərdə rast
gəlmək olar ki, həmin romanın bədiiliyi də məhz həmin
hissədədi.
- Tolstoyun Dostoyevskiyə münasibəti birmənalı olmayıb. O, bir
tərəfdən hesab edir ki, Dostoyevskini dövrünün ən böyük
mütəfəkkirləri ilə eyni cərgəyə qoymaq olar, digər tərəfdən isə
onun əsərlərindəki bəzi ideyaları, "mistika"nı, yazı texnikasını,
dilini sərt tənqid edir. Məsələn, Tolstoy "Karamazov qardaşları"
haqda bu fikirdədir ki, "hər yerdə danışan Dostoyevskinin
özüdür"...
- Onlar şəksiz olaraq bir-birini nəhəng kimi qəbul ediblər.
Təbii ki, romantizmdən gələn xəttə görə, bütün qəhrəmanlar hardasa
müəllifin özü olur. Kamyuda da, Sartrda da obrazlar filosof kimi
danışır. Dostoyevski də romantizmdən gəlmişdi.
İkisi də bir-birinin sanbalını, səviyyəsini biliblər. Bəlkə də
elə bu bilmək onlara görüşməyə imkan verməyib. Maraqlı bir nüansı
xatırladım. O dövrdə yazıçıların əsərləriylə bağlı gecələr
keçirərdilər. Tolstoyun "Hərb və sülh" romanıyla bağlı məclislərdən
birinə qrafın bacısı, qrafinya Tolstaya Dostoyevskini dəvət edib.
Dostoyevski o gecə yaxşı mənada içində həsəd hissi keçirib və
Karamazovları yazmağı düşünüb. Ondan sonra "Karamazov qardaşları"nı
yazıb. Bəlkə də Tolstoy əsəbiləşib ki, Dostoyevski bunu "Hərb və
sülh"ünə inadla yazıb. "Karamazov qardaşları" daha çox publisistik
notlar toplusudur. Gündəmin mövzularıydı. Özü də yenə idealist,
dini. Mənim üçün də sevimli əsər deyil.
- Tolstoy Dostoyevskinin dilini də tənqid
edirdi...
- Tolstoy dil məsələsində çox amansız olub. Dostoyevskinin rus
dili həmişə tənqid edilib. Niyə? Çünki bu adam həmişə qaça-qovda
yazıb. Buna görə də deyib ki, Qraf Tolstoyun imkanları onda
olsaydı, 100 il sonra da oxunardı.
- Bəlkə Dostoyevski buna görə deyir: Sevdiyimiz insanın hər
yalanında bir doğru, sevmədiyimiz insanın hər doğrusunda bir yalan
axtarırıq.
- Füzuli nə deyir: "Nəyə sərgəştə olan baxsa, xuraman görünür".
Dostoyevski də insan təbiətinin atasıdır. Sevdiyin qızda, sevdiyin
yazıçıda həmişə yaxşı cəhətlər axtarırsan. Sevmədiyində isə
çalışırsan nəsə qaranlıq, mənfi bir şey tapasan. Çünki önyarqı var.
Ancaq ən mənfi insanda kiçik bir işıq ola bilər. Hərçənd ki, bu çox
kiçik bir nöqtədir.
"Sən Füzulidən də, Dostoyevskidən, Kamyudan, Markesdən,
Folknerdən də böyüksən! Ancaq..."
- Dostoyevski öz nahamar yolunu keçməsəydi, o
yazdıqlarını yaza biləcəkdi?
- Dostoyevski o inqilabçılıqdan, qumardan, qadın arxasınca
boylanmaqdan - bütün bu proseslərdən keçməsəydi, bunlar yaza
bilərdimi? Təbii ki, heç kim bunları yaşamaq istəməz. İnsan şüurlu
olaraq bunlara "yox" deyir.
Dostoyevski içindən keçdiyi qumarı da, edam hökmü məsələsini də,
sevgini də, katorqanı da - hər şeyi ədəbiyyata çevirən adamdı.
Təbii ki, bunları yaşamadan da istedadlı yazıçı erudisiyasıyla,
fəhmiylə, istedadıyla, mexaniki biliklərilə yaza bilərdi. Ancaq
onun içindən keçmək ayrı şeydi.
- Səninçün Dostoyevskinin ən gözəl əsəri
hansıdır?
- Özü "İdiot"u sevib. Onu təkrarlamaq baxımından yox, oxucu kimi
mən də bu romanı sevirəm. Əsərlərinin hamısının canı orada
toplaşıb. Baxmayaraq ki, ondan öncəki əsərləri də var. İstəyi ideal
insan - İsa obrazı yaratmaq idi. O biri əsərləri - əvvəlkilər də,
sonrakılar da "İdiot"un şinelindən çıxıb.
- Dostoyevski bu gün Azərbaycanda yaşasaydı, bu qədər
əzab-əziyyətlərin içərisində yenə elə romanlar yaza bilərdi?
- Yaza bilməzdi. 1999-cu ildə "Peşəkarlığa yol varmı?" adlı bir
essemdə üzümü yazarlarımıza tutub elə bu sualın cavabını təxminən
belə yazmışdım: Sən sübh səhərdən gecənin üçünə kimi hansısa
qəzetdə çalışıb, it kimi əldən düşüb evə dönürsənsə, bu yükün
altında yenə nəsə yaza bilirsənsə, mən sənə qibtə edirəm, sənə
səcdəyə düşürəm, yazar qardaşım! Sən Füzulidən də, Dostoyevskidən,
Kamyudan, Markesdən, Folknerdən də böyüksən! Ancaq sən heç Anar
belə ola bilməyəcəksən...
"Bircə yazıçı Dostoyevski çatışmır"
- Bəs Pərviz Cəbrayıl niyə Dostoyevski ola
bilmir?
- Bax, bu, ayrı sualdı. Özündən əvvəlkinin təkrarı deyil. Elə
bil Dostoyevskiyə sual verirlər ki, Fyodor Mixayloviç niyə Balzak
ola bilmir? Yeri gəlmişkən, bir haşiyə çıxım, həm də sözümün
qüvvəti olsun. 1844-cü ildə o, Balzakın "Yevgeni Qrand" romanını
ruscaya çevirib; tərcümə yanlışlıqlarla doludu, qeyri-dəqiqliklər
var, xeyli hissələr buraxılıb, xeyli yerdə Dostoyevski özündən
uydurub. Kəsəsi, nəinki o Balzak ola bilməyib, hətta Balzakı yazıq
günə salıb.
Bəs mən? Mən kiməm? Niyə Dostoyevski ola bilmirəm? Xeyr! Çağımın
onlarla başqa yazarı kimi mən elə Dostoyevskiyəm. Əvvəlki cavabda
dediyim, 21-ci əsrin vəhşi gerçəkliyinin girovuna çevrilmiş
redaktor Dostoyevski; korrektor, jurnalist Dostoyevski. Bircə
yazıçı Dostoyevski çatışmır. Necə ki, onda da öz çağında yazıçı
Balzak çatışmırdı. Sonra zaman göstərdi ki, çatışmazlıq onun
böyüklüyü imiş. Çünki lazım olan hansısa mərhum deyil, elə onun
özüydü, o da oldu.
Bunun ardıyca bir də soruşsan ki, niyə bizim Dostoyevskimiz
yoxdur, onun kimi olmaq üçün mütləq onun yaşadığı məşəqqətləri
yaşamaq lazımdır? Onda mən sənə bu cavabı verməli olacam: - Niyə o
əjdahadan bizdə yoxdur, hə? Qardaş, niyə yoxdur, bəs Nadir
Qafarzadə?
- Yox, bir az ayrı sual verirəm: ümumiyyətlə, sizin
Sibir həyatınızın Dostoyevskinin katorqasıyla oxşarlığı
var?
- Var, ancaq bu layihədə açmaq fikrində deyiləm. Sadəcə, bunu
deyim: bir dəfə soyuqdan ayaqlarım taxtaya dönüb, kirpiyim qırov,
saqqalım buz bağlayanda göm-göy olmuş əllərimə baxa-baxa onun 19-cu
əsrdə, orada daha ağır şəraitdə necə üşüdüyünü düşünmüşdüm. Mən
azca üşüyəndə bir kəlmə yazmaq nədi, düşünə bilmirəm. O isə, hər
cür yazışmanın yasaq edildiyi yerdə, bir dəstə qatilin arasında iri
qeydlər yazmışdı. Yeri gəlmişkən, onun qədər əzablı yol keçən
ikinci bir rus yazıçısı olmayıb. Mən isə orda hər gün Dostoyevski
küçəsindən keçib gedirdim...
- "İstedadsız yazıçı axsaq əsgər kimidir" - bunu da Dostoyevski
deyib...
- Belə bir deyim var: istənilən istedadsız, sarsaq əsərdə
dahiyanə bir cümlə tapmaq olar. Bu tərəfdən yanaşanda axsaq əsgər
elə bir anda qəhrəmanlıq göstərə bilər ki, onu hər kəs edə bilməz.
Ancaq bütün hallarda axsaq əsgərin yeri evdir, onu tərxis
etməlidirlər, istedadsız yazıçı da özü-özünü tərxis etməlidir.
Düzdür, axsaq əsgər dərk edir, ancaq istedadsız yazıçı bunu bilmir,
əksinə, həmişə istedadlı olduğunu düşünür.
- Dostoyevskinin çizdiyin bu portretini evində divarda
asardın?
- Mən o portreti sənə bağışlayıram...
***
Söhbətə burada nöqtə qoyub soyuyan çaydan bir qurtum almamış
Pərvizin sualları başlayır. Sanki "əvəz-əvəz" oyunu oynayırıq.
"Dostoyevski o ictimai əxlaqla sənin çağdaşın olsaydı, onu
oxuyardınmı və sosial şəbəkələrdə ona nə statuslar həsr edərdin?"
sualına cavab vermirəm, o da gülür.
Təbii ki, oxuyardım - fərq etməz, ya mən onun dövründə
yaşasaydım, ya da əksinə. Dostoyevski bütün hallarda oxunardı.
Təkərin vintciyi rolunu oynayanların tənqid etməsi belə onu kiçildə
bilməz! "Sosial şəbəkələrdə ona nə statuslar həsr edərdin" sualına
gəlincə isə bu qeydi mütləq yazardım: Dostoyevski məni özümdən
yaxşı tanıyır!
Musavat.com