"Qədim dövrdən bəri yaşamaq uğrunda mübarizə aparan
qəbilə və xalqlar həm məskunlaşdıqları əraziləri, həm də ətrafdakı
insanları öyrənməyə çalışmış, əldə etdikləri məlumatları və
bilikləri müxtəlif formalarda əks etdirərək bir-birilərinə
çatdırmışlar. Belə formalardan biri də universal ünsiyyət vasitəsi
olan, fərqli dillərdə danışan insanların başa düşə biləcəyi
kartoqrafik təsvir və materiallardır".
Trend-in
məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının
İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Dövlət Torpaq
və Xəritəçəkmə Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyasının
(AMEA) birgə təşkilatçılığı ilə "Azərbaycan Respublikasının Milli
Atlası" və "Cənubi Qafqaz: 1903-cü il" xəritəsinin təqdimatında
çıxışı zamanı deyib.
Ə.Həsənovun sözlərinə görə, mütəxəssislər belə hesab edirlər ki,
kartoqrafiya hətta yazıdan da əvvəl əmələ gəlib: "Bu sahə ildən-ilə
təkmilləşir və dövlət və cəmiyyət üçün onun əhəmiyyəti daha da
artır. Azərbaycan alimləri və mütəxəssisləri milli xəritəçəkmə
mədəniyyətinin tərəqqisi istiqamətində mühüm uğurlara imza atıblar.
Hələ sovet dövründə ölkənin fiziki, coğrafi, geoloji, siyasi və
inzibati xəritələri hazırlanıb. Lakin ölkəmiz müstəqillik
qazandıqdan sonra bu sahənin elmi-praktiki, təsərrüfat əhəmiyyəti,
siyasi və ideoloji xüsusiyyəti artıb. Erməni ekspansionistlərin
xəritə və atlaslardan ölkəmizə qarşı silah kimi istifadə etməsi bu
məsələnin nə qədər vacib olduğunu göstərir. Dövlətin öz
məqsədlərinə çatması yolunda kartoqrafik materialların əhəmiyyətini
və təsir imkanlarını mühüm qiymətləndirən ümummilli lider Heydər
Əliyev bu sahənin inkişafına xüsusi həssaslıqla yanaşıb".
PA rəsmisi bildirib ki, 2001-ci ildə ölkədə struktur islahatları
aparılarkən kartoqrafiya problemləri diqqətdən yayınmayıb, müasir
dövrdə mövcud resurslardan daha səmərəli istifadə etmək üçün Dövlət
Topaq və Xəritəçəkmə Komitəsi yaradılıb: "Tədqiq olunmuş məlumatlar
və statistik göstəricilər Azərbaycanda kartoqrafiya sahəsində yeni
inkişaf mərhələsinin İlham Əliyevin adı ilə bağlı olduğunu
söyləməyə əsas verir. Prezidentin müstəsna xidməti və himayəsi
sayəsində 2003-cü ildən indiyə qədər respublikada 200-dən çox
xəritə və atlas nəşr olunub. Bu sahədə ana dilində çap olunmuş
topoqrafik xəritələr, ölkənin ekoloji, torpaq, turizm və sair
atlaslarını qeyd etmək yerinə düşər. Son 10 ildə dövlət
sərhədlərinin delimitasiyası sahəsində görülən işlərin nəticələri
ictimaiyyətə məlumdur. Bu sahədə indiyədək həyata keçirilən işlərin
mahiyyətini azaltmadan qeyd etmək olar ki, kartoqrafiyanın şah
əsəri bu gün təqdimatı keçirilən Milli Atlasdır. Prezident İlham
Əliyevin 2011-ci il 20 aprel tarixli sərəncamına əsasən hazırlanan
bu fundamental nəşr ölkəmiz haqqında mühüm informasiya mənbəyi,
analitik material, sosial-iqtisadi inkişaf üçün tələb olunan
biliklərin məcmusudur. Bu nəşrdə Azərbaycanın mədəniyyəti, iqlimi,
flora və faunası, yeraltı və yerüstü sərvətləri, iqtisadiyyatı və
digər sahələr haqqında mötəbər məlumatlar toplanıb".
Ə.Həsənov qeyd edib ki, atlasdakı qiymətli elmi məlumatlar,
1000-ə yaxın xəritə, diaqram və cədvəl, arayışlar, qrafika və
illüstrasiyalar redaksiya heyətinin və bütün mütəxəssislərin gərgin
əməyinin nəticəsidir: "Beynəlxalq təcrübə göstərir ki, milli
atlasları yalnız müstəqil dövlətlər hazırlayır. Hazırda dünyadakı
200-dək dövlətdən təxminən yarısının atlası yoxdur. Qərb ölkələri
bu prosesi hələ ötən əsrin 70-90-cı illərinin ortalarından
başlayıblar. Biz postsovet ölkələri arasında 5-ci ölkəyik ki, milli
atlasımızı buraxırıq. Bizdən əvvəl Rusiya, Belarus, Ukrayna və
Qazaxıstan milli atlaslarını hazırlayıblar. Təbii ki, Azərbaycanın
Milli Atlasının ərsəyə gəlməsi həm dövlət müstəqilliyimizin bizə
bəxş etdiyi tarixi nailiyyət, həm xalqımızın yüksək intellektual
potensialının göstəricisi, həm də son illər sosial-iqtisadi sahədə
qazanılan uğurların nəticəsidir. Hazırda Azərbaycan Milli Atlasının
tərtibatında da 2 süni peykimizin imkanlarından da istifadə olunub.
Bu gün Azərbaycan dünyanın kosmik dövlətləri ilə bir sıradadır. Bu
faktın özü Azərbaycanın nə qədər inkişaf etdiyinin bariz
göstəricisi hesab oluna bilər".
O, hesab edir ki, atlas cəmiyyətimiz üçün bir neçə aspektdən
önəmli olacaq: "Əvvəla, Atlas vətəndaşlar, xüsusilə də gənc nəsil
üçün maarifləndirici funksiya daşıyır. Belə ki, tariximiz,
mədəniyyətimiz, iqtisadiyyatımız, təbii sərvətlərimiz barədə dəqiq
məlumatlar və doğru biliklər əldə etmək, ölkəmizin hər bir güşəsini
daha yaxından tanımaq imkanı yaranacaq. Digər tərəfdən, təhsil alan
gənclərimiz və yeniyetmələrimiz bu tipli vəsaitlərlə işləmək
vərdişləri qazanacaq ki, bu da onların dünyagörüşünün
genişlənməsinə, intellektual səviyyələrinin artmasına səbəb olur.
Atlas Azərbaycanın mili maraqlarının qorunması,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli
işinə də öz mühüm töhfəsini verəcək. Ermənistan və erməni diasporu
uzun illərdən bəri müxtəlif saxta xəritələr hazırlayaraq onlardan
ölkəmizə və xalqımıza qarşı geniş istifadə edirlər. Azərbaycanın
Milli Atlasının nəşr edilməsi, xarici ölkələrə, beynəlxalq
təşkilatlara və tanınmış kitabxanalara göndərilməsi regionun tarixi
və coğrafiyası, burada gedən proseslərin mahiyyəti ilə bağlı erməni
yalanlarının ifşasına əlavə imkanlar yaradacaq".
PA rəsmisinin fikrincə, bu baxımdan atlasın tarix bölməsinə
geniş materialların yerləşdirilməsi müsbət haldır: "Azərbaycanın
müxtəlif dövrlərdə hazırlanan kartoqrafik materiallarındakı
təsvirlər, bu torpaqlarda yaranan qədim dövlətlər və abidələr
haqqında xəritələr mühüm əhəmiyyət kəsb edir. Bundan başqa,
xəritələr 1988-1993-cü illərdə Ermənistanın Azərbaycana təcavüzü
nəticəsində qaçqın və məcburi köçkünlərin kütləvi köçü,
münaqişələrin və qırğınların baş verdiyi məkanlar, etnik
təmizləmələr və işğal edilmiş ərazilər barədə ətraflı təsəvvür
yaradılması üçün olduqca faydalıdır. Atlasda Azərbaycanın
sosial-iqtisadi göstəricilərini əks etdirən bölmələr xüsusi sahələr
üzrə təqdim olunur. Xəritədə cədvəllər və digər materiallar sənaye,
kənd təsərrüfatı, təhsil, mədəniyyət, idman və s. sahələrdə
respublikanın dinamik inkişafını izləməyə imkan verir. Bu,
ölkəmizin potensialı haqqında dolğun təsəvvür yaradılmasına və
nəticədə xarici investisiyanı və turistlərin cəlb edilməsi üçün
zəruri mühitin formalaşmasına kömək edir".