Oktyabrın 15-də keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev və
onun qardaşı Rafiq Əliyev Prezident İlham Əliyevin əfv fərmanı ilə
azadlığa çıxdı. Fərhad Əliyev Ədliyyə Nazirliyinin Pentensiar
xidmətinin 2 saylı, Rafiq Əliyev isə 6 saylı CÇM-də cəza
çəkirdilər.
2 saylı CÇM-nin qarşısı qələbəlik idi. Azadlığa çıxacaq
dustaqların yaxınları əzizlərinin azad olacağı anı gözləyirdi.
Fərhad Əliyevi qarşılamağa gələnlərin arasında isə jurnalistlər
çoxluq təşkil edirdi.
Saat 10.30-da Cəza müəsisəsinin qapısından çıxan Fərha Əliyev
jurnalistlərin suallarına qısaca da olsa, cavab verdi.
- Fərhad müəllim, əfv edildiniz, vəzifəyə də gətirilə
bilərsinizmi?
- Hansısa vəzifədə təmsil olunmaq əsas deyil, ideyalara sadiq
qalmaq əsasdır. Mən dövlətimizi, dövlətçiliyimizi həmişə üstün
tutmuşam.
"Hamı yerli mal alsın…" artıq arxada qalıb
- Sizin məşhur deviziniz vardı: "Hamı yeli mal alsın, xeyir
Vətənə qalsın". Bu prinsip davam edəcəkmi?
- Elə şeylər var ki, artıq arxada qalıb. Vətən üçün yaşamaq,
çalışmaq, onu sevmək, dövlətçiliyə sadiq qalmaq isə arxada qalan
məsələlərdən deyil. Hər şeyin öz zamanı var. Mən indi başqa
duyğularla əhatələnmişəm. Azadlıqdayam. Buna görə Cənab Prezidentə
təşəkkür edirəm. Azad olunmam üçün səy göstərən bütün insanlara
minnətdaram.
Qara paltarlı qadın
Adamların arasından nurani bir xanım ona yaxınlaşır:
- Oğlum, – və eks-nazirin boynunu qucaqlayır.
Fərhad Əliyev:
- Siz niyə əziyyət çəkmisiniz, özüm gələcəkdim də…
- Dedim balamı görüm…
- Ananızdır?
- Yox, anam deyil, amma hamımızın anasıdır. Bu ana da başqa bir
dustağın, gözəl bir oğlanın anasıdır.
Elə bu zaman…
Rafiq Əliyev gəldi
Rafiq Əliyev cəza çəkdiyi 6 saylı Cəzaçəkmə Müəsisədən çıxdıqdan
sonra birbaşa qardaşını qarşılamağa gəlmişdi. Fərhad Əliyev üzünü
jurnalistlərə tutur:
- Mən ikiqat xoşbəxtəm. Qardaşım bu gün azadlığa çıxıb. Məhbus
həyatı çat verən, bəhrəsiz torpaq kimidir.
Ana ilə görüş
Hər iki qardaş anaları Hacı Şövkət xanımın yaşadığı
İçərişəhərdəki evə gəlirlər. Həyətdə qardaşların azad olunması
münasibəti ilə qurban kəsilir. Evin 3-cü qatında yerləşən mənzildə
də qələbəlikdir.
İxtiyar yaşında olan qadının göz yaşları öz ixtiyarında deyil.
Tanıdığı, tanımadığı insanlara minnətdarlıq hissi ilə baxır.
- Oğlanlarınızın azadlığa çıxacağını gözləyirdiniz? –
soruşuram.
- Hər dəqiqə gözləmişəm onları. Mən onların yanında olmuşam.
Özümü onlardan ayrı hiss etməmişəm heç...
Hər iki oğul analarına sığınır. Üzlərini ağbirçək ananın
sifətinə sürtürlər, - lap körpə uşaqlar kimi.