Azərbaycanda idman-mərc
oyunlarının reklam vaxtının məhdudlaşdırılaraq axşam saat 23:00-dan
səhər saat 07:00-a qədər yayımlanması təklif edilir.
Trend-in məlumatına görə, bu barədə Milli
Məclisin İqtisadi siyasət komitəsinin martın 10-da keçirilən
iclasında "Reklam haqqında" yeni qanun layihəsinin ikinci
oxunuşunun müzakirəsi zamanı komitə üzvü Vahid Əhmədov deyib.
Onun sözlərinə görə, bu barədə məsələ yeni qanun layihəsinə
daxil edilib. V.Əhmədov həmçinin sosial reklamların da vaxtına
toxunub. O qeyd edib ki, sosial reklamların səhər saat 09:00-dan
axşam saat 00:00-a qədər yayımlanması təklif olunur.
Millət vəkili əlavə edib ki, qanun layihəsinə edilən dəyişikliyə
görə, ölkədə ümumilikdə yayımlanan reklamların ən azı 8 faizini -
əvvəllər bu 5 faiz idi - sosial reklamların təşkil etməsi nəzərdə
tutulub: "Yəni, səhər saat 9-dan gecə saat 12-yə kimi sosial
reklamların yayımı nəzərdə tutulub. Halbuki indiyə kimi sosial
reklamlar daha çox gecələr verilirdi və bunun da elə bir müsbət
təsiri olmurdu".
Sözügedən qanun layihəsinin hazırlanması üzrə işçi qrupun
rəhbəri olan V.Əhmədov vurğulayıb ki, parlamentdə birinci oxunuşun
müzakirələrindən sonra işçi qrup tərəfindən qanun layihəsi üzərində
ciddi işlənilib, ciddi təkmilləşdirmələr aparılıb.