Xarici işlər naziri Elmar Məmmədyarov aprelin 14-15-də
Latviyaya rəsmi səfəri çərçivəsində Latviya Prezidenti Andris
Berzinş ilə görüşüb.
Xarici İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə,
görüşdə E.Məmmədyarov Azərbaycan Prezidenti İlham Əliyevin
salamlarını Latviya Prezidenti A.Berzinşə çatdırıb. Latviya
Prezidenti ən xoş arzuları və salamlarının Azərbaycan Prezidenti
İlham Əliyevə çatdırılmasını xahiş edib.
Görüşdə Azərbaycan ilə Latviya arasında əlaqələrin yüksək
inkişaf səviyyəsinə malik olduğu qeyd edilib. E.Məmmədyarov Avropa
İttifaqına sədrlik münasibətilə Latviyanı təbrik edib və sədrlik
müddətinin uğurla başa çatdırılacağına əminliyini ifadə edib.
Prezident A.Berzinş Şərq Tərəfdaşlığı çərçivəsində mayın
21-22-də Riqada keçiriləcək zirvə toplantısında Azərbaycanın ən
yüksək səviyyədə təmsil olunacağına ümidvarlığını ifadə edib. O,
enerji sahəsində Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında olan
əlaqələri yüksək qiymətləndirib.
E.Məmmədyarov Aİ ilə Azərbaycan arasında enerji sahəsində
strateji tərəfdaşlığın olduğunu qeyd edərək, bunun digər sahələrə
də sirayət etməsinin vacibliyini bildirib. O, Aİ ilə enerji
sahəsində əməkdaşlığın inkişafında TANAP və TAP layihələrinin
əhəmiyyətini diqqətə çatdırıb.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə
aparılan danışıqlar barəsində məlumat verən E.Məmmədyarov münaqişə
ilə əlaqədar Latviyanın mövqeyinin iki ölkə arasında imzalanmış
sənədlərdə təsbit olunduğunu vurğulayıb.
Nazir iyunun 12-28-də Azərbaycanda keçiriləcək birinci Avropa
Oyunlarında Latviya nümayəndə heyəti və idmançılarının iştirakının
məmnuniyyətlə gözlənildiyini qeyd edib.
Prezident A.Berzinş birinci Avropa Oyunlarının keçirilməsi
münasibətilə Azərbaycanı təbrik edib və latviyalı atletlərin də bu
oyunlarda iştirak edəcəyini bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir
mübadiləsi aparılıb.