"Əfsuslar olsun ki, müasir dönəmdə biz cəmiyyət və insan
həyatına ciddi hədə olan hadisələrlə, özünü İslama aid edən radikal
dini təriqətlərin və cərəyanların dağıdıcı fəaliyyəti ilə
qarşılaşırıq. Görünən odur ki, müsəlman dünyası böyük bir təhlükə
və sonu fəlakətə apara biləcək təxribatlarla üz-üzə
qalmışdır".
Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları
İdarəsinin sədri Allahşükür Paşazadə bu gün Bakıda "İslam
maarifçiliyi və müasir dövr" mövzusunda keçirilən beynəlxalq elmi
konfransın açılış mərasimində bildirib.
A.Paşazadə daha sonra deyib: "Bildiyiniz kimi, biz Azərbaycanın
ayrılmaz hissəsi olan Qarabağ torpaqlarının işğalını, Xocalı
soyqırımını, erməni ekstremistlərinin mütəmadi terrorunun acılarını
yaşayan, məscidlərin dağıdılmasının, tarixi abidələrimizin məhv
edilməsinin şahidi olan bir xalqın nümayəndələriyik. Bu fəlakətləri
özümüzdə yaşadığımız üçün İraqdakı qətliamları, Suriyadakı qardaş
qırğınlarını, hər gün İŞİD-in törətdiyi rəzalətləri, Qüdsdəki hərbi
cinayətləri və terror aktlarını qətiyyətlə pisləyirik. İki yüz
ildən artıq bir dövr ərzində azərbaycanlılara qarşı mütəmadi
deportasiya və genosid siyasəti aparan Ermənistanın özünü dünyaya
"məzlum qurban" kimi təqdim etməsini siyasi riyakarlıq hesab
edirik. Həqiqi faktları təhrif edərək erməni soyqırımını
tanıyanlar, gerçək Xocalı qətliamını görməzlikdən gəlir, bu günə
qədər bu faciənin tam şəkildə real hüquqi-siyasi qiymətini verə
bilmirlər".
A.Paşazadənin sözlərinə görə, qloballaşma və inteqrasiya
proseslərinin geniş vüsət aldığı müasir dünyada, eyni zamanda
ziddiyyətli proseslər, ayrı-ayrı bölgələrdə milli-mədəni, mənəvi və
siyasi qarşıdurmalar, islamofobiya və ksenofobiya halları da
müşahidə olunur: "Təəssüf hissi ilə qeyd etməliyəm ki, etnik-siyasi
qarşıdurmalar, terrorizm, separatçılıq, dini radikalizm kimi
bütövlükdə bəşər sivilizasiyasını təhdid edən hadisələr zəmanəmizin
bugünkü acı gerçəyidir. Belə vəziyyətdə mədəniyyətlərarası dialoqa,
elm və din xadimlərinin birgə fəaliyyətinə ciddi ehtiyac vardır.
Dindən siyasi məqsədlər üçün istifadəyə, ekstremist təmayüllərə
qarşı mübarizənin ön cərgəsində, ilk növbədə nüfuzlu siyasi və dini
liderlər, ziyalılar, güclü təsir imkanlarına malik olan informasiya
vasitələri durmalıdır.
Keçirilən konfransın əsas məqsədi – bütün dünyaya dinlə elmin
vəhdətinin vacibliyini bəyan etməkdir. Bu gün "qloballaşma" məfhumu
altında həyatımıza daxil olan bir sıra problemlər vardır. Dini
müstəvidə yaşayan insanlar bu problemlərin yaranma səbəblərini
dünyanın ilahi qanunlarının pozulması ilə əlaqələndirir və hesab
edirlər ki, cəmiyyətlər Uca Yaradanın təyin etdiyi mənəvi
dəyərlərdən uzaqlaşdıqca, bəşəri fəlakətlərə yaxınlaşırlar".
QMİ sədri bildirib ki, dünyada sülhün və əmin-amanlığın bərqərar
olması, cəmiyyətdə mənəvi-əxlaqi bazisin yaradılması və ənənəvi
dəyərlərin qorunması məsələsində ziyalıların, elm və din
xadimlərinin səylərinin birləşdirilməsi önəmli şərtlərdəndir:
"Dinimizdə elmin və alimin mövqeyi barədə Peyğəmbərimiz Həzrət
Məhəmməd əleyhissalamın mübarək hədisi vardır ki, alimlər
peyğəmbərlərin varisləri, xəlifələri və davamçılarıdır,
peyğəmbərlərin yolunu davam etdirənlərdir. Yaxın keçmişimizə qədər
dinə bəslənən neqativ münasibəti, elm və din arasında uçurum fərqi
qoyulmasını ruhun bədəndən ayrılmasına bənzətmək olar. Bu gün din
və elm yaradılan şərait və imkanlardan istifadə edərək bir-birinə
arxa-dayaq olmalı, cəmiyyətin, özəlliklə gələcək nəslin düzgün
ruhda tərbiyəsinə və maariflənməsinə yardım etməlidir. Çox
sevindirici haldır ki, AMEA ilə birgə keçirdiyimiz bu beynəlxalq
konfrans bu sahədə apardığımız işlərin ilk müsbət
göstəricisidir".