Dünya oftalmologiya elminə böyük töhfələr vermiş
akademik Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif
sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər,
yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq
səhifələrini təşkil edir. ANS xəbər verir ki, görkəmli alimin
keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir
alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik
məktəbidir.
Akademikin fəaliyyəti geniş və zəngindir. Alicənablığına,
səmimiyyətinə, xeyirxahlığına, yüksək intellektinə, diqqət və
qayğısına görə hamının hörmət və məhəbbətini qazanmış bu insan ilk
növbədə böyük ziyalı, nurlu şəxsiyyət idi. Sözün həqiqi mənasında
bu böyük ziyalının insanlara bəxş etdiyi nur onun elminin
dərinliyindən, mənəvi paklığından, intellektinin kamilliyindən,
şəxsiyyət ucalığından və bütövlüyündən qidalanıb. Görkəmli alimin
bütün uğur və nailiyyətlərinin bünövrəsində daim gərgin zəhməti,
oftalmologiya elminin inkişafı yolundakı səmərəli fəaliyyəti və
möhtəşəm xidmətləri dururdu.
Akademik Zərifə Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar
Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində, dövrünün
görkəmli dövlət xadimi, mahir səhiyyə təşkilatçısı Əziz Məmmədkərim
oğlu Əliyevin ailəsində dünyaya göz açmışdı. Azərbaycanın səhiyyə
sisteminin inkişafında misilsiz xidmətləri olan Əziz Əliyev ömrü
boyu onu əhatə edənlərin dərin hörmətini qazanmışdı. O, rektor,
nazir, Mərkəzi Komitənin katibi, baş nazirin müavini olmuş və
həmişə yüksək intellekti, təşkilatçılıq bacarığı ilə böyük nüfuz
qazanmışdır. Dövrünün partiya və dövlət xadimləri arasında
özünəmsəxsus geniş siyasi və mədəni dünyagörüşü ilə seçilib. Əziz
Əliyevin həyatının bütün mürəkkəb mərhələləri əslində onun
övladları üçün həyat dərsləri olub. Belə bir ailədə böyüyən Zərifə
xanım təbii ki, səmimiyyəti, zərifliyi, insanlara olan sevgisi ilə
başqalarından tamamilə fərqlənirdi. Öz gələcək taleyini tibb elminə
həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə
Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika
fakültəsinə daxil olur və 1947-ci ildə həmin institutu əla
qiymətlərlə bitirir. Oftalmologiya peşəsinə yiyələnmək arzusu isə
gənc mütəxəssisi Moskva şəhərinə gətirir və o, Ümumittifaq Mərkəzi
Həkimləri Təkmilləşdirmə İnstitutunda ikiillik ixtisasartırma kursu
keçərək həkim-oftalmoloq ixtisasına yiyələnir. O dövrdə
Azərbaycanda bir sıra göz xəstəlikləri geniş yayılmışdı və traxoma
deyilən dəhşətli bəla tüğyan edirdi. Xalqımızı bu müdhiş bəladan
xilas etmək, Azərbaycanda regional əhəmiyyət kəsb edən göz
xəstəliklərinə, o cümlədən gözün peşə xəstəliklərinə dair
fundamental tədqiqatlar aparmaq, onların effektli müalicə
metodlarını və profilaktik tədbirləri işləyib hazırlamaq tələb
olunurdu. Zərifə xanım Əliyeva məhz belə bir dövrdə Moskva
şəhərindən vətənə qayıdır və Azərbaycan Elmi-Tədqiqat Göz
Xəstəlikləri İnstitutunda elmi işçi vəzifəsində çalışmağa başlayır.
Gənc tədqiqatçının elmi araşdırmalarının mövzusunu həyat özü
müəyyənləşdirir və o, elmi istiqamətlərinin ilkin mərhələsini
traxomanın müalicəsinə həsr edir. Konkret müalicə təcrübəsindən
başqa alim Azərbaycanda bu xəstəliyin daha geniş yayıldığı
rayonlara gedir, traxoma ocaqları aşkar edir, həkim-oftalmoloqlara
mühazirələr oxuyur, əhali arasında söhbətlər aparırdı. Həmçinin
uşaq evlərində olan ata-ana himayəsindən məhrum yeniyetmələr
arasında traxomanın aradan qaldırılmasında müstəsna xidmətlər
göstərirdi. Zərifə xanım traxoma xəstəliyinin başlanğıc dövründə
sintomisinin tətbiqində müvəffəqiyyətli nəticələr alır. Çünki
sintomisin geniş antibakterial spektrlərlə yanaşı, antixlamedik
fəallığa da malik idi. Bu tədqiqatların nəticələri Zərifə
Əliyevanın 1959-cu ildə uğurla müdafiə etdiyi "Traxomanın digər
terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi" mövzusunda
namizədlik dissertasiyasının əsasını təşkil edir.
Zərifə xanımın təklifi ilə yeni müalicə metodu tezliklə geniş
təcrübi tətbiqini tapır və nəticədə respublikada traxoma bir
xəstəlik kimi ləğv edilir. Ona görə də qətiyyətlə demək olar ki,
Azərbaycanda traxomanın sosial xəstəlik kimi ləğv edilməsi Zərifə
Əliyevanın adı ilə bağlıdır. El məhəbbətindən, insanları korluq
əzabından qurtarmaq zərurətindən doğan bu şəfqətli tədbirlərin
həyata keçirilməsi təbii ki, böyük zəhmət, fiziki və zehni
gərginlik çox vaxt tələb edirdi. Zərifə xanım bu ağırlığın və
çətinliyin öhdəsindən uğurla gəlmişdi.
Böyük alim Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutundan sonra öz
fəaliyyətini Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri
Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasında davam
etdirir. Burada dosent, professor, daha sonra isə kafedra müdiri
vəzifələrində işləyir, oftalmologiyanın aktual problemlərinə həsr
edilmiş çoxprofilli tədqiqatlar aparır. Həmin dövrdə Zərifə xanım
həkimlik fəaliyyəti ilə daha çox məşğul olmağa başlayır: cərrahiyyə
əməliyyatları aparır, xəstələrə yeni üsullu müalicələr yazır,
üstəlik onun fəaliyyəti yalnız öz klinikasına qapanıb qalmır, bütün
oftalmologiya şöbələrini, təşkilatları əhatə edir. Bununla yanaşı
o, göz xəstəlikləri üzrə təkmilləşdirmə kurslarının dinləyici
həkimləri ilə pedaqoji iş aparır.
Tibbi təcrübə və kadr hazırlığı ilə ciddi məşğul olmasına
baxmayaraq alim elmi-tədqiqat işlərinin davam etdirilməsinə böyük
əhəmiyyət verirdi. Həmin dövrdə Zərifə xanım oftalmologiyanın
zəruri problemlərinə xüsusi diqqət yetirir. Bu problemlər arasında
diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi
və s. xüsusi yer tutur. Onun diqqətini oftalmologiyanın elmi
cəhətdən az araşdırılmış sahəsi - görmə orqanının peşə patologiyası
cəlb edir. Bu problemin aktuallığı yalnız kimya və elektronika
sənayesinin geniş inkişafı ilə deyil, həm də bir çox yeni kimyəvi
birləşmələrin görmə orqanına təsirinin elmi şəkildə tədqiq olunması
ilə əlaqədar idi. Zərifə xanım sözün əsl mənasında bu sahənin ilk
tədqiqatçısı olub. Görkəmli alim bütün dünyada birinci olaraq görmə
orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat
laboratoriyası yaratmış və praktik olaraq elm aləmində yeni bir
istiqamətin - peşə oftalmologiyasının əsasını qoyub. Bakı Məişət
Kondisionerləri Zavodunda təşkil edilmiş bu laboratoriyada
elmi-tədqiqat işləri ilə yanaşı, həmin zavodun və digər iri sənaye
müəssisələrinin işçilərinə müalicə köməyi də göstərilib.
Oftalmologiyada peşə xəstəlikləri probleminin öyrənilməsi məhz
Zərifə xanımın adı ilə bağlıdır. Alimin apardığı fundamental
tədqiqatlar ona böyük şöhrət gətirib və dünya oftalmologiyası
məkanında məşhurlaşdırıb. Zərifə xanım Əliyeva bu sahəyə dair
araşdırmalarının ilkin nəticələrini ümumiləşdirərək Moskvada,
M.Helmholts adına Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda
"Azərbaycanın kimya sənayesi işçilərində görmə orqanının vəziyyəti"
mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1977-ci ildə
Zərifə xanıma tibb elmləri doktoru alimlik dərəcəsi verilib.
Bir fakt xüsusi qeyd olunmalıdır ki, o dövrdə sənaye
zəhərlərinin görmə orqanına toksik təsirinin öyrənilməsinə bir sıra
elmi əsərlər həsr edilsə də, kimya istehsalının müxtəlif
inqrediyentlərinin görmə orqanlarına təsiri elmi ədəbiyyatda az
işıqlandırılmışdı. Kimya istehsalının bəzi yeni sahələri ilə
əlaqədar olan peşə xəstəlikləri isə xüsusilə az öyrənilmişdi.
Halbuki kimyəvi inqrediyentlərin müxtəlif kombinasiyaları bir çox
hallarda insan orqanizminə və görmə orqanlarına ağır təsir
göstərir. İnkişaf etmiş ölkələrdə şin və yod istehsalı yüksək
səviyyədə olsa da, bu sahələrdə istehsalat tullantılarının görmə
orqanlarına toksik təsirinin öyrənilməsinə aid müfəssəl işlər yox
idi. Zərifə xanım elmdə ilk dəfə olaraq yod və şin sənayesi
işçilərinin görmə orqanında yaranan peşə xəstəliklərini öyrənib və
həmin xəstəliklərin profilaktikası tədbirlərini işləyib hazırlayıb.
Onun bu istiqamətdə apardığı elmi-tədqiqat işləri böyük nəzəri və
təcrübi əhəmiyyət daşıyaraq dünya ədəbiyyatında analoqu olmayan
unikal tədqiqatlar sırasına daxil edilib. Zərifə xanım uzun illər
respublikanın ondan artıq iri sənaye müəssisəsində genişmiqyaslı
elmi-tədqiqat işləri aparıb. Bu işlər Bakı şin və yod, məişət
kondisionerləri, elektrotexnika avadanlığı, elektron hesablama
maşınları, maşınqayırma zavodlarında, Sumqayıt "Üzvi Sintez"
İstehsalat Birliyində, Mingəçevir "İzolit", Mingəçevir
Rezin-Texnika Məmulatı zavodunda, Gəncə Gil-Torpaq Kombinatında,
Salyan rayon kənd təsərrüfatı mexanizatorları arasında aparılıb.
Həmin müəssisələrdə zəhərli maddələrin təkcə görmə orqanına deyil,
həm də digər orqanlara, o cümlədən ağciyər, böyrək, qaraciyər və
ürəyə təsiri də öyrənilib. Göstərilən istiqamətdə apardığı
elmi-tədqiqat işlərinin nəticələri alimin "Şin istehsalında gözün
peşə patologiyası", "Xroniki yod intoksikasiyası zamanı
oftalmologiya" və "Yod sənayesində gözün peşə xəstəliyinin
profilaktikası" kimi dəyərli monoqrafiyalarında öz əksini
tapıb.
1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində
apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə və
oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə, akademik Zərifə
Əliyeva keçmiş ittifaqın oftalmologiya sahəsində ən mötəbər
mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına
mükafatına layiq görülüb. Yeri gəlmişkən, professor Zərifə Əliyeva
həmin mükafata layiq görülən ilk alim-qadın idi. Məhz akademikin
apardığı tədqiqatlardan sonra istehsalatda əmələ gələn zərərli
maddələrin görmə orqanlarına mənfi təsirinin qarşısını almaq üçün
bir sıra profilaktik tədbirlər həyata keçirmək mümkün olub. Alim bu
müəssisələrdə işçilərin gözlərinin peşə zədələnmələrinə qarşı
kompleks sanitar-gigiyenik, texnoloji tədbirlərin işlənilməsi və
həyata keçirilməsinə nail olmuş, əmək şəraitinin yaxşılaşdırılması,
hava hövzəsinin təmizlənməsi, zavod və ona bitişik ərazilərdə
çirklənmə və qazla zəhərlənmənin aşağı salınmasında misilsiz işlər
görüb.
Məşhur oftalmoloq M.Krasnov Zərifə xanımın görmə orqanının peşə
patologiyasının öyrənilməsinə həsr etdiyi tədqiqatları yüksək
qiymətləndirərək qeyd edib ki, Zərifə Əziz qızı yaşasaydı,
oftalmologiya elmi sahəsində yeni kamil bir məktəbə rəhbərlik edə
bilərdi.
Doktorluq dissertasiyasını müdafiə etdikdən sonra görkəmli alim
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun
oftalmologiya kafedrasının professoru seçilir. Elə ilk gündən
akademik ətrafına istedadlı, gənc həmkarlarını toplayaraq
elmi-tədqiqat işini, kadrların və elmi işçilərin hazırlanmasını
müvəffəqiyyətlə təşkil edir. O zaman kafedranın mövcud
maddi-texniki bazası elmi tədqiqatların keçirilməsi tələblərinə
cavab vermirdi. Zərifə xanım bu problemin də həlli yolunda konkret
addımlar atır.
Professor Zərifə Əliyevanın təşəbbüsü ilə Bakı şəhərində
Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumu
keçirilir. Belə bir mötəbər tədbirin ilk dəfə Azərbaycanda
keçirilməsi təbii ki, böyük təşkilatçılıq bacarığı və zəngin
təcrübə tələb edirdi. Plenuma hazırlığın bütün ağırlığı Zərifə
xanımın üzərinə düşürdü. Bu plenum həm Azərbaycanda, həm də keçmiş
ittifaqın ən nüfuzlu akademik müəssisələrində oftalmologiya
xidmətinin inkişafında, habelə elmi-pedaqoji kadrların
hazırlanmasında müstəsna rol oynayıb.
1983-cü ildə Zərifə Əliyeva ADHTİ-nin oftalmologiya kafedrasının
müdiri seçildikdən sonra fəaliyyət dairəsini daha da genişləndirdi.
Alimin elmi fəaliyyətinin istiqamətlərindən biri gözün oftalmoloji,
histomikroskopik və histokimyəvi tədqiqi ilə bağlı idi. Bu
istiqamətdə apardığı elmi-tədqiqat işlərinin nəticələri akademikin
"Yaşla əlaqədar gözün və görmə siniri yollarının dəyişməsi", "Gözün
hidrodinamik sisteminin anatomo-fizioloji xarakteristikası" adlı
monoqrafiyalarında geniş və ətraflı şəkildə şərh edilib.
Zərifə xanımın elmi fəaliyyətinin digər sahələrindən biri
klinik-diaqnostik istiqamətdə apardığı tədqiqatlardır ki, onların
da nəticələri həkimlər üçün yazılmış dərs vəsaiti və
monoqrafiyalarda cəmləşib. Bu əsərlər arasında "Kəskin virus
konyuktivitləri", "Keratitlər, gözün damarlı traktının, torlu
qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar", "Qlaukoma və
gözün hipertenziyası", "Görmə orqanının zədələnməsi", "Göz yaşı
axmasının fiziologiya və histologiyası", "Şəkərli diabetdə göz
xəstəlikləri", "Gözün mikrocərrahiyyəsi", "Göz bəbəyi haşiyəsinin
adaptasiya və müdafiə funksiyası" və başqa oftalmoloji elmi işlər
ictimaiyyət və praktik həkimlər tərəfindən böyük rəğbətlə
qarşılanıb. Alim göz yaşı xəstəliklərinin öyrənilməsinə xüsusi
diqqət yetirib, onun bu sahəyə həsr etdiyi "Yaşaparıcı yolların
fiziologiyası", "Yaşaparıcı yolların cərrahi müalicəsi", "Göz yaşı
yollarının qoruyucu cərrahiyyə üsulları" və başqa əsərləri tibb
ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb.
Bunlarla yanaşı, Zərifə xanım Əliyeva nadir sahə olan
iridodiaqnostika və iridoterapiya problemləri ilə ciddi məşğul
olmuş, bu sahəyə dair iki monoqrafiya hazırlayıb. Bu
monoqrafiyalardan "İridodiaqnostikanın əsasları" rəngli
illüstrasiyalarla "Azərnəşr" tərəfindən, digər monoqrafiya isə
"İridodiaqnostika" adı ilə 1988-ci ildə Moskvada nəşr edilmişdir.
Xüsusi vurğulamaq lazımdır ki, dünya miqyasında iridodiaqnostikaya
aid kitabları ilk dəfə Zərifə xanım Əliyeva yazıb.
Görkəmli alim fundamental "Terapevtik oftalmologiya" kitabının
müəlliflərindən biri idi. Elmi fəaliyyətində etika və tibbi
deontologiya məsələlərinə xüsusi yer verib. Onun bu mövzuya dair
baxışları oftalmoloji ictimaiyyət və praktik həkimlər tərəfindən
böyük rəğbətlə qarşılanıb, "Həkimin yüksək vəzifəsi" və
"Oftalmologiyanın aktual problemləri" monoqrafiyalarında ətraflı
işıqlandırılıb. Zərifə xanımın mənəvi zənginliyi, vəzifə borcuna,
tibbi etika və deontologiyaya dair baxışları onun "Həkimin əxlaqi
tərbiyəsi, deontologiya, tibbi etika və əxlaq məsələləri" əsərində
daha ətraflı şəkildə əks olunub. Görkəmli oftalmoloq alim dəfələrlə
deyirdi ki, həkimlə xəstənin birbaşa əlaqəsi müalicənin
əhəmiyyətini yüksəldir, xəstəyə ümid verir, orqanizmin xəstəliyə
qarşı müqavimətini artırır və bəzən dava-dərmandan da güclü təsir
göstərir. Zərifə xanım həkim və xəstənin qarşılıqlı
münasibətlərinin əsas qaydalarını tərtib etmiş, müalicə həkiminin
diaqnostika və müalicə prosesində aparıcı rolunu göstərib, bütün
tibb işçilərinin yalnız təhsilinin deyil, həm də tərbiyəsinin
vacibliyini ön plana çəkib. Alim həkim-xəstə münasibətlərinə
toxunaraq insanlar arasında ən incə, yaxın və həssas münasibətlərin
məhz həkimlə xəstə arasında olduğunu göstərmiş və "həkim xəstənin
ən doğma adamıdır" deyib. Zərifə xanımın tibbi etika və
deontologiyaya dair məqalə və əsərləri ilə yaxından tanışlıq onun
bu sahəyə dair işlərinin daha geniş miqyasda olduğu və təkcə tibbdə
deyil, bütövlükdə cəmiyyətdə insanlar arasında münasibətlərə həsr
edildiyi məlum olur.
1983-cü ildə gərgin elmi-təşkilati fəaliyyətinə və
oftalmologiyanın inkişafındakı xidmətlərinə görə Zərifə xanım
Əliyeva Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilib.
Böyük alim səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının
təkmilləşdirilməsinə gərgin əmək sərf edib. Onun birbaşa rəhbərliyi
altında gənc elmi işçilərin və həkim-oftalmoloqların böyük bir
nəsli yetişib. Zərifə xanım tələbələrinə zəngin həyat təcrübəsi
öyrədib, onlara diqqət və qayğı ilə yanaşıb. Görkəmli alim heç
zaman gərgin işdən usanmamış, həmişə ilhamla çalışıb. Zərifə
xanımın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti,
səmimiyyəti və qayğıkeşliyi, insanlara və onların problemlərinə
göstərdiyi qayğı, fəal həyat mövqeyi ona həmkarlarının,
yetirmələrinin, xəstələrinin dərin ehtiramını qazandırıb.
Ötən əsrin 60-80-ci illərində Zərifə xanımın yazdığı dəyərli
əsərlər bu gün də öz aktuallığını saxlayır. Onun oftalmologiyanın
müxtəlif sahələrinə həsr etdiyi monoqrafiyaları alimlərin və
həkimlərin, həmçinin ali tibb məktəblərində təhsil alan tələbələrin
stolüstü kitablarıdır.
Akademik Zərifə Əliyeva 150-dən artıq elmi əsərin, 10
monoqrafiyanın, 12 səmərələşdirici təklifin, dərs vəsaitlərinin
müəllifi idi. Alim onlarca elmlər doktorunun və elmlər namizədinin
rəhbəri olub. Akademik Zərifə Əliyeva oftalmologiya elmində əldə
etdiyi nailiyyətlərə, xalqımızın sağlamlığı keşiyində dayanan
çoxsaylı həkim-oftalmoloqların yetişdirilməsində əvəzsiz
xidmətlərinə görə Azərbaycanın əməkdar elm xadimi fəxri adına layiq
görülüb. Görkəmli alim həm də keçmiş SSRİ-nin Sülhü Müdafiə
Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin
müavini kimi fədakarcasına çalışmış, respublika "Bilik" Cəmiyyəti
İdarə Heyətinin və keçmiş ittifaqın Oftalmoloqlar Elmi Cəmiyyəti
İdarə Heyətinin üzvü olub. O, həm də "Oftalmologiya xəbərləri"
jurnalının redaksiya heyətinin üzvü idi.