Son bir həftə ərzində paytaxtda ardıcıl intiharların baş verməsi ictimaiyyətdə böyük narahatlıqla qarşılanıb. İnsanlar tez bir zamanda mövcud durumdan çıxış yolu tapmağın zəruri olduğunu bildirirlər.
Bəs insanları intihara sövq edən amilər hansılardır?
Məsələ ilə bağlı Axar.az-a açıqlama verən psixoloq Gülnar Orucova bildirib ki, əvvəllər intihar halları daha çox 15-23 yaş aralığındakı gənclərdə müşahidə edilirdi:
“Lakin təəssüf ki, hazırda bu, 11 yaşa qədər düşüb. Ümumiyyətlə, intihar edənlər həyatı daha çox sevən insanlardır. Yəni intihar edənlər həyatı digər insanlardan daha çox sevirlər. Ancaq bəzi hadisələr var ki, onlarla barışa bilmirlər və ani qərarlar verirlər.
Bəzən gənclər sırf valideynlərini cəzalandırmaq üçün intihar edirlər. Səbəbi isə budur: valideynlər gənclərin sevdiyi insanla ailə qurmasına icazə vermir və yaxud da sevdiyi insanı qəbul etmir. Bəzən də olur ki, intihar edən insan problemin həlli yolunu görmür.
İntihara ən çox həyatını planlaşdıranlar əl atırlar. Gələcəyi həddən artıq planlaşdırmaq olmaz. Biz gələcəyi həddən artıq planlaşdırırıqsa, hər hansı bir iş plandan kənara çıxdığı zaman bu, ürəyimizcə olmur və durumu qəbul etmədiyimiz üçün intihar edirik.
Daha çox depressiv, iradəsi zəif olan, stressə tez düşən və hər hansı somatik xəstəliyi olan insanlar intihara meyil edir. Elə insanlar var ki, fiziki cəhətdən zəif, əlildir, amma onlar intihar etmir. Həyatı doya-doya, sevə-sevə yaşayır. Ona görə çalışmaq lazımdır ki, həyatda öz ayaqlarımızın üstündə dayanaq, heç kimdən heç nə gözləməyək.
Sevgi müxtəlif cür təzahür edir. Bəzən bağlılıq, bəzən asılılıq kimi özünü göstərir. Ona görə də kimisə sevəndə o insana dərindən bağlanmaq, ondan asılı qalıb, həyatı onsuz təsəvvür etməmək olmaz. Bu, intihara gətirən hallardır. Çalışmaq lazımdır ki, aktiv həyat tərzi sürək, idmanla məşğul olaq, könlümüzü, zövqümüzü oxşayan musiqilər dinləyək, kitab oxuyaq. Bunlar intiharın qarşısını alır”.
Psixoloq bildirib ki, hər bir hadisədən çıxış yolu var:
“Çıxış yolu tapa bilməyəndə psixoloqa müraciət etmək lazımdır. Dünyada hər bir ailənin psixoloqu var, amma Azərbaycanda psixoloqa yanaşma fərqlidir. Bizdə psixoloq yanına gedən insanlara psixi problemi olan, dəli kimi baxdıqlarına görə bu gün ölkəmizdə çox adam psixoloqa müraciət etmir”.
G.Orucova onu da qeyd edib ki, intihar hadisələrinin çəkilib sosial şəbəkələrdə paylaşılması bu fikrə düşən insanlara stimul verir:
“Diqqət edin, intihar hadisələri bir həftə ardıcıl baş verdi. Çünki sosial şəbəkələrdə yayıldı, insanlar gördü, hardasa, bu da onlara “güc” vermiş oldu”.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi, ilahiyyatçı Hacı Şahin isə deyib ki, intihar islam dinin qadağan etdiyi bir əməldir:
“Çünki daşıdığımız can Yaradan tərəfindən bizə verilən bir əmanətdir. Buna görə də insan Yaradanın ona əmanət etdiyi canı qorumalıdır. Hətta insanın bilərəkdən və məqsədli surətdə sağlamlığına zərər verməsi dinimizdə xoş qarşılanmır. “Qurani-Kərim”də yazılıb ki, intihar edərək bu dünyadan köçən insanlara axirətdə əzab vəd olunub”.
H.Şahin qeyd edib ki, intiharın bir yox, bir neçə səbəbi olduğunu düşünür:
“Çox zaman intiharı sosial problemlər, ya da maddi çatışmazlıqlarla əlaqələndirirlər. Lakin real yanaşsaq, bu, heç də belə deyil. Baxın, ən çox intiharın baş verdiyi ölkələr sosial rifahın yüksək olduğu Skandinaviya ölkələridir. Göründüyü kimi, maddi çatışmazlıqlar, sosial problemlər intihara səbəb deyil.
Alimlərin də ortaq məxrəcə gəldiyi məqam budur ki, intiharın başlıca səbəbi insan təbiətində mənəvi boşluqdur. Yəni mənəvi boşluq çəkən insanlar daha çox intihara meyilli olur. Lakin heç bir halda intihar düzgün yol deyil”.