Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) iyulun
2-də keçirdiyi qəbul və buraxılış imtahanlarının nəticələri
açıqlanıb.
TQDK-nın mətbuat xidmətindən Axar.az-a verilən xəbərə görə,
imtahanlarda iştirak edən şəxslər imtahan nəticələri ilə TQDK-nın
internet saytında və ya iş nömrələrini (buraxılış imtahanı vermiş
şəxslər isə şagird kodunu) 7727 nömrəsinə göndərməklə tanış ola
bilərlər.
Ümumi (9 illik) orta təhsil bazasında kolleclərin müsabiqəsində
ümumi balı 16-dan, hər bir fənn üzrə minimal balı 8-dən az olmayan
abituriyentlər iştirak edə bilərlər. İxtisas seçimi iyulun 8-dən
15-dək internet vasitəsilə aparılacaq. Qəbul aparılacaq ixtisaslar
və digər məlumatlar 3 saylı "Abituriyent" jurnalında təqdim
olunub.
Tam (11-illik) orta təhsil bazasında kolleclərin müsabiqəsində
ümumi balı 16-dan və ana dili, riyaziyyat fənlərinin hər biri üzrə
minimal balı 8-dən az olmayan ( xarici dil və ya kimya fənni üzrə
nisbi bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər iştirak edə
bilərlər. İxtisas seçimi avqustun 14-dən 19-dək aparılacaq. Qəbul
aparılacaq ixtisaslar və digər məlumatlar 5 saylı "Abituriyent"
jurnalında təqdim olunacaq.
V qrup üzrə müsabiqə şərtləri və digər vacib məlumatlar 2 saylı
"Abituriyent" jurnalında dərc olunub.
Bu imtahanlarda bir düzgün cavab 1 balla qiymətləndirilib, səhv
cavablar düzgün cavabların nəticələrinə təsir etməyib.
V ixtisas qrupuna və tam (11 illik) orta təhsil bazasında orta
ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən
əvvəlki illərin məzunları üçün qəbul imtahan Bakı, Naxçıvan, Gəncə,
Tovuz, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan,
Salyan, Lənkəran, Masallı və Xaçmaz şəhərlərində aparılıb.
Nəticələrə əsasən, imtahanda iştirak etmək üçün qeydiyyatdan
keçmiş 16151 abituriyentdən 3868 nəfəri imtahana gəlməyib.
İmtahanda iştirak edən 12283 abituriyentdən 26 nəfəri imtahan
qaydalarını pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv
edilib. TQDK-nın saytında 12257 abituriyentin imtahan nəticələri
yerləşdirilib.
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili
müəssisələrinə (kolleclərə) əvvəlki illərin məzunları üçün
keçirilmiş qəbul imtahanı Bakı, Naxçıvan, Gəncə, Tovuz, Sumqayıt,
Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran,
Masallı və Xaçmaz şəhərlərində yaradılmış imtahan mərkəzlərində
mərkəzləşdirilmiş qaydada təşkil olunub.
İmtahan ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün -
Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni)
və riyaziyyat fənləri üzrə keçirilib. Abituriyentlərə hər bir fənn
üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim olunub. 1 sual bir
balla qiymətləndirilib və sualların cavablandırılmasına 1 saat 30
dəqiqə vaxt ayrılıb.
Ümumi balı 16-dan, hər bir fənn üzrə balı 8-dən az olmayan
abituriyentlər ixtisas seçiminə buraxılır.
Nəticələrə əsasən, imtahanda iştirak etmək üçün qeydiyyatdan
keçmiş 12942 abituriyentdən 1734 nəfəri imtahana gəlməyib.
İmtahanda iştirak edən 11208 abituriyentdən 15 nəfəri imtahan
qaydalarını pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv
edilib. 6984 abituriyent müsabiqə şərtini ödəyərək ixtisas
seçimində iştirak etmək hüququ qazanıb.
İxtisas seçimi iyulun 8-dən 15-dək internet vasitəsilə
aparılacaq. Qəbul aparılacaq ixtisaslar və digər məlumatlar 3 saylı
"Abituriyent" jurnalında təqdim olunub.